Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bu il regional inkişaf istiqamətində çox böyük layihələr icra ediləcək

Bu il regional inkişaf istiqamətində çox böyük layihələr icra ediləcək

18.05.2016 [10:06]

Prezident İlham Əliyev: Nəzərdə tutduğumuz layihələrin icrası üçün təqribən 2 milyard manata qədər vəsait lazım olacaqdır. Onun bir hissəsi dövlətin güzəştli kreditləri, bir hissəsi isə sahibkarların hesabına təmin edilməlidir
Məlum olduğu kimi, hazırda iqtisadiyyatı neft amili ilə bağlı olan ölkələrin qarşısında liberal iqtisadiyyatın inkişafına nail olmaq, biznes mühitinin daha da optimallaşmasını təmin etmək, ağırlıq mərkəzini qeyri-neft iqtisadiyyatına keçirmək kimi mühüm vəzifələr dayanır. Məhz bu kontekstdə qlobal iqtisadiyyat üçün meydana çıxan yeni çağırışlara adekvat tədbirlər görmək baxımından Azərbaycanın vəziyyəti nikbinlik üçün ciddi əsaslar verir. Daha doğrusu, zamanında iqtisadiyyatın şaxələndirilməsi, ölkənin daxili resursları, həmçinin indiki şəraitdə dövlətin mövcud imkanlar, qabaqcıl dünya təcrübəsi nəzərə alınmaqla müəyyənləşdirdiyi hədəflər, bu hədəflərə çatmaq üçün ardıcıllıqla həyata keçirilən genişməzmunlu tədbirlər respublikanın inkişafının ardıcıllığını bundan sonra da təmin etməyə fundamental əsaslar yaradır. Hazırda Azərbaycan bütünlüklə postneft dövrünün iqtisadiyyatının qurulmasına, neft daxilolmalarının azalmasını ixrac tutumlu yeni məhsulların istehsalının genişləndirilməsi yolu ilə kompensasiya etməyə, əhalinin məşğulluğunun azalmasına imkan verməməklə ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsinə istiqamətlənib.
2016-cı il Azərbaycanda iqtisadi islahatlar ili olacaq
Yaranmış vəziyyətdə ölkəmizin mənzərəsi yeni iqtisadi islahatların həyata keçirilməsi ilə səciyyələnir. Hədəflənən nəticələrin əldə olunması məqsədilə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizdə həyata keçirilən islahatlar qanunvericilik bazasının möhkəmləndirilməsindən, biznes mühitinin daha da optimallaşdırılmasından, investisiyaların təşviqi mexanizmlərinin möhkəmləndirilməsindən, vergi bazasının genişləndirilməsi yolu ilə sahibkarların vergi yükünün azaldılmasından, gömrük nəzarətinin sadələşdirilməsindən tutmuş struktur dəyişikliklərinə və institusional islahatlaradək müxtəlif istiqamətləri əhatə edir. Xüsusi olaraq vurğulayaq ki, dövlət başçısı iqtisadiyyatın neftdənkənar sahələrinin üstün inkişafının təmin edilməsinə hüquqi əsaslar yaradan bir sıra sənədlər imzalayıb. Ölkəmizin reallıqları nəzərə alınmaqla aparılan islahatlar onu deməyə əsas verir ki, başlanan yeni iqtisadi kurs neft gəlirlərinin azaldığı şəraitdə də Azərbaycanın dinamik inkişafını təmin edəcək. 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişaf göstəricilərinə istinadən demək mümkündür ki, ölkəmiz yeni iqtisadi şəraitə uğurla adaptasiya olunur. Artıq manatın məlum devalvasiyasının yaratdığı psixoloji gərginlik səngiyib. Həyata keçirilən tədbirlər sayəsində qeyri-neft iqtisadiyyatında, o cümlədən də aqrar sektorda, regionlarda iqtisadi fəallığın artması ölkənin yeni inkişaf istiqamətinin uğurlu olacağına, respublikamızın gələcəkdə yeni nailiyyətlərə imza atacağına böyük əminlik yaradır.
Əsas məqam ondan ibarətdir ki, respublikamızda islahatlar kompleks və ardıcıl xarakter daşıyır, dövlət başçısı islahatların davamlı olmasına və bütün sahələri əhatə etməsinə güclü siyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində ölkəmizdə başlanan islahatların davam etdiriləcəyi ilə bağlı Öz mesajlarını verib. Dövlət başçısı bildirib ki, ciddi dərin iqtisadi islahatlar aparılır və bu islahatlar dərinləşməlidir. 2016-cı ilin Azərbaycanda dərin iqtisadi islahatlar ili olacağını vurğulayan Prezident İlham Əliyev deyib: “Birinci rübdə iqtisadi islahatlar daha da sürətlə aparılmışdır. Ümumiyyətlə, mən bildirməliyəm ki, 2016-cı il dərin iqtisadi islahatlar ili olacaqdır. İlin əvvəlindən biz bu istiqamətdə çox fəal işləyirik. Bir çox sərəncamlar, qanunlar imzalanmış və qəbul edilmişdir”.
Qeyri-neft sektorunun sürətli inkişafı bundan sonra da təmin olunacaq
Hazırda bütün dünyada nümunə kimi göstərilən inkişafın Azərbaycan modelinin ən səciyyəvi cəhətlərindən biri ölkənin regionlarının tarazlı inkişafının təmin edilməsi ilə bağlıdır. Son 13 ildə tarixi əhəmiyyət daşıyan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla reallaşdırılması Azərbaycanın bölgələrinin simasını dəyişib, regionları da iqtisadi güc amilinə çevirib. Bir vaxtlar respublikamızın iqtisadi potensialı əsasən paytaxt Bakıda və bir sıra iri şəhərlərdə cəmləşmişdi. Həyata keçirilən məqsədyönlü siyasət sayəsində artıq bu nisbətin dəyişdiyini söyləmək mümkündür. Regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramının icrasına start verilməsindən etibarən Azərbaycanın bölgələrində 70 mindən çox müəssisə fəaliyyətə başlayıb və çoxlu sayda iş yerləri yaradılıb. Ümumiyyətlə, son illərdə regionların maliyyə təminatı əhəmiyyətli dərəcədə güclənib. 2004-cü ildən etibarən bəhs olunan Dövlət proqramlarının icrasına bütün mənbələr hesabına 50,7 milyard, o cümlədən birinci proqramın icrasına 16 milyard, ikinci proqramın icrasına isə 34,7 milyard manat vəsait yönəldilib. 2015-ci ildə regionların inkişafına bütün mənbələr hesabına 3,6 milyard manat vəsait yönəldilib. O cümlədən, ayrı-ayrı şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi və bir sıra mühüm layihələrin icrası ilə bağlı Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla regionlara 169 milyon manat vəsait ayrılıb.
Azərbaycanın yeni iqtisadi şəraitdə müəyyənləşdirdiyi hədəflərə uyğun olaraq regionların tarazlı inkişafı bundan sonra da təmin ediləcək. Regionların güclü iqtisadi potensialı ölkəmizdə qeyri-neft iqtisadiyyatının inkişafında mühüm rol oynaya bilər. Bu potensialdan səmərəli istifadə olunması üçün bir sıra layihələr həyata keçirilməlidir. Prezident İlham Əliyev bildirib ki, regionlarda nəzərdə tutulan layihələrin icrasına təxminən 2 milyard manat vəsait tələb olunacaq: “Bu il regional inkişaf istiqamətində də çox böyük layihələr icra edilməlidir. Nəzərdə tutduğumuz layihələrin icrası üçün təqribən 2 milyard manata qədər vəsait lazım olacaqdır. Onun bir hissəsi dövlətin güzəştli kreditləri, bir hissəsi isə sahibkarların hesabına təmin edilməlidir. Hər halda biz qarşıya bu hədəfi qoymuşuq. Çalışmalıyıq ki, bu hədəfə çata bilək”.
Ölkənin regionlarında yeni layihələrin yerinə yetirilməsi istər iqtisadi aktivliyin artması, istərsə də sosial problemlərin həlli baxımından böyük önəm daşıyır. Prezident İlham Əliyev vurğulayıb ki, ölkə iqtisadiyyatına, qeyri-neft sektoruna qoyulacaq investisiyalar özlüyündə daha da böyük canlanmaya, yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq və yeni ixrac məhsullarımız da olacaqdır.
Məlumdur ki, son 13 ildə respublikamızda sahibkarlara qayğı dövlət siyasətinin mühüm bir istiqamətini təşkil edib. Son illərdə özəl bölmədə əldə olunan uğurlar respublikamızda sahibkarlara yüksək səviyyədə dəstək verildiyinin əyani şəkildə təsdiqidir. Biznes mühitinin yaxşılaşdırılması, biznesə başlama prosedurlarının sadələşdirilməsi, sağlam rəqabətin təmin edilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, sahibkarların maarifləndirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi və digər tədbirlər nəticəsində son 13 ildə respublikamızda məşğulluqda və vergi daxilolmalarında özəl bölmənin çəkisi 70 faizi ötüb. Ölkəmizdə sahibkarlıq subyektlərinin sayı 2004-cü illə müqayisədə 2,5 dəfə artıb. 2015-ci ildə ÜDM-in həcmində özəl sektorun payı 81,2 faiz təşkil edib. Sənayedə qeyri-dövlət sektorunun payı 76,4 faizə yüksəlib. Artıq Azərbaycanda sahibkarlıq subyektlərinin sayı 677 231 vahidə çatıb. Yeni iqtisadi şəraitdə ölkəmizdə sahibkarlığın inkişafı güclü şəkildə təşviq olunur.
Hərtərəfli dövlət qayğısı, eyni zamanda, sahibkarların sosial məsuliyyət məsələsini ön plana çıxarır. Sahibkarlar ölkədə aparılan islahatların fəal qüvvəsinə çevrilməlidirlər. Prezident İlham Əliyev vurğulayıb ki, iş adamları nəzərdə tutulan layihələri icra etməlidirlər: “Qeyri-neft sektorunun sürətli inkişafı bundan sonra da təmin edilməlidir. Mən giriş sözümdə qeyd etdim. İki milyard manata yaxın dəyəri olan layihələr tərtib edilib. İndi iş adamları bu layihələri icra etməlidirlər”.
İxracyönümlü məhsul istehsalını artırmaqla yeni bazarlara çıxmaq mümkündür
Müstəqillik illərində Azərbaycanın iqtisadi potensialının davamlı olaraq artmasında aqrar sektorun rolunu xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, kənd təsərrüfatının inkişafı bizim üçün həmişə prioritet olub, indiki şəraitdə bunun önəmi daha da artır.
Ölkəmizin iqtisadi inkişaf hədəfləri sırasında aqrar sektorun prioritet hesab edilməsi təsadüfi deyil. Azərbaycan kənd təsərrüfatının inkişafı sahəsində tarixən güclü ənənələrə malik olan ölkədir. Əlverişli coğrafi-iqlim xüsusiyyətləri ölkəmizdə aqrar sektorun geniş inkişaf imkanlarına malik olmasını şərtləndirir. Bununla yanaşı, ölkəmizdə kənd təsərrüfatına praktiki müstəvidə geniş maliyyə və texniki dəstək göstərilir, eyni zamanda, bu sahədə hədəflənən yüksək nəticələrin əldə olunması məqsədilə institusional islahatlar həyata keçirilir, qanunvericilik bazası möhkəmləndirilir. Respublikamızda aqrar sektorun müasir texnika və zəruri avadanlıqlarla təchizatını gücləndirmək məqsədilə yaradılan “Aqrolizinq” ASC-nin fəaliyyəti dövlət tərəfindən dəstəklənir. Sahibkarlığa Kömək Milli Fondunun kredit portfelinin 65-70 faizi kənd təsərrüfatı istehsalına və kənd təsərrüfatı məhsullarının emalı sahələrinə yönəldilir. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün növ vergi ödənişlərindən azaddırlar. Müasir meliorasiya, irriqasiya sistemləri dövlət investisiyaları hesabına qurulur. Ölkəmizdə hər il təqribən 600 min kənd təsərrüfatı məhsulları istehsalçısı dövlət dəstəyindən bəhrələnir.
Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq aqrar sektora hərtərəfli dəstək verilməsi, öz növbəsində, bu sahədə diqqətəlayiq uğurların əldə olunması ilə nəticələnib. Ölkənin qeyri-neft məhsulları ixracının strukturunda kənd təsərrüfatında istehsal olunan meyvə-tərəvəzin çəkisi getdikcə artır. Onu da xüsusi olaraq vurğulamaq lazımdır ki, xarici istehlak bazarlarında Azərbaycanın keyfiyyətli kənd təsərrüfatı məhsullarına böyük tələbat var. Cari ilin birinci rübündə aqrar sektorda 2,7 faiz artıma nail olunması respublikamızda bu sahədə böyük potensialın olduğunu bir daha təsdiqləyir.
Prezident İlham Əliyev indiki şəraitdə ölkəmizə valyuta daxilolmalarının azalmasının kənd təsərrüfatı məhsullarının ixracı ilə müəyyən dərəcədə kompensasiya edilməsinin zəruriliyini diqqətə çatdırıb: “İndi nəzərə alsaq ki, bizim valyuta gəlirlərimiz böyük dərəcədə azalıb, - əgər neftin qiyməti üç-dörd dəfə düşübsə, bu, o deməkdir ki, bizim valyuta gəlirlərimiz üç-dörd dəfə azalıbdır, - ona görə biz bunu kənd təsərrüfatı məhsullarının ixracı ilə müəyyən dərəcədə kompensasiya etməliyik. Biz vaxtilə Azərbaycanda çox inkişaf etmiş sahələri bərpa etməliyik”.
Beləliklə, görülən bu işlər regionların sosial - iqtisadi inkişaf göstəricilərinin artmasına, regionlarda ciddi inkişaf potensialının yaranmasına və işsizliyin əhəmiyyətli dərəcədə aradan qaldırılmasına əsaslar yaradır. Bu isə dövlətin həyata keçirdiyi iqtisadi inkişaf siyasətinin məqsədləri ilə üst-üstə düşür.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 735 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31