Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisdə 2016-cı ilin dövlət büdcəsinə dəyişikliklər təsdiqlənib

Milli Məclisdə 2016-cı ilin dövlət büdcəsinə dəyişikliklər təsdiqlənib

24.02.2016 [10:06]

Parlamentin iclasında “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihəsi də qəbul olunub
Dünən Milli Məclisin növbəti iclası keçirilib. Milli Məclisin sədri Oqtay Əsədov iclasın gündəliyi haqqında məlumat verib. İclasda ilk olaraq “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə edilib. Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Azərbaycan XXI əsrin 15 ilində onilliklərə bərabər uğurlar əldə edib. Ölkəmiz son on ildə sosial-iqtisadi həyatın bütün sahələrində böyük nailiyyətlər qazanıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mühüm tədbirlər nəticəsində Azərbaycan iqtisadiyyatı öz potensialını bir neçə dəfə artırıb, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində böyük işlər görülüb. Görülmüş bütün bu işlər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Lakin son bir ildə dünyada neftin qiymətinin 4 dəfə aşağı düşməsi Azərbaycan iqtisadiyyatından da yan keçməyib. Qlobal iqtisadi proseslər Azərbaycanın iqtisadi inkişafına da təsirsiz ötüşmür. Baş verən proseslər də ölkənin valyuta daxilolmalarının kəskin azalmasına və tədiyə balansında mənfi saldonun yaranmasına səbəb olur. Dünya bazarında neftin qiymətinin dəfələrlə aşağı düşməsi, eləcə də bir çox ölkələrdə baş verən hadisələr Azərbaycan iqtisadiyyatına da bu və ya digər şəkildə təsir edir. Bununla belə, Azərbaycan hökuməti müxtəlif tədbirlər görür ki, mövcud iqtisadi çətinlikdən maksimum az itki ilə çıxsın. Belə tədbirlərdən biri də Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən 2016-cı ilin dövlət büdcəsi haqqında qanuna dəyişikliklər edilməsi barədə sənəddir.
Qanun layihəsini maliyyə naziri Samir Şərifov təqdim edib. Nazir bildirib ki, sözügedən düzəlişlər dünyada baş verən iqtisadi proseslərlə bağlıdır. Həmçinin təlatümlü vəziyyət enerji daşıyıcıları bazarında təklifin tələbi üstələməsi və iri dövlətlər tərəfindən neftə olan tələbatın xeyli azalması ilə əlaqədardır. Bu isə inkişafda olan neft ölkələri üçün mənfi amillər yaradır. Bu səbəbdən Azərbaycan iqtisadiyyatı üçün də yeni çağırışlar yaranır. Şübhəsiz ki, bu reallıqlar ölkəmizə valyuta daxilolmasının kəskin azalmasına və tədiyə balansının aşağı düşməsinə gətirib çıxarır. Bütün bu amillər dövlət büdcəsinə müəyyən düzəlişlər edilməsi zərurətini yaradır.
2016-cı il icmal büdcə üzrə əsas dəyişikliklər barədə danışan nazir bildirib ki, 2016-cı il icmal büdcənin gəlirləri 15738,6 milyon manat nəzərdə tutulur ki, bu da təsdiq edilmiş büdcəyə nisbətən 981,5 milyon manat və ya 5,9 faiz azdır. Azalma əsasən dəqiqləşdirilmiş icmal büdcəni neft gəlirlərinin hesablanması üçün bir barel xam neftin qiymətinin təsdiq edilmiş proqnozla müqayisədə 2 dəfə aşağı götürülməsi nəticəsində Dövlət Neft Fondunun gəlirlərinin 3230,3 milyon manat azalması hesabınadır.
Samir Şərifov 2016-cı il üçün dəqiqləşdirilmiş dövlət büdcəsinin gəlirlərinin strukturu və əsas mənbələri barədə də danışıb. Bildirib ki, 2016-cı il üçün dəqiqləşdirilmiş dövlət və icmal büdcələrin hesablanmaları zamanı xam neftin satış qiymətinin bir bareli üçün 25 ABŞ dolları götürülməsi müvafiq olaraq dövlət büdcəsinin gəlirlərində neft sektorundan daxilolmaların azalması ilə nəticələnib. 2016-cı il üçün dövlət büdcəsinin dəqiqləşdirilmiş gəlirləri 16822 milyon manat proqnozlaşdırılır ki, bu da 2016-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 2256 milyon manat və ya 15,5 faiz çox, 2015-ci ilin icrası ilə müqayisədə isə 334,8 milyon manat və ya 2 faiz azdır. Dövlət büdcəsinin daxilolmalarının tərkibində qeyri-neft sektoru üzrə büdcə gəlirləri 7597 milyon manat və ya 45,2 faiz nəzərdə tutulur ki, bu da 2015-ci ilin icra göstəricisi ilə müqayisədə 659,2 milyon manat və ya 4,8 faiz-bənd çoxdur.
Qeyd edilib ki, 2016-cı ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7010 milyon manat daxilolma nəzərdə tutulur. Bu da 2016-cı il üzrə təsdiq olunmuş proqnozdan 408 milyon manat və ya 6,2 faiz çox, 2015-ci ilin operativ icra göstəricisi ilə müqayisədə isə 108,3 milyon manat və ya 1,5 faiz azdır.
İclasda çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov diqqətə çatdırıb ki, müəyyən sosial tədbirlərin maliyyə təminatı üçün dəqiqləşdirilmiş dövlət büdcəsinin xərclərində əlavə olaraq 1290 milyon manat vəsait nəzərdə tutulub ki, bununla da dövlət büdcəsində sosialyönümlü xərclərin xüsusi çəkisi 1,7 faiz-bənd artaraq 37,8 faiz təşkil edəcək. O qeyd edib ki, Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən dəqiqləşdirilmiş daxilolmaların proqnozu 1810 milyon manat təşkil edir ki, bu da təsdiq edilmiş proqnozla müqayisədə 220 milyon manat çoxdur. Digər gəlirlər üzrə daxilolmalar isə 75 milyon manat proqnozlaşdırılır. Bu da 2016-cı ilin təsdiq edilmiş proqnozuna nisbətən 13 milyon manat və ya 21 faiz çoxdur. Artıma səbəb ötən illərdə xarici valyutada verilmiş kreditlər üzrə daxilolmaların manatın yeni məzənnəsi ilə hesablanmasıdır.
Müzakirələr zamanı çıxış edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, dəqiqləşdirilmiş dövlət büdcəsi göstəricilərinin təhlili onu deməyə əsas verir ki, hökumət həyata keçirdiyi iqtisadi siyasətə sadiqdir. Belə ki, neftin qiymətinin kəskin aşağı düşməsi nəticəsində neft sektorundan daxilolmaların əsaslı surətdə azalmasına baxmayaraq, 2016-cı il dövlət büdcəsinə yenidən baxılarkən büdcənin gəlirləri və xərcləri nəinki azaldılmış, əksinə, hər iki göstəriciyə görə 2,2 milyard manat artımla yenidən hesablanmışdır. Onun sözlərinə görə, gəlirlərin artımında əsasən Neft Fondundan daxilolmalarla yanaşı, yeni iş yerlərinin açılması, istehsalın genişləndirilməsi və işçilərin orta aylıq əmək haqlarının artırılması istiqamətləri üstünlük təşkil edir: “Artıq bu məsələlərə dair ölkəmizdə konkret işlər görülür və ümid edirik ki, nəzərdə tutulan bu layihələr uğurla yerinə yetiriləcək. Bildiyiniz kimi, hörmətli Prezidentimiz bu il yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasında və yanvarın 26-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda aqrar bölməni qeyri-neft sektorunun prioritet sahəsi adlandıraraq qeyd edib ki, təkcə 2015-ci il deyil, bundan sonra hər il “Kənd təsərrüfatı ili” olmalıdır. Bununla əlaqədar əsaslı işlər görülməsi barədə hökumətə tapşırıqlar vermişdir. Xüsusilə ölkəmizdə pambıq, çay, tütün, barama və üzüm məhsulları istehsalının artırılması və onların emalının son istehlak mallarına kimi emal edilməsinin təşkil olunması əsas istiqamətlər kimi göstərilib. Bu da onunla əlaqədardır ki, məhz bu məhsullar fermerlərin hər hektardan daha çox gəlir əldə etməsində, iqtisadiyyatın bir çox sahələrində yeni daimi iş yerlərinin açılmasında, xarici bazarlara çıxıb ölkəyə valyuta gətirməkdə mühüm əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq yeni dəqiqləşdirilmiş dövlət büdcəsində kənd təsərrüfatına ayrılan büdcə vəsaiti 88 milyon manat və ya 14,7 faiz artırılaraq ümumi həcmi 596 milyondan 684 milyon manata çatdırılıb. Hesab edirik ki, bu vəsait fermerləri daha çox məhsul istehsal etmək, yeni istehsal sahələri yaratmaq, müasir texnika və texnologiyalar tətbiq etmək üçün stimullaşdıracaq və ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasına müsbət təsir edəcək”.
YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov dövlət büdcəsinə təklif edilən dəyişiklikləri təqdir edib: “Bəzi şəxslər Azərbaycanda iqtisadi böhranın olduğuna dair fikirlər səsləndirirlər. Bu, tamamilə yanlış fikirdir. Azərbaycan neft gəlirlərindən düzgün istifadə edərək həm sosial, həm də iqtisadi sahəni inkişaf etdirib”.
S.Novruzov bildirib ki, Azərbaycan neft gəlirlərindən ən uğurlu istifadə edən dövlətdir. Onun sözlərinə görə, ötən dövr ərzində 3000-ə yaxın məktəb, 600-ə qədər xəstəxana, çoxlu sayda idman kompleksləri tikilib, yollar çəkilib, mədəniyyət obyektləri təmir olunub, texnoparklar yaradılıb. Onların hamısı xalqımız tərəfindən istifadə olunur: “Azərbaycan ən uğurlu sosial siyasət yürüdən ölkədir. Ölkə başçısı İlham Əliyev də çıxışlarında vurğulayır ki, sosial sahəyə ayrılan vəsaitlər artırılmalıdır. Konstitusiyada göstərildiyi kimi, Azərbaycan sosialyönümlü dövlətdir. Ona görə də sosial sahədə artımların şahidi oluruq. Bu yaxınlarda ölkə Prezidentinin sərəncamları ilə pensiya və əmək haqları artırıldı”.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev cari ilin büdcəsinin artırılmasını təqdir edib. Bununla belə, o qeyd edib ki, xüsusilə kiçik sahibkarlığı qorumalı, onu ağır vergi yükü altına salmamalıyıq. Millət vəkili çıxışında dərman vasitələrinin əlavə dəyər vergisindən azad olunmasını təklif edib: “Təklif edirəm ki, dərman vasitələri və bəzi tibbi ləvazimatlar ölkəyə gətirilərkən ƏDV-dən azad olunsun”.
Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov isə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) ayrılan vəsaitin artırılmasını təklif edib: “Dünyada neftin qiymətinin aşağı düşməsi, manatın devalvasiyası ilə bağlı yaranmış çətinliklər mediaya da öz mənfi təsirini göstərib. Dövlət KİVDF vasitəsilə mediaya maliyyə dəstəyi göstərir. Hesab edirəm ki, belə bir şəraitdə dövlət büdcəsindən KİVDF-yə ayrılan vəsaitin həcmi artırılmalıdır”.
Millət vəkillərindən Əli Məsimli, Fəzail Ağamalı, Vahid Əhmədov, Xanhüseyn Kazımlı, Fuad Muradov və başqaları çıxış edərək layihə ilə bağlı fikir və təkliflərini bildiriblər. Müzakirələrdən sonra qanun layihəsi qəbul olunub.
Daha sonra “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, bu qanun layihəsinin mərkəzində, dünyada gedən iqtisadi proseslərə, ölkənin büdcə ehtiyatlarının məhdudluğuna baxmayaraq, Azərbaycan vətəndaşı, onun sosial müdafiəsi dayanır. Onun sözlərinə görə, dövlət büdcəsinin yeni variantında sosial müdafiə, sosial təminat bölməsi üzrə xərclər 2 milyard 698,8 milyon manat təşkil edir. Əvvəlki ilə nisbətən bütövlükdə dövlət büdcəsinin xərcləri 13,7 faiz artırıldığı halda, bu sahə üzrə olan artım 42,3 faizdir. Bu, o deməkdir ki, sosial müdafiə yenə də dövlətimizin prioritet məsələsidir.
İclasda çıxış edən Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bildirib ki, 2016-cı il üçün dürüstləşdirilmiş büdcə layihəsində fondun gəlir və xərcləri 3 milyard 307,4 milyon manat proqnozlaşdırılır ki, bu da 2016-cı il üçün təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 228,8 milyon manat və ya 7,4 faiz çoxdur. Gəlirlərin gözlənilən artımının 82,8 milyon manatının və ya 36,2 faizinin məcburi dövlət sosial sığorta aktları hesabına, 146 milyon manatı və ya 63,8 faizinin isə dövlət büdcəsindən ayrılacaq transfert hesabına təmin edilməsi nəzərdə tutulur. 2016-cı il üçün dürüstləşdirilmiş büdcə layihəsində əhaliyə ödənişlər 3 milyard 239 milyon manat nəzərdə tutulur ki, bu da təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 7,6 faiz və ya 227,8 milyon manat artıqdır. Əmək pensiyaları ödənişi xərcləri 3 milyard 136,1 milyon manat olmaqla 2016-cı il üçün təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 7,3 faiz və ya 212,5 milyon manat çoxdur.
Müzakirələrdən sonra qanun layihəsi qəbul olunub.
İclasda, həmçinin Milli Məclis tərəfindən 2016-cı il yanvarın 19-da qəbul edilmiş “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa Azərbaycan Respublikası Prezidentinin etirazı barədə məsələyə baxılıb.
Bundan başqa, Ziyafət Əsgərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi barədə qərar qəbul olunub. Eləcə də “Polis haqqında” qanuna dəyişikliklər edilib.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 565 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31