Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin yaz sessiyası başa çatıb

Milli Məclisin yaz sessiyası başa çatıb

01.06.2016 [09:58]

Parlamentin növbədənkənar sessiyasının keçirilməsi haqqında qərar qəbul olunub
Dünən Milli Məclisin yaz sessiyasının son iclası keçirilib. Öncə spiker Oqtay Əsədov iclasın gündəliyi haqqında məlumat verib. Əvvəlcə Hümbət Səlimovun Şəki Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi məsələsinə baxılıb. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, sözügedən hakimin vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə müraciət daxil olub. Onun sözlərinə görə, Hümbət Səlimov məhkəmə sistemində özünü doğruldan hakimlərdən biridir və hazırda Balakən rayonunun Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə təyinat alıb.
Daha sonra iclasda “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirə edilib. Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə 2015-ci ilin Azərbaycan iqtisadiyyatı üçün çox uğurlu illərdən biri olduğunu bildirib. O deyib ki, ötən il dövlətimizin başçısının müəyyən etdiyi hədəflər, inkişaf strategiyası uğurla yerinə yetirilib: “Qlobal iqtisadi çətinliklərə baxmayaraq, ölkədə sosial proqramların icrası dayandırılmayıb. Xarici öhdəliklər vaxtında yerinə yetirilib. Hökumətin 2015-ci ildə aparılan iqtisadi siyasəti yüksək qiymətləndirilməlidir”.
Komitə sədri qeyd edib ki, neftin qiymətinin 3 dəfədən çox azalması ölkəmizin iqtisadiyyatına da öz mənfi təsirini göstərsə də, bu təsirlər minimuma endirilib. Onun sözlərinə görə, 2015-ci ildə iqtisadi inkişafa nail olmaq özlüyündə böyük nailiyyətdir: “2015-ci ilin büdcənin icrasında vergi və gömrük komitəsi proqnozu artıqlaması ilə yerinə yetirib. Vergi-gömrük sistemindəki iqtisadi islahatların nəticəsində büdcənin gəlirləri üzrə proqnozlar uğurla həyata keçirilib. Ölkənin müdafiəsi ilə bağlı xərclərində heç bir azalma olmayıb. Təhsil, səhiyyə, mədəniyyət xərclərinin xüsusi çəkisi artıb. Son 5 ildə aqrar sektorun inkişafına 2,5 mlrd. manat ayrılıb. Hələlik dövlət büdcəsində Dövlət Neft Fondu üstünlük təşkil edir. 2013-cü ildə transfert 11,3 mlrd. manat, 2015-ci ildə 8 mlrd. manat təşkil edib. Ümid edirəm ki, yaxın gələcəkdə Qəbələ də dotasiya almayan şəhərlər arasında yer alacaq. Gələcəkdə büdcə gəlirlərinin artması nəticəsində büdcənin strukturu da təkmilləşəcək. Ötən il dövlət büdcəsinin kəsiri də kifayət qədər məqbul olub. Son on ildə dövlət büdcəsinin kəsiri proqnozdan artıq olmayıb ki, bu da düşünülmüş büdcə siyasətinin nəticəsidir”.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “2015-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi ilə bağlı rəyi təqdim edib. O qeyd edib ki, 2015-ci il Azərbaycan iqtisadiyyatı üçün enerji daşıyıcılarının qiymətinin aşağı olması tədiyyə balansının həssaslığının artması, ümumi daxili məhsulda neft sektorunun payının daha da azalması, məzənnə mövqeyinin zəifləməsi, eləcə də orta illik inflyasiya səviyyəsinin son illərlə müqayisədə daha da artması kimi amillərlə səciyyələnib.
Qeyd edilib ki, düşünülmüş iqtisadi siyasət, qeyri-neft sektorunun inkişafının diqqətdə saxlanılması ilə dövlət büdcəsində nəzərdə tutulan gəlir və xərclər tam reallaşdırılıb. Əvvəlki illərlə müqayisədə debitor borcların həcmi azalıb. Sədr dövlət büdcəsinin əsas parametrləri haqqında da məlumat verib.
İclasda çıxış edən maliyyə naziri Samir Şərifov qeyd edib ki, dünya xammal bazarında qiymətlərin aşağı düşməsi, iqtisadi artım templərinin azalması qlobal ticarətə də təsirsiz ötüşməyib. Lakin Azərbaycanda dövlətimizin başçısı tərəfindən atılan çevik addımlar hesabına xarici iqtisadi faktorlardan qaynaqlanan mənfi fəsadların neytrallaşdırılması təmin edilib. Büdcənin icrası ilə bağlı öhdəliklərin icrası yerinə yetirilib. Əhalinin yaşayış səviyyəsi və pul gəlirləri, ölkənin beynəlxalq aləmdə reytinqi artıb, Azərbaycanın regionda iqtisadi mövqeyi daha da möhkəmlənib. Bu nailiyyətlər dünya iqtisadiyyatında mövcud olan qeyri-sabitlik şəraitində qazanılıb.
Nazir deyib ki, 2015-ci il icmal büdcənin gəlirləri 20 milyard 716,8 milyon manat proqnoza qarşı 18 milyard 416 milyon manat və ya 88,9 faiz, xərcləri isə 25 milyard 911 milyon manat proqnoza qarşı 21 milyard 14,7 milyon manat və ya 81,1 faiz icra olunub. Ötən il dövlət büdcəsinin gəlirləri 19 milyard 438 milyon manat proqnoza qarşı 90 faiz icra olunaraq 17 milyard 498 milyon manat olub. Nazir əlavə edib ki, 2015-ci ilin ortalarından etibarən dövlət büdcəsinin xərcləri ilə bağlı qənaətə başlanılıb. Diqqətə çatdırılıb ki, 2015-ci ildə dövlət büdcəsi gəlirlərinin 8 milyard 130 milyon manatı və ya 46,5 faizi Dövlət Neft Fondundan transfertin, 7 milyard 118,3 milyon manatı və ya 40,7 faizi Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 1 milyard 591,9 milyon manatı və ya 9,1 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 657,8 milyon manatı və ya 3,7 faizi digər mənbələr üzrə daxilolmaların payına düşür. 2015-ci ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmalar nəzərdə tutulduğundan 6,3 milyon manat və ya 0,1 faiz, 2014-cü illə müqayisədə isə 4,6 milyon manat (0,1 faiz) çox icra olunub. Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 1 milyard 590 milyon manat proqnoza qarşı 1 milyard 591,9 milyon manat və ya 100,1 faiz icra olunub ki, bu da 2014-cü illə müqayisədə 81,1 milyon manat (5,4 faiz) çoxdur.
Bildirilib ki, ötən il sosial xərclərin icra edilməsinə üstünlük verilib, lüzumsuz xərclər üzrə qənaət edilib. 2015-ci ildə ölkə iqtisadiyyatının məruz qaldığı xarici qiymət şoklarının qısa və ortamüddətli təsirlərinə cavab olaraq büdcə yığcamlaşdırılması siyasəti davam etdirilib. 2016-cı ilin dövlət büdcəsinə yenidən baxılması nəzərdə tutulmur. 2016-cı ilin fevralında dövlət büdcəsinə düzəlişlər edilib, dövlət və icmal büdcənin gəlirlərinin hesablanması üçün neftin baza qiyməti 25 dollardan götürülüb. Transfertlərin həcmi isə manatla göstərilib. Buna görə də neftin qiymətinin artması və ya azalması Dövlət Neft Fondundan transfertlərə təsir etmir. Hazırda neftin qiyməti dövlət büdcəsində nəzərdə tutulandan yüksək olduğundan Dövlət Neft Fondunun gəlirləri artır.
Müzakirələr zamanı çıxış edən deputatlar Zahid Oruc, Əli Məsimli, Elmira Axundova, Ağalar Vəliyev, Aydın Hüseynov, Fazil Mustafa, Astan Şahverdiyev, Qənirə Paşayeva, Tahir Kərimli, Əflatun Amaşov, Şəmsəddin Hacıyev və başqaları “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin qanunvericiliyə uyğun hazırlandığını söyləyiblər.
Daha sonra maliyyə naziri Samir Şərifov millət vəkillərinin sual və təkliflərinə münasibət bildirib. O deyib ki, pensiya islahatına uyğun olaraq müvafiq qanun layihəsi hazırlanıb. S.Şərifov bildirib ki, dövlət başçısının təsdiq etdiyi pensiya islahatına uyğun olaraq hazırlanan müvafiq qanun layihəsi yaxın vaxtda Nazirlər Kabineti tərəfindən cənab Prezidentə təqdim ediləcək: “Daha sonra qanun layihəsinin parlamentə təqdim edilməsi gözlənilir. Layihənin əsas məqsədi pensiyaların yığılmış pensiya kapitalı əsasında formalaşdırılmasıdır”.
S.Şərifov diplomatların pensiyasının artırılması məsələsinə də toxunub: “Bununla bağlı Maliyyə Nazirliyi tərəfindən xüsusi qaydalar təklif olunub. Təklif olunur ki, xaricdə çalışan zaman əməkhaqqının 25 faizi pensiya kapitalına yönəldilsin. Lakin Xarici İşlər Nazirliyi (XİN) buna münasibət bildirməyib. Hesab edirəm ki, təklifin qəbulu diplomatların xeyrinə olardı”.
Müzakirələrdən sonra qanun layihəsi qəbul olunub.
İclasda həmçinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 21-ci maddəsinə (Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi) dəyişiklik edilib. Bu barədə parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə məlumat verib. Bildirilib ki, həmin maddənin 1.5-ci hissəsinə edilən dəyişikliyə əsasən, “xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək” möhlət hüququ veriləcək.
Bu hissənin hazırda qüvvədə olan variantı isə belədir: “Xarici ölkələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş təhsil müəssisələrində əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək”.
Bundan sonra xarici ölkə təhsil müəssisələrində təhsil alanlar üçün hərbi çağırışdan möhlət hüququnun əldə edilməsi üçün müvafiq icra hakimiyyəti orqanı (Təhsil Nazirliyi) tərəfindən tərtib olunmuş xarici ölkə təhsil müəssisələri siyahısına ehtiyac qalmır.
İclasda bir sıra qanun layihələri də qəbul olunub.
Qeyd edək ki, 1 iyun Uşaqların - Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar bir qrup uşaq Milli Məclisdə olub, deputatların iş şəraiti ilə tanış olub və parlamentin iclasını izləyiblər.
İclasın sonunda Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, gələn ay üçün parlamentin növbədənkənar sessiyası çağırılıb: “76 deputatın müraciəti əsasında növbədənkənar sessiyanın keçirilməsi ilə bağlı qərar qəbul edilib”.
Sonda Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Bununla da parlamentin yaz sessiyası öz işini yekunlaşdırıb.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 698 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

YAP xəbərləri

Analitik

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31