Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan gəncliyi milli ruhda tərbiyə almalı, peşəkar mütəxəssis kimi yetişməlidir

Azərbaycan gəncliyi milli ruhda tərbiyə almalı, peşəkar mütəxəssis kimi yetişməlidir

04.02.2016 [10:14]

Prezident İlham Əliyev: Biz çalışmalıyıq, gənclərimiz, xüsusilə gənc mütəxəssislərimiz bütün beynəlxalq təşkilatlarda təmsil olunsunlar, beynəlxalq məmur statusuna malik olsunlar və orada çalışsınlar
Son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün lazımi şərait və təminatların yaradılmasını sürətləndirib. Məhz bunun nəticəsidir ki, Azərbaycan gəncləri ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar.
Gənclərimizin milli dəyərlərə bağlılığı onları bəzi xarici dairələrin təsirinə düşməkdən qoruyur
Azərbaycanda yürüdülən gənclər siyasətinin əsasında gənc nəslin milli ruhda tərbiyələndirilməsi dayanır. Milli dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi üçün gənc nəslin üzərinə böyük məsuliyyət düşür. Qloballaşma dövrü sayılan XXI əsrdə xalqımızın milli dəyərlərinin qorunması, onların tanıdılması yönümündə mühüm işlər aparılır.
Bununla belə, bəzən bir sıra xarici dairələrin gəncləri öz təsirləri altına almaq cəhdləri də müşahidə olunur. Multikultural dəyərlərə, rasional düşüncəyə malik Azərbaycan gəncliyi bu kimi hallardan məhz milli dəyərlərə bağlılığı ilə sığortalanır. Vətənə, dövlətə, xalqa bağlılıq gənclərin xaricdən idarə olunan zərərli ideologiyaların təsiri altına düşməsinin qarşısını alır. Yanvarın 29-da Azərbaycan Gənclərinin I Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündə bu məsələyə toxunan Prezident İlham Əliyev bildirib ki, Azərbaycan xalqı milli dəyərlərini hələ sovet dönəmində belə qoruyub saxlamağa nail olub: “Gənclər gərək milli ruhda tərbiyə alsınlar. Biz milli dəyərlərimizi hər şeydən üstün tutmalıyıq. Hətta sovet dövründə dilimizi, adət-ənələrimizi, bayramlarımızı qorumuşuq... İndi başqa risklər, başqa çağırışlar var - qloballaşma, digər kənar təsirlər. Bəzi xarici dairələr gənclər arasında iş aparırlar və aydındır ki, bunun məqsədi nədir. Məqsəd özləri üçün dayaq yaratmaqdır. O dayaq ki, nə vaxtsa işə salına bilər. Amma gənclər milli ruhda böyüyəndə əlbəttə ki, xarici təsirin heç bir əhəmiyyəti olmayacaq”.
Gələcək nəsil də dövlətçilik, milli maraqlar, azərbaycançılıq, ləyaqət və güclü dövlət amalları ilə yaşamalıdır
Dünyanın multikulturalizm mərkəzi sayılan, tolerantlıq nümunəsi kimi göstərilən Azərbaycanda birlik, həmrəylik mühiti hökm sürür. Əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan milli birlik siyasəti, azərbaycançılıq ideologiyası dilindən, dinindən və milli kimliyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşında öz dövlətinə bağlılıq hisslərini aşılayır. Hər bir Azərbaycan vətəndaşı bu dövlətin bir parçası olduğunu dərk edir və ölkəmizin inkişafı prosesində özünəməxsus şəkildə iştirak edir, bu işə töhfə verir. Gənclərə göstərilən diqqət və qayğının kökündə həm də gələcəkdə ölkəsinin inkişafı uğrunda mübarizə aparan, dövlətçilik, azərbaycançılıq kimi ülvi amallarla yaşayan gənc nəslin yetişməsi arzusu dayanır.
Prezident İlham Əliyev gənclərlə görüşdə bu məsələyə də toxunaraq bildirib ki, Azərbaycan iqtidarı milli dəyərlərimizi qoruyaraq onun davamlılığını təmin edir: “Vətənpərvərliyi, milli dəyərləri, ənənələri qorumalıyıq və biz qoruyuruq. Əsas budur. Bugünkü Azərbaycan iqtidarı bu sahəyə çox böyük diqqət göstərir. Elə etməliyik ki, bu, davamlı olsun. Bizdən sonra hakimiyyətə gələn nəsil də bu amalla yaşasın - dövlətçilik, milli maraqlar, azərbaycançılıq, ləyaqət və güclü dövlət”.
Azərbaycan gəncliyi beynəlxalq aləmdə yüksək fəaliyyəti ilə seçilməlidir
Dövlət başçısı tərəfindən ölkədə həyata keçirilən gənclər siyasətinin məqsədi həm də gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafının, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakının təmin edilməsidir. Bu gün Azərbaycan dövlətinin beynəlxalq arenalarda daha da yüksək səviyyədə təmsil olunması üçün yeni innovativ gənc nəslin yetişdirilməsi mühüm əhəmiyyətə malikdir. Dövlət başçısı tərəfindən gerçəkləşdirilən siyasət ən müxtəlif sahələri əhatə etməklə geniş spektrlidir və gənclərin beynəlxalq aləmdə ölkəmizin təmsilçiliyini həyata keçirməsi kimi mühüm faktoru özündə ehtiva edir. Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində Azərbaycan gənci dünyanın aparıcı beynəlxalq təşkilatlarında mühüm statuslara yiyələnir, gənclər təşkilatları beynəlxalq aləmdə öz fəaliyyəti ilə seçilir.
Prezident İlham Əliyev gənclərlə görüşündəki çıxışında bildirib ki, Azərbaycan gəncliyinin beynəlxalq aləmə çıxışı daha da yüksək səviyyədə olmalıdır: “Azərbaycanı dünyada daha da geniş şəkildə təmsil etmək üçün, eyni zamanda, kadrların təcrübə toplamaları baxımından da beynəlxalq təşkilatlarda əlbəttə ki, bizim olmağımız çox önəmlidir... Biz çalışmalıyıq, gənclərimiz, xüsusilə gənc mütəxəssislərimiz bütün beynəlxalq təşkilatlarda təmsil olunsunlar, beynəlxalq məmur statusuna malik olsunlar və orada çalışsınlar. Onlar azərbaycanlıdırlar. Onlar həmişə öz dövlətinə xidmət edəcəklər, eyni zamanda, gözəl təcrübə toplayaraq Vətənə qayıdandan sonra burada daha fəal işlərlə məşğul olacaqlar”.
Gənc sahibkarların inkişafı üçün münbit zəmin yaradılıb
Məlum olduğu kimi, 2016-cı il iqtisadi baxımdan ölkəmizin tarixində yeni mərhələnin başlanğıcı sayılır. Qeyri-neft sektorunun inkişaf etdirilməsi, kiçik və orta sahibkarlığın stimullaşdırılması yönündə atılan addımlar Azərbaycan iqtisadiyyatının neftdən asılılığının tam aradan qaldırılmasını təmin edəcək. Prezidentin müvafiq göstərişi ilə ölkəmizdə geniş özəlləşdirmə proqramı da nəzərdə tutulub ki, bu da sahibkarlığın təşviqində əsaslı dönüş nöqtəsi sayıla bilər. Atılan addımlar isə sahibkarlığın inkişafı ilə yanaşı, gənc nəslin də bu sahəyə marağının artmasına şərait yaradır. Hətta bu gün gənc sahibkarların müəyyən struktur çərçivəsində birləşməsi təklifləri də səslənir ki, ölkə Prezidentinin gənclərlə görüşündə bu təkliflər yüksək dəyərləndirilib: “Ölkəmizin gələcəyi sahibkarlığın inkişafından asılı olacaqdır. Xüsusilə indi geniş özəlləşdirmə proqramı nəzərdə tutulur. Dövlət ancaq strateji aktivləri öz inhisarında saxlayacaqdır. Bu, ona görə lazımdır ki, dövlətin strateji aktivləri dövlətin nəzarətində olsun. Ancaq geniş özəlləşdirmə sahibkarlığın inkişafına yeni təkan verəcək”.
İnnovasiyalarla bağlı olan sahələr gənclər üçün daha cəlbedicidir
Son illərdə yüksək texnologiyaların tətbiqi, innovativ sahələrin daha da təkmilləşdirilməsi istiqamətində aparılan iş ölkəmizdə bu sahənin inkişafına xüsusi təsir göstərib. Azərbaycanın bu yöndə əldə etdiyi nailiyyətlər olduqca yüksəkdir. Peykimizin orbitə çıxması, eləcə də yeni texnoloji biliklərə yiyələnmiş savadlı kadr potensialının artımı innovativ sahələrin gələcəkdə daha yüksək inkişafından xəbər verir. Azərbaycan gəncliyinin bu sahəyə marağı da böyükdür. İnformasiya texnologiyaları üzrə mütəxəssislərin yetişməsi bu sahənin həm də investisiya baxımından cəlbediciliyini artırır. Ölkə başçısı gənclərlə görüşdə bu məsələyə də toxunaraq bildirib ki, intellektual məhsulların istehsalı prosesi də yüksək sürətlə aparılmalıdır: “Gənclər daha çox yəqin ki, innovasiyalarla bağlı olan sahələrə investisiya cəlb edə bilərlər. Hesab edirəm ki, burada daha çox intellektual sahə, investisiyalar, texnologiya transferti mühüm rol oynayacaq. Çünki sahibkarlığın inkişafı müxtəlif istiqamətlərdən ibarətdir. Əlbəttə, biz hesab edirik ki, ilk növbədə, kənd təsərrüfatı, emal sənayesi, yüngül sənaye, ümumiyyətlə, sənayenin inkişafı daha da sürətlə getməlidir. Eyni zamanda, intellektual məhsulların istehsalı, investisiyaların cəlb edilməsi”.
Yerli gənc mütəxəssislər məsuliyyətli vəzifələrə hazır olmalıdırlar
Qeyd etmək lazımdır ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının uğurlu icrası, eləcə də ötən illər ərzində Azərbaycan gəncliyinin inkişafına xidmət edən digər Dövlət proqramlarının qəbul edilməsi gənclərin yeni dövrün tələblərinə uyğun şəkildə savad almasında müstəsna rol oynayıb. Eləcə də 2012-ci ildə Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyasında gənclərin potensialının yüksəldilməsi ayrıca nəzərdə tutulub. Xarici ali təhsil müəssisələrində təhsil almaq imkanı qazanan gənclərimiz yeni dövrə uyğun ixtisaslar üzrə savadlı kadr kimi ölkəmizə qayıdır, fəaliyyət göstərirlər. Bu gün bir sıra mühüm sahələrin - innovasiya, eləcə də turizm və digər sahələrin inkişaf etdirilməsi üçün mühüm yerli kadr potensialı yetişib ki, onlar gələcəkdə iri layihələrin, müəssisələrin idarə edilməsində iştirak edəcəklər. Azərbaycan dövlətinin gənc nəslin yetişdirilməsi yönündə apardığı strategiya 5-10 il ərzində bütün şirkətlərimizin başında Azərbaycan vətəndaşlarının dayanacağını deməyə əsas verir.
Gənclərlə görüşündə bu məqama toxunan Prezident İlham Əliyev də bildirib ki, Azərbaycan menecerləri mühüm işlərə rəhbərlik etmək vəzifələrini öz üzərlərinə götürməyi bacarmalıdırlar: “Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır. Xarici mütəxəssislər də burada olmalıdırlar, işləməlidirlər. Ancaq hesab edirəm vaxt tez gəlməlidir ki, Azərbaycan menecerləri bu işi öz öhdələrinə götürsünlər”.
Peşə təhsili ümumi iqtisadi inkişafımızla uzlaşmalıdır
Vurğulamaq lazımdır ki, orta və ali təhsil pillələri ilə yanaşı ölkəmizdə peşə təhsilinin də inkişafı hər zaman diqqət mərkəzindədir. Belə ki, 2007-2012-ci illəri əhatə edən “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişaf konsepsiyası” məhz peşə təhsilinin əsaslı şəkildə inkişaf etdirilməsinə xidmət göstərib. Qeyd edək ki, Konsepsiyada respublikada texniki-peşə təhsilinin inkişaf mərhələləri, bu təhsil sisteminin məzmunu və vəzifələri, habelə gözlənilən nəticələr öz əksini tapıb. Ölkə iqtisadiyyatının ixtisaslı peşə təhsilli kadrlara olan tələbatının ödənilməsində texniki-peşə təhsili müəssisələrinin fəaliyyətini bu vəzifələrin icrasına yönəldilməsində isə bu bazanın əsaslı rolu olub. Konsepsiyanın icrası bu yöndə olan kadr çatışmazlığının aradan qaldırılmasına əhəmiyyətli zəmin yaradıb. Bununla belə, peşə təhsilinin daha geniş vüsət alması üçün müəyyən işlərin görülməsi də vacibdir.
Bu məsələyə toxunan Prezident İlham Əliyev də bildirib ki, peşə təhsili elə qurulmalıdır ki, ümumi iqtisadi inkişafımızla uzlaşsın: “Artıq həm Təhsil Nazirliyinə, həm İqtisadiyyat Nazirliyinə müvafiq göstərişlər verilmişdir ki, peşə təhsili Azərbaycanda geniş vüsət almalıdır. Çünki bu gün bizə daha çox mühəndis, müxtəlif peşə sahibləri lazımdır. Peşə təhsili elə qurulmalıdır ki, ümumi iqtisadi inkişafımızla uzlaşsın. Çünki biz iqtisadi inkişafımızı, o cümlədən sənaye inkişafımızı planlaşdırırıq”.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 603 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31