Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanla ABŞ arasında fəal siyasi dialoq, müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri mövcuddur

Azərbaycanla ABŞ arasında fəal siyasi dialoq, müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri mövcuddur

02.04.2016 [11:27]

Prezident İlham Əliyev: Biz ikitərəfli münasibətlərimizə yüksək dəyər veririk
Dinamik inkişaf tempinə malik olan Azərbaycan müasir dünya siyasətində etibarlı tərəfdaş kimi tanınır. Regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verən ölkəmizlə əməkdaşlıq əhəmiyyətli strateji dividendlər vəd edir və çoxşaxəli tərəfdaşlıq nöqteyi-nəzərindən yüksək qiymətləndirilir. Azərbaycan hazırda mühüm geosiyasi məkan kimi regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. O da vurğulanmalıdır ki, ölkəmiz balanslaşdırılmış xarici siyasət kursu ilə ikitərəfli, çoxşaxəli münasibətlərin inkişaf etdirilməsi tərəfdarı kimi çıxış edir.
Bu baxımdan qeyd edə bilərik ki, Azərbaycanın uğurla əməkdaşlıq etdiyi ölkələrdən biri də Amerika Birləşmiş Ştatlarıdır (ABŞ). Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları müasir beynəlxalq münasibətlər sistemində strateji tərəfdaş kimi çıxış etməkdədirlər. Ölkələr arasındakı strateji tərəfdaşlıq münasibətləri qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır. Hər iki ölkəni bir-birinə bağlayan strateji əsaslar milli maraqlar sisteminin qarşılıqlı faydalı əlaqələr üzərində uzlaşdırılmasıdır.
Əminliklə söyləmək olar ki, Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ştatlara səfəri çərçivəsində bu ölkənin vitse-prezidenti Co Bayden, dövlət katibi Con Kerri, ticarət naziri Penni Pritzker və digər rəsmi şəxslərlə görüşü, aparılmış müzakirələr iki ölkə arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsində öz rolunu oynayacaq. Bu, eyni zamanda, ona dəlalət edir ki, ölkəmizlə ABŞ arasında fəal siyasi dialoq, müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri mövcuddur. Prezident İlham Əliyev ABŞ dövlət katibi Con Kerri ilə görüşü zamanı vurğulayıb ki, biz ikitərəfli münasibətlərimizə yüksək dəyər veririk. Prezident İlham Əliyev onu da qeyd edib ki, ABŞ-Azərbaycan münasibətlərinin artıq 25 illik uzun tarixi var: “Bu münasibətlər həmişə sıx, səmimi olmuşdur, indi isə strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsinə çatmışdır. Aramızda fəal siyasi dialoq mövcuddur”.
ABŞ Azərbaycanın regional sülh və təhlükəsizlik sahəsindəki fəaliyyətini yüksək qiymətləndirir
Beləliklə, ABŞ-Azərbaycan əlaqələri strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət olunması ABŞ-ın Azərbaycanın dünyada artan nüfuzuna və beynəlxalq münasibətlər sistemində yerinə verdiyi əhəmiyyətlə yanaşı, həm də iki ölkə arasında inkişaf edən dostluq və tərəfdaşlığın təzahürüdür. Prezident İlham Əliyevin ABŞ dövlət katibi Con Kerri ilə görüşündə ifadə olunan fikirlər, səmimiyyət ölkələr arasında qarşılıqlı etimad mühitinin və ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu açıq göstərib. Con Kerri Prezident İlham Əliyevə Azərbaycanın iqtisadi imkanlarının, eləcə də regional təhlükəsizlik münasibətlərinin inkişaf etdirilməsi sahəsində fəaliyyətinə və bu yaxınlarda göstərdiyi bir çox səylərinə görə təşəkkürünü ifadə edib. Con Kerri iki ölkə arasında bir çox sahələri əhatə edən və üzərində birgə iş aparılan qarşılıqlı maraqların olduğunu xüsusi qeyd edib. Bununla yanaşı, ABŞ rəsmisi sülhməramlı əməliyyatlara verdiyi töhfəsinə, Əfqanıstandakı səylərinə görə Azərbaycana minnətdarlığını ifadə edib. ABŞ dövlət katibi həmçinin “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasında Azərbaycanın liderliyini yüksək qiymətləndirib, Avropanın uzunmüddətli strateji maraqlarının təmin edilməsi, enerji mənbələrinin şaxələndirilməsi üçün layihənin ciddi addım olduğunu vurğulayıb. ABŞ dövlət katibi Con Kerri deyib: “Bizim hazırda üzərində işlədiyimiz bir çox qarşılıqlı maraqlarımız var. Biz sülhməramlı əməliyyatlara verdiyi töhfəsinə, Əfqanıstandakı səylərinə görə Azərbaycana çox minnətdarıq. Məlumdur ki, Azərbaycan indi mürəkkəb bir regionda yerləşir. Hesab edirəm ki, Prezident Əliyev, xüsusilə “Cənub Qaz Dəhlizi” layihəsinə etdiyi rəhbərliyi ilə bu ehtiyacların bəzilərinin necə qarşılanması üçün çox ciddi səylər göstərmiş və bu məsələni diqqət mərkəzində saxlamışdır. Bu, Avropanın uzunmüddətli strateji maraqları naminə və səmimi söyləsəm, vacib olan enerji mənbələrinin şaxələndirilməsinə cəhd göstərmək üçün atılmış çox ciddi bir addımdır. Əlbəttə ki, digər maraqlarımız da var. Terrorizmlə mübarizə. Biz donmuş münaqişə olan Dağlıq Qarabağ probleminin nəhayət öz həllini tapmasını görmək istəyirik. Bu münaqişənin həlli üçün danışıqlar aparılmalıdır. Bu məsələ öz həllini tapmalıdır”.
Beləliklə, sadalananlar iki ölkə münasibətlərinin dinamik inkişafa və uğurlu perspektivə malik olduğunu deməyə əsas verir.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan-ABŞ münasibətləri özündə ehtiva etdiyi strateji çalarlar etibarilə regional və beynəlxalq təhlükəsizlik sisteminə mühüm töhfələr bəxş etməkdədir. Mövcud resurs və potensialları ilə həm Azərbaycan, həm də ABŞ regional və qlobal təhlükəsizliyin təminatı baxımından olduqca mühüm təsir imkanlarına malikdirlər. Xüsusilə də, təhlükəsizlik kontekstində ABŞ-la Azərbaycanın strateji tərəfdaşlığını uğurlu edən faktorlardan biri də rəsmi Bakının beynəlxalq terrorizmlə mübarizədə, həmçinin qlobal sülhyaratma prosesində Vaşinqtona yüksək səviyyəli dəstək verməsidir. Belə ki, Azərbaycan Respublikası bir sıra “qaynar” geostrateji məntəqələrdə beynəlxalq terrorizmə və digər dağıdıcı, qeyri-qanuni hal və hərəkətlərə qarşı mübarizədə Birləşmiş Ştatlarla əməkdaşlıq etməkdə və bu istiqamətdə pozitiv nəticələr əldə olunmaqdadır.
Sadalananlara istinad edərək qeyd edə bilərik ki, Azərbaycan-ABŞ münasibətləri regionda strateji təhlükəsizlik balansını təmin etmək iqtidarında olmaqla yanaşı, əməkdaşlıq və tərəfdaşlıq münasibətləri üçün də əhəmiyyətli zəmin rolunu oynamaqdadır. Xüsusilə də, Avrasiya regionunda baş verən hadisələrə münasibətdə hər iki ölkə təhlükəsizlik və əmin-amanlıq tərəfdarı kimi çıxış etməklə konkret mövqe ortaya qoyur.
Bütövlükdə isə, ABŞ Azərbaycanın regional sülh və təhlükəsizlik sahəsindəki fəaliyyətini olduqca yüksək qiymətləndirir, ölkəmizi bu istiqamətdə vacib tərəfdaş hesab edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Biz həmçinin regional təhlükəsizlik məsələləri üzrə tərəfdaşıq. Azərbaycan Əfqanıstandakı əməliyyatlara öz logistika dəstəyini təmin edir, ərazimiz üzərindən aparılan uçuşlara və yerüstü daşımalara şərait yaradır. Həmçinin bizim NATO hərbçiləri ilə çiyin-çiyinə Əfqanıstanda xidmət göstərən 100-ə yaxın hərbçimiz var”.
Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi Birləşmiş ştatlar üçün xüsusi önəm daşıyır
Qeyd etdiyimiz kimi, Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Birləşmiş Ştatlar üçün xüsusi əhəmiyyətə malikdir. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən əhəmiyyətli dividendlər vəd edir: Birincisi, Azərbaycanın praqmatik enerji siyasəti regional və qlobal miqyasda enerji təhlükəsizliyinə xüsusi əhəmiyyət verən Qərb üçün mühüm önəm daşıyır. Sirr deyil ki, ölkəmiz tərəfindən reallaşdırılan müstəqil və balanslaşdırılmış enerji siyasəti regionun və regionətrafı coğrafiyanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, Azərbaycanı dünyanın enerji bazarında aparıcı ixracatçılardan birinə çevirib. Belə ki, bu gün Xəzər hövzəsinin bayraqdarı hesab edilən Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə, beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan biridir. Ölkəmiz milli dövlətçilik prinsiplərinə müvafiq olaraq həyata keçirilən praqmatik və rasional əsaslara söykənən siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu qismində çıxış etməkdədir. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilə bilməz. Bu da Azərbaycanın dünya dövlətlərinin, o cümlədən Qərbin enerji təhlükəsizliyi və strateji əməkdaşlıqlar perspektivində kəsb etdiyi önəmi aydın şəkildə əks etdirir. Hazırda Azərbaycan sahib olduğu bütün bu üstünlüklərlə Qərb ölkələrinin, o cümlədən ABŞ-ın uzunmüddətli perspektivdə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə can atdığı tərəfdaş ölkələrdəndir.
Beləliklə, Azərbaycan-ABŞ əməkdaşlığı çoxşaxəli olmaqla həm iki ölkə münasibətlərinin inkişafı, həm də regional sülh və təhlükəsizliyin təşviqi baxımından müstəsna əhəmiyyət kəsb edir.
Birləşmiş Ştatların Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini davam etdirməsi təqdirəlayiq hal kimi qiymətləndirilir
Qeyd edək ki, regional təhlükəsizlik və inkişafa xüsusi önəm verən Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəal səylər göstərir ki, bu da təqdirəlayiqdir.
Ümumiyyətlə, Cənubi Qafqaz müasir dünya siyasətində geosiyasi və geoiqtisadi parametrlər baxımından ən önəmli regionlardan biri hesab edilir. Təsadüfi deyil ki, dünyanın geostrateji təhlükəsizlik sistemini formalaşdıran güc mərkəzləri bu bölgəni əhəmiyyətli geosiyasi məkan kimi özlərinin uzunmüddətli strateji planlarına və konsepsiyalarına daxil ediblər. Məhz bunun göstəricisidir ki, nəhəng aktorlar özlərinin strateji konsepsiyalarında belə bir müddəanı xüsusi olaraq önə çəkirlər ki, Cənubi Qafqazda stabil təhlükəsizlik sisteminin təmin edilməsi nəticə etibarilə regionətrafı bölgələrdə, yəni Xəzər-Qara-Baltik-Aralıq dənizlərini əhatə edən hövzələrdə də dağıdıcı faktorların neytrallaşdırılmasına real zəmin yaradacaq. Məhz buna görə hesab olunur ki, daha stabil təhlükəsizlik arxitekturasının formalaşdırılması üçün atılmalı olan ilk addım bölgədəki destruktiv faktorların aradan qaldırılmasıdır. Bu cür dağıdıcı faktorların əsasını isə separatizm və ərazi iddiaları nəticəsində yaranmış regional münaqişələr təşkil edir. Şübhəsiz, bu gün Cənubi Qafqaz bölgəsinin təhlükəsizlik balansını pozan əsas amil Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Münaqişə bölgənin ümumi inkişafına mane olmaqla yanaşı, yeni əməkdaşlıq platformalarının da reallaşdırılmasını əngəlləyir. Əlbəttə, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi strateji zərurət qismində çıxış edir. Rəsmi Bakı diplomatik müstəvidə özünün bütün resurslarından maksimum surətdə istifadə etməklə münaqişənin həllinə nail olmağa çalışır. Buna baxmayaraq, Ermənistan davamlı surətdə etdiyi müxtəlif xarakterli manevrlərlə danışıqlar prosesini uzatmağa və ya pozmağa cəhd göstərir. Beləliklə, işğalçı ölkənin - Ermənistanın sərgilədiyi qeyri-konstruktiv mövqe münaqişənin həllinin uzanmasına səbəb olmaqdadır. Ona görə də ATƏT-in Minsk qrupunun üzvlərindən, o cümlədən ABŞ-dan aktiv diplomatik səylər gözlənilir və Birləşmiş Ştatların Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəal səylərini davam etdirməsi təqdirəlayiq hal kimi qiymətləndirilir.
Bəhs olunan görüş zamanı Con Kerri ABŞ-ın Dağlıq Qarabağ probleminin, nəhayət, öz həllini tapdığını görmək istədiyini bildirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə vurğulayıb: “Ermənistan və Azərbaycan arasında uzun müddət davam edən münaqişənin həlli yollarının tapılması istiqamətində göstərdiyi səylərinə görə ABŞ hökumətinə minnətdarıq. Hesab edirik ki, münaqişə Ermənistan ordusunun işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında həllini tapmalıdır. Ermənistan və Azərbaycan arasındakı münaqişə, postsovet məkanında olan və ümumiyyətlə, dünyada baş verən bütün münaqişələr öz həllini ölkələrin ərazi bütövlüyü əsasında tapmalıdır”.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 738 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31