Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Beynəlxalq ictimaiyyət işğalçı Ermənistana təzyiq göstərməlidir

Beynəlxalq ictimaiyyət işğalçı Ermənistana təzyiq göstərməlidir

18.11.2014 [09:44]

Azərbaycan ictimaiyyəti ATƏT-in Minsk qrupundan ədalətli mövqe tələb edir
Xəbər verildiyi kimi, noyabrın 12-də Ermənistan Müdafiə Nazirliyinin Ağdam rayonu istiqamətində müdafiənin ön xəttində yerləşən mövqelərimizi atəşə tutan Mi-24 döyüş helikopteri hərbçilərimiz tərəfindən məhv edilib. Bu hadisə ilə əlaqədar ATƏT-in Baş katibi, ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi, eləcə də, Minsk qrupun həmsədrləri dərhal bəyanat verərək tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırıblar. Amma onlar məsələnin mahiyyətindən yayınıb və Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin azad olunmasının vacibliyinə toxunmayıblar. Bu isə Azərbaycan ictimaiyyətində haqlı narazılıq doğurub. Məsələn, Milli Məclisin komitə sədri, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Eldar İbrahimov bildirib ki, hərbçilərimiz Ermənistanın işğalçı ordusuna məxsus olan helikopteri haqlı olaraq məhv edib. Çünki işğal olunmuş ərazilərimizdə hərbi təlim keçirən Ermənistan təxribatlara əl atır. Bunun nəticəsi olaraq hərbi helikopter təmas xəttini keçməyə cəhd edib. Millət vəkilinin fikrincə, erməni tərəfinin bu hərəkəti cəbhə bölgəsində yaşayan insanlar üçün də ciddi təhlükə törədir. E.İbrahimov deyib ki, həmsədr dövlətlərin işğalçı Ermənistana məxsus helikopterin vurulmasına münasibəti başa düşülən deyil: “ATƏT-in Minsk qrupunun həmsədrləri 20 ildir ki, münaqişənin həlli ilə məşğul olsa da, buna nail ola bilmir. Amma əvəzində Azərbaycanı borclu çıxarmağa çalışırlar. Həmsədrlər heç olmasa bir dəfə ədalətli mövqe bildirib Ermənistanın işğal etdiyi ərazilərdən çıxmasını tələb etməlidir. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində indiyə kimi flora və faunanı məhv edir, torpağı, suyu və havanı toksiki və sənaye tullantıları ilə çirkləndirir. Ermənistan nəzarətsiz qalan bu ərazilərdən köhnəlmiş “Metsamor” Atom Elektrik Stansiyasının tullantılarını basdırmaq və narkotiklər yetişdirmək üçün istifadə edir. Bununla da, Ermənistan regionun iqtisadi və ekoloji təhlükəsizliyinə böyük ziyan vurur. Hesab edirəm ki, Ermənistanın ATƏT-in prinsiplərinə xələl gətirən hüquqazidd hərəkətlərinin qarşısının alınması vaxtı yetişib”.
E.İbrahimov qeyd edib ki, ATƏT Parlament Assambleyasının bütün tədbirlərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı məsələlər gündəmə gətirilir, avropalı parlamentarilər müntəzəm olaraq məlumatlandırılır. Bununla belə, təşkilat problemə yumşaq münasibət göstərir. Onun sözlərinə görə, beynəlxalq qurumların bu cür yanaşmaları Ermənistanı işğalçılıq siyasətini davam etdirməyə sövq edir. “Biz təşkilatın tədbirlərində bu haqda məlumat veririk və işğalçı dövlətə qarşı ciddi tədbirlərin görülməsini tələb edirik. Amma çox zaman belə cavab alırıq ki, münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Minsk qrupunun fəaliyyəti isə bizi qane edə bilməz. Həmsədrlər vaxtaşırı olaraq regiona turist səfərləri edirlər. Yəni, onların səfərlərinin heç bir nəticəsi yoxdur. Deyirlər ki, məsələni hər iki tərəf razılığa gəlib həll etməlidir. Əgər biz özümüz razılığa gələcəyiksə, onda Minsk qrupu nəyə lazımdır? Ona görə də, həmsədrlərin fəaliyyəti cəmiyyətimiz tərəfindən etirazla qarşılanır. Ümidimiz dövlətimizin başçısının həyata keçirdiyi siyasətədir ki, bu siyasət nəticəsində torpaqlarımız işğaldan azad olunacaq”, - deyə E.İbrahimov vurğulayıb.
Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Sahibə Qafarova bildirib ki, Azərbaycan haqlı olaraq hava məkanını pozan erməni hərbi helikopterini məhv edib. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət məsələyə obyektiv yanaşmalıdır. Millət vəkili deyib ki, Minsk qrupunun həmsədrləri, eləcə də digər beynəlxalq təşkilatlar Azərbaycanın torpaqlarının işğaldan azad olunmasını əsas şərt kimi irəli sürməlidir. Sahibə Qafarova vurğulayıb ki, dünyada ən dəhşətli etnik təmizləmələrdən biri Ermənistan tərəfindən 1 milyon azərbaycanlıya qarşı həyata keçirilib. Onun sözlərinə görə, 20 ildən çoxdur ki, bu ölkə Azərbaycan ərazisinin 20 faizini zəbt etməklə onun ərazi bütövlüyünə qəsd edib: “Sözügedən siyasət nəticəsində indiki Ermənistanda və işğal olunmuş Azərbaycan ərazilərində bir nəfər də olsun azərbaycanlı yaşamır və indi yaşadığımız XXI əsrdə Ermənistan monoetnik ölkə olaraq qalır”.
S.Qafarova deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti Azərbaycan ictimaiyyəti tərəfindən haqlı narazılıqla qarşılanır və tam ədalətli olaraq, müxtəlif vaxtlarda münaqişənin həllinə vasitəçilik formatının dəyişdirilməsi ilə bağlı çağırışlar, təkliflər gündəmə gəlir: “Ermənistan işğalçı, Azərbaycan işğala məruz qalan dövlətdir. Dünyanın bütün nüfuzlu təşkilatları, o cümlədən, BMT-nin Təhlükəsizlik Şurası, Avropa Şurası, ATƏT, NATO və digərləri öz sənədlərində Ermənistanın işğalçı dövlət olduğunu təsdiq ediblər. Amma həmsədrlər işğalçı ilə işğala məruz qalan dövlət arasında bərabərlik qoyur, hətta bir sıra hallarda işğalçının dəstəklənməsi halları da müşahidə olunur”.
S.Qafarova deyib ki, münaqişənin həllinə vasitəçilik edən həmsədr dövlətlərin belə ədalətsiz münasibəti qəbuledilməzdir.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 667 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31