/ / Prezident İlham Əliyev göstərdi ki, kimliyindən asılı olmayaraq cinayətə yol verən hər kəs cəzalandırılacaq
Prezident İlham Əliyev göstərdi ki, kimliyindən asılı olmayaraq cinayətə yol verən hər kəs cəzalandırılacaq
29.10.2015 [10:12]
MTN-dəki kriminal qruplaşmanın ifşası davam edəcək
Ölkənin iqtisadi maraqlarının qorunması, o cümlədən də liberal bazar iqtisadiyyatı prinsiplərinin tam şəkildə bərqərar olması, biznes mühitinin yaxşılaşması, sahibkarlığın inkişafına süni əngəllər yaradan neqativ amillərin aradan qaldırılması milli təhlükəsizliyin çox vacib komponenti qismində çıxış edir. Qlobal miqyasda müşahidə edilən proseslərin fonunda yaranan yeni çağırışlar isə məsələnin aktuallığını daha da artırır. Bu baxımdan son günlərdə respublikamızda iqtisadiyyatın inkişafının təhdid edilməsinə, vətəndaşların və sahibkarların qanunla qorunan hüquq və mənafelərinin pozulmasına qarşı görülən tədbirlər təqdirəlayiqdir. Ölkədə liberal iqtisadiyyat mexanizminin səmərəli işləməsini təmin etmək üçün hüquqi təminatlar möhkəmləndirilir. Eyni zamanda, müxtəlif dövlət qurumlarının qulluq mövqeyindən sui-istifadə edərək iş adamlarının qarşısında əsassız tələblər qoymaqla onları incidən və fəaliyyətlərinə əngəllər yaradan ayrı-ayrı vəzifəli şəxslərinə qarşı sərt cəza tədbirləri həyata keçirilir. Artıq bəhs olunan konteksdə cinayət əməllərinə yol verən bir neçə yüksək vəzifəli şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib və yeni həbslərin baş verəcəyi də istisna deyil.
Dövlət, Prezident ölkədə iqtisadi inkişafı təhdid edənlərin sərt şəkildə cəzalandırılması üçün qətiyyətli siyasi iradə nümayiş etdirir
Qeyd edək ki, Azərbaycanda iqtisadi inkişafı, vətəndaşların və sahibkarların qanunla qorunan hüquq və mənafelərini öz şəxsi məqsədləri naminə təhdid edən vəzifə sahiblərinə qarşı görülən cəza tədbirləri dövlətin, Prezident İlham Əliyevin nümayiş etdirdiyi qətiyyətli siyasi iradəyə uyğun olaraq reallaşdırılır. Prezident İlham Əliyev bu günlərdə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı prinsipial mövqedə olduğunu bir daha nümayiş etdirib. Dövlət başçısı son illərdə özəl bölmədə bir sıra uğurlar qazanılmasından məmnunluğunu ifadə etməklə yanaşı, ölkədə sahibkarların incidilməsi, onların fəaliyyətinə müdaxilə edilməsi kimi halların hələ də qaldığını xüsusi nəzərə çatdırıb.
Prezident İlham Əliyev iqtisadi inkişafımızı əngəlləyən belə neqativ halların qalmasının dözülməz olduğunu bildirərək, ölkədə biznes mühitini yaxşılaşdırmaq və biznesin inkişafına təkan vermək üçün çox ciddi addımlar atılacağının anonsunu verib. Dövlət başçısı bununla bağlı qətiyyətli mövqeyini bu günlərdə Sumqayıtda etilen-polietilen zavodunda yeni qurğuların işə salınması mərasimində kollektivlə görüşündə yenidən ifadə edib. Öz çıxışında bəzi hallarda sahibkarlara qarşı ədalətsizliklər göstərildiyini, onların işinə müdaxilələr olduğunu, onlara qarşı əsassız tələblər irəli sürüldüyünü, qanunsuz ödəmələr tələb olunduğunu qeyd edən Prezident İlham Əliyev vurğulayıb ki, bütün bunlara son qoyulur və son qoyulacaq. Bütün hallarda həm inzibati tədbirlər, həm cəza tədbirləri davam etdiriləcək. Bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər. Dövlət başçısı Azərbaycanın bu istiqamətdəki siyasətinin birmənalı olduğunu bəyan edərək deyib: “Mən dəfələrlə xəbərdarlıq etmişəm və bir daha deyirəm, kim ki, söz başa düşmür, öz cəzasını alacaq. Bu gün həm ictimaiyyət, həm sahibkarlar görürlər ki, biz artıq konkret addımlar atmağa başlamışıq”.
MTN-də yuva salan sabotajçı qrup sahibkarları incitməklə, onların var-dövlətini talamaqla məşğul olub
Beləliklə, son günlərdə qəbul edilmiş qərarlar və atılan addımlar əyani şəkildə sübut etdi ki, Azərbaycan Prezidenti ölkədə iqtisadi inkişafın, liberal biznes mühitinin təhdid edilməsi, vətəndaşların, sahibkarların qanunla qorunan hüquq və mənafelərinin pozulması halları ilə barışmaq niyyətində deyil və belə pozuntulara yol verən şəxslərə qarşı onların tutduğu qulluq mövqeyindən asılı olmayaraq ciddi cəza tədbirləri görüləcəkdir. Dövlətin, Prezidentin bəhs olunan kontekstdə nümayiş etdirdiyi qətiyyətli siyasi iradə belə bir reallığı diqtə edir ki, artıq hər şeyi öz adı ilə çağırmaq, günahkarların konkret ünvanını göstərmək, onların ümumi inkişafımıza maneçilik törədən, ölkənin müsbət imici ilə bir araya sığmayan əməllərini cəmiyyətə açıb göstərmək məqamı çatıb. Heç bir cinayət, hüquqpozma əməli gizli qalmamalı, heç bir cinayətkar özünü qanunların fövqündə hiss etməməlidir. Yalnız ali qanunlarımız qarşısında qulluq mövqeyindən asılı olmayaraq hamının bərabər tutulacağı təqdirdə ölkəmizin gələcək inkişafını, cəmiyyətin demokratikləşməsini, bütün sahələrdə şəffaflığın artırılmasını təmin etmək mümkündür.
Dövlət başçısının qətiyyətli siyasi iradəsinə uyğun olaraq bu günlərdə Milli Təhlükəsizlik Nazirliyində (MTN) sahibkarların fəaliyyətini iflic edən qrup ifşa olunub. Gizlətmək lazım deyil ki, son vaxtlaradək nazirliyin yüksək vəzifə daşıyan ayrı-ayrı sabiq əməkdaşları dövlətimizin əsas dayaqlarından biri olan bu qurumun yüksək nüfuzundan istifadə edərək öz ətraflarında bir növ toxunulmazlıq atmosferi yaratmağa nail olmuşdular. Onlar, əslində, iqtisadi sabotajla məşğul olaraq iş adamlarını incitməklə onların qarşısında maddi maraqlarının ödənilməsinə yönələn qeyri-qanuni tələblər qoyurdular. Əmlakı, pulu əlindən alınan sahibkarlar hədə-qorxu gəlinərək, müxtəlif vasitələrlə şantaj edilərək susdurulurdular. Dövlət rəhbərliyinə daxil olan çoxsaylı şikayətlərin əsaslı şəkildə araşdırılması zamanı müəyyən edilib ki, biznes subyektləri ən çox Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının öz səlahiyyətlərinə aid olmayan fəaliyyətlə məşğul olmaları və onlara qarşı qanunsuz tələblər irəli sürmələrindən narazıdırlar.
Milli Təhlükəsizlik Nazirliyinin bir sıra əməkdaşları əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozub, səlahiyyətlərini aşaraq müxtəlif texniki vasitələrdən istifadə etməklə ayrı-ayrı vəzifəli şəxsləri, iş adamlarını dinləyib və bundan öz məqsədləri üçün istifadə ediblər. Nazirliyin əməkdaşları xidməti səlahiyyətlərinin hüdudlarını açıq-aşkar surətdə aşaraq ayrı-ayrı şəxslərin, qurumların hüquqlarını məhdudlaşdırıb, onların qanuni mənafelərinə zərbə vurub, bununla da ümumilikdə cəmiyyəti və dövlətin maraqlarını tapdayıblar. MTN əməkdaşlarının xidməti vəzifələrindən sui-istifadə etməklə mənfəət əldə etmələri, bununla da digər şəxslərin mənafelərinə ciddi zərbə vurmalarına dair çoxsaylı faktlar aşkarlanıb.
Sahibkarlardan gələn çoxsaylı şikayətlərin araşdırılması zamanı məlum olub ki, MTN-də yuva salan məlum qrupun üzvləri müxtəlif bəhanələrlə iş adamlarından külli miqdarda rüşvət tələb ediblər. MTN-in çirkaba bulaşan əməkdaşları tələb olunan məbləğ ödənilməyəcəyi təqdirdə sahibkarları xarici xidmət orqanları ilə əməkdaşlıq, narkotik alveri və istifadəsi ittihamları, eləcə də özəl ailə həyatının sirlərinin açılacağı hədələri ilə şantaj ediblər. Məlum qrupun təzyiqlərinə, hədə-qorxularına dözməyən bəzi sahibkarlar isə çıxış yolunu öz fəaliyyətini dayandırmaqda, investisiyalarını xarici ölkələrə ünvanlamaqda və yaxud həyatlarına son qoymaqda görüblər.
MTN-in və digər nazirliklərin yüksək vəzifəli ayrı-ayrı əməkdaşlarının cəzalandırılması göstərir ki, qanunsuzluğa yol verən hər kəs məsuliyyətə cəlb olunacaq
Bu və digər faktlarla əlaqədar son günlərdə Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxslərinə qarşı cəza tədbirləri görülüb. Nazirliyin bəzi əməkdaşları tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq-əməliyyat qrupu yaradılıb.
Cinayət işi üzrə Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Bu günlərdə, həmçinin digər nazirliklərin qanun pozuntusuna yol verən bəzi vəzifəli şəxsləri barəsində də sərt cəza tədbirləri görülüb. “Trend” İnformasiya Agentliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov barəsində cinayət işinin açılmasına dair xəbər yayıb. Verilən məlumatda bildirilir ki, Yasamal rayon Məhkəməsinin qərarı ilə İB-nin sabiq rəhbəri barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib. B.Hüseynov barəsində Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 313 (Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddələri ilə cinayət işi açılıb.
Prezident İlham Əliyevin ölkədəki bəzi neqativ halların aradan qaldırılması ilə bağlı qətiyyətli siyasi iradə ortaya qoymasından sonra milli təhlükəsizlik nazirinin vəzifəsindən azad olunması, MTN-in və bir sıra digər nazirliklərin ayrı-ayrı vəzifəli şəxslərinə qarşı cinayət işinin qaldırılması bir daha təsdiqləyir ki, ölkədə iqtisadi inkişafın, liberal biznes mühitinin təhdid edilməsi, vətəndaşların, sahibkarların qanunla qorunan hüquq və mənafelərinin pozulması hallarına qarşı sərt mübarizə başlayıb və belə hallara yol verənlər kimliyindən, tutduğu qulluq mövqeyindən asılı olmayaraq cəzalandırılacaqlar.
Sahibkarlar MTN-in və digər nazirliklərin qanunsuzluğa yol verən əməkdaşlarının cəzalandırılmasını təqdir etdiklərini bildirirlər
Yeri gəlmişkən, sahibkarlar qanunçuluğun möhkəmləndirilməsi, o cümlədən də MTN-in və digər nazirliklərin qeyri-qanuni əməllərə yol verən əməkdaşlarının cəzalandırılmasını təqdir etdiklərini bildirirlər. Sahibkarlar, eyni zamanda, Prezident İlham Əliyevin nümayiş etdirdiyi qətiyyətli siyasi iradəyə yüksək dəstək verirlər. Məsələn, Balakən rayonunun Gərəkli kəndindən olan fermer İslam Muradov ölkəmizdə sahibkarlara böyük qayğı göstərildiyini bildirib: “Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə sahibkarlığın inkişafı üçün çox gözəl şərait yaranıb. Mən özüm dövlətimizin qayğısını hər an üzərimdə hiss edirəm, bu qayğıdan yararlanmağa çalışıram. İstəyirəm ki, ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunmasına azca da olsa, öz töhfəmi verim”.
Fermer İslam Muradov həmçinin Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq son vaxtlarda ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri də alqışladığını bildirib: “Çox təəssüf ki, bəzən müəyyən qüvvələr tərəfindən sahibkarların, iş adamlarının normal fəaliyyət göstərmələri üçün süni əngəllər yaradılır. İş-güc qalır bir tərəfdə, təsərrüfata aid olmayan işlərin arxasınca qaçmaq məcburiyyətində qalırsan. Dövlətimizin başçısı imzaladığı son fərmanlarla əsassız yoxlamaların müəyyən müddətə dayandırılması tələbini birmənalı şəkildə qarşıya qoyub. Mən inanıram ki, Prezidentimizin bu qətiyyətli mövqeyinin müsbət nəticəsini tezliklə hiss edəcəyik. Əminəm ki, kiçik və orta sahibkarlıq bundan sonra da inkişaf edəcək və ölkəmizin iqtisadiyyatına daha çox töhfə verəcək. Eyni zamanda, atılan addımlar əhalinin həyat səviyyəsinin daha da yaxşılaşmasına gətirib çıxaracaq”.
Bu günlərdə “Bank Technique”nun Müşahidə Şurasının rəhbəri vəzifəsinə qaytarılan iş adamı Etibar Əliyev isə KİV-ə müsahibəsində vaxtilə ona qarşı yol verilən haqsızlığın aradan qaldırılmasında və ədalətin bərpa olunmasında Prezident İlham Əliyevin qətiyyətli mövqeyinin əsas rol oynadığını bildirib. 6 mart 2012-ci il tarixində evdən çıxarkən heç bir əsas və səbəb olmadan MTN-ə dəvət edilən iş adamı orada düz 8 ay müddətində hər şeydən təcrid edilib. “Bank rəhbərliyinə dəvət olunan o insanların bank sektorundan xəbərləri yoxdur. Onlar bir qrup insanların ətrafında birləşərək bankı bu vəziyyətə gətirib çıxarıblar. Təyin olunmuş rəhbərlər bir adama xidmət göstəriblər”, - deyə Etibar Əliyev bildirib.
İş adamı yenidən bankın Müşahidə Şurasının rəhbərliyinə qaytarılmasını dövlət başçısının onun müraciətinə həssas yanaşması sayəsində baş tutduğunu xüsusi vurğulayıb: “Haqsızlıqlar barədə cənab Prezidentimizə müraciət etmişəm. Ölkə başçısı dərhal müraciətə münasibət bildirib, müvafiq tapşırıqlarını verib və mənim bu gün bu banka yenidən rəhbər olmağım barədə göstəriş verib”.
Ölkə ictimaiyyətinin nümayəndələri Prezidentin qətiyyətli siyasi iradəsini dəstəkləyirlər
Qeyd edək ki, iqtisadi inkişafın təhdid edilməsinə, vətəndaşların və sahibkarların qanunla qorunan hüquq və mənafelərinin pozulmasına qarşı aparılan sərt mübarizə ölkə ictimaiyyətində dərin rezonans doğurub. Bununla bağlı fikirlərini ifadə edən Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Musa Quliyev qəzetimizə verdiyi açıqlamada Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin cəmiyyətdən gələn sosial sifarişlər əsasında qurulduğuna diqqət çəkib. “Son vaxtlar dövlət başçısının siyasi iradəsi əsasında ölkədə biznes mühitinin yaxşılaşdırılması, sahibkarlara dəstək göstərilməsi, o cümlədən də bu məqsədlə bəzi məmurlara qarşı sərt cəza tədbirlərinin görülməsi də cəmiyyətimizin sosial sifarişidir. Biz dövlət başçısının bu yöndə nümayiş etdirdiyi qətiyyətli siyasi iradəni dəstəkləyirik”, - deyə M.Quliyev vurğulayıb.
Son günlərdə Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı əməkdaşları barəsində həbs qətimkan tədbirlərinin seçilməsinə münasibət bildirən M.Quliyev dövlətin maraqlarını qoruyan bir qurumda belə qanunazidd faktların aşkarlanmasından təəssüfləndiyini bildirib və baş verənləri ayrı-ayrı məmurların onlara göstərilən yüksək etimada xəyanət etmələri kimi dəyərləndirib. Prezident İlham Əliyevin məmurları həmişə ədalətə, xalqın iradəsi ilə hesablaşmağa çağırdığını xatırladan millət vəkili dövlət başçısının tapşırıqlarına əməl etməyən, qanunları pozan, yalnız öz mənafeyini güdən vəzifə sahiblərinin ən sərt qaydada cəzalandırılmalarını təqdir etdiyini vurğulayıb: “Son hadisələr bir tərəfdən dövlət başçısının siyasi iradəsinin kifayət qədər qətiyyətli olduğunu təsdiqləyir. MTN-in ayrı-ayrı vəzifəli şəxslərinə qarşı görülən cəza tədbirləri, eyni zamanda, başqa dövlət qurumlarının təmsilçiləri üçün də bir görkdür. Hamı bu hadisələrdən öz payını götürməli və nəticə çıxartmalıdır”.
“Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq son günlərdə ölkəmizdə iqtisadi inkişafın, o cümlədən də özəl bölmənin dəstəklənməsinin hüquqi təminatlarının möhkəmləndirilməsi istiqamətində atılan addımlar təqdirəlayiqdir. Prezident İlham Əliyev qanunvericilik təşəbbüsü ilə çıxış edərək Milli Məclisə sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması ilə bağlı qanun layihəsi göndərib. İndiyədək ölkədəki bəzi neqativ hallar, o cümlədən də yoxlayıcı təşkilatların sanki bir-birləri ilə rəqabət aparmaları sahibkarlığın inkişafına əngəllər yaradırdı. Parlamentdə təsdiqlənən qanun layihəsinə əsasən, 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılacaq”. Bu fikri isə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Eldar İbrahimov ifadə edib.
Prezident İlham Əliyevin imzaladığı “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” Fərmanın əhəmiyyətini də yüksək qiymətləndirən komitə sədri bildirib ki, bu Fərman ölkəmizdə biznes mühitinin yaxşılaşdırılmasına xidmət edir. Fərmana əsasən, lisenziyaların sayı minimuma endiriləcək, lisenziya verilməsi qaydaları sadələşdiriləcək, lisenziyalar “ASAN xidmət” mərkəzlərində veriləcək.
“Prezident İlham Əliyev, həmçinin “Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında” Fərman imzalayıb. Bəhs olunan Fərman respublikamızda gömrük-keçid qaydalarının sadələşdirilməsinə, daxili bazarda rəqabət mühitinin artmasına, vətəndaşların mənafelərinin qorunmasına etibarlı hüquqi təminat yaradan və böyük sosial-iqtisadi mahiyyət kəsb edən sənəddir”, - deyə E.İbrahimov vurğulayıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07

