Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri iki ölkə münasibətlərinin davamlı inkişafının göstəricisidir

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri iki ölkə münasibətlərinin davamlı inkişafının göstəricisidir

20.06.2014 [09:15]

Səfər ortaq siyasi, iqtisadi, humanitar və regional təhlükəsizlik maraqlarına söykənən Azərbaycan-Rusiya əməkdaşlığının daha da inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir
Bildiyimiz kimi, hazırda Azərbaycanın bir çox sahələr üzrə yaxın əməkdaşlıq əlaqələrinə malik olduğu ölkələrdən biri də Rusiya Federasiyasıdır. Tarixi qonşuluq münasibətləri, iki ölkə xalqlarının sıx təmasları ilə yanaşı, bu gün Azərbaycan-Rusiya əlaqələri hər iki ölkənin siyasi, iqtisadi, regional təhlükəsizlik maraqlarına cavab verir. Təsadüfi deyil ki, iki ölkə arasında mütəmadi olaraq yüksək rəsmi görüşlər keçirilir, qarşılıqlı, rəsmi, işgüzar səfərlər yeni əməkdaşlıq perspektivlərini meydana çıxarır.
Növbəti belə əhəmiyyətli səfər isə bu günlərdə baş tutub. Belə ki, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edərək, bir sıra mühüm görüşlər keçirib. Rusiyalı qonağı qəbul edən Prezident İlham Əliyev görüşdə iki ölkə arasında münasibətlərin strateji xarakter daşıdığını, Azərbaycan ilə Rusiyanın bütün sahələrdə uğurla əməkdaşlıq etdiyini vurğulayıb. Həmçinin, parlamentlər və nazirliklər səviyyəsində, humanitar sahədə də səmərəli əməkdaşlığın olduğunu deyən Prezident İlham Əliyev ölkələrin və xalqların rifahı naminə münasibətlərin bundan sonra da inkişafı üçün hər iki ölkənin səylərini əsirgəməyəcəyinə əminliyini ifadə edib. Dövlət başçısı BMT Təhlükəsizlik Şurasına üzv seçkilərində Rusiyanın ölkəmizin namizədliyini dəstəklədiyini, Azərbaycanın bu quruma sədrlik etdiyi dövrlərdə iki ölkə arasında fəal əməkdaşlığın həyata keçirildiyini xatırladıb. Prezident İlham Əliyev Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi dövründə də ölkələrimiz arasında sıx əməkdaşlığın olacağına əminliyini bildirib.
Öz növbəsində, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan ilə Rusiyanın regional və beynəlxalq səviyyədə uğurla əməkdaşlıq etdiyini bildirib. Sergey Lavrov deyib ki, xarici işlər nazirləri arasında aparılan müzakirələr zamanı Xəzəryanı ölkələrin qarşıdakı sammiti, həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin ötənilki görüşü, ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə, BMT, ATƏT və hazırda Azərbaycanın sədrlik etdiyi Avropa Şurasının Nazirlər Komitəsində hər iki ölkənin qarşısında duran ümumi məsələlərə dair fikir mübadiləsi aparılıb.
Görüşdə Rusiya Prezidenti Vladimir Putinin 2013-cü ilin avqustunda Azərbaycana səfərinin iki ölkə münasibətlərinin inkişafına böyük töhfə verdiyi də vurğulanıb.
Göründüyü kimi, keçirilən görüşdə müzakirə olunan məsələlər hər iki ölkənin xarici siyasətində, eləcə də, qarşılıqlı münasibətlərdə bir çox prioritet sahələrin bir-birilə uzlaşdığını təsdiq edir. Bu isə əməkdaşlığın davam etdirilməsi və daha da dərinləşdirilməsi baxımından önəmli amildir.
AZƏRBAYCAN VƏ RUSİYA ARASINDA SIX REGİONLARARASI ƏMƏKDAŞLIQ YARADILIB
Qeyd etmək yerinə düşər ki, Azərbaycan və Rusiya iqtisadiyyatın müxtəlif sahələrində genişlənən əlaqələrə malikdir. Bu sahədə ölkəmizin Rusiya regionları ilə əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir. Rusiya Federasiyasının 70-dən çox regionu Azərbaycan ilə sıx işgüzar əlaqələr saxlayır. Mütəmadi olaraq keçirilən regionlararası forumlar qarşılıqlı ticarəti, investisiya yatırımlarını stimullaşdırır. Sonuncu belə tədbir 2013-cü il iyunun 5-də Volqoqradda keçirilən IV “Rusiya-Azərbaycan: Regionlararası dialoq-2013” forumu olub. Forumda regionlararası əməkdaşlıq, energetika və nəqliyyat kommunikasiyaları, iqtisadi əməkdaşlığın perspektivləri və digər mövzularda müzakirələr, ikitərəfli regional əməkdaşlıq, energetika və nəqliyyat kommunikasiyaları, humanitar münasibətlər və gənclər siyasəti sahəsində qarşılıqlı fəaliyyət məsələlərinə dair fikir mübadilələri aparılıb. Forum çərçivəsində Azərbaycanın və Rusiyanın vahid enerji sistemlərinin paralel işinin təmin edilməsi tədbirləri haqqında Rusiya Federasiyası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Saziş və Azərbaycan Respublikası Hökuməti ilə Volqoqrad vilayəti hökuməti arasında ticari-iqtisadi və mədəni əməkdaşlıq haqqında Saziş imzalanıb.
Tədbirin yekunu olaraq, V Rusiya-Azərbaycan regionlararası Forumunun Azərbaycanda keçirilməsi qərara alınıb. Xatırladaq ki, III forum da 2012-ci ildə Bakıda keçirilmişdi.
Azərbaycanın Rusiyanın regionlarından olan Həştərxan vilayəti ilə də geniş əlaqələri mövcuddur. Xatırladaq ki, 2011-ci ilin mayında Həştərxanda “Rusiya və Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru” mövzusunda II Rusiya-Azərbaycan regionlararası forumunda Həştərxan vilayəti və Azərbaycan Respublikası Ticarət-Sənaye Palataları arasında əməkdaşlıq haqqında sənədlər imzalanıb. Azərbaycan və Həştərxan vilayəti arasında əldə olunan razılaşmalar əsasında tərəflər energetika, nəqliyyat, kənd təsərrüfatı, innovasiyalar sahələrində əməkdaşlığın səmərəsini artırmaq, kiçik və orta biznes qurumlarının inkişafına yardım etmək qərarına gəliblər.
ERMƏNİSTAN-AZƏRBAYCAN, DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN ƏDALƏTLİ HƏLLİ HƏR İKİ ÖLKƏ ÜÇÜN TƏHLÜKƏSİZLİK baxımından böyük ÖNƏM DAŞIYIR
Sirr deyil ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində birgə səylər Azərbaycan-Rusiya münasibətlərində xüsusi yer tutur. Məlum olduğu kimi, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın 20 faiz torpaqları işğal olunub, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün durumuna düşüb. Rusiya ilk vaxtlardan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan dövlətlərdən biridir. İlk növbədə, bildirək ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və münaqişənin diplomatik yolla həllinə çalışır. Rəsmi Moskvanın konfliktin həlli prosesinə cəlb olunması 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupunun tərkibində Rusiyanın da yer alması ilə başlayıb. Daha sonra, yəni 1997-ci ildən etibarən Rusiya ABŞ və Fransa ilə bərabər Minsk qrupunun həmsədr ölkələrindən birinə çevrilib. Azərbaycan və Ermənistanın razılığı ilə münaqişənin nizamlanması danışıqlarında vasitəçilik edən ölkələrdən biri də məhz Rusiyadır.
2012-ci ilədək isə Rusiyanın bu istiqamətdə fəaliyyətini intensivləşdirdiyi müşahidə olunub. Belə ki, rəsmi Moskva danışıqlarda yalnız həmsədr kimi fəaliyyət göstərən nümayəndənin iştirakı ilə kifayətlənməyərək birbaşa prezident səviyyəsində məsələyə müdaxilə edib. Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya dövlət başçısının vasitəçiliyi ilə sayca 11-ci və sonuncu görüşü 2012-ci ilin yanvarında Soçidə keçirilib. Lakin Ermənistan rəhbərliyinin qeyri-konstruktiv mövqeyi səbəbindən bu vaxtadək, münaqişənin həlli istiqamətində beynəlxalq birliyin, eləcə də Rusiyanın səyləri heç bir nəticə verməyib. Azərbaycan ictimaiyyəti isə Ermənistan üzərində ən böyük təsirə malik olan ölkə kimi rəsmi Moskvadan təcavüzkara qarşı təzyiqləri artırmağı, işğalçı ölkənin beynəlxalq təşkilatların zəbt etdiyi ərazilərdən çıxmasını tələb edən qərar və qətnamələrinin icrasını tələb etməyi gözləyir. Ədalətin bərpasına ciddi təkan göstərəcəyi təqdirdə bu, Rusiyanın regiondakı nüfuzuna müsbət təsir göstərməklə bərabər, həm də müharibə təhlükəsinin aradan qaldırılması, geniş, səmərəli iqtisadi əməkdaşlıq üçün əlverişli şəraitin yaranması demək olacaq.
TARİXƏN FORMALAŞMIŞ HUMANİTAR ƏLAQƏLƏR DAHA DA GENİŞLƏNDİRİLİR
Azərbaycan və Rusiya xalqları arasında mövcud olan çoxəsrlik əlaqələr bu gün iki dövlət arasındakı sıx humanitar münasibətlərin təməlində dayanır. Hazırda, Azərbaycanda tədrisin rus dilində həyata keçirildiyi 335 məktəb var. Bu məktəblərin 15-də tədris sırf rus dilindədir, 27 universitetdə rus dilində tədris aparılır. Həmçinin, tədrisin rus dilində olduğu orta, orta ixtisas və ali məktəblərdə təhsil alanların sayı 100 min nəfərdən çoxdur.
Rusiya Prezidentinin ölkəmizə ötənilki səfəri də onu göstərib ki, iki ölkə humanitar sahədə əməkdaşlığı qarşıdakı illərdə daha da gücləndirmək əzmindədir. Belə ki, səfər çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov “2015-ci ilə qədər olan dövrdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında humanitar sahədə Əməkdaşlıq Proqramı”nı imzalayıblar.
Belə qənaətə gəlmək olar ki, münasibətlərin bugünkü dinamik inkişafı humanitar sahədə daha yüksək nəticələrə şərait yaradır. Humanitar sahədə əməkdaşlıq, öz növbəsində, iki dövlət arasında dostluq, mehriban qonşuluq, qarşılıqlı maraqlara, hörmətə, etimada söykənən, proqnozlaşdırıla bilən və sabit münasibətlərin əsasıdır.
Hülya MƏMMƏDLİ

Paylaş:
Baxılıb: 716 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31