Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Naxçıvanda sahibkarlarla işgüzar görüş keçirilib

Naxçıvanda sahibkarlarla işgüzar görüş keçirilib

11.02.2016 [09:57]

Fevralın 10-da Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüşü olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: “Bu gün ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında sabitlik yaradılıb, iqtisadiyyat şaxələndirilib, biznes mühiti təkmilləşdirilib, sahibkarlığın inkişafı ilə bağlı əsaslı tədbirlər həyata keçirilib və bu gün də bu istiqamətdə tədbirlər davam etdirilir. Cari il yanvarın 26-da “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələr bir daha təsdiq etdi ki, sahibkarlığın inkişafı, özəl bölmədə məhsul istehsalının həcminin artırılması bundan sonra da diqqət mərkəzində saxlanılacaqdır”.
Ali Məclisin Sədri deyib ki, muxtar respublikada da özəl sektorun inkişafı diqqət mərkəzindədir: “Sahibkarlıq fəaliyyəti üçün geniş imkanlar yaradılıb. Təkcə 2015-ci il ərzində muxtar respublikada fəaliyyət göstərən bank və kredit təşkilatları tərəfindən sahibkarlığın inkişafına 38 milyon manatdan çox vəsait yönəldilib. Bunun 11 milyon 289 min manatı Sahibkarlığa Kömək Fondunun xətti ilə güzəştli şərtlərlə dövlət maliyyə dəstəyi kimi verilən kreditlərdir. Bütün bunlar sahibkarlığın inkişafına öz təsirini göstərmiş, ümumi daxili məhsulda özəl bölmənin xüsusi çəkisi artaraq 87 faiz olmuşdur. Qəbul olunmuş dövlət proqramlarının icrası da sahibkarlığın inkişafına öz töhfəsini vermişdir. Sahibkarlar tərəfindən yeni istehsal sahələri, iş yerləri yaradılmış, məşğulluq təmin olunmuşdur. Yeni istehsal və emal sahələrinin sayının artması nəticəsində bu gün muxtar respublikada 361 növdə məhsul istehsal olunur. Əhalinin 107-si ərzaq, 236-sı qeyri-ərzaq olmaqla 343 növdə məhsula olan tələbatı tamamilə yerli istehsal hesabına ödənilir. Qeyd olunanlar iqtisadi sahədə son illər qazanılmış nailiyyətləri əks etdirən mühüm göstəricilərdir. Lakin ölkə Prezidentinin də qeyd etdiyi kimi, “Yeni dövr yeni vəziyyət, yeni yanaşmalar tələb edir. Ona görə də indiki şəraitdə sahibkarlıq daha da genişləndirilməli, sahibkarlara daha yaxşı şərait yaradılmalı, yerli istehsalı sürətləndirmək üçün əlavə tədbirlər görülməlidir”.
Çıxışda o da qeyd olunub ki, sahibkarlar və iş adamları üçün əlverişli biznes mühitinin yaradılması məqsədilə mütəmadi olaraq vergi sistemində mütərəqqi islahatlar aparılır, məhsul istehsalçıları, xüsusilə aqrar sektorda çalışanlar üçün vergi güzəştləri tətbiq olunur.
Ali Məclisin Sədri, eyni zamanda, ərzaq təhlükəsizliyinin təmin olunmasında kənd təsərrüfatının rolunun əvəzsiz olduğunu vurğulayıb, bu sektorun inkişafı üçün dövlət tərəfindən bir sıra stimullaşdırıcı tədbirlərin həyata keçirildiyini bildirib.
Ali Məclisin Sədri deyib ki, dövlət orqanları tərəfindən mal-materiallar alınarkən israfçılığa, izafi xərclərə yol verilməməli, əsasən yerli məhsullardan istifadə bir vətəndaş münasibəti formasını almalıdır. Bildirilib ki, yerli məhsullara üstünlük verilməsi öz növbəsində yerli istehsalın inkişafını dəstəkləməklə yanaşı, xərclərin azaldılmasına, məşğulluğun artırılmasına xidmət edəcək.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov çıxış edib.
Daha sonra “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Teymur Rzayev, Şərur rayonundakı Cəlilkənddə fəaliyyət göstərən çörək istehsalı sahəsinin sahibkarı Rüxsarə Ağayeva, Babək rayonu Nehrəm kəndində fəaliyyət göstərən fiziki şəxs Rafiq Əliyev çıxış edərək sahibkarlara yaradılan şəraitə görə minnətdarlıq edib, muxtar respublikanın inkişafı və tərəqqisi naminə bundan sonra da əzmlə çalışacaqlarını, göstərilən etimadı doğruldacaqlarını bildiriblər.
Ali Məclisin Sədri 2016-cı ildə muxtar respublikada ixrac potensiallı müəssisələrin sayının artırılmasının vacibliyini bildirib, əl işlərinin və ixracyönümlü məhsulların internet kataloqunun hazırlanması, satışı və təşviqi, o cümlədən daxili bazarın təhlil olunması, qapalı müəssisələrin və xidmət sahələrinin tələbatının yerli istehsal hesabına ödənilməsi barədə tapşırıqlar verib, keyfiyyətli və ixrac potensiallı məhsullar istehsal edən sahibkarlara təşəkkür edib.
Sonra Ali Məclisin Sədri yeni istehsal və xidmət sahələrinin yaradılması üçün 7 sahibkara güzəştli kreditlərin çeklərini təqdim edib. Bu kreditlər avtomobil şinlərinin yenidən emalı sahəsinin, quşçuluq, maldarlıq və heyvandarlıq təsərrüfatlarının yaradılmasına, dəri emalı sahəsinin fəaliyyətinin genişləndirilməsinə sərf olunacaq.
Tədbirdə 2015-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafından bəhs edən film nümayiş olunub.
Sonda Ali Məclisin Sədri Naxçıvan Biznes Mərkəzinin sərgi salonunda muxtar respublikada istehsal olunan məhsullardan ibarət sərgiyə baxıb.
Sərgi salonunda 97 müəssisənin 136 növdə və 916 çeşiddə məhsulu, müxtəlif sənətkarlar tərəfindən hazırlanan əl işləri və rəsm əsərləri nümayiş olunub. Həmçinin burada Naxçıvan Muxtar Respublikasının istehsal müəssisələrinin xəritəsi qoyulub. Bildirilib ki, muxtar respublikada dövlət maliyyə dəstəyi və sahibkarların şəxsi vəsaiti hesabına ötən il 63 istehsal və xidmət sahəsi yaradılıb. Hazırda muxtar respublikada kənd təsərrüfatı, metallurgiya, kimya, qida və emal sənayesi sahələri üzrə 24 istehsal, eləcə də 7 xidmət sahəsinin yaradılması istiqamətində işlər davam etdirilir.
Naxçıvan Avtomobil Zavodunda istehsal olunan avtomobillərə baxış zamanı bildirilib ki, zavodda tələbata uyğun, eləcə də sifariş əsasında 12 modeldə avtomobil istehsal olunur. Müasir təchizatı, dizaynı və interyeri ilə seçilən, avtomatik və mexaniki sürət qutusu ilə təchiz olunan minik avtomobilləri AVRO-5 standartlarına cavab verir. Bu da yerli tələbatı ödəməklə yanaşı, həm də ixrac potensialı yaradır. Rahat və keyfiyyətli olması, sərfəli kredit və münasib qiymətlərlə təklif edilməsi, eyni zamanda, ehtiyat hissələrinin satışının həyata keçirilməsi alıcıların bu avtomobillərə üstünlük verməsinin əsas səbəblərindəndir. Gələcəkdə müəssisədə tələbata uyğun olaraq yeni modellərin yığılmasına da başlanılacaq.
Ali Məclisin Sədri zavodda keyfiyyət amilinə ciddi diqqət yetirilməsi və avtomobillərin ehtiyat hissələrinin istehsalına başlanılması barədə tapşırıq verib.

Paylaş:
Baxılıb: 695 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31