Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Yaranmış yeni hərbi-siyasi şərait Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllini zəruri edir

Yaranmış yeni hərbi-siyasi şərait Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllini zəruri edir

08.04.2016 [09:49]

Beynəlxalq aləm bundan sonra mövcud status-kvonun saxlanmasının qeyri-mümkün olmasına dair konkret mövqe ortaya qoymaqdadır
Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində təxribatçı hərəkətlərinə Azərbaycan Ordusu tərəfindən layiqli cavab verilməsi bir sıra məqamlardan xəbər verdi. Əvvəla, bir daha bəlli oldu ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyini bəyan edən Azərbaycandan fərqli olaraq işğalçı ölkə sülh istəmir. İkincisi, Ermənistan danışıqlar prosesini pozmaq üçün bütün mümkün vasitələrdən istifadə etməyə çalışır. Üçüncüsü, beynəlxalq aləm və dünyanın aparıcı dövlətləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli vaxtının artıq çatdığına və bundan sonra mövcud status-kvonun saxlanmasının qeyri-mümkün olmasına dair konkret mövqe ortaya qoymaqdadır. Ermənistan isə qeyri-konstruktiv mövqeyini davam etdirməklə, beynəlxalq hüquq normalarını və dünya ictimaiyyətinin çağırışlarını heçə saymaqla mövcud status-kvonu mühafizə etməyə çalışır.
Beynəlxalq aləmdə Azərbaycana məğlub ölkə kimi yanaşma tendensiyası aradan qaldırıldı
Bunlarla yanaşı, Ermənistanın təxribatçı hərəkətlərinin məharətlə qarşısının alınması və ordumuzun düşmənə öz gücünü, əzmini göstərməsi ilə həm də beynəlxalq aləmdə Azərbaycana məğlub ölkə kimi yanaşma tendensiyası aradan qaldırılıb. İndiyə qədər belə bir təəssürat var idi ki, Azərbaycan məğlub tərəf statusunda danışıqlarda iştirak edir. Məhz buna görə də Azərbaycanın haqlı tələblərinə məhəl qoyulmurdu və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı heç bir əməli addım atılmırdı. Eyni zamanda, münaqişənin həlli istiqamətində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu imitasiya xarakterli danışıqlar təşkil edir, bütün məsuliyyəti tərəflərin üzərinə qoyur, işğalçı tərəfə - Ermənistana qarşı heç bir məcburetmə tədbirləri görmürdü. Amma hazırkı situasiya tamamilə fərqlidir. Belə ki, hazırda Azərbaycana danışıqlar prosesinin intensivləşdirilməsi ilə bağlı beynəlxalq vasitəçilərdən müraciətlər artır, eyni zamanda, Ermənistan konstruktiv dialoqa dəvət olunur.
Minsk qrupu mövcud status-kvonun davam edə bilməyəcəyi qənaətindədir
Bundan başqa, son hadisələrin fonunda ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilər, rəsmilər Ermənistanın təxribatçı hərəkətlərinə son qoyulmasının və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruriliyini bəyan etdilər. Bu isə onu deməyə əsas verir ki, dünya ictimaiyyəti Ermənistanın təxribatçı hərəkətlərini və təcavüzkar siyasətini kəskin qınayır. Əlbəttə, ATƏT-in Minsk qrupu, o cümlədən beynəlxalq aləm əmin oldu ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, intensiv atışmalar hər gün müşahidə olunur, insanlar ölür, çoxsaylı tələfatlar qeydə alınır. Şübhəsiz, bu vəziyyət sonsuz davam edə bilməz və hansısa məqamda böyük insan tələfatına səbəb ola biləcək hərbi əməliyyatların başlanması tam realdır. Buna görə də Minsk qrupu mövcud status-kvonun davam edə bilməyəcəyi qənaətindədir və bu fikir açıq şəkildə ifadə olunur.
Dağlıq Qarabağ münaqişəsi nə qədər ki ədalətli şəkildə həll edilməyib...
Ümumiyyətlə, beynəlxalq ictimaiyyət anlayır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional miqyaslı, qlobal xarakterli destruktiv problemdir. Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində yaranmış münaqişə ölkəmizin ərazi bütövlüyünə qarşı törədilmiş qəsdin və təcavüzkar siyasətin əyani nümunəsi olmaqla yanaşı, həm də regional və qlobal təhlükəsizlik sistemi üçün ciddi təhdiddir. Ümumilikdə, münaqişə bölgənin inkişafına, uzunmüddətli sabitliyə mane olan dağıdıcı faktorlardan biri kimi çıxış edir. Ona görə də bu problemin həlli beynəlxalq təhlükəsizliyin diktə etdiyi zəruri amildir. Belə olan halda, ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatlar, o cümlədən münaqişənin həlli istiqamətində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin məhz beynəlxalq hüquq normaları əsasında həllinin zəruriliyini bəyan edirlər. Ümumi qənaət budur ki, Dağlıq Qarabağ münaqişəsi nə qədər ki ədalətli şəkildə həll edilməyib, regionda tam mənada sülh və sabitlikdən bəhs etməyə dəyməz. Çünki ərazi iddialarının, təcavüz faktının və separatizmin mövcud olduğu məkan və şəraitdə qarşılıqlı maraqlara söykənən əməkdaşlıq niyyətlərini istənilən səviyyədə reallaşdırmaq qeyri-mümkündür. İşğalçı Ermənistan isə bütün çağırışlara qeyri-konstruktiv reaksiya verməklə yanaşı, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında əks olunmuş status-kvonun saxlanmasının yolverilməzliyi, hərbi əməliyyatlardan çəkinilməsi və münaqişənin sülh yolu ilə həlli təkliflərinə də məhəl qoymur.
Bütün bunların fonunda hazırkı şərait belədir ki, artıq Azərbaycan məğlub, Ermənistan isə qalib tərəf kimi qəbul olunmur, ATƏT-in Minsk qrupu isə danışıqlar prosesini uzatmaq fikrindən daşınıb. Bütövlükdə isə bəlli olan budur ki, yaranmış yeni hərbi-siyasi şərait Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllini zəruri edir.
Azərbaycan hərbi əməliyyatları davam etdirsəydi...
Bütün bunlarla yanaşı, digər bir vacib məqama da toxunmaq gərəkdir. Belə ki, əgər Azərbaycan hərbi əməliyyatları davam etdirsəydi, aşağıdakı neqativ xarakterli mümkün nəticələr - fəsadlar ortaya çıxa bilərdi:
Birincisi, Azərbaycana qarşı beynəlxalq ictimai rəy dəyişərdi. Daha dəqiq desək, ölkəmiz beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin qınaq hədəfinə çevrilə bilərdi.
İkincisi, bundan istifadə edən islamofob dairlər, həmçinin beynəlxalq aləmdəki ermənipərəst qüvvələr fəallaşa, nəticədə də Azərbaycana qarşı sanksiyalar tətbiq oluna və məcburetmə tədbirləri həyata keçirilə bilərdi;
Nəhayət, Azərbaycan beynəlxalq arenada təklənərdi və belə bir şəraitdə Ermənistana beynəlxalq miqyasda kömək göstərilərdi.
Bütün bunların fonunda ölkəmiz tərəfindən atılan son addımlar bir daha sübut etdi ki, öz ərazi bütövlüyünü təmin etmək iqtidarında olan Azərbaycan müharibənin tərəfdarı deyil. Məhz buna görə də Azərbaycanın Silahlı Qüvvələri yalnız ermənilərin təxribatlarına qətiyyətli cavab verdi və düşməni layiqli şəkildə cəzalandırdı.
Bütövlükdə, Azərbaycan xalqının milli-siyasi fəlsəfəsi müharibəyə, qarşıdurmaya və ya ziddiyyətlərə yox, regionda sülh və təhlükəsizliyin təşviqinə, beynəlxalq hüquq normalarının əsas götürülməsinə söykənir. Bu baxımdan, Azərbaycan bəhs olunan addımları atarkən bütün nüansları nəzərə almaqla beynəlxalq hərbi-siyasi vəziyyətdən maksimum dərəcədə yararlandı, bununla da yeni şərtlər formalaşdırmış oldu.
Azərbaycan danışıqlar prosesinə üstün tərəf kimi gedir
Beləliklə, sonuncu hadisələrdən sonra hazırda beynəlxalq aləmdə Azərbaycanın nüfuzu daha da artıb, mövqeyi möhkəmlənib. Azərbaycan Prezidentinə xaricdən olan müraciətlər, ölkəmizə dəstək bəyanatları bunu bir daha təsdiq edir. Bu vəziyyətdə Azərbaycan danışıqlar prosesinə də üstün tərəf kimi gedir və bunun məntiqi nəticəsi də tam realdır. Məhz belə bir vəziyyətdə bütün mümkün vasitələrdən istifadə edərək ermənilərə qarşı informasiya müharibəsi gücləndirilməlidir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 673 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31