Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan gələcəyə əmin addımlarla irəliləyir

Azərbaycan gələcəyə əmin addımlarla irəliləyir

23.02.2016 [09:45]

Prezident İlham Əliyev: 2016-cı il Azərbaycanda sosial-iqtisadi inkişaf baxımından uğurlu il olacaqdır

Sirr deyil ki, son 12 ildə dünya miqyasında ən sürətli inkişaf tempinə malik olan Azərbaycanda həyata keçirilən davamlı islahatlar sayəsində bütün sahələrin paralel tərəqqisi təmin edilib. Milli inkişafın Azərbaycan modelinin formalaşdırılması və səmərəli iqtisadi siyasət sayəsində hədəflənən nəticələrin əldə olunması, sosial-iqtisadi islahatların mütəmadi qaydada həyata keçirilməsi, həmçinin digər bu kimi tədbirlər Azərbaycanın dinamik inkişafını təmin etməklə yanaşı, perspektiv tərəqqinin əsaslarını formalaşdırıb.
Azərbaycan iqtisadiyyatının inkişafı keyfiyyətcə yeni mərhələdə...
Ümumiyyətlə, bu gün Azərbaycanın dinamik iqtisadi inkişafı, o cümlədən həyata keçirilən iqtisadi siyasət və formalaşdırılmış iqtisadi inkişaf modeli inkişaf etməkdə olan ölkələr üçün nümunə kimi xarakterizə edilir. Həyata keçirilən davamlı islahatlar isə müəyyən olunmuş hədəflərə çatmaq üçün strateji zəmin formalaşdırır.
Şübhəsiz, yeni mərhələdə iqtisadi sektorda ardıcıl islahatların davam etdirilməsi müəyyən olunmuş hədəflərə çatmağa imkan verəcək. Əlbəttə, ötən dövr ərzində qeyri-neft sektorunun inkişaf etdirilməsi, paytaxtda və regionlarda sosial və iqtisadi infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün tam şərait yaradır. Bu da, öz növbəsində, Azərbaycan Prezidentinin praqmatik və uzaqgörən siyasət yürütdüyünü təsdiq edir. 2004-cü ildən etibarən iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsi və müasir cəmiyyət quruculuğuna dair mühüm qərarların qəbul olunması, həmçinin ötən 12 il ərzində müxtəlif istiqamətlər üzrə zəruri tədbirlər həyata keçirilməsi hazırkı dövrdə effektiv iqtisadi-maliyyə və sosial siyasətin yürüdülməsinə etibarlı zəmin yaradır.
Bunlarla yanaşı, yeni iqtisadi kursun fonunda sahibkarlığın inkişafına davamlı dəstək verilməsi, Azərbaycanın iş adamlarının, ilk növbədə, ölkəmizə sərmayə qoymalarının stimullaşdırılması və təmin olunması, daxili bazarda istehsal məhsullarının qiymətlərinin təbii yolla tənzimlənməsi üçün tədbirlər görülməsi, bank sektorunun tənzimlənməsi prosesinin başa çatdırılması, bu sektorun qeyri-neft iqtisadiyyatına xüsusi diqqət göstərməsi, iqtisadi fəallığın artırılması, geniş özəlləşdirmə proqramının hazırlanması və həyata keçirilməsi, həm xarici, həm yerli investorların bu işə cəlb edilməsi və bu kimi qarşıda duran digər vəzifələri xüsusi qeyd etmək lazımdır.
Cari ildə də Azərbaycanda dayanıqlı iqtisadi inkişaf təmin ediləcək
Ekspertlərin də qənaəti budur ki, ayrı-ayrı sahələrdə həyata keçirilən tədbirlər nəticəsində 2016-cı ildə də Azərbaycanda dayanıqlı iqtisadi inkişaf təmin ediləcək. Həyata keçirilən yeni iqtisadi siyasətin nəticəsində Azərbaycanda iqtisadi islahatlar dərinləşəcək, iqtisadi və maliyyə sistemi sabitləşəcək və şəffaflaşacaq, bank sektoru mövcud durumdan çıxacaq və onun davamlı inkişafı təmin ediləcək, milli valyutaya etimad bərpa olunacaq, biznes mühiti daha da yaxşılaşacaq və işgüzar sferada fəallaşma baş verəcək, bütün bürokratik əngəllər maksimum aradan qaldırılacaq. Eləcə də iş adamlarına daha yaxşı şərait yaradılacaq, dövlət idarəçilik sistemi daha da təkmilləşəcək və onun səmərəliliyi artacaq, əhalinin sosial rifahı yüksələcək.
Ölkəmizdə, eyni zamanda, qarşıdakı dönəmdə struktur islahatları və neqativ hallara qarşı mübarizənin gücləndirilməsi də diqqət mərkəzindədir. Ekspertlər dövlət idarəçiliyi sahəsində həyata keçirilən struktur islahatlarını neqativ hallara, o cümlədən korrupsiyaya qarşı mübarizə çərçivəsində təqdir edirlər. Bu addımlar, bir tərəfdən, izafi xərclərin qarşısını alacaq, digər tərəfdən də, dövlət idarəçiliyi sisteminin çevikliyini, səmərəliliyini artıracaq.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 16-da Tovuz rayonuna səfəri çərçivəsində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bu məsələlərə toxunaraq deyib: “Əminəm ki, 2016-cı il Azərbaycanda sosial-iqtisadi inkişaf baxımından uğurlu il olacaqdır. Dünya iqtisadiyyatı böhran içindədir, böhran davam edir. Bu ilin əvvəlində iştirak etdiyim beynəlxalq iqtisadi və təhlükəsizlik forumlarında mənim əldə etdiyim nəticə ondan ibarətdir ki, bu böhranın hələ sonu görünmür. Bölgəmizdə iqtisadi böhran, bəzi hallarda hərbi və siyasi böhran yaşanır. Azərbaycan isə sabitlik məkanıdır, inkişaf ölkəsidir. Baxmayaraq ki, gəlirlərimiz əhəmiyyətli dərəcədə azalıb, ancaq biz daha da səmərəli işləməliyik. Əminəm ki, biz xüsusilə aqrar, emal, sənaye sektorlarının inkişafı hesabına iqtisadi yüksəlişə nail olacağıq. Əminəm ki, 2016-cı il ölkəmiz üçün uğurlu olacaq. Büdcəyə dəyişiklik olunacaq və biz neftin qiymətinin minimum səviyyəsi - 25 dollar səviyyəsi ilə lazım olan bütün sosial və investisiya layihələrini icra edəcəyik”.
Regionların tarazlı inkişafı ümuminkişaf prosesinə mühüm töhfədir
Başlıca məqam budur ki, yeni iqtisadi inkişaf kursu fonunda regionların sosial-iqtisadi inkişafının davamlılığının təmin edilməsi də xüsusi diqqət mərkəzindədir. Azərbaycanın sürətli sosial-iqtisadi inkişaf dinamikasında regionların payı ilbəil artır. Bu da, ilk növbədə, bölgələrin ənənələri, inkişaf perspektivləri, əmək resursları və digər cəhətlər nəzərə alınmaqla qəbul edilən məqsədli Dövlət proqramları nəticəsində mümkün olur. Vurğulamaq gərəkdir ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları bölgələrin tarazlı inkişafını şərtləndirir. Belə ki, Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, kommunal infrastruktur daha da yaxşılaşdırılıb, rabitə və digər xidmətlərin səviyyəsi yüksəlib, çoxsaylı sənaye, kənd təsərrüfatı, xidmət, ticarət müəssisəsi fəaliyyətə başlayıb.
Tərəddüdsüz qeyd etmək olar ki, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı konseptual əsaslara söykənir. Dövlət başçısı İlham Əliyev 2003-cü ildə vəzifəsinin icrasına başlayarkən regionların sosial-iqtisadi inkişafını Özünün fəaliyyətinin əsas istiqamətlərindən biri kimi elan etmişdi. Bu hədəfə çatmaq üçün ötən müddət ərzində regionların sosial-iqtisadi inkişafına dair 3 Dövlət Proqramı hazırlanıb və 2-si artıq uğurla həyata keçirilib. Hazırda isə üçüncü Dövlət Proqramı icra edilir. 2004-cü il fevralın 11-də təsdiqlənmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı bölgələri dirçəldən mühüm ilkin konsepsiya adlandırmaq olar. 2004-2008-ci illəri əhatə edən ilk proqramda qarşıya qoyulan hədəflərə vaxtından tez çatmaq mümkün olub. Regionların inkişafına dair birinci Dövlət Proqramının uğurla həyata keçirilməsinin ardınca 2009-cu il aprelin 14-də “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqləndi. Həmin proqramda qarşıya qoyulan vəzifələr də uğurla yerinə yetirildi. Nəticədə, yerlərdə istehsal və emal potensialı gücləndirildi. Əvvəlki illərdə yaradılan baza və qazanılan təcrübə 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının qəbul edilməsi üçün möhkəm əsas oldu. Hazırda yeni Dövlət Proqramı da böyük müvəffəqiyyətlə yerinə yetirilir.
Konseptual əsaslara söykənən inkişaf dinamikası davamlı xarakter daşıyır
Ümumiyyətlə, regionların inkişafı ilə bağlı 2004-cü ildən başlayaraq həyata keçirilən təsirli və kompleks tədbirlərin icrasının mövcud tendensiyası, qazanılmış misilsiz nailiyyətlər tam əsasla bir real tezisi meydana çıxarır: ötən müddət ərzində Azərbaycan iqtisadi, sosial, siyasi, ictimai, humanitar, elmi-mədəni cəhətdən əsaslı dönüşə nail olan modern dövlətə çevrilib. Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları respublikamızın dinamik inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının yaxşılaşması, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynayıb. İstehsal müəssisələrinin fəaliyyətinin bərpası və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, aqrar sektorda intensiv metodlardan istifadə, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə dəstək məqsədilə müxtəlif servis mərkəzlərinin, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması və digər kompleks tədbirlərin görülməsi nəticəsində regionların sosial-iqtisadi inkişafında dönüş yaranıb. Şübhəsiz, regionların inkişafı bütövlükdə respublikanın ümuminkişaf göstəricilərinə təsir edən mühüm faktordur.
O da qeyd edilməlidir ki, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etməklə yanaşı, işsizliyin aradan qaldırılması prosesinə əhəmiyyətli zəmin yaradıb. Regionların sosial-iqtisadi inkişafını əsaslandıran Dövlət proqramlarının ən mühüm tədbirlərindən biri yoxsulluğun azalmasına yönəlib. Yoxsulluğa qarşı mübarizənin vacib şərtlərindən birini bölgələrdə yaşayış şəraitini yaxşılaşdırmaq və çoxlu sayda yeni iş yerləri yaratmaq təşkil edir. Bölgələrdə yeni iş yerlərinin açılması və işsizlik probleminin, demək olar ki, həlli ölkəmizdə yoxsulluğun aradan qaldırılmasına əhəmiyyətli təsir edib.
Buna paralel olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına təkan verən addımlarından biri də sahibkarlara güzəştli kreditlərin ayrılmasıdır. Dövlət başçısının müvafiq göstərişlərindən sonra respublikada iri, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi, sahibkarlara güzəştli kreditlərlə maliyyə dəstəyinin verilməsi, müasir texnologiyalara əsaslanan istehsal və emal sahələrinin inkişafını stimullaşdıran infrastruktur layihələrinin maliyyələşdirilməsi, yüksəkkeyfiyyətli, idxalı əvəz edən, rəqabətədavamlı, ixrac qabiliyyətli məhsullar istehsalının stimullaşdırılması istiqamətində işlər görülüb. Xüsusən bölgələrdə kiçik sahibkarlığın inkişafı iqtisadiyyatın qeyri-neft sahəsində yeni iş yerlərinin açılmasına imkan yaradıb.
Nəticə etibarilə, ölkəmizin ümumi iqtisadi, sosial inkişafını şərtləndirən əsas amillər arasında mütləq şəkildə regionların inkişafını nəzərdə tutan konkret proqram və layihələrin rolu əvəzsizdir. Bunun nəticəsidir ki, ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı sayəsində bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsinə nail olunub. Hazırda Azərbaycanın bütün rayonlarında böyük infrastruktur layihələri həyata keçirilir. İqtisadiyyatın yeni sektorlarına fəal qaydada sərmayə yatırılır.
Həmin çıxışı zamanı regionların inkişafının əsas rol oynadığını deyən Prezident İlham Əliyev diqqətə çatdırıb: “2004-cü ildə birinci regional inkişaf proqramı qəbul olunanda mən demişdim ki, ölkəmizin inkişafı qeyri-neft sektorundan asılı olmalıdır. Həmin vaxtdan bu günədək bütün bölgələrdə, o cümlədən qərb bölgəsində bir çox önəmli layihələr icra edilmişdir. Əgər biz regional inkişaf proqramlarını qəbul etməsəydik, bu gün vəziyyətimiz çox ağır ola bilərdi. Ona görə, mən əminəm ki, 2016-cı ili biz uğurla başa vurmalıyıq. Buna nail olmaq üçün bütün imkanlar var. Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik, xalq-iqtidar birliyi, düşünülmüş iqtisadi siyasət və dərinləşən islahatlar, əminəm, imkan verəcək ki, biz bu ili də uğurla başa vuraq”.
Siyasi sabitlik iqtisadi inkişafın davamlı xarakter daşımasını şərtləndirir
Davamlı iqtisadi inkişafa və ardıcıl islahatlara paralel olaraq Azərbaycan həm də sabitlik adası kimi çıxış edir, həyata keçirilən siyasət xalqın, dövlətin ali mənafeyini ifadə edir. Ümumiyyətlə, reallaşdırılan səmərəli siyasi-iqtisadi kursun fonunda bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi səciyyələndirilə bilər. Başqa sözlə, Azərbaycanın milli gücünü artıran əhəmiyyətli amillərdən biri də möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlikdir. Bu məsələdə yerli və xarici ekspertlərin ümumi rəyi odur ki, Azərbaycanda mövcud olan və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi-iqtisadi kursun milli maraqlara tam cavab verməsidir.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Gəncə şəhərinə səfəri çərçivəsində respublika ictimaiyyətinin nümayəndələri və din xadimləri ilə görüşündə bildirib ki, Azərbaycan o ölkələrdəndir ki, öz sözünü deyir, öz siyasətini aparır: “Bizim gücümüzün mənbəyi Azərbaycan xalqıdır. Əgər Azərbaycan xalqı bizim siyasətimizi dəstəkləməsə, biz müstəqil siyasət apara bilmərik. Bu gün müstəqil Azərbaycan istənilən məsələ ilə bağlı fəxr edə bilər. Həm siyasi, həm beynəlxalq nüfuzumuz artır, həm də iqtisadi inkişaf göz qabağındadır və dinlərarası, millətlərarası münasibətlər ən yüksək səviyyədə təmin olunur”.
Eyni zamanda, siyasi-hüquqi islahatların mütəmadi qaydada və prinsipiallıqla davam etdirilməsi ictimai-siyasi təhlükəsizliklə bərabər, milli təhlükəsizliyin təmin olunmasına önəmli töhfələr verməklə yanaşı, demokratik inkişafı da sürətləndirməkdədir. Təsadüfi deyil ki, Azərbaycan vətəndaşları son 12 il ərzində həyata keçirilən siyasəti dəyərləndirərkən ictimai-siyasi sabitlik amilinə xüsusi diqqət yetirirlər. Azərbaycan bu gün müasirləşən, sürətlə inkişaf edən, ictimai-siyasi sabitliyin mövcud olduğu bir ölkəyə çevrilib. Bunun nəticəsidir ki, beynəlxalq aləmin Azərbaycana diqqəti kifayət qədər artıb. Ölkəmiz çoxsaylı mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə və Azərbaycanın inkişafı olduqca yüksək qiymətləndirilməkdədir.
Bir sözlə, siyasi sabitlik iqtisadi inkişafın davamlı xarakter daşımasını şərtləndirir. Nəticə etibarilə, Azərbaycanda həyata keçirilən siyasət iqtisadi inkişaf və siyasi sabitliklə assosiasiya olunur.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 713 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31