Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “ASAN xidmət” Azərbaycan brendidir

“ASAN xidmət” Azərbaycan brendidir

21.06.2014 [11:17]

Prezident İlham Əliyev: Bu xidmət dövlət-vətəndaş münasibətlərinə yeni yanaşmanın mütərəqqi modelidir
Məlum olduğu kimi, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin başlıca hədəflərindən biri vətəndaşların hərtərəfli rahatlığının təmin edilməsi, onlara dövlət səviyyəsində göstərilən xidmətlərin keyfiyyətinin ən yüksək həddə çatdırılması, vətəndaş məmnunluğunun təmin edilməsidir. Bu baxımdan, ölkəmizdə 2013-cü il yanvarın 1-dən tətbiq olunan “ASAN xidmət” (Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi - Azerbaijan Service and Assessment Network) dünya təcrübəsində unikal hal olmaqla bərabər, vətəndaşların ən müxtəlif sənədləşdirmə ilə bağlı işlərini xeyli dərəcədə asanlaşdırıb.
Bu qurumun yaradılması Azərbaycanda dövlət orqanlarının fəaliyyətinin təşkilinin təkmilləşdirilməsi, korrupsiyanın və rüşvətxorluğun aradan qaldırılması istiqamətində görülən işlərin içərisində öz uğurlu nəticələrinə görə ön sıralarda dayanır.
2013-cü ilin yanvar ayından fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərinin sayı 3-ü Bakıda, 1-i Sumqayıtda, 1-i Gəncədə olmaqla 5-ə çatdırılıb. Vətəndaşların “ASAN xidmət”ə müraciətlərinin bu qədər yüksək səviyyədə olmasını qurumun şəffaf fəaliyyəti və insanlara yaratdığı rahat imkanlarla izah etmək mümkündür.
Xatırladaq ki, Prezident İlham Əliyevin “The Business Year” nəşrinə müsahibəsində də bildirdiyi kimi, Azərbaycan brendi olan “ASAN xidmət” mərkəzləri vətəndaşlar tərəfindən olduqca yüksək qarşılanıb: “Bu xidmət dövlət-vətəndaş münasibətlərinə yeni yanaşmanın mütərəqqi modelidir və hazırda 25 növ hüquqi xidmət həyata keçirir. Təsadüfi deyil ki, cəmi bir il ərzində xidmətə bir milyondan çox müraciət olmuşdur. Ona görə də biz qarşıdakı dövrdə “ASAN xidmət”in funksiyalarını daha da genişləndirməyi nəzərdə tuturuq”.
“ASAN xidmət”dən BİR-BİRİNİN ARDINCA YENİLİKLƏR
“ASAN xidmət” vətəndaşlara notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin verilməsi, əmək pensiyalarının təyin edilməsi, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı, kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı, gömrük bəyannamələrinin, gömrük rəsmiləşdirmələri üçün sənədlərin qəbulu və digər xidmətlər göstərir. Göstərilən bütün xidmət sahələri üzrə vətəndaşların müraciətləri əsasında operativ iş aparılır.
Son bir ayda “ASAN xidmət” öz fəaliyyətinə vətəndaşların rahatlığını daha da artıran, işlərini bir qədər də asanlaşdıran yeniliklər əlavə edib. Belə ki, may ayının sonlarına doğru “ASAN xidmət” mərkəzlərinin www.asan.gov.az internet səhifəsində mərkəzlərin növbə göstəricilərini elektron formada əks etdirən funksional bölmə yaradılıb. “Növbə göstəriciləri” funksional bölməsində “ASAN xidmət” mərkəzləri üzrə gün ərzində müvafiq müddət çərçivəsində xidmət göstərilən və növbədə gözləyən şəxslərin sayı, həmçinin, xidmət üzrə orta gözləmə vaxtı da əks olunur. Bundan başqa, istifadəçilər növbə götürmüş və xidmət göstərilməsi üçün nəzərdə tutulan növbəti müraciətlərin sayını da izləmək imkanı əldə ediblər. Bu bölmə vasitəsi ilə qurumun xidmətlərindən faydalanmaq istəyən şəxslər zamanlarının daha çox səmərəliliyini təmin etmiş olurlar. Belə ki, vətəndaşlar indi daha az növbənin olduğu istənilən “ASAN xidmət” mərkəzini seçərək, oraya üz tuta bilirlər.
ASAN xidmət”dən digər bir yenilik iyun ayının əvvəlində elan olunan SMS məlumatlandırma funksiyasıdır. SMS məlumatlandırma “ASAN xidmət” mərkəzlərində müvafiq xidmətlər üzrə növbə götürmüş vətəndaşların öz növbə müddətinin yaxınlaşması barədə məlumatlandırılmasına imkan yaradıb. Belə ki, mərkəzlərdə müvafiq xidmətlər üzrə növbə götürülən zaman şəxs mobil nömrənin yazılması qeyd olunan xananı doldurmaqla SMS məlumatlandırma funksiyasından yararlana bilər. Mobil nömrə qeyd edildikdən sonra şəxs öz növbəsinin çatmasına 5 və daha çox növbə sayı üçün xəbərdarlıq edilməsi ilə bağlı sorğunu cavablandırır və növbə biletini çap etdirir. Bundan sonra şəxs öz növbə müddətinin çatmasına müvafiq olaraq seçdiyi növbə sayı qaldığı zaman mobil telefonuna gələn SMS vasitəsi ilə məlumatlandırılır. Bununla da “ASAN xidmət”in rəhbər tutduğu vaxta qənaət prinsipi bir daha gerçək təcrübədə öz əksini tapıb.
Bundan əlavə, Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməkdə davam edir. Belə ki, bu ilin 11 - 23 iyun tarixində Bərdə və Yevlax rayonlarının 260 mindən artıq sakini Səyyar “ASAN xidmət”dən Bərdə rayonunda yararlanmaq imkanı əladə edib. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir. Həmçinin, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışların verilməsi və fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi xidmətləri də səyyar şəkildə vətəndaşlara təqdim olunur.
Ümumilikdə, 2014-cü ilin dekabr ayına qədər Səyyar “ASAN xidmət” vasitəsi ilə 35 məntəqədə 41 rayonun sakinlərinə müvafiq xidmətlərin həyata keçirilməsi nəzərdə tutulub. Buradan da görünür ki, Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədlərindən olan dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunması prinsipi yüksək səviyyədə həyata keçirilir.
“ASAN XİDMƏT” DÜNYAYA SƏS SALIB
Məlum olduğu kimi, dövlət-vətəndaş münasibətlərinə yanaşmada, vətəndaş məmnunluğunun təmin olunmasında yeni model olan “ASAN xidmət” beynəlxalq ictimaiyyətin marağına səbəb olub. Böyük Britaniya, Türkiyə, İraq və digər ölkələrin, beynəlxalq təşkilatların nümayəndələri ölkəmizə səfərləri zamanı “ASAN xidmət” mərkəzlərinə də baş çəkərək buradakı şəffaf, rahat iş prosesi ilə birbaşa tanış olublar.
Eyni zamanda, 20 may 2014-cü il tarixində Avropa Şurasının Baş Katibi Torbyorn Yaqland Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin binası və fəaliyyəti ilə tanış olub. Torbyorn Yaqland “ASAN xidmət” təcrübəsinin tətbiqinin müstəsna əhəmiyyətini vurğulayıb: “Bu unikal bir modeldir. Düşünürəm ki, bütün Avropa ölkələri Azərbaycanın bu təcrübəsindən bəhrələnə bilər. Onu da qeyd edim ki, Avropa Şurasına üzv ölkələrin əksəriyyətində insanlar dövlət xidmətlərinin göstərilməsindən narazıdır və narazılıqlar getdikcə daha da artır. Bu baxımdan ASAN - dövlət xidmətlərinin göstərilməsi sahəsində ən yaxşı layihədir”.
Göründüyü kimi, “ASAN xidmət” mərkəzləri onların fəaliyyəti ilə tanış olan hər bir kəsdə olduqca müsbət təəssürat doğurur.
Hülya MƏMMƏDLİ

Paylaş:
Baxılıb: 927 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31