Azərbaycan-Ukrayna: Strateji tərəfdaşlığın yeni mərhələsi
08.08.2026 [10:49]
Müstəqil Azərbaycanın çoxvektorlu xarici siyasət kursu milli maraqlara və beynəlxalq hüquq normalarına əsaslanır. Ölkəmiz bu prinsiplərə istinad etməklə regional və qlobal müstəvidə geniş diapozona malik fəal diplomatiya həyata keçirir. Bu kontekstdə Azərbaycanın yüksəksəviyyəli rəsmilərinin yaxın və uzaq coğrafiyalarda yerləşən dövlətlərə səfərlərinin intensivləşməsi də xüsusi önəm daşıyır. Bunun təsdiqi olaraq qeyd edək ki, elə bugünlərdə xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfər edib.
Səfər çərçivəsində Ceyhun Bayramov bu ölkənin yüksəksəviyyəli rəsmi şəxsləri ilə görüşüb və bir sıra mühüm tədbirlərə qatılaraq aktual müzakirələr aparıb. Müzakirələrin qayəsi strateji tərəfdaşlığın mövcud və gələcək vəziyyətinin keyfiyyətcə yeni mərhələ kimi xarakterizə olunması üzərində qurulub.
Azərbaycan XİN rəhbərinin indiki həssas dönəmdə Ukraynaya səfəri iki baxış bucağından xüsusi əhəmiyyət daşıyır. Birincisi, bu səfər Bakının Kiyevlə münasibətlərdə genişləndirilmiş vizyonunu ortaya qoyur. Bu, perspektiv üçün qarşılıqlı dəstək mexanizmlərinin inteqrasiyasından tutmuş, uzunmüddətli dövrdə daha dərinləşdirilmiş strateji əlaqələrin potensialını nümayiş etdirir.
Digər tərəfdən, XİN başçısının Ukraynaya səfəri ümumi kontekstdə Azərbaycanın münasibətləri inkişaf etdirmək təşəbbüsləri ilə regional problemlərin həllinə töhfə səylərini birləşdirir. Azərbaycan həm Ukrayna, həm də Rusiya ilə əlaqələrə önəm verir. Rəsmi Bakı hər iki tərəflə konstruktiv münasibətlərini qoruyaraq, münaqişənin yalnız siyasi-diplomatik vasitələrlə, BMT Nizamnaməsi, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin vacibliyini vurğulayır və ölkəmizin bu prinsipial mövqeyi Kiyevdə müxtəlif səviyyələrdə keçirilən görüşlərdə bir daha vurğulanıb.
Azərbaycan XİN rəhbərinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü
Azərbaycanla Ukrayna arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığımızın iqtisadi, ticarət, humanitar, mədəniyyət və digər sahələrində inkişafa təkan verir və münasibətlərimizin məzmunca zənginləşməsinə zəmin yaradır. İkitərəfli münasibətlərin dərinləşməsində iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya və parlamentlərarası dostluq qrupu platformaları mühüm rol oynayır. Eyni zamanda, Azərbaycan və Ukrayna ikitərəfli formatla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlığı uğurla davam etdirirlər. İndiyədək iki ölkə arasında 160-dan çox sənəd imzalanıb. Hazırda Azərbaycanla Ukrayna arasında münasibətlər dostluq və tərəfdaşlıq zəminində müvafiq ikitərəfli sənədlər, o cümlədən 2000-ci il 16 mart tarixli “Azərbaycan Respublikası və Ukrayna arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında Müqavilə”, 2008-ci il 22 may tarixli “Azərbaycan Respublikası və Ukrayna arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə” və 2022-ci il 14 yanvar tarixli “Azərbaycan Respublikası Prezidentinin və Ukrayna Prezidentinin Birgə Bəyannaməsi” əsasında uğurla inkişaf edir.
Qeyd etdiyimiz kimi, ikitərəfli münasibətlərin dərinləşməsinə yüksəksəviyyəli rəsmilərin qarşılıqlı səfərləri və müntəzəm hal alan təmaslar öz müsbət təsirini göstərir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dost ölkəyə rəsmi səfəri çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən qəbul edilib. Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirlir ki, görüş zamanı Azərbaycan ilə Ukrayna arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoq, enerji, nəqliyyat, humanitar əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan ilə Ukrayna arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin inkişafının önəmi vurğulanıb. Gələn il diplomatik münasibətlərin qurulmasının 35 illiyinin qeyd olunacağı, ötən dövr ərzində yüksəksəviyyəli siyasi dialoqun və qarşılıqlı səfərlərin ikitərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi qeyd edilib.
Prezident Zelenskinin cari ilin aprel ayında Azərbaycana həyata keçirdiyi səfərin və səfər çərçivəsində əldə olunmuş razılaşmaların ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi baxımından əhəmiyyət daşıdığı bildirilib.
Görüşdə regional təhlükəsizlik məsələləri, Ukraynada mövcud vəziyyət, habelə beynəlxalq gündəlikdə duran digər aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanın Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə ardıcıl dəstək verdiyi bir daha diqqətə çatdırılıb.
Son illərdə Prezident İlham Əliyevin imzaladığı müvafiq sənədlərə uyğun olaraq respublikamızdan müharibə vəziyyətində olan dost Ukraynaya davamlı şəkildə humanitar yardım karvanları yola salınır. Bu yardımlar sırasında enerji avadanlığı və digər zəruri tələbat malları xüsusi yer tutur. Paralel şəkildə, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da Ukraynaya yardım kampaniyasında fəal iştirak edir. İndiyədək Mehriban Əliyevanın təşəbbüsü ilə Ukraynadan olan çoxlu sayda uşaq respublikamıza gətirilib. Ukraynalı uşaqlar Azərbaycanda həm dincəliblər, həm də onlara reabilitasiya xidmətləri göstərilib. Azərbaycanın xarici işlər naziri ilə görüşdə Prezident Zelenski Ukraynaya humanitar dəstəyə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirib. Görüşdə Azərbaycan ilə Ukrayna arasında münasibətlərin bundan sonra da inkişaf etdirilməsi və müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsinə dair ortaq niyyət ifadə olunub.
Ukrayna Prezidenti Cənubi Qafqazda münaqişədənsonrakı reallıqlar barədə məlumatlandırılıb
Azərbaycan 44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal xarakterli antiterror əməliyyatında qazandığı parlaq qələbələr sayəsində regionda yeni reallıqlar yaradıb. Məhz bu reallıqların sayəsində region müharibə risklərindən qurtulub. Ötən il avqustun 8-də Vaşinqtonda Donald Trampın iştirakı ilə Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin xarici işlər nazirləri tərəfindən paraflanmasından ötən bir ildə regionda real sülh şəraiti hökm sürür. Artıq iki ölkə arasında etimad quruculuğu prosesi başlayıb və bu kontekstdə vətəndaş cəmiyyətlərinin nümayəndələrinin Bakıda və İrəvanda bir neçə görüşü baş tutub. O cümlədən Azərbaycan sülhə sadiqliyini nümayiş etdirməklə öz ərazisindən Ermənistana tranzit daşımalarına imkan yaradıb. Respublikamız, həmçinin Ermənistana strateji əhəmiyyətli enerji məhsullarının ixracını həyata keçirir.
Münaqişədənsonrakı dönəmin ən mühüm reallıqlarından biri isə qalib Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirməsidir. Məsuliyyətli və güclü dövlət olan Azərbaycan Qarabağı dünyanın ən gözəl guşələrindən birinə çevirmək əzmindədir. Artıq Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı uğurla yekunlaşmaq üzrədir və yeni Dövlət Proqramının qəbul edilməsi də gündəlikdədir.
Ceyhun Bayramov “X” sosial şəbəkəsində paylaşımında görüş zamanı Ukrayna Prezidentinə Cənubi Qafqazda münaqişədənsonrakı reallıqlar, sülh gündəliyinin irəlilədilməsi istiqamətində göstərilən səylər, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verdiyini bildirib.
Xarici işlər naziri, həmçinin Prezident Volodimir Zelenskinin Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımla bağlı xoş sözlərini və davamlı dəstəyə görə Prezident İlham Əliyevə ünvanladığı təşəkkürü yüksək qiymətləndirdiyini vurğulayıb.
Baş diplomatlar ikitərəfli münasibətləri və regiondakı vəziyyəti müzakirə ediblər
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Kiyevə rəsmi səfəri çərçivəsində ukraynalı həmkarı Andrey Sibiqa ilə birlikdə Ukraynanın azadlığı uğrunda həlak olmuş müdafiəçilərin Xatirə Memorialına gül dəstəsi qoyub.
Azərbaycan və Ukrayna xarici işlər nazirləri arasında keçirilmiş təkbətək görüşdən sonra nümayəndə heyətləri arasında geniştərkibli görüş keçirilib. Görüşdə Azərbaycan-Ukrayna münasibətləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Nazirlər iki ölkə arasında mövcud olan müttəfiqlik münasibətlərinin qarşılıqlı hörmət və milli maraqların nəzərə alınması əsasında inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar. Bu çərçivədə ali və yüksək səviyyədə əldə olunmuş razılaşmaların icra vəziyyəti nəzərdən keçirilib.
Regional məsələlər ətrafında müzakirələr kontekstində Azərbaycanın Ukraynada hərbi əməliyyatların dayandırılması, münaqişənin beynəlxalq hüquq əsasında diplomatik yollarla həll edilməsinə tərəfdar olduğu bildirilib, ölkəmizin Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə ardıcıl dəstəyi bir daha təsdiq olunub.
Ukrayna xarici işlər naziri hərbi əməliyyatlar zamanı Qara dəniz və Azov dənizində Azərbaycan vətəndaşlarının həlak olması və yaralanması ilə əlaqədar başsağlığı və dərin hüzn ifadələrini çatdırıb, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralananlara isə tezliklə şəfa diləyib.
Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardım, o cümlədən hərbi eskalasiyanın başlanmasından etibarən 50 milyon ABŞ dollarını aşan dəstək, İrpen şəhərində həyata keçirilən bərpa layihələri, ukraynalı uşaqlar üçün reabilitasiya proqramları, eləcə də mina təmizləmə sahəsində göstərilən yardım barədə danışılıb.
C.Bayramov: Zərurət yaranarsa...
İki ölkənin iqtisadi əməkdaşlığında energetika sektoru xüsusi yer tutur. Azərbaycanın SOCAR şirkəti Ukraynada uğurla fəaliyyət göstərir. Hazırda SOCAR-ın bu ölkədə çoxlu sayda yanacaqdoldurma məntəqəsi, neft bazası mövcuddur. Qurumun Ukraynadakı fəaliyyətini genişləndirməsinə hər iki tərəf maraqlıdır. SOCAR-ın Ukraynadakı “SOCAR Energy Ukraine” törəmə şirkəti neft məhsullarının pərakəndə və topdansatış seqmentlərində fəaliyyət göstərir. Şirkətdə qurulan kollektiv iş və peşəkar yanaşma SOCAR-ın Ukraynada layihələrinin səmərəli şəkildə həyata keçirilməsini təmin edir.
SOCAR-ın digər qurumları da Ukraynada müxtəlif enerji layihələrinə qoşulublar. Məsələn, SOCAR AQŞ Ukraynada mühəndislik konsaltinq xidmətinin göstərilməsi layihəsini icra edib.
“Azərbaycan ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq vacib elementlərdən biridir”. Bu fikri Ceyhun Bayramov ukraynalı həmkarı Andrey Sibiqa ilə keçirdiyi mətbuat konfransında səsləndirib. “Enerji əməkdaşlığından danışarkən, ilk növbədə, qeyd etmək istərdim ki, Azərbaycanın dövlət neft şirkəti olan SOCAR uzun illərdir Ukrayna bazarında mövcuddur. Hazırda SOCAR Ukraynada fəaliyyətini aktiv şəkildə davam etdirir və inanırıq ki, şirkətin gələcək üçün böyük planları var”, - deyə Ceyhun Bayramov əlavə edib.
Nazir deyib ki, Azərbaycan ilə Ukrayna arasında enerji sahəsində, eləcə də nümayəndə heyətləri, həmkarlar arasında yeni dinamika, enerji sahəsində əməkdaşlığın əlavə elementləri barədə çox dinamik və fəal dialoq aparılıb.
C.Bayramov qeyd edib ki, bu gün Azərbaycan dünyanın 16 ölkəsinə, o cümlədən 10-u Avropa İttifaqının üzvü olmaqla ümumilikdə 12 Avropa ölkəsinə qaz tədarük edir. “Zərurət yaranarsa, dost Ukraynaya da qaz tədarük etməkdən məmnun olarıq. Eyni zamanda, Azərbaycan ilə Ukrayna arasında daha geniş coğrafiyanın enerji təhlükəsizliyi baxımından əməkdaşlıq imkanı da mövcuddur”, - deyə Ceyhun Bayramov əlavə edib.
Ukraynanın XİN rəhbəri Andrey Sibiqa da ölkəsinin Azərbaycanla enerji əməkdaşlığını genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdırıb. “Azərbaycan biznesi Ukraynada daim fəal olub və biz bu fəaliyyətin daha da genişləndirilməsini arzu edirik. Azərbaycanlı dostlarımız üçün təkliflər paketimiz var. Biz Ukraynaya enerji təchizatının şaxələndirilməsində maraqlıyıq. Ümumiyyətlə, Azərbaycan enerji təhlükəsizliyi nöqteyi-nəzərindən bütün Avropa, o cümlədən Ukrayna üçün strateji əhəmiyyətə malikdir. Biz bunun üzərində fəal şəkildə işləyirik və əminəm ki, əhəmiyyətli nəticələr əldə edəcəyik”, - deyə ukraynalı nazir vurğulayıb.
Azərbaycanın xarici işlər naziri İrpen şəhərində
Artıq 4 ildən çoxdur ki, davam edən müharibə Ukraynanın İrpen şəhərində də ciddi dağıntılara səbəb olub. Ölkəmiz bu şəhərdə müharibənin vurduğu ziyanın aradan qaldırılmasına öz dəstəyini göstərib. İrpen şəhəri son illər Azərbaycan ilə Ukrayna arasında tarixi dostluq münasibətlərinin və humanitar əməkdaşlığın bariz nümunəsinə çevrilib. Azərbaycanın Laçın şəhəri ilə qardaşlaşmış şəhərlər əlaqələrinə malik İrpen şəhərində akademik Zərifə Əliyevanın adını daşıyan park, küçə və lisey fəaliyyət göstərir, liseydə Azərbaycan dili tədris olunur.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində İrpen şəhərində olub. Nazir Ceyhun Bayramov əvvəlcə Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın abidəsi önünə tər çiçəklər düzüb, əziz xatirəsini ehtiramla yad edib.
Ceyhun Bayramov sonra Azərbaycan hökumətinin yardımı və dəstəyi nəticəsində bərpa olunmuş İrpen Şəhər Mərkəzi Poliklinikasına baş çəkib.
Nazir Ceyhun Bayramova məlumat verilib ki, Azərbaycan hökumətinin yardımı ilə İrpendə fəal hərbi əməliyyatlar zamanı ciddi ziyan dəymiş şəhər poliklinikasının bərpası tez bir zamanda başa çatdırılaraq Ukrayna hakimiyyət orqanlarına təhvil verilib. Bu tibb müəssisəsi Azərbaycan hökumətinin dəstəyi və Ukraynanın enerji sektorunda aparıcı Azərbaycan brendi olan “SOCAR Ukraine” şirkətinin maliyyə dəstəyi ilə təmir edilib. Poliklinikanın fasadı və dam örtüyü yenilənib, bütün pəncərələr dəyişdirilib, müasir yanğından mühafizə və havalandırma sistemləri quraşdırılıb. Eyni zamanda, obyektin zirzəmisində tamamilə yeni sığınacaq tikilib.
Ceyhun Bayramov sonra Azərbaycan hökumətinin yardımı və dəstəyi nəticəsində bərpa olunmuş akademik Zərifə Əliyeva adına 12 saylı İrpen Humanitar “Linqvist” liseyinə gəlib. Zərifə xanım Əliyevanın adını daşıyan muzeylə tanışlıq zamanı bildirilib ki, Prezident İlham Əliyevin göstərişi ilə məktəb qısa zamanda əsaslı təmir edilib.
Eyni zamanda, elektrik enerjisi probleminin həlli məqsədilə orta məktəb generatorla da təmin olunub.
Ceyhun Bayramov daha sonra Azərbaycan hökuməti tərəfindən planlaşdırılan yenidənqurma layihələri ilə tanış olub. Qeyd edilib ki, Azərbaycan dövləti İrpendə daha 4 irimiqyaslı yenidənqurma layihəsi həyata keçirməyi planlaşdırır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxGündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30

