BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ərəfəsində: reallıqlar nəyi ifadə edir?
25.04.2016 [09:04]
BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun spesifik inklüziv cəmiyyət nümunəsi yaradan, dünyaya tolerantlıq, multikulturalizm kontekstində yeni model bəxş edən Azərbaycanda keçirilməsi təsadüfi xarakter daşımır
Bəlli olduğu kimi, 25-27 aprel 2016-cı il tarixlərində ölkəmizdə “İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçiriləcək. Forumda siyasi liderlər, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, vətəndaş cəmiyyəti, gənclər, incəsənət xadimləri və media, habelə donor agentlikləri və fondlarının nümayəndələri də daxil olmaqla çoxsaylı təmsilçilər iştirak edəcəklər. Üç gün ərzində “Dini rəhbərlər və zorakı ekstremizm: qabaqlayıcı tədbirlərlə bağlı çətinliklər”, “Vətəndaş cəmiyyəti və biznes: sülh, təhlükəsizlik və davamlı inkişaf naminə birgə fəaliyyət”, “Nifrət çıxışlarının qarşısının alınması və bu cür hallarla mübarizə sahəsində qabaqcıl metodların mübadiləsi”, “Tətbiqi proqramlar və video-oyunlar vasitəsilə kiber-ekstremizm əleyhinə əks-təbliğat tədbirləri”, “Münaqişə zonalarında sülhün bərqərar edilməsi prosesində qadınların rolu”, “Davamlı və inklüziv inkişaf naminə idman”, “Qlobal miqrasiya prosesində şəhərlərin rolu”, “Sülhsevər və inklüziv cəmiyyətlərin formalaşdırılmasında gənclərin iştirakı: nəsillər və sahələr arasında tərəfdaşlıq əlaqələrinin həlledici rolu”, “Multikultural cəmiyyətin formalaşdırılmasında Azərbaycanın rolu”, “Birgəyaşayışın öyrənilməsi: təhlükə və münaqişə problemi”, “Bakı prosesi: qlobal mədəniyyətlərarası dialoq üçün yeni çağırışların cavablandırılması”, “Media peşəkarlığı: zorakı ekstremizmin təbliğatına qarşı müqavimətin təşkili üçün vasitələr”, “Ekstremizmin qarşısını almaq üçün çoxmədəniyyətli (multikultural) cəmiyyətin formalaşdırılması perspektivlərinin təşviqi” və digər mövzularda seminarlar keçiriləcək.
Şübhəsiz, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu sivilizasiyalararası dialoqun möhkəmləndirilməsi, xalqlar və dövlətlər arasında dostluq, əməkdaşlıq və davamlı inkişafın təşviqi, milli, dini və irqi ayrı-seçkiliyin, dünyada sülh və təhlükəsizliyi təhdid edən neqativ halların aradan qaldırılması, habelə ümumbəşəri əhəmiyyət kəsb edən aktual məsələlərin müzakirə olunduğu, mühüm problemlərin həllinə dəstək məqsədi daşıyan qlobal platformadır.
Qeyd edək ki, 2014-cü il sentyabrın 26-da Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı Dostlar Qrupunun Nazirlər Toplantısında Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi barədə qərar qəbul edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2015-ci il iyulun 24-də Forumun ölkəmizdə keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması barədə Sərəncam imzalayıb. 2015-ci il oktyabrın 1-də BMT Baş Assambleyası çərçivəsində keçirilmiş BMT Sivilizasiyalar Alyansının Nazirlər Şurasının iclasında BMT-nin Baş Katibi Pan Gi Mun və digər yüksək səviyyəli rəsmilərin iştirakı ilə Forumun və ölkəmizin təqdimatı keçirilib. 2015-ci il oktyabrın 24-də London şəhərində BMT Sivilizasiyalar Alyansı üzrə ali nümayəndə Nassir Əbdüləziz əl Nasser ilə görüş keçirilib və görüş çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı arasında 7-ci Qlobal Forumun 2016-cı il 25-27 aprel tarixində Bakı şəhərində keçirilməsinə dair Saziş” imzalanıb. Sözügedən saziş Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilib. VII Qlobal Forumda dövlət və hökumət başçıları, yüksək səviyyəli dövlət və ictimai xadimlər, nazirlər, nüfuzlu beynəlxalq qurumların, dünyada tanınmış beyin mərkəzlərinin rəhbərləri, diplomatlar, elm adamları və digər şəxslər də daxil olmaqla 3000 nəfərdən çox adamın iştirakı nəzərdə tutulub. Forum çərçivəsində Bakı Konqres Mərkəzi və Heydər Əliyev Sarayında 40-dan çox tədbirin - açılış mərasimi və plenar iclasın, panel toplantılarının, sessiyaların, yüksək səviyyəli iclasların, BMT SA Gənclər tədbirinin, biznes simpoziumun və s. keçirilməsi planlaşdırılıb. Forumda ekstremizmə və terrora qarşı mübarizə, qlobal miqrasiya, qlobal vətəndaşlıq, nifrət nitqinin yayılmaması, təhsil, din, idman, gənclərin rolu, Bakı prosesi, inklüziv cəmiyyətlərin qurulması, multikulturalizm və digər məsələlər müzakirə ediləcək. Forumun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edəcək.
Azərbaycan dünyaya spesifik inklüziv cəmiyyət nümunəsi təqdim edə bilib
Əlbəttə, “İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında təşkil edilən belə bir qlobal tədbirin Azərbaycanda keçirilməsi təsadüfi xarakter daşımır. Çünki birincisi, dünyaya tolerantlıq, multikulturalizm kimi ümumbəşəri dəyərləri özündə ehtiva edən nümunələr təqdim edən Azərbaycanda həm də inklüziv cəmiyyət formalaşıb. Daha dəqiq desək, bütün maddi və mənəvi sərvətlərin sosial ədalət əsasında cəmiyyət üzvləri arasında bölüşdürüldüyü bir sosium Azərbaycanın timsalında dünya miqyasında örnək təşkil etməkdədir.
Sirr deyil ki, inklüziv cəmiyyətin təməlləri sosial ədalət üzərində təşəkkül tapır və demokratik ənənələr, tolerantlıq və multikultural dəyərlər bu tip sosiumun xarakterik özəllikləri kimi çıxış edir. Azərbaycan cəmiyyəti məhz özündə tolerantlıq ənənələrini, demokratik, multikultural dəyərləri birləşdirir və inklüziv sosium kimi modern cəmiyyət quruculuğu vəzifəsini uğurla reallaşdırıb. Bu mənada, “İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında keçiriləcək Forum hər kəsə bərabər imkanların təqdim edildiyi yaşayış tərzinə dair çağırışın səslənməsini və bu istiqamətdə irəliləyişin əldə olunmasını təmin etmək üçün müxtəlif sektorların perspektivlərini gündəmə gətirəcək.
Azərbaycan cəmiyyətinin inklüzivliyini əks etdirən başlıca göstəricilərdən biri sosiumun multikultural dəyərlərin daşıyıcısı olmasıdır. Ümumiyyətlə, Azərbaycanın multikulturalizm ənənələri və təcrübəsi həm üstün dəyər, həm də xüsusi nümunə kimi çıxış edir. Tarixin bütün dövrlərində Azərbaycan dini, milli və mədəni dəyərlərə və müxtəlif dinlərin, millətlərin, mədəniyyətlərin, sivilizasiyaların mənsublarına münasibətinə görə, sözün əsl mənasında, tolerantlıq nümunəsi olub. Təsadüfi deyil ki, müxtəlif zaman kəsiklərində işğallara məruz qalmasına, ayrı-ayrı xalqlar tərəfindən assimilyasiya cəhdlərinə baxmayaraq, Azərbaycan xalqı daim ən yüksək dini, mənəvi dəyərlərin daşıyıcısı olub, yanaşı yaşadığı xalqların mənəvi-mədəni dəyərlərinin formalaşmasına və inkişafına mühüm töhfələr verib.
Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilən Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanıdır
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu strateji kursun fonunda regional və beynəlxalq təhlükəsizliyə fundamental töhfələr verən milli dövlətlərin fəaliyyəti sivilizasiyalararası dialoq və qlobal inteqrasiya baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu kontekstdə Azərbaycanın yeri və roluna xüsusi diqqət yetirmək lazımdır. Sirr deyil ki, ölkəmiz beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir. Azərbaycan sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bir çox nüfuzlu beynəlxalq mədəniyyət müsabiqələrinin, tədbirlərinin respublikamızda keçirilməsi Azərbaycanın beynəlxalq inteqrasiya prosesində uğurla iştirak etməsindən xəbər verir. Beləliklə, Azərbaycan özünün çoxşaxəli və mütərəqqi siyasəti ilə xalqlararası əməkdaşlığın inkişafında və sivilizasiyalararası dialoqda mühüm rol oynayır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hazırda Azərbaycan Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmişdir.
Ümumiyyətlə, Azərbaycan öz təklif və təşəbbüsləri ilə dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, milli və ümumbəşəri dəyərlərin, milli və dini müxtəlifliyin, multikulturalizm ənənələrinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə, ayrı-ayrı istiqamətlərdə müşahidə olunan problemlərin həllinə dəyərli töhfələr verir. Azərbaycan qlobal və regional səviyyəli tədbirlərə ev sahibliyi edən, bütün dünyanın diqqət mərkəzində olan mühüm məsələlərin müzakirə olunduğu siyasi, iqtisadi və humanitar mərkəz kimi tanınmağa başlayıb. Təsadüfi deyil ki, ilk Avropa Oyunları, “Formula 1” yarışları, şahmat üzrə dünya çempionatı, lV İslam Həmrəylik Oyunları, Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Zirvə toplantısı, Qlobal Bakı Forumu və digər tədbirlər məhz Azərbaycanda keçirilir. Bakıda keçirilən beynəlxalq tədbirlərdə fəaliyyətdə olan və keçmiş dövlət və hökumət başçıları, ictimai-siyasi xadimlər, beynəlxalq təşkilatların rəsmi nümayəndələri, tanınmış ekspertlər, QHT və KİV rəhbərləri iştirak ediblər. Bu tədbirlər həm mövzuların aktuallığı, həm də çoxsaylı iştirakçıların yüksək statusu və nüfuz dairəsi baxımından diqqəti çəkib.
Azərbaycan dünyaya multikulturalizm və tolerantlıq kontekstində yeni model bəxş edib
Azərbaycan dinlərarası, millətlərarası əlaqələrin inkişafı üçün də fəal rol oynayır. Bakıda Beynəlxalq Humanitar Forum, Mədəniyyətlərarası Dialoq Forumu, dünya dinlərinin liderlərinin zirvə görüşləri keçirilir, eyni zamanda, qeyd etdiyimiz kimi, paytaxtımızda aprelin 25-dən 27-dək BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçiriləcək. Beləliklə, Azərbaycan artıq dünyada multikulturalizmin mərkəzi kimi tanınır. Əlbəttə, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu sivilizasiyalararası dialoq və müxtəlif formatlarda əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu platforma kimi xarakterizə edilə bilər. Bu həm də ona dəlalət edir ki, Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzi, həmçinin humanitar məsələlərin müzakirə olunduğu məkan kimi öz rolunu və əhəmiyyətini təsdiqləməkdədir. Bununla yanaşı, dünyaya tolerantlıq kontekstində yeni model bəxş edən, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan belə formatda tədbirlərin keçirilməsi üçün ideal məkandır. Bütövlükdə isə, BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilməsi dünyanın ən nüfuzlu ali qurumunun, dünya ölkələrinin Azərbaycana olan hörmətinin, etimadının, ölkəmizin dünya siyasətində, beynəlxalq münasibətlər sistemində yerinə və roluna, habelə multikultural dəyərlərin təşviqi və sivilizasiyalararası, mədəniyyətlərarası dialoqun inkişafına töhfələrinə verilən qiymətin real ifadəsidir.
BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Azərbaycanın mədəniyyətlərin inteqrasiyasına bəxş etdiyi töhfələrdən xəbər verir
Bütövlükdə, Forum Azərbaycanın mədəniyyətlərin inteqrasiyasına bəxş etdiyi töhfələrdən xəbər verir. Ölkəmizin qlobal mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsi təsadüfi xarakter daşımır. Azərbaycan tolerantlıq və multikulturalizm diyarı olaraq humanitar və mədəniyyət sahələrində də qlobal əməkdaşlıq üçün əlverişli məkandır. Qeyd etdiyimiz kimi, Azərbaycan bu gün dünyaya istər tolerantlıq, istərsə də iqtisadi inkişaf baxımından yeni model bəxş edib. Hazırda dünyanın bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində fərqli mədəniyyətlərin toqquşmasının nəticəsində xoşagəlməz tendensiyalar meydana çıxır. İslamofobiya, irqçilik, ksenofobiya kimi təhlükəli meyillərin bəzən süni şəkildə alovlandırılması bu cür toqquşmaları daha da dərinləşdirir, nəticədə insan haqlarının pozulması halları artır, sosial sabitlik pozulur. Azərbaycanda isə əsrlərdən gələn multikulturalizm, dözümlülük və qarşılıqlı hörmət mühitində sabitlik, təhlükəsizlik, insan hüquqlarının müdafiəsi təmin edilib. Ona görə də təsadüfi deyil ki, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu kimi qlobal əhəmiyyətli tədbirlər dünyaya tolerantlıq, multikulturalizm və inklüzivlik kontekstində yeni model bəxş edən Azərbaycanda keçirilir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

