Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu qarşısına qoyduğu məqsədlərə nail oldu

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu qarşısına qoyduğu məqsədlərə nail oldu

29.04.2016 [10:00]

Prezident İlham Əliyev: BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi etmək bizim üçün böyük fəxrdir. Biz bunu mədəniyyətlərarası dialoq və multikulturalizm dəyərlərinin təşviqi sahəsində fəaliyyətimizin yüksək qiymətləndirilməsi əlaməti kimi qəbul edirik
Məlum olduğu kimi, 25-27 aprel tarixlərində Bakıda “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” şüarı altında BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirilib. Forum çərçivəsində müxtəlif mövzularda seminarlar, bölmə iclasları baş tutub və bütün dünya üçün aktuallıq kəsb edən məsələlərlə bağlı müzakirələr aparılıb. Ekspertlər əminliklə qeyd edirlər ki, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu sivilizasiyalararası dialoqun möhkəmləndirilməsi, xalqlar və dövlətlər arasında dostluq, əməkdaşlıq və davamlı inkişafın təşviqi, milli, dini və irqi ayrı-seçkiliyin, dünyada sülh və təhlükəsizliyi təhdid edən neqativ halların aradan qaldırılması, habelə ümumbəşəri əhəmiyyət kəsb edən aktual məsələlərin müzakirə olunduğu, mühüm problemlərin həllinə dəstək məqsədi daşıyan qlobal platformadır. Qeyd edək ki, 2014-cü il sentyabrın 26-da BMT Baş Məclisinin 69-cu sessiyası çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı Dostlar Qrupunun Nazirlər Toplantısında Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi barədə qərar qəbul edilib.
Azərbaycan dünyaictimaiyyətinin diqqət mərkəzindədir
Şübhəsiz, “İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında təşkil edilən belə bir qlobal tədbirin Azərbaycanda keçirilməsi heç də təsadüfi xarakter daşımır. Sirr deyil ki, müstəqillik illərində mühüm nailiyyətlərə imza ataraq, dinamik inkişaf edən Azərbaycan Respublikası öz müstəqil və məqsədyönlü siyasəti ilə dünya siyasətində və beynəlxalq münasibətlər sistemində layiqli yer tutub. Azərbaycan öz təklif və təşəbbüsləri ilə dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, milli və ümumbəşəri dəyərlərin, milli və dini müxtəlifliyin, multikulturalizm ənənələrinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə, ayrı-ayrı istiqamətlərdə müşahidə olunan problemlərin həllinə dəyərli töhfələr verir. Azərbaycan həmçinin qlobal və regional səviyyəli tədbirlərə ev sahibliyi edən, bütün dünyanın diqqət mərkəzində olan mühüm məsələlərin müzakirə olunduğu siyasi, iqtisadi və humanitar mərkəz kimi tanınır. Təsadüfi deyil ki, I Avropa Oyunları, “Formula 1” yarışları, şahmat üzrə dünya çempionatı, IV İslam Həmrəylik Oyunları, Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Zirvə toplantısı, Qlobal Bakı Forumu və digər tədbirlər məhz Azərbaycanda keçirilir. Bakıda keçirilən beynəlxalq tədbirlərdə fəaliyyətdə olan və keçmiş dövlət və hökumət başçıları, ictimai-siyasi xadimlər, beynəlxalq təşkilatların rəsmi nümayəndələri, tanınmış ekspertlər, QHT və KİV rəhbərləri iştirak ediblər. Bu tədbirlər həm mövzuların aktuallığı, həm də çoxsaylı iştirakçıların yüksək statusu və nüfuz dairəsi baxımından diqqəti çəkib.
Bütövlükdə isə, BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakı şəhərində keçirilməsi dünyanın ən nüfuzlu ali qurumunun, dünya ölkələrinin Azərbaycana olan hörmətinin, etimadının, ölkəmizin dünya siyasətində, beynəlxalq münasibətlər sistemində yerinə və roluna, habelə multikultural dəyərlərin təşviqi və sivilizasiyalararası, mədəniyyətlərarası dialoqun inkişafına töhfələrinə verilən qiymətin real ifadəsidir.
Digər tərəfdən, dünyaya tolerantlıq, multikulturalizm kimi ümumbəşəri dəyərləri özündə ehtiva edən nümunələr təqdim edən Azərbaycanda həm də inklüziv cəmiyyət formalaşıb. Daha dəqiq desək, bütün maddi və mənəvi sərvətlərin sosial ədalət əsasında cəmiyyət üzvləri arasında bölüşdürüldüyü bir sosium Azərbaycanın timsalında dünya miqyasında örnək təşkil etməkdədir.
İnklüziv cəmiyyətin təməlləri sosial ədalət üzərində təşəkkül tapır və demokratik ənənələr, tolerantlıq və multikultural dəyərlər bu tip sosiumun xarakterik özəllikləri kimi çıxış edir. Azərbaycan cəmiyyəti məhz özündə tolerantlıq ənənələrini, demokratik, multikultural dəyərləri birləşdirir və inklüziv sosium kimi modern cəmiyyət quruculuğu vəzifəsini uğurla reallaşdırıb. Bu mənada, “İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında keçirilən Forum hər kəsə bərabər imkanların təqdim edildiyi yaşayış tərzinə dair çağırışın səslənməsini və bu istiqamətdə irəliləyişin əldə olunmasını təmin etmək üçün müxtəlif sektorların perspektivlərini gündəmə gətirib.
Azərbaycan cəmiyyəti inklüziv sosium kimi multikultural dəyərlərin daşıyıcısıdır
Azərbaycan cəmiyyətinin inklüzivliyini əks etdirən başlıca göstəricilərdən biri sosiumun multikultural dəyərlərin daşıyıcısı olmasıdır. Ümumiyyətlə, Azərbaycanın multikulturalizm ənənələri və təcrübəsi həm üstün dəyər, həm də xüsusi nümunə kimi çıxış edir. Tarixin bütün dövrlərində Azərbaycan dini, milli və mədəni dəyərlərə və müxtəlif dinlərin, millətlərin, mədəniyyətlərin, sivilizasiyaların mənsublarına münasibətinə görə, sözün əsl mənasında, tolerantlıq nümunəsi olub. Azərbaycan xalqı daim ən yüksək dini, mənəvi dəyərlərin daşıyıcısı olub, yanaşı yaşadığı xalqların mənəvi-mədəni dəyərlərinin formalaşmasına və inkişafına mühüm töhfələr verib.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılışında çıxışı zamanı bu məqamlara toxunaraq deyib ki, Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olmuşdur: “Biz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük. Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar. Dini dözümlülük və multikulturalizm burada hər zaman mövcud olmuşdur. Multikulturalizm sözü mövcud olmadığı bir zamanda belə, həmin ideyalar daim yaşayıb.
Bunun nəticəsidir ki, bu gün Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Bu, bizim ən böyük sərvətimizdir və biz tariximizlə fəxr edirik”.
Azərbaycanın multikulturalizm ənənələri və təcrübəsi spesifik model kimi...
Bütövlükdə, Forum Azərbaycanın mədəniyyətlərin inteqrasiyasına bəxş etdiyi töhfələrdən xəbər verir. Ölkəmizin qlobal mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsi təsadüfi xarakter daşımır. Azərbaycan tolerantlıq və multikulturalizm diyarı olaraq humanitar və mədəniyyət sahələrində də qlobal əməkdaşlıq üçün əlverişli məkandır. Qeyd etdiyimiz kimi, Azərbaycan bu gün dünyaya istər tolerantlıq, istərsə də iqtisadi inkişaf baxımından yeni model bəxş edib. Hazırda dünyanın bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində fərqli mədəniyyətlərin toqquşmasının nəticəsində xoşagəlməz tendensiyalar meydana çıxır. İslamofobiya, irqçilik, ksenofobiya kimi təhlükəli meyillərin bəzən süni şəkildə alovlandırılması bu cür toqquşmaları daha da dərinləşdirir, nəticədə insan hüquqlarının pozulması halları artır, sosial sabitlik pozulur. Azərbaycanda isə əsrlərdən gələn multikulturalizm, dözümlülük və qarşılıqlı hörmət mühitində sabitlik, təhlükəsizlik, insan hüquqlarının müdafiəsi təmin edilib. Ona görə də təsadüfi deyil ki, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu kimi qlobal əhəmiyyətli tədbirlər dünyaya tolerantlıq, multikulturalizm və inklüzivlik kontekstində yeni model bəxş edən Azərbaycanda keçirilir. Eyni zamanda, Azərbaycanın təcrübəsi onu deməyə əsas verir ki, multikulturalizmin alternativi yoxdur və o, özündə tolerantlıq ənənələrini ehtiva edir. Prezident İlham Əliyevin bildirdiyi kimi: “Multikulturalizmin alternativi yoxdur. Əlbəttə, bizə məlumdur ki, bununla bağlı müxtəlif fikir və baxışlar var. Bəziləri multikulturalizmin iflasa uğradığını iddia edirlər, ancaq müsbət nümunələr var. Bizim üçün multikulturalizm dövlət siyasətidir və bizim həyat tərzimizdir.
Gəlin alternativlərə nəzər salaq, onlar nədən ibarətdir? Bunlar çox təhlükəli alternativlərdir - ksenofobiya, islamofobiya, antisemitizm, irqçilik, diskriminasiya, nifrət. Bu səbəbdən multikulturalizm dəyərlərinin gücləndirilməsi, hesab edirəm ki, müasir siyasətin çox müsbət meyli olacaqdır. Bütün məsuliyyətli siyasətçilər bu müsbət dinamikaya töhfələrini verməlidirlər”.
Forum uğurla başa çatdı: Azərbaycan sivilizasiyalararası dialoqun inkişafına fundamental töhfələr verdi
Beləliklə, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun uğurla keçirilməsi multikulturalizmin təşviqi baxımından mühüm tədbir oldu. Yeri gəlmişkən, Mədəniyyət və Turizm, həmçinin Xarici İşlər nazirliklərinin birgə mətbuat açıqlamasında Forumun mədəniyyətlər və sivilizasiyalar arasında, eləcə də sivilizasiyalar daxilində dialoq və anlaşmanın gücləndirilməsinə əsaslı töhfə verdiyi vurğulanıb. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun yüksək səviyyəli nazirlər iclasının Bakı Bəyannaməsi qəbul edildi. Bəyannamədə Alyansın VII Qlobal Forumunun “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” adı altında keçirilməsinə ev sahibliyi etməsi, müasir dövrdə cəmiyyətlərdə artan müxtəlifliyin fonunda inklüziv birgəyaşayışa qarşı artan təhdidlərin qarşısının alınması və irəliləyişin müəyyən edilməsi nöqteyi-nəzərindən müxtəlif dairələrin fərqli baxışlarının bir araya gətirilməsi, “Bakı prosesi” və 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi baxımından Azərbaycanın rolu təqdir edildi. Həmçinin, bəyanatda Forumun mövzusunun BMT-nin bütün Davamlı İnkişaf Məqsədlərinə, o cümlədən Alyansın gənclər, təhsil, media və miqrasiya kimi təməl fəaliyyət istiqamətlərinə əsaslı töhfəsi qeyd olunaraq VII Qlobal Forumun keçirilməsinə görə Azərbaycan hökumətinə və xalqına, xüsusilə Bakı şəhərinə təşəkkür ifadə olundu.
Bəyanatda qeyd olunduğu kimi, VII Bakı Qlobal Forumu inklüziv cəmiyyətlərdə birgəyaşayış üzrə qabaqcıl təcrübələrin mübadiləsi, sülh, universal insan hüquqları və davamlı inkişafın təşviq edilməsi və təhdidlərə, xüsusilə terrorizm üçün münbit rol oynayan zorakı ekstremizmin yayılmasına qarşı həll yollarının tapılması, BMT-nin Sivilizasiyalar Alyansının qlobal platforma kimi rolunun vurğulanması baxımından qarşısına qoyduğu məqsədlərə nail oldu.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 645 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31