Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / MULTİKULTURAL DƏYƏRLƏRİN TƏBLİĞİNDƏ GƏNCLƏRİN ROLU

MULTİKULTURAL DƏYƏRLƏRİN TƏBLİĞİNDƏ GƏNCLƏRİN ROLU

22.04.2016 [10:10]

Azərbaycan dünyada multikultural dəyərlərin qorunması, təbliği və inkişaf etdirilməsi nümunəsi ilə tanınıb. Multikulturalizm - çoxmədəniyyətliliyi, bir çox fərqli mədəniyyətin bir arada yaşadığı cəmiyyəti təyin edən anlamdır. Azərbaycan bu gün çoxmillətli və çoxdinli bir ölkədir. Çox sevindirici haldır ki, bu nümunəsi ilə ölkəmiz dünyaya sülhü təbliğ edir. Bu gün cəmiyyətimizdə bütün din mənsubları, müxtəlif mədəniyyətlərə sahib insanlar rahat şəkildə yaşayır və fəaliyyət göstərirlər.
Ölkəmizdə tarixi ənənəyə söykənən və uzun əsrlik tolerantlıq mühiti formalaşıb. Bu mühitin ab-havası yüzillərdir ki, xalqların nəfəsliyinə çevrilib. Bunun nəticəsidir ki, Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi özünü azad və firavan hiss edir. Azərbaycanda azsaylı xalqların hüquqları hər zaman qorunub və onlara ana dilini, mədəniyyətini, dinini yaşatmaq üçün şərait yaradılıb. Ona görə də Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, ictimai fikrinin formalaşmasında, eləcə də ölkəmizin ərazi bütövlüyünün qorunmasında digər xalqların nümayəndələri də örnək ola biləcək vətənpərvərlik nümayiş etdirə biliblər. Başqa xalqların, dinlərin nümayəndələri Azərbaycanı öz vətəni hesab etməsəydi və burada özünü azad, sərbəst hiss etməsəydi, respublikamızın müdafiəsinə qalxmazdılar.
Multikulturalizm həm Azərbaycanda, həmçinin bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. Multikulturalizm tolerantlığın təcəssümüdür ki, onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil.
Çoxəsrlik multikulturalizm və tolerantlıq ənənələrinə malik Azərbaycan xalqı bu fenomeni öz həyat tərzinə çevirməyi bacarıb. Multikulturalizm həm də Azərbaycanın dövlət siyasətində prioritet istiqamətlərdən biri kimi çoxdan öz təsdiqini tapıb. Multikulturalizm bir siyasət kimi öz mahiyyəti baxımından tolerantlıqla da sıx bağlıdır. O, müxtəlif mədəniyyətlərin paralel şəkildə yaşamasını qəbul edən tolerant cəmiyyətin başlıca xüsusiyyətlərindən biridir. Tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur ki, bu da insanların gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya prosesi ilə əlaqədardır.
Multikulturalizm elə bir siyasətdir ki, o, mədəni plüralizmi qəbul edir və onun inkişafına şərait yaradır. Bu, ölkə əhalisinin etnik irqi və dini müxtəlifliyindən asılı olmayaraq, onların hamısının hüquq və azadlıqlarına hörmətlə əlaqədardır. Multikultural cəmiyyətdə hər bir vətəndaş öz mədəniyyətini, dilini, ənənəsini, etnik və dini dəyərlərini inkişaf etdirmək, ana dilində məktəb açmaq, qəzet və jurnal dərc etdirmək sahələrində bərabər hüquqlara malikdir. Multikulturalizm siyasəti assimilyasiyanı inkar edən inteqrasiyaya aparır. Məhz buna görə də bu siyasəti təkcə siyasi elita deyil, eyni zamanda, millətin yüksək vəzifə tutmayan digər nümayəndələri ilə yanaşı həm də milli və dini azlıqlar da dəstəkləyirlər.
Tolerantlıq və multikulturalizm, eyni zamanda, demokratiyanın təməl prinsiplərindən olan vicdan azadlığının təmin edilməsi və qanunun aliliyidir. Vicdan azadlığı, təhsil və elmə əlçatanlığın olması, insanların sosial və iqtisadi rifahının yüksəlməsi, qanunun aliliyi demokratiyanın əsas göstəricilərindəndir. Bir sözlə, sosial fenomen olan multikulturalizm və tolerantlıq həm də cəhalətin, irqçiliyin, ksenofobiyanın süqutu, nəticə etibarilə isə cəmiyyətdə əmin-amanlıq, bəşəriyyətdə isə sülh deməkdir. Beləliklə, müxtəlif siyasi, iqtisadi və coğrafi şəraitlərdə yaşayan xalqların ədalətə çıxışı məhz ilk növbədə çoxmədəniyyətliliyin təmin edilməsindən asılıdır. Çünki multikulturalizmin olması cəmiyyətdə bərabərliyin, demokratiyanın, tərəqqinin, sosial rifahın, başqa sözlə, ədalətin bərqərarı deməkdir.
Azərbaycanın tolerant dövlət kimi formalaşması multikultural dəyərlərə böyük önəm verməsi və bu sahədə apardığı uğurlu siyasət nəticəsində dünya birliyinə bir nümunədir. Əsrlər boyu ölkəmizdə formalaşan multikultural dəyərlər məhz müasir Azərbaycanın banisi, Ulu öndərimiz Heydər Əliyevin hakimiyyəti dövründə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur və geniş vüsət almışdır. Azərbaycanda kultural mədəniyyətin müasir tələblər səviyyəsində formalaşmasının, ölkədə sabitliyin və tərəqqinin əsas amil olduğunu nəzərə alan Ümummilli lider Heydər Əliyev multikulturalizmin siyasi və hüquqi müstəvidə yerini müəyyən etmişdir. O, Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçmiş və Öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırmışdır. Azərbaycan çoxmillətli dövlət olduğu üçün hər bir milli qrupun ölkədə rahat yaşaması və vahid vətən Azərbaycan uğrunda çalışmaq üçün güclü hakimiyyət və siyasi iradə tələb olunurdu. Məhz Ümummilli lider Heydər Əliyevin siyasi müdrikliyi sayəsində bu gün Azərbaycanda yaşayan bütün millətlər və bütün din mənsubları rahat şəkildə yaşayır və öz adət-ənənələrinə, dinlərinə sadiqdirlər.
Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etdi. Ulu öndər Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və müdrik siyasəti ilə əsrlər boyu formalaşan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Onun rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Hazırda Azərbaycanda mövcud olan yüksək multikultural dəyərlər, tolerantlıq, bütün dünyəvi dinlərin sərbəst şəkildə fəaliyyət göstərməsi ölkəmizin xarici imicini formalaşdırır və eyni zamanda, bir vizit kartı rolunu oynayır. Prezident İlham Əliyevin bu sahədə apardığı uğurlu siyasət nəticəsində Azərbaycan yüksək mədəniyyətə malik olan və tolerant dövlət kimi dünyada tanınır. Hər il Azərbaycanın müxtəlif humanitar sahələrdə təşkil etdiyi beynəlxalq toplantılar, konfranslar, tədbirlər bunun daha bir sübutudur.
Dünyada 5000-ə qədər xalq, millət və etnik qrup yaşayır. Deməli, dünyada bir o qədər də etnomədəniyyət, mentalitet, həyat və davranış tərzi vardır. Azərbaycan multikulturalizmi yalnız ölkə daxilində deyil, beynəlxalq aləmdə öz səmərəli nəticələri ilə insanlara sülh, əmin-amanlıq, qarşılıqlı hörmət bəxş etməyə yönəldilmişdir.
Bir sözlə, Azərbaycan bu sahədə dünyaya örnək bir dövlət kimi özünü təsdiqləyə bilib. Azərbaycan hazırda burada yaşayan bütün xalqların, bütün səmavi dinlərə tapınanların azad yaşadığı bir dövlətdir. Bütün bunlara rəğmən qürur hissi ilə deyə bilərik ki, bəli, Azərbaycan dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük, humanitar əməkdaşlıq mərkəzinə çevrilib.
Azərbaycan Respublikası millətlərarası, multikulturalizm və dini məsələlər üzrə yaradılmış Dövlət müşavirlik institutu, həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu sahənin dövlət siyasətinin tərkib hissəsinin olmasını bir daha sübut edir. Ölkəmizdə artıq multikultural dəyərlərin təbliği, təşviqi və inkişaf etdirilməsi üzrə böyük işlər görülür. Təsadüfi deyil ki, məhz bu il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Bu baxımdan bu sahənin inkişafı üçün bir sıra tədbirlər həyata keçiriləcəkdir.
Ulu öndər hər zaman qeyd edirdi ki, gənclər bizim gələcəyimizdi. Əlbəttə, gənclər hər zaman müasir innovativ enerji ilə dolu bir toplumdur, ancaq onların düzgün tərbiyələnməsi, milli-mənəvi dəyərlərə sadiqliyi həm onların gələcəyi üçün, həm də cəmiyyətin ümumilikdə inkişafı üçün böyük əhəmiyyət kəsb edir.
Çox sevindirici haldır ki, bu gün Azərbaycan gəncliyi öz milli-mənəvi dəyərlərinə, vətəninə, dövlətinə bağlı bir toplum kimi formalaşır. Əlbəttə, bu sahəyə dövlətimizin böyük diqqəti də əsas rol oynayır. Dəyərlərimizin təbliği sahəsində gənclərimiz bir sıra tədbirlər, layihələr həyata keçirirlər və ya onlara təşəbbüs göstərirlər. Əlbəttə, gələcək nəslin düzgün formalaşması dünyada qloballaşma prosesi getdiyi bir zamanda hərdən çətinləşir. Çünki müxtəlif maraqlara xidmət edən cərəyanlar hər zaman gənclərdən başlayırlar. Ancaq xüsusi vurğulamaq istərdim ki, bu gün Azərbaycan gəncliyi öz milli mənəvi dəyərlərinə, vətəninə, millətinə sadiqdirlər, dövlətçilik naminə Prezident İlham Əliyevin ətrafında sıx birləşiblər.
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi də hər zaman milli-mənəvi dəyərlərin təbliğinə öz töhfəsini verməyə çalışır. Müxtəlif bölgələrdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə gənclərlə görüşlər keçirilir, müxtəlif müzakirələr aparılır. Bu tədbirlərin əsas məqsədi həm gənclərimizin düzgün tərbiyələnməsi, maariflənməsi, eyni zamanda, Azərbaycanda mövcud olan multikultural dəyərlərin, tolerantlığın təbliğ edilməsidir. Gənclərlə həm dini, həm mədəni sahələrdə aparılan işlər haqqında geniş məlumatlar verilir. Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 2015-ci ildə Qusar rayonunda “Ənənəvi islam dəyərləri və müasirlik” mövzusunda konfrans keçirilmiş, region gəncləri ilə müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılmışdır. Bu tədbirdə multikultural dəyərlər, tolerantlığın təbliği sahəsində bir sıra mövzular qeyd olundu. Əlbəttə, multikultural dəyərlərin təbliği ilə yanaşı, bu gün gənclərimiz vətənpərvər ruhda tərbiyə olunur. Gənclərimizin gələcəkdə də bu istiqamətdə formalaşması əminəm ki, uğurla davam etdiriləcəkdir.
Azərbaycanda gənclər cəmiyyətin fəal üzvüdü və ictimai proseslərdə yaxından iştirak edirlər. Çox sevindirici haldır ki, bu gün gənclərimiz tolerantlıq ruhunda böyüyürlər. Təkcə ölkəmizdə deyil, həmçinin bir sıra beynəlxalq tədbirlərdə gənclərimiz uğurla təmsil olunaraq tolerantlıq və multikultural dəyərlərin təbliğ edilməsində böyük rola malikdirlər.
Multikulturalizm biliklərinin gənclərə ötürülməsi, hər kəsdə multikultural mədəniyyətin formalaşdırılması üçün bu işə kompleks pedaqoji təsirlərlə yanaşılmalıdır. Belə ki, bu proses uşaqların yaş səviyyəsinə, anlama imkanlarına uyğun olaraq uşaq bağçasından başlayaraq, ümumtəhsil məktəbində və peşə-ixtisas təhsili ocaqlarında sistemli olaraq davam etdirilməlidir. Eyni zamanda, multikulturalizm bilgiləri və təcrübi reallığı tərbiyəvi amilləri ilə də mədəni-intellektual insanın formalaşmasına təsir edir.
Çoxmillətli Azərbaycan artıq dünyanın nəzərində, gözündə nümunəvi bir dövlətdir. Əlbəttə, Azərbaycan dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük, humanitar əməkdaşlıq mərkəzinə çevrilib və bununla xalqımız da, dövlətimiz də qürur duyur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə multikulturalizmə münasibət barədə aşağıdakı mühüm fikirləri multikulturalizmin əhəmiyyətini vurğulayır: “Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Qeyd etməliyəm ki, artıq tarixi keçmişimiz də bunu diktə edir. Eyni zamanda, multikulturalizm Azərbaycanda həyat tərzidir. Biz gündəlik həyatımızda bu prinsiplər əsasında fəaliyyət göstəririk. Bu prinsiplər cəmiyyətin mütləq əksəriyyəti tərəfindən dəstəklənir, müdafiə edilir”.
Seymur Orucov
YAP Gənclər Birliyinin sədri,
YAP Siyasi Şurasının üzvü

Paylaş:
Baxılıb: 1123 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31