Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti beynəlxalq miqyasda yüksək qiymətləndirilir
01.10.2015 [08:37]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il üzrə beynəlxalq “Cənub-Cənub” mükafatı ilə təltif olunması həyata keçirilən səmərəli daxili və xarici siyasət kursuna, eləcə də əldə edilən nailiyyətlərə verilən adekvat qiymətdir
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2015-ci il üzrə beynəlxalq “Cənub-Cənub” mükafatı ilə təltif olunub. Sentyabrın 26-da Nyu-Yorkda keçirilən mükafatın təqdim olunması mərasimində bildirilib ki, Prezident İlham Əliyev əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyinin siyasi iradəsi, bununla əlaqədar həyata keçirilən Dövlət proqramları, savadsızlığın və yoxsulluğun minimuma endirilməsi və Minilliyin İnkişaf Məqsədlərinin uğurla həyata keçirilməsi istiqamətində görülən tədbirlərə görə “Cənub-Cənub” mükafatı ilə təltif olunub. Mükafatı Prezident İlham Əliyevin adından xarici işlər naziri Elmar Məmmədyarov qəbul edib.
Qeyd edək ki, “Cənub-Cənub” mükafatı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Davamlı İnkişaf üçün Cənub-Cənub İdarəedici Komitəsi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Cənub-Cənub Əməkdaşlığı üzrə Beynəlxalq Təşkilat və BMT-yə üzv bir sıra dövlətlər, agentliklər və fondlar tərəfindən təsis edilib. Bu mükafat BMT-nin hesabatlarına əsasən, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, Minilliyin İnkişaf Məqsədlərində əsaslı irəliləyişlərə nail olmuş ölkələrə verilir.
Prezident İlham Əliyevin adı inkişaf və sabitliklə assosiasiya olunur
Bu məqamda vurğulamaq yerinə düşər ki, mövcud tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Eyni zamanda, bu, bir həqiqətdir ki, bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, stabil və inamlı inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Lider öz iradəsi, qərar qəbul etmək səriştəsi, insanlara doğru yolu göstərmək bacarığı ilə xalqı vahid amal uğrunda səfərbər edən, arxasınca apara bilən şəxsdir.
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, ölkəmizdə sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. O da həqiqətdir ki, Ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub. Prezident İlham Əliyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir. Prezident İlham Əliyev fəaliyyəti ilə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu göstərməklə yanaşı, innovasiyalara tez uyğunlaşmaq bacarığı, dəyişən qlobal və regional reallıqlar şəraitində ölkənin stabil milli maraqlarını qoruya bilmək qabiliyyəti ilə Özünün əsl siyasi lider olduğunu isbatlayıb.
Azərbaycanın dinamik inkişafı Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən siyasi kursun qanunauyğun nəticəsidir
Xüsusilə, Azərbaycanın sürətli inkişafı və əldə edilmiş nailiyyətlər Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən siyasi və iqtisadi kursun qanunauyğun nəticəsidir. Dövlətimizin başçısının qeyd etdiyi kimi: “Düşünülmüş siyasət, siyasi və iqtisadi islahatlar, xalqla iqtidar arasında birlik, xalq tərəfindən ölkədə aparılan iqtisadi islahatlara dəstəyin verilməsi, liberal iqtisadiyyat, eyni zamanda, güclü hakimiyyət, sabitlik - budur bizim uğurlarımızı şərtləndirən əsas amillər”.
Bu gün Azərbaycanda xalq-iqtidar birliyi islahatların, daxili və xarici siyasət kursunun səmərəliliyini təmin edən əhəmiyyətli strateji faktor kimi çıxış edir. Eyni zamanda, mütəmadi surətdə həyata keçirilən islahatlar mövcud inkişafı sürətləndirməklə yanaşı, yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsini şərtləndirir. İlk növbədə, rasional iqtisadi islahatlar Azərbaycan iqtisadiyyatının dinamik inkişafını təmin edən mühüm amil qismində çıxış edir. Ölkə iqtisadiyyatının inkişafı üçün mütəmadi surətdə reallaşdırılan praqmatik islahatlar modeli formalaşdırılıb ki, bu, bütövlükdə milli inkişafa təkan verən əhəmiyyətli amil səciyyəsi daşıyır. Eyni zamanda, güclü iqtisadi inkişafa hədəflənən bir sıra tədbirlərin görülməsi Azərbaycanın milli tərəqqisini sürətləndirən, milli gücünü artıran başlıca strateji komponent qismində çıxış edir.
Beləliklə, iqtisadi inkişaf siyasətinin uğurla davam etdirilməsi hazırkı milli tərəqqini intensivləşdirən mühüm strateji faktorlardan biridir. Makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın diversifikasiyası, bütün sahələrdə ardıcıl inkişaf strategiyası uğurla həyata keçirilməkdədir. Ölkənin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın diversifikasiyası ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. Xüsusilə, Azərbaycan zəngin neft resurslarının satışından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub və hazırda qeyri-neft (turizm, sənayeləşmə, İKT və s.) sektoru valyuta gətirə biləcək strateji bölməyə çevrilib.
Nəticə etibarilə, inkişafın milli modelini formalaşdıran Azərbaycanın dinamik tərəqqisi uğurla davam edir və bunun əsasında, qeyd etdiyimiz kimi, praqmatik, milli maraqlara söykənən strateji kurs dayanır.
Azərbaycanda müxtəlif sahələri əhatə edən Dövlət proqramları uğurla həyata keçirilir
Başqa bir strateji nüans ondan ibarətdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə müxtəlif sahələri əhatə edən Dövlət proqramları uğurla həyata keçirilir. Təhsil, səhiyyə, regionların sosial-iqtisadi inkişafı, mədəniyyət sahələrində, eləcə də gəncliyin inkişafı istiqamətində və digər sahələrdə güclü maddi-iqtisadi bazaya malik olan Dövlət proqramlarının müvəffəqiyyətlə reallaşdırılması Azərbaycanın dinamik inkişafına fundamental töhfələr verir. Beləliklə, spesifik milli inkişaf modelinə malik olan Azərbaycanın tərəqqisi konseptual əsaslara söykənir və müasir çağırışlara cavab verir. Və həyata keçirilən institusional islahatlar, praqmatik tədbirlər davamlı iqtisadi inkişafın əsası qismində çıxış edir.
Əsas məqam isə odur ki, bölgələrin ənənələri, inkişaf perspektivləri, əmək resursları və digər cəhətlər nəzərə alınmaqla qəbul edilən məqsədli Dövlət proqramları nəticəsində Azərbaycanın sürətli sosial-iqtisadi inkişaf dinamikasında regionların payı ilbəil artır. Vurğulamaq gərəkdir ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları bölgələrin tarazlı inkişafını şərtləndirir. Bu gün bölgələrin hər bir guşəsində genişmiqyaslı quruculuq işlərinin aparılması, yeni yolların çəkilməsi, su və kanalizasiya xətlərinin dəyişdirilməsi, qazlaşdırmanın aparılması, məktəb, xəstəxana və digər sosial obyektlərin istifadəyə verilməsi hazırkı müasir inkişaf mərhələsinin reallıqlarıdır. Amma qarşıdakı illərdə yeni dövrün tələbləri başqa cür olacaq. Azərbaycan inkişaf etdikcə ölkə qarşısında yeni proqressiv meyillərə uyğun sosial-iqtisadi məsələlər meydana çıxmaqdadır. Dövlət isə bütün bu tədbirləri də perspektiv inkişaf planında nəzərə alacaq, gələcəkdə daha yeni layihələrin hazırlanaraq həyata keçirilməsinə qərar verəcək. Şübhəsiz, regionların inkişafı bütövlükdə respublikanın ümuminkişaf göstəricilərinə təsir edən mühüm faktordur.
Dolayısıyla, müasir qlobal çağırışlara müvafiq milli tərəqqi modelinə malik olan Azərbaycanın ümuminkişaf dinamikasında Dövlət proqramlarının uğurla yerinə yetirilməsi özünəməxsus yer tutur.
Azərbaycanın sosial dövlət fəlsəfəsi: hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi
Onu da qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin daxili siyasət kursunun mühüm istiqamətlərindən birini də sosial siyasət təşkil edir. Ümumiyyətlə, dövlətimizin başçısının sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi durur.
Azərbaycanda sürətli inkişaf, təbii olaraq, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Əlbəttə, ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Azərbaycanda sosial siyasət elə şəkildə həyata keçirilir ki, dövlət ümummilli məhsulun təkrar bölüşdürülməsinin bazar mexanizmini tamamlayır və dəqiqləşdirir. Bu zaman minimal baza tələblərinin təminatlı şəkildə ödənilməsi və əhalinin daha artıq sosial müdafiə tələb edən hissəsinə sosial yardım göstərilməsi həyata keçirilir. Ölkəmizin dövlət büdcəsi də yuxarıda göstərilən prinsiplərə uyğun olaraq formalaşdırılır.
Bir sözlə, sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.
Məşğulluq probleminin həlli əhalinin yüksək rifahının təmin edilməsində xüsusi faktor kimi...
Əhalinin yüksək rifahının təmin edilməsi baxımından ölkədə məşğulluq probleminin həlli də xüsusi önəm daşıyır. 2003-cü ildə ölkə əhalisinin yüksək etimadını qazanaraq dövlət başçısı seçilən Prezident İlham Əliyev seçkiqabağı təbliğat kampaniyasında verdiyi vədə sadiq qalaraq əhalinin məşğulluğu probleminin həllini dövlət siyasətinin mühüm istiqamətlərindən biri elan etdi. Dövlət başçısının bu son dərəcə vacib məsələ ilə bağlı nümayiş etdirdiyi güclü siyasi iradə öz bəhrəsini verib. Paytaxtda və regionlarda yaradılan yeni müəssisələrin hesabına son 12 il ərzində ölkədə 1 milyon 400 min iş yeri açılıb ki, onların da 1 milyonu daimidir. Görülən tədbirlər sayəsində respublikamızda işsizlik ötən ilin yekunlarına əsasən 5 faiz səviyyəsinə enib. O da əlamətdar haldır ki, bütün mötəbər beynəlxalq maliyyə qurumları ölkəmizdə əhalinin məşğulluq probleminin, həmçinin yoxsulluğun aradan qaldırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirləri yüksək qiymətləndirirlər. Prezident İlham Əliyev isə respublikamızdakı müsbət demoqrafik vəziyyəti nəzərə alaraq əhalinin məşğulluq problemi ilə bağlı yeni hədəfləri bəyan edib.
Mütərəqqi və təkmil innovasiyaların tətbiqi idarəetmənin səmərəliliyini artırır
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda müasir Azərbaycanın inkişafının əsas strateji paradiqmalarından biri də modern və təkmil innovasiyaların, eləcə də bu istiqamətdə formalaşdırılan milli təcrübənin uğurla tətbiq olunmasıdır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, biz dünyada mövcud olan texnoloji yenilikləri tətbiq etməklə yanaşı, özümüz də bəzi innovasiyaların yaradılması ilə bağlı təşəbbüslər göstəririk: “Nümunə kimi Azərbaycan brendi olan Vətəndaşlara Xidmətlər və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini və onun “ASAN xidmət” mərkəzlərini qeyd edə bilərik. “ASAN xidmət” vətəndaşların məmnunluğu prinsipinə əsaslanan və bir çox xidmətin bir mərkəzdə cəmləşdirildiyi təsisatdır”.
Ümumiyyətlə, bütün bu yeniliklər, bir tərəfdən, idarəetmənin təkmilləşdirilməsinə mühüm töhfələr verir, digər tərəfdən isə, qarşıya qoyulan məqsədlərin daha çevik və effektiv həyata keçirilməsini mümkün edir. Konkret olaraq “ASAN xidmət”in timsalında qeyd edə bilərik ki, Azərbaycana məxsus olan bu yenilik, əslində, dünya miqyasında idarəetmə kontekstində mütərəqqi nümunə kimi səciyyələndirilə bilər. Belə bir mütərəqqi modelin yaradılmasında məqsəd çoxfunksiyalı xidmətin həyata keçirilməsidir. İnnovasiyayönümlü, çoxfunksiyalı xidmət modeli olan “ASAN xidmət” digər ölkələr üçün də nümunə ola bilər. Bu, vətəndaşlara geniş spektrli sadələşdirilmiş xidmət göstərmək, eləcə də bürokratiyaya, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, elektron xidmətlərdən daha geniş istifadəni təmin etmək və dövlət orqanlarına etimadı artırmaq istiqamətində analoqu olmayan avanqard örnəkdir.
Azərbaycanın milli təhlükəsizliyinin təmin olunması strateji vəzifə kimi müəyyənləşdirilib
Bunlara paralel olaraq, Prezident İlham Əliyevin rasional daxili və xarici siyasət kursu sayəsində ölkəmizin milli təhlükəsizliyi yüksək səviyyədə təmin edilib. Siyasi, iqtisadi, hərbi, sosial, ekoloji və digər istiqamətlərdə təhlükəsizliyin təmin olunması strateji maraqların gerçəkləşməsinə və inkişaf dinamikasının davam etməsinə əlverişli şərait yaradıb.
Şübhəsiz, hər bir ölkənin milli təhlükəsizliyi müxtəlif istiqamətlərdə təhdid ünsürlərinin neytrallaşdırılması və neqativ faktorlarla mübarizə metodlarının düzgün müəyyənləşdirilməsindən asılıdır. Azərbaycanda milli təhlükəsizliyin təmin olunmasına konseptual yanaşma mövcuddur və təhdid ünsürləri effektiv vasitələrlə neytrallaşdırılmaqdadır. Bu istiqamətdə diqqəti XXI əsrdə xüsusi əhəmiyyət kəsb edən üç sahəyə - informasiya, su və ərzaq təhlükəsizliyinə yönəltmək istərdik.
İlk növbədə, informasiya təhlükəsizliyinin təmin olunmasının və bu sahədə maraqların müdafiə edilməsinin Azərbaycan təcrübəsi ilə bağlı qeyd edə bilərik ki, qloballaşma və beynəlxalq inteqrasiya şəraitində Azərbaycan informasiya təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqət yetirir. Dövlət siyasətində prioritet kimi müəyyənləşdirilən informasiya maraqlarının və təhlükəsizliyinin təmin edilməsi konseptual əsasda strateji məqsəd kimi müəyyən edilib. Əlbəttə, bu, informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi sayəsində mümkün olur ki, həmin istiqamətdə də sürətli tərəqqini şərtləndirən əhəmiyyətli tədbirlər görülməkdədir.
İnformasiya təhlükəsizliyinin əsas istiqaməti kimi beynəlxalq arenada informasiya hücumlarının qarşısının alınması, informasiya vasitəsilə və xüsusilə də virtual platformada təxribat və neqativ təbliğatların neytrallaşdırılması, bütövlükdə, informasiya mübarizəsinin rasional və praqmatik surətdə təşkil edilməsi başlıca strateji vəzifələr qismində çıxış edir.
İkincisi isə su təhlükəsizliyinin təmin olunmasıdır ki, burada da kifayət qədər mühüm əhəmiyyət kəsb edən strateji xarakterli addımlar atılıb. Ümumiyyətlə, müasir dövrdə su təhlükəsizliyinin təmin olunması dövlətlər üçün kifayət qədər ciddi və prioritet məsələlərdən biridir. Azərbaycan dövlətinin gördüyü nəhəng işlərə bu kontekstdən yanaşsaq, onun təkcə bu gün deyil, dövlətimizin və xalqımızın gələcəyi baxımından da nə qədər böyük əhəmiyyət kəsb etdiyini daha yaxşı dərk etmiş olarıq. Bu istiqamətdə ardıcıl layihələrin həyata keçirilməsi qarşıya qoyulmuş məqsədlərin reallaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Dövlətimizin başçısı İlham Əliyev də bu məsələyə toxunaraq deyib ki, bu gün dünyada daha çox neft-qaz resursları uğrunda mübarizə aparılır və xoşbəxtlikdən Azərbaycan bu resurslardan xalqın rifahı, ölkənin inkişafı naminə səmərəli şəkildə istifadə edir: “Amma vaxt gələcək su resursları uğrunda mübarizə daha da kəskinləşəcəkdir. Biz artıq bu mübarizənin təzahürlərini görməkdəyik. Belə olan halda su təhlükəsizliyi Azərbaycanda tam şəkildə təmin edilməlidir...”
Təqdirəlayiq haldır ki, Azərbaycan dövləti bu istiqamətdə müvafiq layihələri həyata keçirmək üçün hansısa dövlətə, maliyyə təşkilatına müraciət etmir. Azərbaycan dövlətinin güclü iqtisadi imkanları hesabına görülən bu işlər xalqımızın gələcəyinə xidmət edir.
Üçüncüsü,z ərzaq təhlükəsizliyinin təmin olunmasıdır ki, bu da Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin strateji prioritetləri sırasındadır. Ümumiyyətlə, dünya əhalisinin sürətlə artdığı, təbii ehtiyatların tükəndiyi bir şəraitdə ərzaq təhlükəsizliyi məsələsi daha kəskin şəkildə özünü büruzə verir. Ərzaq təhlükəsizliyi probleminin kəskin xarakter almasından sonra bu problem istənilən dövlət, o cümlədən Azərbaycan üçün milli təhlükəsizliyin təmin edilməsi istiqamətində diqqət yetirilməsi zəruri olan ən mühüm məsələlərdən birinə çevrilib. Bu problemin həlli, ilk növbədə, yoxsulluğun azaldılması, ərzaq təminatının və ərzaq məhsullarından istifadənin səmərəsinin artırılması ilə bağlıdır. Onu da qeyd etmək lazımdır ki, ərzaq təhlükəsizliyinin təminatı, daxili bazarın idxaldan asılılığının aradan qaldırılması, yerli istehsalın inkişafı məqsədyönlü siyasətin əsas istiqamətlərini təşkil etməkdədir. Ümumilikdə, dövlətimiz tərəfindən ərzaq təhlükəsizliyinə bilavasitə aidiyyəti olan ayrı-ayrı sahələrdə kompleks tədbirlər görülür və strateji hədəflər əldə edilməkdədir.
Ölkəmizdə ərzaq məhsullarının istehsalının artırılması, əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi, ərzaq təminatı sisteminin institusional inkişafının həyata keçirilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması və digər istiqamətlərdə tədbirlər həyata keçirilib, səmərəli istehsal və satış infrastrukturunun yaradılması, ərzaq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi sahəsi üzrə əsaslı islahatlar reallaşdırılıb.
Azərbaycanın həyata keçirdiyi strateji kurs müstəqilliyi ilə xarakterizə olunur
Bütün bunların fonunda o da qeyd edilməlidir ki, müstəqil siyasət əsas etibarilə ölkəyə rəhbərlik edən liderin şəxsi keyfiyyətlərindən və effektiv idarəetməsindən, bütövlükdə, onun istinad etdiyi rasional davranış modelindən asılıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ləyaqətli siyasət, kifayət qədər cəsarət və ölkənin gələcəyi üçün aydın strategiya mövcud olduğu halda müstəqil siyasət yeritmək mümkündür: “Müstəqil ölkə kimi Azərbaycan bu gün də müstəqil siyasət aparır. Bu müstəqil siyasət, ilk növbədə, Azərbaycan xalqının iradəsinə əsaslanır”.
Göründüyü kimi, Azərbaycanın daxili və xarici siyasəti müstəqillik və suverenlik prinsiplərinə əsaslanır. Respublikamız xarici siyasi əlaqələrini, siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Azərbaycan öz təbii sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır. Eyni zamanda, ölkəmizin iqtisadi gücü elə bir səviyyəyə çatıb ki, dünya bazarlarında baş verən kəskin dəyişikliklərin, böhranların təsir gücü ən aşağı həddədir. Cənubi Qafqaz iqtisadiyyatının 80 faizdən çoxunu təşkil edən Azərbaycan iqtisadiyyatı gücünə görə regionda liderdir. Ölkədə həmçinin əhalinin gəlirlərinin stabil artımı, sosial-siyasi sabitlik təmin olunub. Bu səbəbdən də müəyyən xarici qüvvələrin Azərbaycana təzyiq göstərmək, daxili sabitliyi pozmaq cəhdləri hər dəfə uğursuzluğa düçar olur.
Azərbaycan bir sıra təzyiqlərə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin həlli danışıqlarında da prinsipial mövqe nümayiş etdirir. Bir məqama da xüsusi olaraq toxunmaq gərəkdir ki, Azərbaycanın həqiqi mənada müstəqil dövlət olması müasir beynəlxalq münasibətlər sisteminin suveren aktorları tərəfindən mütləq surətdə qəbul edilir. 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, quruma 2 dəfə uğurla sədrlik etməsi, həmçinin Avropa Şurası Nazirlər Kabinetinə sədrlik müddətini müvəffəqiyyətlə başa vurması ölkəmizin artan siyasi nüfuzundan xəbər verir. Doğrudur, hələ də Azərbaycanın müstəqil siyasət yürütməsindən narahat olan, ölkəmizin inkişafını, güclənməsini həzm edə bilməyən qüvvələr mövcuddur. Lakin əminliklə söyləmək olar ki, Azərbaycanın qətiyyətli iradə göstərməsi nəticəsində həmin qüvvələr əvvəl-axır gerçəkliklə barışmalı olacaqlar.
Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan öz müstəqil siyasətinə sadiqdir: “Bu siyasət Azərbaycan xalqının milli maraqlarını hər şeydən üstün tutur. Azərbaycan heç bir xarici qüvvənin diktəsi ilə oturub-durmur, müstəqil siyasət aparır və sürətlə inkişaf edir, eyni zamanda, sübut edir ki, bu gün müsəlman aləmində dinamik, müasir, öz milli-mənəvi dəyərlərinə sadiq, güclü bir dövlət vardır. Bu da bəzi xarici dairələrin stereotiplərinə, yaxud da ki yaratdıqları stereotiplərə sığmır”.
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ali siyasi iradə nümayiş etdirir
Yeri gəlmişkən, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional xarici siyasət kursunun mühüm strateji istiqamətlərindən birini də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil edir. Məhz bu kontekstdə yüksək siyasi iradə və diplomatik məharət nümayiş etdirilir.
Ümumiyyətlə, Azərbaycan münaqişənin həlli ilə bağlı bütün görüşlərdə və danışıqlarda siyasi iradə nümayiş etdirərək konfliktin nizamlanması yolunda konstruktiv fəaliyyət sərgiləyib. Bildiyimiz kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmizin qarşıya qoyduğu ən prioritet məsələdir. Ermənistanın hərbi təcavüzü nəticəsində meydana çıxan bu münaqişə nəticəsində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və yeddi ətraf rayon zəbt edilib, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum olub. Azərbaycan konfliktin beynəlxalq hüquq normaları əsasında, ədalətli həllinə nail olmaq məqsədilə qlobal səviyyədə genişmiqyaslı iş aparır, beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirir. 20 ilə yaxındır ki, davam edən danışıqlar müddətində ölkəmiz nəinki öz həqiqətlərini dünyaya çatdıra bilib, həm də siyasi, diplomatik, iqtisadi, hərbi sahələrdə işğalçı Ermənistan üzərində aşkar üstünlüyə nail olub. Digər sahələrdə olduğu kimi, ölkənin ərazi bütövlüyü məsələsində də respublika rəhbərliyinin qətiyyətli və birmənalı mövqe sərgiləməsi bəzi xarici ermənipərəst qüvvələrin müxtəlif qərəzli niyyətlərini dəfələrlə iflasa uğradıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkəmizin mövqeyi tamamilə aydın və birmənalıdır. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və 7 ətraf rayonu işğaldan azad edilməli, soydaşlarımızın yurd-yuvasına qayıtması və təhlükəsiz həyat şəraiti təmin olunmalı, daha sonra Dağlıq Qarabağın statusu məsələsi öz həllini tapmalıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycanın prinsipial mövqeyi var, bu mövqe həm tarixi həqiqətə, həm beynəlxalq hüquq normalarına əsaslanır. Biz bu mövqedən kənara bir addım atmayacağıq. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, olmayıb və olmayacaqdır”.
Ümumiyyətlə, danışıqların hazırkı mənzərəsi Azərbaycanın aşkar üstünlüyünü, Ermənistanın isə çətin vəziyyətdə olduğunu göstərir. İşğal edilmiş torpaqlardan Ermənistan ordusunun çıxarılması, məcburi köçkünlərin öz evlərinə qayıtması, Dağlıq Qarabağa keçid statusun verilməsi, bölgədə təhlükəsizliyin təmin edilməsi kimi prinsiplərin əks olunduğu yenilənmiş Madrid təklifinin rəsmi Yerevanın təcavüzkar siyasəti ilə bir araya sığmaması işğalçı rejimi çıxılmaz vəziyyətdə qoyub. Beləliklə, Ermənistanın hələ də danışıqları uzatmağa çalışması, konstruktiv mövqe ortaya qoymaqdan imtina etməsi işğalçı ölkənin özünü çətin duruma salıb. İşğalçı ölkə rəhbərliyi anlamalıdır ki, Azərbaycan öz mövqeyində qətidir və bir qarış torpağını belə Ermənistana güzəştə getməyəcək.
Müstəqil Azərbaycan bundan sonra da inkişaf yolu ilə irəliləyəcək
Göründüyü kimi, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi dövründə hər bir sahədə böyük inkişaf yolu qət edib. Son 12 il ərzində bütün sahələrdə görülən işlər, qazanılan uğurlar onu göstərir ki, Azərbaycan doğru yolda irəliləyir, Azərbaycan xalqı düzgün seçim edib. Bu yol Ulu öndər Heydər Əliyevin yoludur. Ümummilli liderin əsasını qoyduğu inkişaf xətti Azərbaycan Respublikasının güclü dövlətə çevrilməsinə və əbədi mövcudluğuna, Azərbaycan xalqının rifahına, firavan yaşayışına və inkişafına görə dünya xalqları içərisində ön sıralarda dayanmasına hesablanıb. Ulu öndərin müəyyənləşdirdiyi yol aydındır və xalqımız bu yolun ölkəni hansı gələcəyə apardığını yaxşı bilir.
Məhz bu səbəbdəndir ki, Azərbaycan xalqı Ümummilli liderin yolunu davam etdirməyi qarşısına məqsəd qoyan cənab İlham Əliyevi özünün Prezidenti kimi gördü və zaman göstərdi ki, xalq öz seçimində yanılmayıb. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan qarşıya qoyduğu bir çox məqsədlərinə nail olub. Prezident İlham Əliyevin ölkəni idarə etdiyi dövrdə bir zamanlar yalnız xəyal kimi görünən nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, Azərbaycanın dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı digər məqsədlər artıq gerçəkliyə çevrilib.
Bir sözlə, Azərbaycan dinamik inkişaf və möhkəm ictimai-siyasi sabitliyin fonunda gələcəyə doğru əmin addımlarla irəliləyir. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi: “Ölkədə sabitlik möhkəmlənir. Bizim beynəlxalq mövqelərimiz daha da güclənir. Bizimlə əməkdaşlıq edənlərin sayı gündən-günə artır. Azərbaycan beynəlxalq birliyin dəyərli, böyük hörmətə malik bir üzvüdür. Ölkədə proseslər müsbət istiqamətdə gedir. Xalq bizim siyasətimizi dəstəkləyir. Hətta böhranlı illərdə də bizim iqtisadiyyatımız uğurla inkişaf edir”.
Bu zamana qədər əldə edilən nailiyyətlər isə beynəlxalq şəraitdən asılı olmayaraq qarşıdakı dövrün də uğurlu olacağını deməyə əsas verir: “Azərbaycan bu gün zirvədədir. Azərbaycan bu gün müstəqil, inkişafda olan güclü dövlət kimi uğurla irəli gedir. Bizim siyasi, iqtisadi sahələrdə, diplomatik arenalarda, idman yarışlarında böyük qələbələrimiz var. Biz haqlı olaraq, bununla fəxr edirik. Fəxr edirik ki, biz Azərbaycan vətəndaşıyıq. Biz fəxr edirik ki, cəmi 24 il ərzində Azərbaycan xalqının istedadı, zəhməti hesabına, düşünülmüş siyasət hesabına güclü dövlət qurmuşuq”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxGündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34

