Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyev: ... Azərbaycanın inkişafını təmin edəcəyəm və heç bir kənar qüvvə bizi bu yoldan çəkindirə bilməz

Prezident İlham Əliyev: ... Azərbaycanın inkişafını təmin edəcəyəm və heç bir kənar qüvvə bizi bu yoldan çəkindirə bilməz

12.10.2016 [10:20]

“Bizim üstünlüyümüz ondan ibarətdir ki, həmişə öz yolumuzla gedirik, öz siyasətimizi aparırıq, heç kimin sözü ilə oturub-durmuruq. Ona görə bu gün Azərbaycanda inkişaf və sabitlik var”
Azərbaycan Respublikası milli iqtisadi inkişaf modelinə malik olan, dinamik inkişaf edən, eyni zamanda, demokratik siyasi sistemə sahib olan dövlətdir. Müstəqillik dövründə ölkəmizin iqtisadiyyatın tərəqqisi, demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu sahəsində qazandığı uğurlar olduqca müstəsna əhəmiyyət kəsb edir. Bu uğurların əsasında isə iqtisadi və siyasi islahatların paralel aparılması, bütövlükdə, həyata keçirilən rasional strateji kurs dayanır.
Rasional iqtisadi siyasət Azərbaycanın milli gücünü artıran faktor kimi...
Milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin və mühafizə olunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir. Ümumilikdə, müstəqil Azərbaycanın strateji inkişaf paradiqmaları çoxşaxəlidir. Bu paradiqmalar özündə kompleks məsələləri və istiqamətləri ehtiva edir.
Əlbəttə, Azərbaycanın sürətli inkişafı və əldə edilmiş nailiyyətlər, ilk növbədə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin qanunauyğun nəticəsidir. Əsas etibarilə, iqtisadi inkişaf kursunun uğurla davam etdirilməsi hazırkı milli tərəqqini intensivləşdirən mühüm strateji faktorlardan biridir. Davamlı islahatların reallaşdırılması ilə yanaşı, bütün sahələrdə ardıcıl inkişaf strategiyası uğurla həyata keçirilməkdədir. Ümumiyyətlə, ölkənin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın diversifikasiyası ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. Bununla yanaşı, ölkə iqtisadiyyatının davamlı tərəqqisinin ən bariz təzahürlərindən biri də regionların sosial-iqtisadi inkişafıdır. Regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformalar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Bütün bunlar isə, şübhəsiz, Azərbaycanın modernləşməsinə və tərəqqisinə xidmət edir.
Bütövlükdə, Azərbaycan uğurlu inkişaf strategiyası və modelinə sahibdir. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı bu məsələlərə toxunaraq qeyd edib: “Neftin qiyməti düşdü və bunun nəticəsində dövlət investisiyaları azaldı, tikinti sektoruna az sərmayə qoyuldu və bu, müəyyən qədər iqtisadi tənəzzülə gətirib çıxardı. Ancaq sevindirici hal ondan ibarətdir ki, bizim sənayemiz artır. Sənaye potensialımız, baxmayaraq ki, az artır - 0,2 faiz, amma artır. İqtisadiyyatımızın, sənayemizin qeyri-neft sektoru artır, orada artım 3,6 faizdir, bu, yaxşıdır. Kənd təsərrüfatı 2,4 faiz artıbdır və əminəm ki, daha da artacaq. Çünki kənd təsərrüfatı sahəsində apardığımız işlər yaxın gələcəkdə daha da böyük həcmdə nəticə verəcəkdir”.
Regional güc mərkəzi olan Azərbaycan sabitlik adasıdır
Digər tərəfdən, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi səciyyələndirilir. Başqa sözlə, Azərbaycanın milli gücünü artıran əhəmiyyətli amillərdən biri də möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlikdir. Bu məsələdə yerli və xarici ekspertlərin ümumi rəyi odur ki, Azərbaycanda mövcud olan və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara tam cavab verməsidir. Azərbaycan vətəndaşları da son 13 il ərzində həyata keçirilən siyasəti dəyərləndirərkən ictimai-siyasi sabitlik amilinə xüsusi diqqət yetirirlər. Azərbaycan bu gün müasirləşən, sürətlə inkişaf edən, ictimai-siyasi sabitliyin mövcud olduğu bir ölkəyə çevrilib.
Azərbaycan dialoq və əməkdaşlıq məkanına çevrilib
Bunlarla yanaşı, müstəqil iqtisadi siyasət yürütməsi, sivilizasiyalararası dialoqa mühüm töhfələr verməsi, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında strateji tərəfdaş qismində mühüm rol oynaması Azərbaycanın beynəlxalq nüfuzunu artıran əhəmiyyətli faktorlar qismində çıxış edir. Təsadüfi deyil ki, ötən müddət ərzində həyata keçirilən rasional və praqmatik xarici siyasət kursunun fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində bir sıra əhəmiyyətli uğurlar əldə etməsi də ölkəmizin beynəlxalq nüfuzunun artmasına və xarici əlaqələrinin əhatə dairəsinin genişlənməsinə təkan verən mühüm faktor olub. Beləliklə, Azərbaycanın inkişafı, müstəqil siyasət həyata keçirməsi onu siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevirməkdədir. Bu eyni zamanda, ölkəmizə beynəlxalq aləmdə olan etimadı daha da artırır.
Bu baxımdan, 2016-cı ildə də Azərbaycanın beynəlxalq mövqeyi möhkəmlənib, ikitərəfli və çoxtərəfli münasibətlər uğurla inkişaf edib. Dövlətimizin başçısı sözügedən iclasdakı çıxışında diqqətə çatdırıb ki, bu il bizim beynəlxalq mövqelərimiz möhkəmlənib: “Bir çox beynəlxalq təşkilatlarda Azərbaycana bir daha dəstək nümayiş etdirilib. Bu təşkilatlar arasında iki təşkilatı xüsusilə qeyd etmək istərdim. Biri İslam Əməkdaşlıq Təşkilatıdır ki, builki Zirvə görüşündə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kontakt qrupu yaratmışdır. Kontakt qrupu artıq öz işinə başlayır. Zirvə görüşündə Azərbaycanın ərazi bütövlüyünə bir daha dəstək ifadə olundu. Bu yaxınlarda Qoşulmama Hərəkatının - BMT-dən sonra ən çox üzvü olan bu təşkilatın Zirvə görüşündə də növbəti dəfə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində həll edilməsi haqqında qərar qəbul edildi. Bu, bizim böyük diplomatik və siyasi uğurumuzdur”.
Digər tərəfdən, ölkəmiz çoxsaylı mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə və Azərbaycanın inkişafı olduqca yüksək qiymətləndirilməkdədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Biz mötəbər beynəlxalq tədbirlər keçiririk. Bu yaxınlarda V Bakı Beynəlxalq Humanitar Forumu öz işini yekunlaşdırdı. Forumda 80-ə yaxın ölkədən 400-dən çox tanınmış xadim iştirak etmişdir. Forumda bir daha bizim gördüyümüz işlər, xüsusilə multikulturalizmlə bağlı gördüyümüz işlər yüksək qiymətləndirildi. Bu il ölkəmizdə digər beynəlxalq tədbirlər də keçirilmişdir. Onların arasında BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu xüsusilə qeyd etmək istəyirəm. Bu Forumun Azərbaycanda keçirilməsi bu sahədə gördüyümüz işlərə dünya tərəfindən verilən böyük qiymət idi”.
Ölkəmizin daxili və xarici siyasəti müstəqillik və suverenlik prinsiplərinə əsaslanır
Göründüyü kimi, Azərbaycanın daxili və xarici siyasəti müstəqillik və suverenlik prinsiplərinə əsaslanır. Respublikamız xarici siyasi əlaqələrini, siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Azərbaycan öz təbii sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır.
Bir məqama da xüsusi olaraq toxunmaq gərəkdir ki, Azərbaycanın həqiqi mənada müstəqil dövlət olması müasir beynəlxalq münasibətlər sisteminin suveren aktorları tərəfindən mütləq surətdə qəbul edilir. 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, quruma 2 dəfə uğurla sədrlik etməsi, həmçinin Avropa Şurası Nazirlər Komitəsinə sədrlik müddətini müvəffəqiyyətlə başa vurması ölkəmizin artan siyasi nüfuzundan xəbər verir. Dövlətimizin başçısının vurğuladığı kimi: “Bizim üstünlüyümüz ondan ibarətdir ki, həmişə öz yolumuzla gedirik, öz siyasətimizi aparırıq, heç kimin sözü ilə oturub-durmuruq. Ona görə bu gün Azərbaycanda inkişaf və sabitlik var”.
Dövlət başçısı onu da qeyd edib ki, biz 25 ildir ki, müstəqil yaşayan ləyaqətli ölkəyik: “Heç kimə imkan vermərik ki, bizi təhqir etsin. Qəbuledilməz hər bir hərəkətə cavabımızı veririk, sözümüzü deyirik, heç kimdən çəkinmirik, nəinki bizə aid olan məsələlərdə, bütün məsələlərdə prinsipial mövqe nümayiş etdiririk. Dünyada gedən işlərlə bağlı bizim mövqeyimiz var və biz bu mövqeyi çəkinmədən ifadə edirik”.
Referendumun nəticələri Azərbaycan xalqının mütləq əksəriyyətinin Prezident İlham Əliyevin siyasətini dəstəklədiyini bir daha nümayiş etdirdi
Şübhəsiz, Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda əldə edilmiş möhkəm ictimai-siyasi sabitliyi və dinamik iqtisadi inkişafı gələcək tərəqqinin əsası kimi səciyyələndirir. Yeri gəlmişkən, sentyabrın 26-da ölkəmizdə keçirilən ümumxalq səsverməsinin nəticələri də vətəndaşların Prezident İlham Əliyevin siyasətinə dərin inam və etimad bəslədiyini göstərdi, eyni zamanda, Prezident İlham Əliyevin adı və fəaliyyətinin inkişaf və sabitliklə assosiasiya olunduğunu ifadə etdi. Azərbaycan vətəndaşları referenduma çıxarılan məsələlərə “HƏ” deməklə, əslində, dövlətimizin başçısının uğurlu, milli maraqlara əsaslanan siyasətinə yüksək qiymət verdilər. Dövlət başçısı bəhs olunan çıxışı zamanı deyib ki, Azərbaycan xalqının mütləq əksəriyyəti təklif olunan dəyişikliklərə öz dəstəyini verdi: “Bu da, əslində, bizim siyasətimizə növbəti dəfə xalq tərəfindən verilən böyük dəstəkdir. Mən şəxsən bunu belə qəbul edirəm. Çünki təklif olunan dəyişikliklər biz tərəfdən irəli sürüldü və Azərbaycan xalqı, onun böyük əksəriyyəti bu referenduma “hə” dedi. Bu, əlbəttə ki, bizə əlavə güc verir. Bu, bizim üçün böhranlı ildə növbəti bir test, sınaq idi”.
Ümumiyyətlə, ümumxalq səsverməsi - referendum vasitəsilə Konstitusiyaya edilən əlavə və dəyişikliklər ölkəmizin gələcək inkişafı, dövlətimizin daha da gücləndirilməsi, siyasi sistemin təkmilləşdirilməsi, əhalinin rifah halının daha da yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Referendumda vətəndaşların olduqca fəal iştirakı və təklif olunan əlavə və dəyişikliklərə müsbət münasibəti ona dəlalət edir ki, ümumxalq səsverməsinə çıxarılan məsələlər cəmiyyətin sosial sifarişini əks etdirir. Eyni zamanda, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin vətəndaşlar tərəfindən birmənalı şəkildə dəstəklənməsi həm ölkəmizdə yüksək seçki və seçici mədəniyyətinin olduğunu təsdiq etmiş oldu, həm də seçicilərin bu məsələlərə intellektual yanaşmasını əks etdirdi.
Bütövlükdə, bu gün hər bir Azərbaycan vətəndaşı iqtidarın siyasi kursunun alternativsiz olduğunu bildirir. Məhz dünyanın mühüm sorğu mərkəzləri və nüfuzlu ekspertləri də öz qənaətlərində bu reallığı ifadə edirlər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Əlbəttə, onsuz da mən bilirəm ki, ölkəmizdə hansı ab-hava var, insanları hansı məsələlər düşündürür və onların ümumi işimizə münasibəti necədir. Bunu mən yaxşı bilirəm. Referendumun nəticələri bütün ölkəyə, bütün xalqımıza, dünyaya bunu bir daha əyani şəkildə təqdim etdi. Azərbaycan xalqı apardığımız siyasəti dəstəkləyir, bu dəstəyə sadiqdir və görür ki, bizim siyasətimizə alternativ siyasət yoxdur. Alternativ siyasət fəlakət ola bilər, yenə Azərbaycanı uçuruma apara bilər, yenə Azərbaycanı qırğın meydanına çevirə bilər. Azərbaycan xalqı bizim siyasətimizi dəstəkləyərək referendumda “hə” dedi. Azərbaycan xalqına göstərdiyi böyük etimada və dəstəyə görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Əziz xalqımı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da bu yolla gedəcəyəm, Azərbaycanın inkişafını təmin edəcəyəm və heç bir kənar qüvvə bizi bu yoldan çəkindirə bilməz”.
Qarşıdakı dövrdə də Azərbaycanda dayanıqlı iqtisadi inkişaf təmin ediləcək
Əlbəttə, 2016-cı ilin göstəriciləri bütövlükdə müsbət qiymətləndirilir. Ekspertlərin qənaətinə görə, reallıqlar onu göstərir ki, ayrı-ayrı sahələrdə həyata keçirilən tədbirlər nəticəsində qarşıdakı dövrdə də Azərbaycanda dayanıqlı iqtisadi inkişaf təmin ediləcək. Həyata keçirilən yeni iqtisadi siyasətin nəticəsində Azərbaycanda iqtisadi islahatlar dərinləşəcək, iqtisadi və maliyyə sistemi sabitləşəcək, bank sektorunun inkişafı sahəsində müsbət göstəricilər əldə olunacaq, biznes mühiti daha da yaxşılaşacaq və işgüzar sferada fəallaşma baş verəcək, eləcə də iş adamlarına daha yaxşı şərait yaradılacaq, dövlət idarəçilik sistemi daha da təkmilləşəcək və onun səmərəliliyi artacaq, əhalinin sosial rifahı yüksələcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Mən hesab edirəm ki, 2016-cı ildə nəticələr bütövlükdə yaxşıdır, biz yaxşı işləmişik. Son illər ərzində 2016-cı il ölkə iqtisadiyyatı üçün ən çətin, ağır ildir. Ancaq qeyd etdiyim kimi, biz yenə də inkişaf yolu ilə gedirik və gedəcəyik”.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 604 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Sosial

Gündəm

İqtisadiyyat

YAP xəbərləri

Analitik

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30