Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan dünya gənclərinin dialoq məkanına çevrilir

Azərbaycan dünya gənclərinin dialoq məkanına çevrilir

31.10.2014 [10:02]

Prezident İlham Əliyev: Fikrimcə, forum nəinki müzakirələr, o cümlədən Azərbaycan haqqında çox şeyi bilmək, ölkəmizi daha yaxşı tanımaq imkanı baxımından vacib olacaq
Xəbər verildiyi kimi, oktyabrın 28-30-da Bakıda Gənclər siyasəti üzrə birinci qlobal forum keçirilib. Tədbirdə 80-dən çox ölkədən 700-dən artıq nümayəndə iştirak edib. BMT-nin Baş katibi Pan Gi Munun təşəbbüsü ilə keçirilən forumun məqsədi gənclər siyasəti üzrə yeni istiqamətlərin, 2015-ci ildə görüləcək işlərin müəyyənləşdirilməsi, gənclər siyasəti üzrə müxtəlif ölkələrlə təcrübə mübadiləsinin aparılması və bu sahədə əhəmiyyətli mövzuların müzakirə olunmasıdır.
FORUM AZƏRBAYCANIN BEYNƏLXALQ DİALOQ MƏRKƏZİNƏ ÇEVRİLMƏSİNİN DAHA BİR GÖSTƏRİCİSİDİR
Məlum olduğu kimi, inkişaf edən Azərbaycan siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilməkdədir. Ölkədə hər il bir neçə mötəbər beynəlxalq siyasi, iqtisadi, yaxud mədəni-humanitar tədbirlər keçirilir. Müxtəlif ölkələrdən çoxlu sayda nüfuzlu elm adamlarının, dövlət və din xadimlərinin qatıldığı bu cür tədbirlər Azərbaycanın dünyada tanıdılması və müsbət imicinin formalaşdırılması baxımından çox böyük önəm kəsb edir. Azərbaycana gələn qonaqlar ölkəmizdəki tolerant mühitin, eləcə də, inkişafın, sosial sabitliyin şahidi olurlar.
Belə tədbirlər sırasında 2013-cü ildə ölkəmizdə keçirilən Davos Forumunu, III Bakı Beynəlxalq Humanitar Forumunu və bu ilin 2-3 oktyabr tarixlərində gerçəkləşən IV Bakı Beynəlxalq Humanitar Forumunu qeyd etmək olar. Bu beynəlxalq tədbirlərdə dünyanın müxtəlif ölkələrindən olan yüzlərlə nüfuzlu siyasi xadim, ayrı-ayrı sahələr üzrə ekspertlər, həmçinin, mətbuat nümayəndələri bir araya gələrək müxtəlif məsələlər üzrə dialoq, fikir mübadiləsi aparır, qərarlar qəbul edirlər. Keçirilən forumlar Azərbaycanın dünyadakı yerinin möhkəmləndiyini bir daha təsdiq edir.
Sevindirici haldır ki, Azərbaycan gənclər siyasəti sahəsində də beynəlxalq görüş və müzakirə məkanına çevrilməkdədir. Yəni, belə bir mötəbər tədbirin ölkəmizdə baş tutması Azərbaycanın özünü mühüm beynəlxalq dialoq mərkəzi kimi təsdiqləməsindən xəbər verir. Bunu həm də forumun rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyevin söylədiyi kimi, hökumətimizin idman və gənclər, fəal inkişaf siyasəti sahəsində göstərdiyi səylərin yüksək qiymətləndirilməsi kimi qəbul etmək olar. Xatırladaq ki, forum iştirakçılarına videomüraciətində BMT-nin Baş katibi Pan Gi Mun Gənclər siyasəti üzrə birinci qlobal foruma ev sahibliyi etməsinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirərək, gənclərin maraqları naminə fəaliyyət üzrə Dünya Proqramının 20 illiyi ərəfəsində bu forumun keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını deyib: “Bu, çox vacib məsələdir. Gənclər gələcəyin liderləridir və onların inkişafına xüsusi diqqət yetirmək lazımdır. BMT sizinlə işləməyə hazırdır”, - deyə Baş katib qeyd edib.
Forum dünya miqyasında gənclər siyasətinin hazırlanması üçün mühüm bir addım kimi də qiymətləndirilir. Gənclər və idman naziri Azad Rəhimovun KİV-ə müsahibəsində söylədiyi kimi, 1998-ci ildən bəri dünyada belə bir forum keçirilməyib. Bu, gənclərin XXI əsrdə ilk çox vacib tədbiridir.
QLOBAL GƏNCLƏR FORUMU GƏNC LİDERLƏRİN YETİŞMƏSİNƏ DƏSTƏKDİR
Bakıda keçirilən forum dünyanın əksər ölkələrindən aparıcı gəncləri bir araya gətirib. Bu nəhəng platforma ən müxtəlif ölkələrdən olan gənclərin bir-birini tanıması, əlaqələr yaratması üçün imkan yaradır. Həmçinin, qlobal miqyaslı tədbirlərdə qazanılan təcrübə potensiallı, perspektivli gənclərin liderlik keyfiyyətlərinin inkişafında faydalıdır. Bu baxımdan, Gənclər siyasəti üzrə birinci qlobal forumun plenar iclası çərçivəsində keçirilən sessiyalarda aktual məsələlərin müzakirəsinin rolunu xüsusi vurğulamaq lazımdır.
Gənclərin təhsil problemlərinin müzakirə olunduğu sessiyada dünyada hələ də milyonlarla gəncin orta təhsil almaq imkanından məhrum olması, gənclərin bir qisminin informasiya-kommunikasiya texnologiyalarından kənarda qalması qeyd olunub, gənclərin işsizliyi, onlar arasında savadsızlığın azaldılması yolları ətrafında fikir mübadiləsi aparılıb. Gənclərin məşğulluğu və sahibkarlıq məsələlərinə həsr edilən növbəti sessiyada dünyada hökm sürən iqtisadi böhranın işsizliyin yaranmasına, əhalinin miqrasiyasına, məşğulluq problemlərinin daha da artmasına səbəb olduğu diqqətə çatdırılıb. Sülh və təhlükəsizlik məsələlərinin müzakirə olunduğu sessiyadakı çıxışlarda dünyada baş verən münaqişələrin yaranmasının, gənclərin bu konfliktlərə cəlb olunmasının səbəblərindən bəhs edilib, bunun qarşısının alınmasının yollarından danışılıb. Forumun səhiyyə məsələlərinə həsr edilən sessiyasında gənclərin sağlamlığının yaxşılaşdırılması istiqamətində əldə olunan təcrübələrin öyrənilməsinə, bu sahədəki problemlərin həllinin vacibliyinə diqqət yönəldilib. Plenar iclasın daha bir sessiyası gənclərin ictimai və siyasi proseslərdə iştirakına həsr edilib. Burada gənclər siyasətinə yeni baxışlar, bu sahənin inkişaf etdirilməsi üçün tədbirlərin görülməsi, müxtəlif ölkələr arasında mübadilə proqramlarının hazırlanması məsələləri müzakirə edilib. Ətraf mühitin problemlərinə həsr edilən sessiyada gənclər siyasətinin formalaşmasında düzgün tərbiyə, yaxşı təhsilin rolu qeyd edilib. “Gender bərabərliyi” mövzusuna həsr olunan sessiyada gender bərabərliyi, müxtəlif ölkələrdə qadınların hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlər, həyata keçirilən maarifləndirici tədbirlər və beynəlxalq layihələr barəsində ətraflı danışılıb. Urbanizasiya və məskunlaşdırma mövzusuna həsr edilən sessiyada dünyada gedən məskunlaşma prosesləri, gənclərə təsiri, bu proseslərin sürətlənməsinin səbəbləri ətrafında fikir mübadiləsi aparılıb. “Sosial inklüzivlik” mövzusunda sessiyada isə gənclərin müasir cəmiyyətdə rolu, fəaliyyəti və inkişafı haqqında danışılıb. İnformasiya və kommunikasiya texnologiyaları mövzusuna dair sessiyada informasiya və kommunikasiya texnologiyalarının gənclərin həyatındakı rolundan, gənc nəslin formalaşmasına kompüter texnologiyalarının təsirindən bəhs edilib.
Sessiyalarda gənclərlə yanaşı, ayrı-ayrı dövlətlərin yüksək rəsmi şəxsləri, BMT, AŞPA, UNESCO və digər nüfuzlu beynəlxalq təşkilatların səlahiyyətli təmsilçiləri, tanınmış analitik mərkəzlərin ekspertləri də iştirak və çıxışlar ediblər. İnformasiya və təcrübə mübadiləsinin belə bir yüksək peşəkar mühitdə keçirilməsi forumda iştirak edən gənclərin biliklərini artırması və elmi təhlil bacarıqlarını inkişaf etdirməsi baxımından olduqca faydalıdır.
FORUM GƏLƏCƏYİN LİDERLƏRİNƏ AZƏRBAYCANI YAXINDAN TANIMAQ FÜRSƏTİ VERİR
Şübhəsiz ki, Bakıda keçirilən forumda iştirak xarici ölkələrdən olan gənclərin Azərbaycan haqqında təsəvvürlərinin genişlənməsinə də təsir göstərəcək. Prezident İlham Əliyev açılış nitqində bu məqamı xüsusi vurğulayıb: “Fikrimcə, forum nəinki müzakirələr, o cümlədən Azərbaycan haqqında çox şeyi bilmək, ölkəmizi daha yaxşı tanımaq imkanı baxımından vacib olacaq”.
İlk növbədə, onlar Azərbaycandakı mühiti, inkişafı, sabitliyi öz gözləri ilə bilavasitə görürlər. Digər tərəfdən, qonaqlar Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasəti, ölkəmizin bu sahədəki təcrübəsi barədə də məlumatlanırlar. Qeyd edək ki, Prezident İlham Əliyev Öz nitqində Azərbaycanda həyata keçirilən gənclər siyasəti, bu sahədə qəbul olunan Dövlət proqramlarının icrası, siyasi, iqtisadi, təhsil, səhiyyə, idman sahələrində gənclərə verilən dəstəkdən bəhs edib. Dövlət başçısı bu siyasətin öz bəhrəsini verdiyini deyib: “Azərbaycanın gənc nəsli yeni, müasir və müstəqil ölkənin qurulmasında fəal iştirak edir”.
Dövlət başçısının sözlərindən də aydın olduğu kimi, bu uğurlar məhz məqsədyönlü siyasətin nəticəsidir: “Gənc nəslimizi iqtisadi və siyasi həyatımızın hər bir sahəsinə qoşmaq məqsədilə apardığımız fəal dövlət siyasəti hazırda yaxşı bəhrə verir”.
Forumun ölkəmiz üçün ən vacib məqamlarından biri də qonaqların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri öyrənməsidir. Prezident İlham Əliyev açılış mərasimindəki nitqində bu münaqişənin gənclərə təsirinə də toxunub: “Sərhədlərimizi qoruyan, hazırda erməni təcavüzkarları ilə üzbəüz səngərdə dayanan gənc azərbaycanlılar Vətənini qoruyur. Erməni təcavüzü zamanı əziyyət çəkmiş insanlarımızın əksər hissəsi gənc nəslin nümayəndələri olub”.
Dövlət başçısı Ermənistanın ölkəmizə qarşı işğal siyasəti və törətdiyi cinayətlər barədə məlumat verərək, aparıcı beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünün bərpasını tələb edən qərar və qətnamələrinin icrasının zəruriliyini əsaslandırıb.
Forumda iştirak edən gənclər gələcəkdə öz ölkələrində aparıcı şəxslərə çevrilmək potensialı olan insanlardır. Bu cəhətdən güman etmək olar ki, onların indidən Azərbaycanla tanış olması, onlarda ölkəmiz barəsində xoş təəssüratların formalaşması gələcəkdə onların təmsil etdikləri dövlətlərin ölkəmizə münasibətində və ölkəmizlə əlaqələrində öz müsbət təsirini göstərəcək.
Beləliklə, Bakıda keçirilən Gənclər siyasəti üzrə birinci qlobal forum hər bir cəhətdən faydalı olub, Azərbaycanda və dünyada gənclər siyasətinin daha da təkmilləşməsinə, gənclərlə bağlı məsələlərə diqqətin artırılmasına təkan verəcək.
Hülya MƏMMƏDLİ

Paylaş:
Baxılıb: 654 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31