Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Avrasiyanın enerji xəritəsinin zənginləşməsinə strateji töhfələr verir

Azərbaycan Avrasiyanın enerji xəritəsinin zənginləşməsinə strateji töhfələr verir

29.04.2014 [09:23]

Ölkəmizin praqmatik enerji siyasəti, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm strateji faktor kimi çıxış edir
Müstəqil Azərbaycan Respublikasının xarici siyasət kursunun strateji istiqamətlərindən birini də milli maraqlara müvafiq surətdə həyata keçirilən enerji siyasəti təşkil edir. Bu gün Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan biri kimi çıxış edir. Ölkəmiz milli dövlətçilik prinsiplərinə müvafiq olaraq həyata keçirilən praqmatik siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu qismində çıxış etməkdədir. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir strateji layihə gerçəkləşdirilə bilməz. Bu da ölkəmizin dünya dövlətlərinin strateji əməkdaşlıqlar perspektivində kəsb etdiyi önəmi aydın şəkildə əks etdirir.
Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinə verdiyi töhfələrdən danışarkən ölkəmizin iştirakı ilə gerçəkləşdirilən strateji xarakterli nəhəng layihələrdən bəhs etmək lazımdır. “Əsrin müqaviləsi”nin imzalandığı dövrdən etibarən dünyada əsasən neft ölkəsi kimi tanınan Azərbaycan son dönəmlərdə atdığı addımlarla beynəlxalq aləmdə enerji təhlükəsizliyinə əhəmiyyətli töhfələr verən dövlət kimi özünü təsdiq edib. Qeyd edək ki, ötən il, ilk növbədə, Azərbaycan qaz ixracatçısı kimi regional və beynəlxalq təhlükəsizlikdə mühüm rol oynadığını bir daha sübuta yetirdi. Bu istiqamətdə ilk böyük nailiyyət 2007-ci ildə “Bakı-Tbilisi-Ərzurum” (BTƏ) qaz kəmərinin istifadəyə verilməsi idi. Bu baxımdan, Avropanın “mavi yanacaq” bazarlarında əsas iştirakçılardan birinə çevrilmək niyyətində olan Azərbaycanın təşəbbüsü ilə qəbul olunan Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi həm ölkəmizin, həm də qitə dövlətlərinin enerji maraqlarına cavab verir. Bu layihə ilə Azərbaycanın Avropanın ən yaxın və etibarlı enerji tərəfdaşı olması bir daha öz təsdiqini tapır. Eyni zamanda, TANAP layihəsi Trans-Xəzər qaz kəmərinin gerçəkləşməsi üçün də yeni imkanlar yaradacaq. Qazaxıstan və Türkmənistanın gələcəkdə bu layihəyə qoşulacağı təqdirdə Azərbaycan həm də qaz nəqlində mühüm tranzit ölkəyə çevriləcək. Ümumiyyətlə, TANAP layihəsi ilə Şərq-Qərb enerji dəhlizinin formalaşmasında Azərbaycanın rolu daha da artacaq.
Onu da qeyd etmək lazımdır ki, tikiləcək TANAP kəməri qazı Türkiyənin şərqindən qərbinə daşıyacaq, yəni Avropa ilə sərhədə gətirəcək. Trans-Adriatik qaz kəməri (TAP) isə qazın buradan Avropa ölkələrinə paylanmasına imkan verəcək. Bu isə Avropada “mavi yanacaq” bazarını genişləndirəcək, istehlakçı ölkələr isə enerji mənbələrinin çoxaldılması yolu ilə öz təhlükəsizliklərini daha etibarlı təmin edə biləcəklər.
Bu kontekstdə ən yaddaqalan və uğurlu nəticələrdən biri kimi ötən il dekabrın 17-də Bakıda “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimini qeyd etmək olar. “Şahdəniz-2”nin təsdiq edilməsi layihənin artıq reallaşdırılma mərhələsinə qədəm qoymasından xəbər verir. Bu, Azərbaycanın gələcəkdə sürətli inkişafını təmin etmək üçün mühüm imkandır. Mühüm strateji məqamlardan biri də budur ki, “Şahdəniz-2” layihəsinin gerçəkləşməsi “Cənub qaz dəhlizi” vasitəsilə “mavi yanacağın” Xəzər dənizindən Avropadakı bazarlara çatdırılacağı deməkdir. Bu, həm də Azərbaycanın enerji sektoruna böyük həcmdə yeni investisiyaların yatırılmasına və yeni iş yerlərinin yaradılmasına da səbəb olacaq. Bundan əlavə, Türkiyənin şərq sərhədindən ölkənin qərb sərhədinə qədər uzanacaq Trans-Anadolu təbii qaz boru kəmərinin tikintisi də sürətləndiriləcək.
Beləliklə, rasional enerji siyasəti Azərbaycan nümunəsində milli maraqlara praqmatik münasibətin geosiyasi nümunəsi qismində çıxış edir, başqa sözlə, dövlətimizin milli maraqlarına əsaslanır. Ölkəmizin praqmatik enerji siyasəti, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm strateji faktor kimi çıxış edir. Azərbaycan Prezidenti İlham Əliyev Praqada Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunmuş sammitdə çıxışı zamanı bu məsələyə toxunaraq qeyd edib ki, Avropa təsisatları ilə əməkdaşlığımız genişdir, siyasi, iqtisadi, ticarət sahələrini, siyasi islahatlar və əlbəttə ki, enerji təhlükəsizliyi məsələlərini əhatə edir: “2011-ci il bu baxımdan əhəmiyyətli olmuşdur. Həmin vaxt Prezident Barrozu və mən Bakıda sıx əməkdaşlıq üçün imkan yaradan enerji sahəsində strateji tərəfdaşlıq memorandumu imzaladıq. Bu qısa vaxt ərzində biz böyük uğurlar əldə edə bildik. Xüsusilə Vilnüs Sammitindən bir ay sonra Avropanın 45 milyard dollar dəyərində ən böyük infrastruktur layihəsi hesab olunan XXI əsrin sazişini imzaladıq. Əsas investisiya Azərbaycan və bizim tərəfdaşlarımız tərəfindən qoyulacaqdır. Nəhəng qaz yatağı olan “Şahdəniz”in işlənilməsi, Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi Avropanın enerji xəritəsini dəyişdirəcəkdir. Bununla da, qarşıdan gələn 4-5 il ərzində Avropa üçün yeni qaz mənbəyi açılacaqdır. Düşünürəm ki, Avropa ilə Azərbaycan arasında güclü tərəfdaşlıq elə davam etdirilməlidir ki, biz qarşılıqlı-faydalı olan vacib layihələri həyata keçirə bilək”.
Nəticə etibarilə, Azərbaycanın iştirakı ilə gerçəkləşdirilən nəhəng layihələr mühüm geostrateji maraqların ifadəçisi olmaq etibarilə xüsusilə də Avropada perspektiv enerji təhlükəsizliyinin qarantı kimi çıxış edəcək. Bu kontekstdə davam və inkişaf etdirilən əməkdaşlıq isə tərəfdaşlar arasında praqmatik iqtisadi maraqların uzlaşdırılması və diversifikasiyasına əhəmiyyətli töhfələr verəcək. Bir sözlə, Azərbaycanın səmərəli enerji siyasəti yeni əməkdaşlıq platforması müəyyənləşdirməklə yanaşı, Avrasiyanın enerji xəritəsinin zənginləşməsinə strateji töhfələr verir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 735 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31