Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyev: Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır

Prezident İlham Əliyev: Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır

30.07.2015 [10:00]

“Bütün sosial proqramlar vaxtında icra edilir və bu da siyasətimizin əlamətidir”
Ölkəmizdə son 12 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, ilk növbədə, geniş sosial məzmunu ilə diqqəti cəlb edir. Yeri gəlmişkən, Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində dövlət başçısı ölkəmizdə sosial sferanın, insanların mənafeyinin prioritet olduğunu, uğurla həyata keçirilən dövlət siyasətinin mərkəzində məhz Azərbaycan vətəndaşlarının dayandığını bir daha nəzərə çatdıraraq vurğulayıb: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və heç bir sosial proqram heç vaxt ixtisar olunmayacaq, əksinə, biz yeni təşəbbüslər haqqında fikirləşirik”.
Güclü iqtisadiyyat Azərbaycanda sosial sahəyə hərtərəfli diqqət göstərilməsinə real zəmin yaradır
Son illərdə dünya miqyasında müşahidə edilən mənfi tendensiyalara, o cümlədən də, neftin qiymətinin ucuzlaşmasına baxmayaraq, ölkəmiz 2015-ci ilin birinci yarısında da diqqətəlayiq uğurlara imza atıb, öz iqtisadi potensialını daha da artırıb. Son 6 ayda ölkəmizdə iqtisadiyyat 5,7 faiz artıb. Bundan daha yaxşı göstərici qeyri-neft sektorunda qeydə alınıb. Belə ki, qeyri-neft sektorunda 9,2 faiz artıma nail olunub. Bütün bunlar kifayət qədər yüksək göstəricilərdir. Müqayisə üçün bildirək ki, hazırda dünyanın bir sıra ölkələrində tənəzzül müşahidə edilir, ən yaxşı halda isə ÜDM istehsalında cəmi 1 faizlik artım baş verir.
İqtisadi potensialını ilbəil genişləndirən Azərbaycan, eyni zamanda, güclü maliyyə resurslarına malik olan ölkəyə çevrilib. Hazırda Azərbaycan dünya üzrə xarici borclanması çox aşağı səviyyədə olan ölkələr sırasında yer alır. Respublikamız ÜDM-in təxminən 10-11 faizi həcmində xarici borclanmaya malikdir. Ölkəmizə 6 ayda 12,7 milyard manat sərmayə yönəldilib. Son illərdə Azərbaycanın dinamik inkişafa nail olması beynəlxalq reytinq agentliklərinin də diqqətindən kənarda qalmayıb. Böyük beynəlxalq nüfuza malik olan Davos Dünya İqtisadi Forumu ötən il respublikamızı iqtisadi rəqabətlilik qabiliyyətinə görə dünya ölkələri arasında 38-ci yerdə qərarlaşdırıb. Bu, ölkəmizin gücünü, iqtisadi potensialını təsdiqləyən yüksək qiymətdir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin yuxarıda haqqında bəhs olunan iclasındakı çıxışında dünyadakı mənzərənin fonunda Azərbaycanın nailiyyətlərinin tarixi xarakter daşıdığını vurğulayaraq deyib: “Dediyim bu mənzərənin fonunda bizim uğurlarımız, doğrudan da, tarixi xarakter daşıyır. 6 ay ərzində iqtisadiyyatımız inkişaf edib, baxmayaraq ki, neftin qiyməti aşağı səviyyədədir. Baxmayaraq ki, qonşuluqda iqtisadi vəziyyət hələ ki o qədər də müsbətə doğru dəyişməyib, Azərbaycan iqtisadiyyatı inkişaf edir”.
Azərbaycanda ardıcıl olaraq həyata keçirilən sosial məzmunlu siyasət də məhz ölkənin iqtisadi-maliyyə imkanlarının artmasına əsaslanır. Güclü iqtisadiyyat, düşünülmüş siyasət Azərbaycanda sosial sahəyə hərtərəfli diqqət göstərilməsinə geniş imkanlar açır. Hazırda bir sıra ölkələrin öz sosial xərclərini əhəmiyyətli dərəcədə azaltmaq məcburiyyətində qalmalarına rəğmən, Azərbaycan öz güclü iqtisadi imkanlarına əsaslanaraq bütün sosial proqramları icra edir. Prezident İlham Əliyev bunu ölkədə həyata keçirilən siyasətin əlaməti kimi səciyyələndirib: “Sosial sahədə bütün proqramlar icra edilir. Baxmayaraq ki, bizim gəlirlərimiz azalıb. Bu, təbiidir. Biz büdcəni qəbul edəndə neftin qiymətini 90 dollardan hesablamışıq, əslində indi 60 dollar səviyyəsindədir. Bir neçə ay bundan əvvəl daha da aşağı səviyyədə idi, 50 dollardan aşağı düşmüşdü. Ancaq bütün sosial proqramlar vaxtında icra edilir və bu da siyasətimizin əlamətidir”.
Makroiqtisadi sabitliyin qorunması əhalinin yüksək rifahının təmin edilməsində mühüm rol oynayır
Azərbaycanda sosial siyasətin daha məzmunlu olmasını, əhalinin yüksək rifahının təmin edilməsini şərtləndirən amillər sırasında ölkədə makroiqtisadi sabitliyin qorunması mühüm rola malik faktor kimi çıxış edir. Son 6 ayın vəziyyətinə istinadən demək mümkündür ki, ölkəmizin bədxahlarının bədbin proqnozları tamamilə iflasa uğrayıb. Yeni məzənnə siyasəti həm iqtisadi inkişafın stimullaşdırılmasında, həm də əhalinin sosial müdafiəsinin təşkilində müsbət rol oynayıb. Həyata keçirilən tədbirlər sayəsində əhalinin mənafeyi baxımından mühüm əhəmiyyət daşıyan mal və xidmətlərin qiymətlərində sabitlik təmin olunub. Prezident İlham Əliyev ölkəmizdə əhalinin pul gəlirlərinin artmasının müqabilində inflyasiyanın aşağı səviyyədə qalmasından məmnunluğunu ifadə edərək deyib: “Azərbaycanda inflyasiya aşağı səviyyədədir - 3,5 faiz. Əhalinin pul gəlirləri ənənəvi olaraq inflyasiyanı üstələyir və 6,2 faiz artmışdır”.
Ölkədə yeni iş yerlərinin yaradılması daimi prosesə çevrilir
Əhalinin yüksək rifahının təmin edilməsi baxımından ölkədə məşğulluq probleminin həlli də xüsusi önəm daşıyır. Məlumdur ki, bir vaxtlar respublikamızda, ələlxüsus da bölgələrdə işsizlik problemi çox kəskin hal almışdı. 2003-cü ildə ölkə əhalisinin yüksək etimadını qazanaraq dövlət başçısı seçilən Prezident İlham Əliyev seçkiqabağı təbliğat kampaniyasında verdiyi vədə sadiq qalaraq əhalinin məşğulluğu probleminin həllini dövlət siyasətinin mühüm istiqamətlərindən biri elan etdi. Dövlət başçısının bu son dərəcə vacib məsələ ilə bağlı nümayiş etdirdiyi güclü siyasi iradə öz bəhrəsini verib. Paytaxtda və regionlarda yaradılan yeni müəssisələrin hesabına son 12 il ərzində ölkədə 1 milyon 400 min iş yeri açılmışdır ki, onların da 1 milyonu daimidir. Görülən tədbirlər sayəsində respublikamızda işsizlik ötən ilin yekunlarına əsasən 5 faiz səviyyəsinə enib. O da əlamətdar haldır ki, bütün mötəbər beynəlxalq maliyyə qurumları ölkəmizdə əhalinin məşğulluq probleminin, həmçinin, yoxsulluğun aradan qaldırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirləri yüksək qiymətləndirirlər. Prezident İlham Əliyev isə respublikamızdakı müsbət demoqrafik vəziyyəti nəzərə alaraq əhalinin məşğulluq problemi ilə bağlı yeni hədəfləri bəyan edib. Dövlət başçısı son illərdə əhalinin artmasını ölkəmizdə müşahidə edilən müsbət cəhətlərdən biri kimi səciyyələndirərək bəyan edib ki, yeni iş yerlərinin açılması da bu tendensiyaya uyğun olmalıdır və daimi prosesə çevrilməlidir: “Hesab edirəm ki, iş yerlərinin açılması daimi proses olmalıdır, çünki əhali artır və potensial kifayət qədər böyükdür”.
Sosial təyinatlı infrastruktur layihələrinin icrası diqqət mərkəzində saxlanılır
Son illərdə Azərbaycanda ardıcıllıqla həyata keçirilən çoxşaxəli sosial siyasət, həmçinin, sosial təyinatlı infrastruktur layihələrinin reallaşdırılmasında öz əksini tapır. Ölkənin inkişafından, paytaxtda və bölgələrdə aparılan quruculuq-abadlıq işlərindən söhbət açarkən məktəblərin, səhiyyə ocaqlarının, gənclər mərkəzlərinin və bu qəbildən olan sosial təyinatlı obyektlərin inşasını və yaxud yenidən qurulmasını xüsusi vurğulamaq gərəkdir. Dövlət əhalinin həyat təminatı ilə bağlı sahələrdə bu və ya digər layihələrin həyata keçirilməsinə böyükhəcmli sərmayələr yönəldir. 2003-cü ildən bəri respublikanın müxtəlif bölgələrində təxminən 3 min məktəb, 500-dən artıq səhiyyə obyekti tikilib və yaxud əsaslı şəkildə təmir edilib.
Ölkədə sosial məzmunlu tədbirlərin reallaşdırılması 2015-ci ilin birinci yarısında da intensiv şəkildə davam etdirilib. Belə ki, son 6 ayda respublikada sosialyönümlü tədbirlərin həyata keçirilməsi, onların maliyyə təminatı üzrə dövlətin siyasətinin prioritetliyi təmin edilib və dövlət büdcəsi xərclərinin 23,6 faizi və yaxud 2 milyard 25 milyon manatı bu məqsədə yönəldilib. Dövlət başçısı isə hədəfi belə müəyyənləşdirib ki, ölkə miqyasında bir dənə də təmirsiz məktəb qalmamalı, hər bir kənddə insanlar tibbi xidmətlə təmin olunmalıdırlar: “Sosial infrastruktur yaradılır. Məktəblər, xəstəxanalar tikilir. İndi təxminən 20-dən çox məktəb, 30-dan çox tibb müəssisəsi təmir olunur, tikilir. Yəni bu proses də gedir. Demək olar ki, biz bu sahədə əsaslı dönüş yarada bildik. Növbəti illərdə çalışmalıyıq ki, bir dənə də təmirsiz məktəb olmasın və hər bir yerdə, hər bir kənddə insanlar normal tibbi xidmətə malik olsunlar”.
Ölkədə sosial müavinət alanların sayı 20 faiz azalıb ki, bu da özlüyündə müsbət tendensiyadır
Respublikamızda əhalinin sosial təminatı aşağı olan təbəqəsinə yüksək səviyyədə diqqət göstərilməsi siyasəti cari ilin birinci yarısında da davam etdirilib. Belə ki, bəhs olunan dövrdə bütün sosial öhdəliklər vaxtında və tam yerinə yetirilib. Əlillərin və şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması, əhalinin real gəlirlərinin, həmçinin, sosial ödənişlərin artırılması üçün həyata keçirilən tədbirləri xüsusi vurğulamaq lazımdır. Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin və şəhid ailələrinin mənzil və fərdi evlərlə təmin olunması proqramı çərçivəsində iyun ayında Tərtər rayonunda 54 mənzilli yaşayış binası istifadəyə verilib, hazırda isə İmişli, Beyləqan, Şamaxı və Bakı şəhərlərində ümumilikdə 238 mənzili olan çoxmərtəbəli 4 yaşayış binası və 52 rayonda 375 fərdi evin inşası, eləcə də, 165 mənzilin alınması işləri davam etdirilir. Bakı şəhərində gözdən əlillər üçün 132 mənzilli 12 mərtəbəli binanın tikintisi tamamlanmaq üzrədir. Əlilliyi olan şəxslərə il ərzində ümumilikdə 964 mənzilin və fərdi evin verilməsi təmin ediləcək.
Ölkədə əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası da daim diqqət mərkəzində saxlanılır. Cari ilin birinci yarısında əlilliyi olan şəxslərdən 165 nəfəri Türkiyə Respublikasında bərpa müalicəsinə, 786 nəfəri isə ölkə ərazisindəki istirahət mərkəzlərinə göndərilib. Hazırda respublikanın müxtəlif regionlarında 18 qeyri-hökumət təşkilatı tərəfindən 1500 nəfər ehtiyacı olan uşağı əhatə edən 29 sosial xidmət layihəsi icra olunur.
Məlumdur ki, ölkəmizdə əhalinin aztəminatlı təbəqəsinə ünvanlı sosial yardım göstərilməsi proqramı reallaşdırılır. Proqramın həyata keçirildiyi ilk vaxtlarda ünvanlı sosial yardım almaq istəyənlərin sayı ilbəil artırdı. Lakin son illərdə, o cümlədən də, cari ilin birinci yarısında bu tendensiya əks istiqamətə dəyişib. Belə ki, 2015-ci ilin birinci yarısında respublika üzrə təxminən 112 min ailənin 490 min üzvünə, yəni ölkə əhalisinin 5 faizinə ünvanlı dövlət sosial yardımı verilib ki, bu da ötən illə müqayisədə 20 faiz azdır. Prezident İlham Əliyev ölkədə ünvanlı sosial yardım alanların sayının azalmasını özlüyündə müsbət tendensiya kimi səciyyələndirərək bildirib: “Beləliklə, məndə olan məlumata görə, ünvanlı sosial yardım alan insanların sayı təxminən 20 faiz azalmışdır. Nəyin hesabına? Ona görə yox ki, kiminsə yardımı kəsilib. Ona görə ki, yardıma ehtiyacı olmayan artıq bunu almır”.
Mübariz ABDULLAYEV

 
Paylaş:
Baxılıb: 566 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31