Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İlk Avropa Oyunlarının möhtəşəm açılış mərasimi dünyaya Azərbaycanın güclü potensialını bir daha nümayiş etdirdi

İlk Avropa Oyunlarının möhtəşəm açılış mərasimi dünyaya Azərbaycanın güclü potensialını bir daha nümayiş etdirdi

19.06.2015 [09:48]

Bunun müqabilində anti-Azərbaycan təbliğatı aparan şəbəkə cılız, miskin və sözün əsl mənasında çaşqın durumda qalıb
Azərbaycan iyunun 12-də ev sahibliyi etdiyi birinci Avropa Oyunlarının möhtəşəm açılış mərasimi ilə Avropa və bütün dünya üçün yeni bir tarix yazdı. Beynəlxalq idman ictimaiyyətinin də yekdilliklə etiraf etdiyi kimi, bu mərasimdə ən yüksək Olimpiya standartları nümayiş olundu. Açılış mərasimi ilə bağlı ayrı-ayrı məqamları isə xüsusi vurğulamaq lazımdır.
Azərbaycanın güclü iqtisadi potensialı Oyunlara ən yüksək səviyyədə hazırlaşmağa imkan verib
Uğurla keçən açılış mərasimindən də göründüyü kimi, Azərbaycan birinci Avropa Oyunlarına ən yüksək səviyyədə hazırlaşıb. Birinci Avropa Oyunlarının miqyası kifayət qədər böyükdür. Yarışlarda Azərbaycan da daxil olmaqla dünyanın 50 ölkəsindən 6000 atlet 20 idman növündə qüvvəsini sınayır. Dünya praktikasında belə genişmiqyaslı yarışlara hazırlaşmaq üçün ev sahibi ölkələrinə, adətən, ən azı 7 il vaxt verilir. Azərbaycan isə birinci Avropa Oyunlarına bütün hazırlıq işlərini cəmi 30 ay ərzində yüksək səviyyədə tamamlamaqla bu sahədə də rekorda imza atıb.
Oyunlara hazırlıqla bağlı paytaxt Bakıda zəruri infrastruktur qurulub, o cümlədən, yeni yollar və yol ötürücüləri, tunellər, piyada keçidləri tikilib, genişmiqyaslı abadlıq işləri həyata keçirilib. Oyunlar ərəfəsində paytaxtın ictimai nəqliyyat parkı əsaslı şəkildə yenilənib. İdman qurğularının da yarışlara yüksək səviyyədə hazırlanmasını xüsusi qeyd etmək lazımdır. Belə ki, birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində müxtəlif idman yarışlarının keçiriləcəyi mövcud arenalarda, o cümlədən, Bakı İdman Sarayında, Heydər Əliyev adına İdman-Konsert Kompleksində, Tofiq Bəhramov adına Respublika Stadionunda, “Bakı Kristal Zalı”nda və digər ünvanlarda ya əsaslı yenidənqurma aparılıb, ya da zəruri uyğunlaşdırma əməliyyatları yerinə yetirilib. Bundan başqa, şəhərimizin idman infrastrukturuna 5 yeni müasir arena daxil edilib. Bunlar 70 minədək tamaşaçı tutumuna malik Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Su İdmanı Mərkəzi, BMX Veloparkı, Atıcılıq Mərkəzidir. Birinci Avropa Oyunlarının iştirakçılarının yerləşdikləri Atletlər Kəndi barədə də müsbət fikirlər söyləmək mümkündür.
Bir sözlə, gələcək Avropa Oyunlarının yüksək standartlarını məhz Azərbaycan müəyyənləşdirib. Möhtəşəm açılış mərasimi dünyaya Azərbaycanın güclü potensialını bir daha nümayiş etdirdi.
Azərbaycan cəmiyyəti də Oyunlara yüksək dəstək nümayiş etdirir
Diqqəti çəkən əsas məqamlardan biri də Azərbaycan cəmiyyətinin birinci Avropa Oyunlarına yüksək dəstək nümayiş etdirməsidir. Tarixdə ilk dəfə keçirilən Oyunlar ölkə ictimaiyyətində yüksək əhval-ruhiyyə yaradıb və bir növ ümumxalq məsələsi səviyyəsinə yüksəlib. Çox obyektiv olaraq Azərbaycan cəmiyyətində müşahidə edilən coşqu Oyunların ən qiymətli mənəvi mirası kimi dəyərləndirilir. Ölkə ictimaiyyəti istər hazırlıq mərhələsində, istərsə də yarışların gedişində Oyunlara hərtərəfli dəstək nümayiş etdirir. Burada gənclərin fəallığını xüsusi vurğulamaq gərəkdir. Birinci Avropa Oyunları ölkəmizdə könüllülər hərəkatına yeni vüsət verib. Belə ki, 20 mindən artıq könüllü Azərbaycan gənci Oyunlara öz dəstəyini ifadə edib.
Birinci Avropa Oyunlarının açılış mərasimində, həmçinin, yarışların keçirildiyi günlərdə hər hansı bir narahatçılığın, xoşagəlməz halın müşahidə olunmaması Azərbaycan cəmiyyətinə xas olan yüksək dəyərləri bütün dünyaya bir daha nümayiş etdirdi. Məlumdur ki, hazırda irqçilik, milli ayrı-seçkiçilik zəminində yaşanan münaqişələr dünya üçün ciddi təhdidə çevrilib. Buna görə də bu gün dünyaya və Avropaya Azərbaycanın gerçək mənzərəsini əks etdirən tolerantlıq, həmrəylik dəyərləri çox lazımdır. Azərbaycan birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirməklə dünyada ölkələr və xalqlar arasında sülh, həmrəylik ideyalarının təbliğinə öz töhfələrini verir.
Anti-Azərbaycan kampaniyası tam iflasa uğrayıb
Məlumdur ki, xaricdəki erməni lobbisi, bir sıra Avropa ölkələrindəki islamofob dairələr birinci Avropa Oyunları ilə bağlı ölkəmizə qarşı “qara piar” təbliğatına başlayıblar. Bir-biri ilə koordinasiya olunmuş şəkildə fəaliyyət göstərən həmin dairələr bir tərəfdən dünyaya nümunəvi inkişaf modeli təqdim edən Azərbaycanın uğurlarına kölgə salmaq, digər tərəfdən isə birinci Avropa Oyunlarının miqyasını azaltmağa çalışırlar.
Lakin ölkəmizin, xalqımızın düşmənlərinin niyyəti elə niyyət olaraq qalıb. Birinci Avropa Oyunlarının Bakıda keçirilən möhtəşəm açılış mərasimi ötən dövr ərzində müəyyən mərkəzlərdən idarə olunan anti-Azərbaycan kampaniyasının tam iflasa uğradığını göstərdi. Britaniya mediasının açılış mərasiminə münasibəti bir daha təsdiq etdi ki, anti-Azərbaycan şəbəkənin qarşısına qoyulmuş əsas vəzifə nəyin bahasına olursa olsun birinci Avropa Oyunlarını və onu keçirən ölkəni gözdən salmaqdan ibarətdir. Təəssüf doğuran haldır ki, BBC, “The Guardian”, “The İndependent” və Britaniyanın bu qəbildən olan digər media orqanları öz qərəzli münasibətlərini bu dəfə də gizlədə bilmədilər və qarayaxma xarakterli iddialarla çıxış etdilər. Haqqında bəhs olunan dairələr Azərbaycan kimi kiçik bir müsəlman ölkəsinin təzyiqləri inamla dəf etməsinin, birinci Avropa Oyunlarının tarixi hadisəyə çevrilməsinin, yarışların bütün sivil dünya tərəfindən dəstəklənməsinin müqabilində nə edəcəklərini bilmirlər. Heç yerdə dəstək tapa bilməyən anti-azərbaycançı şəbəkə Emin Milli, Arzu Qeybulla, Keti Pirs, Rebekka Vinsent kimi bir neçə hər cür insani hisslərdən məhrum olan başıpozuq ünsürlərin ümidinə qalıb. Bütövlükdə, anti-Azərbaycan təbliğatı aparan şəbəkə cılız, miskin və sözün əsl mənasında çaşqın durumda qalıb.
Mübariz ABDULLAYEV

 
Paylaş:
Baxılıb: 854 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31