Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “ADA” Universitetində Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

“ADA” Universitetində Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

29.04.2014 [09:11]

Aprelin 28-də “ADA” Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri, xarici işlər naziri Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinə həsr edilmiş beynəlxalq konfrans keçirilib.
AzərTAc xəbər verir ki, “ADA” Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev konfransı açaraq bildirib ki, beynəlxalq tədbir Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilir.
Azərbaycan Prezidenti İlham Əliyevin görkəmli dövlət xadimi Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzaladığını bildirən Hafiz Paşayev bunun dövlətimizin başçısının görkəmli ictimai-siyasi xadimin fəaliyyətinə verdiyi böyük dəyər olduğunu diqqətə çatdırıb.
Vurğulanıb ki, Əlimərdan bəy Topçubaşov qaynar bir dövrdə yaşayıb. Milli ədəbiyyatımızın banisi Mirzə Fətəli Axundzadə və türkdilli mətbuatın əsasını qoyan Həsən bəy Zərdabinin başladığı milli mədəni yeniləşmə hərəkatı həmin dövrdə özünün siyasi mərhələsinə qədəm qoyub. Qeyd edilib ki, Əlimərdan bəy Topçubaşov Azərbaycanın milli kimliyinin qərb sivilizasiyasına qovuşmağı özündə ideya istiqaməti kimi hədəf götürən böyük ictimai siyasi xadimlərdən biri idi. Əlimərdan bəy Topçubaşov öz coşqun fəaliyyəti ilə bütün ümidləri doğruldub. Yalnız Azərbaycan xalqının deyil, Rusiya imperiyasının müsəlman əhalisinin liderinə çevrilib. XX əsrin əvvəllərində onun belə bir missiya daşıması Azərbaycan xalqının böyük tarixi nailiyyəti idi. Hafiz Paşayev deyib ki, Ə.Topçubaşovun yaşadığı dövrün tarixini öyrənmək, yenidən tədqiq etmək, onun həyat və fəaliyyətini gələcək nəsillərə, dünya ictimaiyyətinə təqdim etmək bizim vacib vəzifəmizdir.
Milli Məclisin sədri Oqtay Əsədov çıxışında deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkülündə və fəaliyyətində Ə.Topçubaşovun, M.Ə.Rəsulzadənin, F.Xoyskinin, N.Yusifbəylinin, S.Mehmandarovun, Ə.Şıxlınski və başqalarının böyük xidmətləri olub. Görkəmli dövlət xadimləri, xalqımızın yaddaşında əbədi iz qoyublar.
Azərbaycan Xalq Cümhuriyyəti çox mürəkkəb tarixi şəraitdə meydana gəlib. Birinci Dünya müharibəsində çar Rusiyası öz hegemon rolunu itirib. 1918-ci ilin dekabrında Bakıda Xalq Cümhuriyyətinin ilk parlamentinin iclası olub və Ə.Topçubaşov parlamentin sədri seçilib. Hərtərəfli istedada malik olan Ə.Topçubaşovun hələ gənc yaşlarından elmə böyük marağı olub. Bakı Şəhər Dumasının sədri seçilən Ə.Topçubaşov bütün Rusiya müsəlmanlarının siyasi liderlərindən birinə çevrilib.
Milli Məclisin sədri deyib ki, onun sədrliyi dövründə Azərbaycan dili dövlət dili kimi qəbul edilib. Fransa Xarici İşlər Nazirliyinin ali şura üzvləri və digər müttəfiq dövlətlər Azərbaycan Xalq Cümhuriyyətini de-fakto tanıyıblar. Azərbaycanın bu diplomatik uğuru Ə.Topçubaşovun düşünülmüş fəaliyyətinin məntiqi nəticəsi idi. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Parisdə Ə.Topçubaşovun məzarı üzərində onun qəbirüstü abidəsi ucaldılıb.
Daha sonra çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizin dünya miqyasında tanıdılmasında Əlimərdan bəy Topçubaşovun gördüyü əvəzolunmaz xidmətlərdən danışıb.
Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Ə.Topçubaşovun diplomatik bacarığı sayəsində bir çox dünya ölkələrinin rəhbərləri ilə aparılan danışıqların öz bəhrəsini verdiyini, bunun nəticəsi olaraq Paris Konfransının Ali Şurasının Gürcüstan və Azərbaycanın istiqlaliyyətini tanıdığını söyləyib. Dünyanın aparıcı ölkələrinin siyasətçiləri Əlimərdan bəy Topçubaşov ilə görüşüb, səmimi qonşuluq, sərhəd məsələsi, ticarət və mədəni əlaqələr haqqında danışıqlar apararaq barışıq imzalayıblar.
Ə.Topçubaşovun yekdilliklə Azərbaycanın ilk parlamentinin sədri seçildiyini diqqətə çatdıran Elmar Məmmədyarov Şərq mədəniyyətinin xüsusiyyətlərini və Avropanın demokratik dəyərlərini özündə birləşdirən görkəmli siyasi xadimin Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkül tapmasında, onun dünya dövlətləri tərəfindən tanınması və diplomatik münasibətlərinin qurulmasında böyük xidmətlərinin olduğunu xüsusi qeyd edib.
Elmar Məmmədyarov deyib ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini yenidən bərpa edib. Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr Türkiyə, Rumıniya, Pakistan olub.
Diqqətə çatdırılıb ki, Azərbaycanın 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatına üzv qəbul olunması ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayıb. Ötən illər ərzində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artıb, əlaqələri genişlənib. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi və bu quruma sədrlik etməsi ölkəmizin çox mühüm qlobal təsirə malik olduğunu təsdiqləyir. İndi Azərbaycan dünya çapında böyük nüfuza malikdir. Əgər yaşasa idilər, bu nailiyyətlər Əlimərdan bəy Topçubaşov və digər görkəmli ictimai-siyasi xadimlər üçün ən sevindirici hadisələrdən biri olardı. Müasir müstəqil Azərbaycanın inkişaf və dünyaya inteqrasiya istiqamətlərini Ümummilli lider Heydər Əliyev müəyyənləşdirib. Ulu öndərimizin dediyi kimi indi Azərbaycanın müstəqilliyi dönməzdir, əbədidir.
Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə bildirib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın yetirdiyi böyük şəxsiyyətlərə diqqət göstərilməsi, onların xatirəsinin əziz tutulması ənənənə halı alıb. Diqqətə layiq olan bu cür şəxsiyyətlərdən biri də Azərbaycanın görkəmli ictimai xadimi Ə.Topçubaşovdur. A.Əlizadə qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq Ə.Topçubaşovun 150 illik yubileyinin keçirilməsi ona dövlət səviyyəsində verilən qiymətin əməli ifadəsidir.
Ə.Topçubaşovun həyat və fəaliyyəti Azərbaycanın çox kəşməkəşli bir vaxtına təsadüf edir. O, 1905-1918 ci illər arasında bütün qüvvə və bacarığını vətənin azadlığı uğrunda mübarizəyə həsr edib.
Vurğulanıb ki, 1897-ci ildən 1917-ci ilin sonlarına qədər “Kaspi” qəzetinin redaktorlarından biri olan Ə.Topçubaşovun bu mətbu orqanda işıq üzü görmüş məqalələrində Azərbaycanın bir sıra görkəmli şəxsiyyətləri haqqında qiymətli fikirlər yer alıb. Onun başçılıq etdiyi Azərbaycan diplomatlarından ibarət nümayəndə heyəti Parisdən Vaşinqtona qədər yüksək dövlət səviyyəsində qəbul edilib. Bu, Azərbaycan diplomatiyasının şanlı tarixinin səhifələrindən biridir. Sovet hakimiyyəti illərində Ə.Topçubaşovun fəaliyyətinin araşdırılmasına imkan verilməyib, lakin bu məsələ yalnız keçən əsrin 90-cı illərinin əvvəllərində yenidən gündəmə gətirilib.
A.Əlizadə vurğulayıb ki, Ə.Topçubaşovun elmi-publisistik irsinin nəşri və tədqiqi Azərbaycan elminin qarşısında duran vacib məsələlərdən biridir. Böyük şəxsiyyətlərin xatirəsinə göstərilən qədirbilənlik hər şeydən əvvəl gənc nəslə vətəni tanıtmaq, öyrətmək dərsidir. Bütün bunlara görə Prezidentimizə minnətdarlığımızı bildiririk.
Daha sonra konfrans panel sessiyalarla davam edib.
“ADA” Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən panel sessiyada Azərbaycanın Polşadakı səfiri, tarix elmləri doktoru Həsən Həsənov çıxış edib.
Əlimərdan bəy Topçubaşovun Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri və çar Rusiyası I çağırış Dövlət Dumasının müsəlman fraksiyasının rəhbəri vəzifəsində səmərəli fəaliyyəti barədə söhbət açan Həsən Həsənov görkəmli siyasi xadimin Azərbaycan dövlətçiliyinin təşəkkülünə qiymətli töhfələr verdiyini qeyd edib.
Səfir vurğulayıb ki, azadlıq hərəkatının böyük yüksəlişi dövrü Azərbaycan xalqına istedadlı, peşəkar ictimai-siyasi xadimlər bəxş edib. Onların həyat amalı millətin mənafeyini, azadlığını və müstəqilliyini müdafiə etmək idi.
Diplomat Ramiz Abutalıbov “Ə.Topçubaşov: görkəmli xadimin şəxsi arxivindən sənədlər” mövzusunda çıxış edib. R.Abutalıbov Ə.Topçubaşovun şəxsi sənədləri əsasında hazırlanan və müəllifi tarix elmləri doktoru Salavat İsxakov olan kitab haqqında danışıb. Qeyd olunub ki, bu kitab Ə.Topçubaşovun Rusiya Dövlət Dumasında fəaliyyətinə dair yüzdən artıq sənəd əsasında tərtib edilib.
Ə.Topçubaşovun Dumada fəaliyyəti dövründə həm Azərbaycanda, həm də Cənubi Qafqaz bölgəsində yaşayan müsəlman əhalisinin hüquqlarının qorunması sahəsində göstərdiyi xidmətləri xüsusi vurğulamaq lazımdır. 1906-cı ildə müsəlman əhalisinin əleyhinə hazırlanan qanun layihəsi məhz onun fəaliyyəti nəticəsində qəbul olunmayıb.
“Əlimərdan bəy Topçubaşov və 20-ci əsrin əvvəllərində Azərbaycanda ictimai-siyasi proseslər” mövzusunda çıxış edən Azərbaycan Respublikası Prezidenti Katibliyin rəisi, tarix elmləri doktoru Dilarə Seyidzadə Sovet dönəmində öz həyatlarını ölkəmizin tarixinin tədqiqinə həsr etmiş alimlərin mənbələrdə bu böyük şəxsiyyət haqqında məlumatlara tez-tez rast gəldiklərini, lakin bu barədə elmi mövzular götürüb işləməyə imkan verilmədiyini deyib.
D.Seyidzadə XX əsrin 60-cı illərində Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, görkəmli alim, akademik Əlövsət Quliyevin bu mövzuya diqqət yetirdiyini və bununla bağlı gənc tədqiqatçı kimi ona tapşırıq verdiyini qeyd edərək deyib: “Moskva Tarix İnstitutuna göndərilən tələbələr arasında mən də var idim. Tədqiqatın mövzusu Azərbaycanın Rusiyanın I çağırış Dövlət Dumasında iştirakı haqqında idi. Mən Moskvada tarixçilərlə görüşdüm. Onlar bizim deputatlarımızın fəaliyyətinin elə də görkəmli olmadığını söyləyirdilər. Ona görə də təklif etdilər ki, mən onların müxalifət partiyalarından olan fəalların tədqiqatlarına qoşulum. Lakin akademik Ə.Quliyev və digər tarixçi alimlər çox düzgün mövqe seçdilər və verilmiş mövzu üzərində işləməyimi tələb etdilər”.
Çıxışına davam edən D.Seyidzadə bildirib ki, Əlimərdan bəy Topçubaşov Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkül tapmasında, diplomatik münasibətlərinin qurulmasında böyük xidmətlər göstərib.
ABŞ-ın Massaçusets Universitetinin professoru xanım Audrey Altstadt çıxış edərək görkəmli ictimai xadim Ə.Topçubaşovun fəaliyyətindən danışıb, Azərbaycanın bu dövrdəki tarixinin çox aktual olduğunu söyləyib.
XX əsrin əvvəllərində Azərbaycanda Cümhuriyyətin yarandığını bildirən A.Altstadt parlament respublikasında müxtəlif siyasi partiyaların təmsil olunduğunu, Azərbaycanda demokratik sisteminin yaradıldığını qeyd edərək deyib: “Belə bir demokratik dövlətin Birinci Dünya müharibəsinin son ayları ərzində yaranması gözlənilməz bir hadisə sayıla bilər. Əlimərdan bəy Topçubaşov və digər görkəmli xadimlər Azərbaycanı inkişaf etdirməyə çalışırdılar. Azərbaycan üçün bu çox mühüm tarix və irsdir”.
“ADA” Universitetinin dekanı Elnur Soltanovun moderatorluğu ilə keçirilən ikinci paneldə ABŞ-ın Prinston Universitetinin əməkdaşı Maykl Reynolds “Əlimərdan bəy Topçubaşov və onun irsi: kənardan baxış” mövzusunda məruzə ilə çıxış edərək Ə.Topçubaşovun xarici işlər naziri vəzifəsi dövründə gördüyü işlərdən danışıb. Bildirilib ki, o dövrdə Amerika hökuməti Ə.Topçubaşov şəxsiyyətinə böyük dəyər verib.
Qeyd edilib ki, Ə.Topçubaşovun təkcə Azərbaycan xalqının deyil, bütün Şərq xalqlarının azadlıq hərəkatı tarixində əvəzsiz xidmətləri olub. O, dövrünün yüksək təhsil almış hüquqşünası, elm və ictimai xadimi, milli ruhlu naşir olub. Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündən dünyada tanıdılması üçün bir hüquqşünas alim və siyasi xadim kimi Ə.Topçubaşov var qüvvəsi ilə çalışıb.
Daha sonra Milli Məclisin deputatı, tarixçi alim Musa Qasımlının “Əlimərdan bəy Topçubaşov: ictimai xadim kimi”, gürcüstanlı ekspert Georgi Momulianın “Əlimərdan bəy Topçubaşov və onun Fransa hökuməti ilə münasibətləri”, Milli Elmlər Akademiyasının əməkdaşı İradə Bağırovanın “Əlimərdan bəy Topçubaşov: siyasi fəaliyyətin başlanğıcı”, rusiyalı ekspert Səlahət İsakovun “Əlimərdan bəy Topçubaşov tarixçi kimi”, Fransanın Beynəlxalq Diplomatiya Akademiyasının dosenti Şirin Melikovun “Əlimərdan bəy Topçubaşov Fransanın Beynəlxalq Diplomatik Akademiyasının üzvü kimi” mövzularında çıxışları dinlənilib.
Konfransda Rusiyanın Milli Kitabxanasının direktoru Anton Lixomanov Əlimərdan bəy Topçubaşovun həyatına aid dəyərli sənədin nüsxəsini “ADA” Universitetinin rektoru Hafiz Paşayevə təqdim edib.

Paylaş:
Baxılıb: 794 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31