Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Human Rights Watch”dan növbəti qərəzli hesabat

“Human Rights Watch”dan növbəti qərəzli hesabat

31.01.2015 [11:49]

Təşkilat yenə də Azərbaycan haqqında reallıqdan uzaq fikirlər açıqlayıb
Xəbər verildiyi kimi, bir neçə gün öncə “Human Rights Watch” qeyri-hökumət təşkilatı növbəti illik “hesabatını” açıqlayıb. 90 ölkədə insan haqları və demokratiyanın vəziyyətinə öz mövqeyi ilə yanaşan təşkilat Azərbaycana münasibətdə yenə də “ənənəsinə” sadiq qalıb. Belə ki, “Human Rights Watch” qərəzli şəkildə Azərbaycanda demokratiya və insan haqlarına dair vəziyyətin guya yaxşı olmadığını iddia edib.
Ümumiyyətlə, bir sıra beynəlxalq QHT-lər var ki, Azərbaycan haqqında daim qeyri-obyektiv və qərəzli mövqedən çıxış edirlər. “Human Rights Watch” da məhz belə təşkilatlardan biridir. Bu təşkilat mütəmadi olaraq ölkəmiz barəsində həqiqətə uyğun olmayan məlumatlar yayır. Eyni zamanda, Azərbaycanda demokratiya, söz azadlığı, sərbəst toplaşmaq hüququ, vətəndaş cəmiyyəti ilə bağlı məsələlərə yanaşmada “Human Rights Watch” daim qərəzli mövqe nümayiş etdirib. Elə sözügedən qurum bu günlərdə açıqladığı hesabatda da ölkəmizdə demokratik mühiti, vətəndaş cəmiyyətini hədəfə alıb.
Bu məqamda qeyd edək ki, bəzi beynəlxalq “QHT”lər kimi “Human Rights Watch” da sözdə demokratiya və insan hüquqları müdafiəçisi” olduğunu iddia etsə də, əməldə nə işlər gördüyü, hansı məqsədlərə xidmət etdiyi Azərbaycan ictimaiyyətinə yaxşı bəllidir. Məsələn, hesabata münasibət bildirən Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Yevda Abramov deyib ki, “Human Rights Watch” ölkəmiz haqda məlumatları bir mənbədən alır və burada balans gözlənilmir. Yəni bu qurum hökumətin, parlamentin məlumatlarını və mövqeyini nəzərə almır. Onun sözlərinə görə, “Human Rights Watch” ölkəmizdə ayrı-ayrı “hüquq müdafiəçiləri” və müxalifət partiyaları ilə əlaqə saxlayır, onların verdiyi məlumat əsasında da belə mənfi hesabat ortaya çıxarır. Komitə sədrinin müavini hesab edir ki, təşkilat hər il Azərbaycanla bağlı eyni fikirləri bildirir. “Onların mövqeyi Azərbaycanda gedən proseslərə adekvat deyil. Belə qurumlar öz maraqlarını güdür və havadarlarının verdiyi təlimatlara əsasən nəticələr çıxarırlar. Bu təşkilatın nümayəndələri bir dəfə də olsun parlamentin İnsan hüquqları komitəsinə gəlib, onları maraqlandıran məsələlərlə bağlı suallar verməyiblər”, - deyə Y.Abramov qeyd edib.
Millət vəkili Ermənistanla müqayisədə Azərbaycana münasibətin bu səviyyədə göstərildiyinin təəccüblü olduğunu deyib. Halbuki, Azərbaycan son illərdə bütün sahələr üzrə dəfələrlə inkişaf edib. “Amma Ermənistanda insanlar öldürülür, parlamentdə məmurlar, deputatlar qətlə yetirilir, bütün bunların fonunda təşkilat Ermənistana çox yumşaq münasibət sərgiləyir. Azərbaycan isə insan hüquqları, demokratiya və mətbuat azadlığı sahəsində ildən-ilə inkişaf gedir, bu sahədə qanunlar ardıcıl olaraq təkmilləşdirilir. “Human Rights Watch” bunları görməyərək hər il Azərbaycandakı vəziyyəti mənfi göstərməyə çalışır. Əslində, bunun səbəbləri hamıya məlumdur. Çünki bu təşkilatların özləri də müstəqil deyillər. Onların arxasında duran xarici qüvvələr bu təşkilatlara istədiklərini diktə edirlər. Belə təşkilatlar həmin qüvvələrə bazarlıq üçün lazım olan bir vasitədir”, - deyə komitə sədrinin müavini vurğulayıb.
Y.Abramovun sözlərinə görə, Azərbaycanın inkişafını nüfuzlu dövlətlər, beynəlxalq reytinq təşkilatları, maliyyə-iqtisadiyyat institutları qeyd edirlər: “Human Rights Watch” isə hər il eyni fikirləri təkrarlayır və bu dəfə hesabata bir az da “bəzək-düzək” verib. Azərbaycanın Dağlıq Qarabağ kimi böyük problemi var, bir milyon vətəndaşımızın hüquqları Ermənistan tərəfindən pozulub. Bəs niyə bu faktları hesabata daxil etmirlər? Yəqin ki, biz növbəti ildə də “Human Rights Watch”un hesabatını eyni tonda görəcəyik və orada yenə də Azərbaycanın xeyrinə bir cümlə də olmayacaq. Çünki Azərbaycan müstəqil siyasət yeridən, ərazisinin kiçik olmasına baxmayaraq, böyük ölkələrə öz sözünü deyən dövlətdir. Ona görə də, bu, bəzi qüvvələrin xoşuna gəlmir, Azərbaycana qarşı qısqanclıq hissi ilə yanaşırlar”.
Öz növbəsində, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib ki, “Human Rights Watch” Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınan beynəlxalq qeyri-hökumət təşkilatıdır. S.Fətəliyeva qeyd edib ki, bu təşkilat Azərbaycanda gedən proseslərə obyektiv münasibət bildirmir. Onun sözlərinə görə, “Human Rights Watch” ölkəmiz haqqında məlumatları ayrı-ayrı “hüquq müdafiəçilərindən” və müxalifət partiyalarından alır. “Digər tərəfdən, təşkilat ölkəmizin inkişafını, müstəqil siyasət yürütməsini istəməyən qüvvələrin tribunasına çevrilib. Bu mənada “Human Rights Watch” təşkilatının son hesabatı da məhz bu amillərlə bağlıdır”, - deyə komitənin sədr müavini vurğulayıb. Belə hesabatların təəssüf doğurduğunu deyən millət vəkilinin fikrincə, Azərbaycan iqtisadiyyatının sürətli inkişafı ilə yanaşı, ölkəmizdə demokratiya sahəsində də ciddi irəliləyişlər əldə edilib.
“Azərbaycanın beynəlxalq miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb, mövqeyi xeyli güclənib. Ölkəmiz Cənubi Qafqaz regionunda liderdir. Təbii ki, bu nəticələr uğurlu, düzgün siyasətin, iqtisadi, siyasi və hüquqi islahatların həyata keçirilməsi sayəsində əldə olunub. Azərbaycanın demokratik inkişaf və insan hüquqlarının qorunması sahəsində qazandığı nailiyyətlər beynəlxalq təşkilatlar tərəfindən də qiymətləndirilir. Belə olan halda, “Human Rights Watch” təşkilatının ölkəmizə qarşı tənqidlərinin heç bir əsası yoxdur”, - deyə S.Fətəliyeva qeyd edib.
“Vəzifəsi dünyanın müxtəlif ölkələrində ictimai-siyasi institutların mövcud durumu, insan və vətəndaşların hüquq və azadlıqları, demokratik dəyərlərin qorunması vəziyyətini araşdırmaq olan “Human Rights Watch” təşkilatı çox təəssüf ki, hazırda bu missiyasından tamamilə uzaqlaşıb. Təşkilat bir sıra güc mərkəzlərinin, islamofob dairələrin əlində vasitə, alət rolunu oynayır və onların maraqlarının ifadəçisi qismində çıxış edir”. Bu fikirləri isə Milli Məclisin deputatı Kamilə Əliyeva deyib. K.Əliyeva bildirib ki, “Human Rights Watch”un sonuncu hesabatı da bu təşkilatın nə qədər qərəzli, qeyri-obyektiv fəaliyyət göstərdiyini ortaya qoydu. Onun sözlərinə görə, “Human Rights Watch”un reallıqlara qeyri-adekvat münasibət bildirdiyini, faktları təhrif etdiyini və subyektiv yanaşdığını təkcə Azərbaycana münasibətdə ortaya qoyduğu mövqe sübut etmir. “Ümumiyyətlə, bu təşkilatın ayrı-ayrı dövlətlərdə baş verənlərə verdiyi “qiymət” onun ikili standartdan çıxış etdiyini göstərir. Təkcə Ermənistanla Azərbaycana münasibətdə sərgilənən mövqe “Human Rights Watch”un öz fəaliyyətində demokratik prinsipləri və meyarları deyil, konkret sifariş və maraqları əsas tutduğunu ortaya qoyur. Bu təşkilat, konkret qüvvələrin tapşırıqlarını icra edir”, - deyə deputat qeyd edib.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 651 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31