Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Terrorizm hazırda insanlığı narahat edən əsas bəlaya çevrilib

Terrorizm hazırda insanlığı narahat edən əsas bəlaya çevrilib

18.11.2015 [10:15]

Əli Əhmədov: Bütün ölkələr və xalqlar formasından, ideologiyasından, motivlərindən və yerlərindən asılı olmayaraq terrorizmin kökünü kəsmək üçün birləşmək zorundadır
Müasir dövrdə bəşəriyyəti narahat edən başlıca problemlərdən biri, bəlkə də birincisi beynəlxalq terrorizmdir. Xüsusilə son vaxtlar daha aktiv fazaya qədəm qoyan beynəlxalq terrorçuluq öz növbəsində etibarlı təhlükəsizlik mühitinin formalaşdırılmasının aktual məsələ kimi meydana çıxmasına yol açıb.
Ümumiyyətlə, qloballaşma şəraitində əməkdaşlıq, rəqabət və inteqrasiya proseslərinin sürətlənməsi regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasını zəruri edir ki, burada da milli dövlətlərin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Çünki beynəlxalq münasibətlərin inkişaf dinamikasından asılı olaraq bəşəriyyətin təhlükəsizliyi ilə bağlı mövcud təhdidlər, xüsusilə də beynəlxalq terrorçuluq hər zaman öz aktuallığını qoruyub saxlamaqdadır. Və bu kontekstdə bir neçə gün öncə Fransanın paytaxtı Parisdə baş vermiş silahlı hücum - terror aktı deyilənləri bir daha təsdiqlədi.
Məlumat üçün bildirək ki, sözügedən terror aktı dünya ictimaiyyəti tərəfindən narazılıq və narahatlıqla qarşılanıb. Başvermə səbəbləri və motivlərindən asılı olmayaraq, terror aktı bəşəriyyətə qarşı cinayət əməli kimi qiymətləndirilib. Eyni zamanda, dəfələrlə erməni terroruna məruz qalmış Azərbaycan xalqı da bu hadisəni qətiyyətlə pisləyərək yolverilməz hal kimi dəyərləndirib. Xəbər verildliyi kimi, məlum terror hadisəsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa Respublikasının Prezidenti Fransua Ollanda başsağlığı məktubu ünvanlayıb. Məktubda deyilir: “Hörmətli cənab Prezident, Paris şəhərində törədilmiş amansız terror aktları nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca sarsıtdı.
Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir, onun bütün təzahürlərinə qarşı mübarizəni hər cür dəstəkləyirik.
Bu ağır anlarda biz Fransa xalqı ilə, Sizinləyik.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.
Eyni zamanda, ölkə ictimaiyyəti, müxtəlif qurumların nümayəndələri də baş verənlərlə bağlı Fransa dövlətinə və xalqına başsağlığı ünvanlayıblar. Öz növbəsində Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov Fransanın paytaxtı Paris şəhərində törədilmiş qanlı terror hadisələrini şərh edərkən bildirib ki, “Yeni Azərbaycan Partiyası Fransada baş verən qanlı terror hadisəsini hiddətlə pisləyir”.
“Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, terrorizm hazırda insanlığı narahat edən əsas bəlaya çevrilib”, - deyə qeyd edən Əli Əhmədov vurğulayıb ki, günahsız insanları qurban seçən terrorizmə və terrorçulara haqq qazandırmaq mümkün deyil.
Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi deyib ki, bütün ölkələr və xalqlar formasından, ideologiyasından, motivlərindən və yerlərindən asılı olmayaraq terrorizmin kökünü kəsmək üçün birləşmək zorundadır: “Bunun alternativi insanları real ölümlə üz-üzə qoymaqdır. Ölkələr hər hansı istisnalara yol vermədən qlobal bəlaya çevrilmiş terrorizmdən tezliklə xilas olunmalıdır.
Parisdə törədilmiş terror hadisəsinin qurbanlarına Allahdan rəhmət diləyir, onların ailələrinə, yaxınlarına, bütün Fransa xalqına başsağlığı veririk”.
Beləliklə, Azərbaycanın Fransada baş vermiş terror aktını qətiyyətlə pisləməsi bu məsələdə ölkəmizin dünya ictimaiyyəti ilə birgə hərəkət etdiyini bir daha göstərir.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 667 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31