Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 2015-ci ilin dövlət büdcəsi investisiya və sosialyönümlüdür

2015-ci ilin dövlət büdcəsi investisiya və sosialyönümlüdür

20.11.2014 [10:08]

Parlamentdə gələn ilin büdcə zərfinə daxil olan məsələlərin müzakirəsi davam edir
Milli Məclisin dünənki iclasında “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi davam etdirilib.
Milli Məclisin sədri Oqtay Əsədov iclası açdıqdan sonra deputatlar qanun layihəsi ətrafında müzakirələrə başlayıblar. Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi iqtisadi strategiyanın həyata keçirilməsində hökumət ciddi uğurlar qazanıb. Dünyada və regionda baş verən maliyyə böhranı ölkə iqtisadiyyatından yan keçib. Azərbaycanda bütün sahələrdə tarazlı inkişaf gedir. Deputatlar əminliklə bildiriblər ki, 2015-ci il dövlət büdcəsində nəzərdə tutulan bütün məqsədlərə nail olunacaq.
Qeyd edilib ki, dünyada baş verən sosial-iqtisadi, siyasi, hərbi proseslərin nəticəsində yaranmış xaosun yaşandığı bir zamanda Azərbaycanda 2015-ci il dövlət büdcəsi ciddi şəkildə əsaslandırılıb, əvvəlki illərdəki varislik davam etdirilib. Gələn ilin büdcəsi də ölkəmizin inkişafına və vətəndaşlarımızın həyat şəraitinin daha da yaxşılaşdırılmasına yönəlib. 2015-ci ildə əhalinin gəlirlərinin cari illə müqayisədə 5,8 faiz artırılmasının nəzərdə tutulması müsbət hal kimi qiymətləndirilib. Sosial problemləri həll etmək yenə də dövlət büdcəsinin əsas prioritetidir. Yəni, büdcə layihəsi sosialyönümlü və investisiya tutumludur. Bu layihənin tərtibində şəffaflıq əsas meyar kimi götürülüb.
AVP sədri, millət vəkili Fəzail Ağamalı büdcə layihəsinin yüksək səviyyədə hazırlandığını deyib. O bildirib ki, sənəd investisiya və sosialyönümlüdür.
Müzakirələr zamanı çıxış edən Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, müzakirə olunan büdcə zərfi qarşıdakı il üçün müəyyən olunmuş məqsədlərə çatmağa imkanlar yaradır. Onun sözlərinə görə, bu sənəd həmçinin, bundan əvvəlki illərdə və bu il görülən işlərin artırılması istiqamətində perspektivlər vəd edir: “Azərbaycanda sosial və iqtisadi sahələr inkişaf edir. Bu sahələr bütövlükdə cəmiyyətimizin inkişafını da şərtləndirən əsas amillərdən biridir. Amma müasir dövrümüzdə proseslər çevik şəkildə dəyişdiyi üçün digər məsələlər diqqət mərkəzində saxlanılmalıdır”.
“Biz qeyri-hökumət təşkilatlarının müxtəlif beynəlxalq layihələrdə iştirakını təmin edirik, eləcə də beynəlxalq təşkilatların Azərbaycanda fəaliyyətinə qanunla şərait yaradırıq. Ancaq təəssüflər olsun ki, çox zaman bu fəaliyyətlər Azərbaycanın milli maraqlarına qarşı yönəlmiş olur” deyən, B.Muradova qeyd edib ki, beynəlxalq maliyyə qaynaqlarının, beynəlxalq qrant layihələri verən təşkilatların Azərbaycanda öz maraqlarının reallaşdırılmasının şahidi oluruq. Vitse-spiker hesab edir ki, qeyri-hökumət təşkilatlarının xarici donorlardan asılılığını aradan qaldırmaq və haqlı olaraq xarici donorların fəaliyyətinə müəyyən qanuni və digər məhdudiyyətləri daha da ciddiləşdirmək lazımdır: “Beynəlxalq qeyri-hökumət təşkilatları, müəyyən beynəlxalq mərkəzlər və eləcə də aparıcı dövlətlər tərəfindən idarə olunan proseslər çox zaman Azərbaycana qarşı mövqelərdə özünü daha açıq şəkildə büruzə verir və biz öz mövqeyimizin doğruluğunu isbat etmək üçün çox mücadilə aparmalı oluruq, bəzi hallarda da onlar özlərini haqlı kimi qələmə verməyə çalışırlar”.
B.Muradova əlavə edib ki, inkişafda, tolerantlıqda olduğu kimi, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində də bir Azərbaycan modeli var: “Biz bu modelin üstün cəhətlərindən istifadə edərək Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağın yollarını axtarmalıyıq. Bu, QHT əməkdaşlığının yeni aspektlərinin müəyyən edilməsi ilə baş tuta bilər”.
Vitse-spikerin sözlərinə görə, Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası beynəlxalq təşkilatlarda 20-yə qədər tədbir keçirib: “Xaricdə yaşayan həm azərbaycanlı soydaşlarımız, həm də dünyada tanınmış aparıcı simalar QHT-lərə Dövlət Dəstəyi Şurasından qrant layihələri alıblar və artıq bizimlə birlikdə Azərbaycan həqiqətlərini yaymaq istiqamətində işlər görürlər. Ona görə də düşünməməliyik ki, QHT-lərə Dövlət Dəstəyi Şurasına ayrılan 6 milyon manat çox vəsaitdir. Əgər vəzifələri göz önünə gətirsək, o zaman görərik ki, 6 milyon həmin vəzifələri yerinə yetirməyə imkan vermir. Bu baxımdan bu vəsaitin artırılmasına ehtiyac var”.
B.Muradova, həmçinin, qeyd edib ki, dini radikalizmin neqativ səylərinin artdığını nəzərə alsaq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin də bu işlərə xüsusi diqqət yetirməsinə ciddi ehtiyac var. Buna görə də, vitse-spiker Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə də əlavə vəsaitlərin ayrılmasını məqsədəuyğun hesab etdiyini vurğulayıb.
Millət vəkili Sahib Alıyev gələn ilin dövlət büdcəsində müdafiə xərclərinin artırılmasını yüksək qiymətləndirib: “Müdafiə xərclərimizin artırılması ölkəmizin təhlükəsizliyi üçün vacib şərtdir. Son proseslər bir daha göstərir ki, beynəlxalq müstəvidə baş verən proseslərə müəyyən dairələr öz maraqları çərçivəsində yanaşır. Ona görə də, bu gün təhlükəsizliyimiz əsas məsələlərdən biridir”.
Milli Məclisin sədr müavini Valeh Ələsgərov isə neftin qiymətinin düşəcəyi təqdirdə Azərbaycana dəyə biləcək ziyan barədə səslənən fikirlərə münasibət bildirib: “Azərbaycan hökuməti bütün ssenariləri nəzərə alıb. Lakin əsas məsələ beynəlxalq aləmdə gedən oyunlardır və buna kimsə nəzarət edə bilmir. Neftin qiyməti 1999-cu ildə 10 dollara düşəndə dünya dağılmadı ki? Xeyr! Buna görə də səslənən fikirlər əsassızdır. Neftin qiymətinin aşağı düşməsindən narahat olmaq lazım deyil. Ona görə də tənqidi fikir deyənləri təmkinli olmağa çağırıram. Bu gün TANAP və TAP layihələrinə pul ayırmasaq, vəziyyətimiz necə olar? Bu layihələrə pullar xərclənirsə, bu, məqsədyönlü və əhalinin rifah halının yaxşılaşdırılmasına görədir”.
V.Ələsgərov bildirib ki, büdcə xərcləri hərtərəfli düşünülərək nəzərə alınıb.
Daha sonra çıxış edən deputatlar bildiriblər ki, 2015-ci il dövlət büdcəsi Azərbaycan cəmiyyətinin reallıqlarına uyğun tərtib olunub və gələn il görüləcək işlər düzgün proqnozlaşdırılıb. Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmiz regionun lider dövlətinə çevrilib və dünyada sürətli inkişaf tempinə görə diqqəti cəlb edir. Büdcənin bu cür müfəssəl formalaşması da məhz ölkəmizdə aparılan düzgün iqtisadi siyasətin nəticəsidir. Bildirilib ki, dövlət büdcəsinə göstərilən bu münasibət dövlətə, xalqa, Vətənə olan münasibətdir. Bu, dövlətimizin inkişafına güclü təkandır.
Deputatlar iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişafı, yeni iş yerlərinin açılması, ümumi daxili məhsulun artırılmasının real yollarından biri olan vergi ödəyicilərinin sayının çoxaldılması, təhsilin, elmin inkişafı ilə bağlı rəy və təkliflərini də bildiriblər.
Müzakirələr Milli Məclisin noyabrın 20-də keçiriləcək iclasında davam etdiriləcək. İclasda “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin 2015-ci il üçün xərclər smetası haqqında”, “Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci il üçün xərclər smetası haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) arasında ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında” qanun layihələrinin də müzakirəsi nəzərdə tutulub.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 722 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31