Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Yeni Azərbaycan Partiyası zamanın sınaqlarından uğurla çıxıb

Yeni Azərbaycan Partiyası zamanın sınaqlarından uğurla çıxıb

19.11.2016 [10:05]

Azərbaycanın müstəqillik tarixinin bələdçisi olan, nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatı kimi nüfuz qazanan Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasından 24 il ötür. Hər bir tarixi gün keçilən yolun təhlilini bir zərurət kimi ortaya çıxarır. Partiyanın yaradıcısı, müstəqil Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir. O, bir adamın istəyi ilə yaranan partiya deyildir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan adamların şəxsi təşəbbüsü ilə, onların ətrafında toplaşan adamların təşəbbüsü ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərəsinin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır” fikirləri Yeni Azərbaycan Partiyasının hansı zərurətdən yaradılmasına işıq salmaqla yanaşı, perspektivlərini də açıqlayır.
YAP çətinliklərdən uğurla çıxaraq böyük şərəfli yol keçmiş, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da zənginləşdirmiş, qarşıya yeni-yeni hədəflər qoyaraq, onlara nail olmaq üçün ciddi səylər göstərərək bir-birindən əhəmiyyətli uğurlara imza atır.
Ötən hər günün ölkənin, partiyanın həyatında böyük rol oynadığını, hesabat xarakteri daşıdığını nəzərə alsaq, 24 ildə keçilən yolun geniş xarakteristikasını bir yazı çərçivəsində əhatə etmək mümkünsüzdür. Böyük çətinliklərə, fırtınalara sinə gərərək, həyata keçirdiyi uğurlu siyasəti ilə milyonların partiyası imicini qazanan Yeni Azərbaycan Partiyası öz adında böyük bir mənanı, məqsədi birləşdirir. Müstəqilliyinin ilk illərində ölkəyə rəhbərlik edənlərin siyasi savadsızlığı, səriştəsizliyi ucbatından varlığı şübhə altında qalan, dünya xəritəsindən bir dövlət olaraq silinmək təhlükəsini yaşayan Azərbaycanın bu bəlalardan xilas olması üçün xalqın üzünü Ulu öndər Heydər Əliyevə tutması gələcəyə ümiddən xəbər verirdi. Yəni həmin dövrdə ölkədə yaranan vəziyyət xalqda sabaha ümidsizlik yaratsa da, bir təsəlli var idi ki, dahi şəxsiyyət Heydər Əliyev hakimiyyətə qayıdarsa, Öz siyasi bacarığı, təcrübəsi, güclü idarəçilik qabiliyyəti sayəsində mövcud problemlərin həllinə yol açar, Azərbaycanı inkişaf, tərəqqi yoluna çıxarar. Xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi olan 91 nəfər ziyalının Ulu öndər Heydər Əliyevə müraciətində də bu inam öz əksini tapmışdır: “İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübələrinizə əsaslanaraq, Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə eləyəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz... Biz Yeni Azərbaycan Partiyasını yeni düşüncə tərzli insanların Sizin ətrafınızda sıx birləşdiyi mütəşəkkil, güclü aparıcı qüvvəyə malik bir partiya kimi görürük”. Müraciətdə bu inam da ifadə olunmuşdur ki, Azərbaycanımızın bu günü, sabahı naminə başqa partiya, qurum və cəmiyyətlərin vətənpərvər üzvləri də həlledici anda məhz bu partiyanın mövqeyində dayanacaqlar.
Bu gün partiyanın fəaliyyətində demokratik prinsipləri öndə saxlayaraq birləşdirici missiyanı yüksək səviyyədə yerinə yetirməsi, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirməsi Ümummilli lider Heydər Əliyevin bu əminliyinin böyük əsaslara söykəndiyini təsdiq etməklə yanaşı, partiyanın öz dəst-xəttinə sadiqliyini də nümayiş etdirir. Yeni Azərbaycan Partiyasının yaradılmasının 15 illiyi şərəfinə həsr olunmuş ziyafətdə Prezident İlham Əliyev 1992-ci ildə müxalifət partiyası kimi yaradılan YAP-la indiki müxalifət arasında fərqi təhlil edərək bildirmişdir ki, biz dövlətə, dövlətçiliyə yox, ovaxtkı antimilli iqtidara müxalifətdə idik: “Deyə bilərəm ki, Yeni Azərbaycan Partiyası Azərbaycanda siyasi davranış, siyasi mədəniyyət nümunəsini göstərmişdir. Biz müxalifətdə əlimizdə daş-kəsəklə yox, əlimizdə qələmlə çalışırdıq. İdeyalarımızı, fikirlərimizi öz çıxışlarımızda, məqalələrdə, ictimai tədbirlərdə irəli sürürdük. Bugünkü müxalifətdən fərqli olaraq, biz maksimum dərəcədə siyasi mədəniyyət göstərmişdik. Siyasi opponentləri təhqir etməmişdik, onlara fiziki xəsarət yetirməmişdik. Biz, sadəcə, xalqın iradəsinə arxalanaraq, Azərbaycanın uğurlu gələcəyinə çalışırdıq”.
Dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı yeni, müasir Azərbaycanın yaranmasını şərtləndirdi. O, uğurlu, düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı yenidən qurdu. Azərbaycanın dünyaya günəş kimi doğacağını bir hədəf kimi qarşıya qoyan Ulu öndər Heydər Əliyev çox qısa zamanda bu məqsədə nail oldu. Ölkədə sabitliyin, əmin-amanlığın yaradılması malik olduğumuz enerji resurslarından səmərəli istifadəyə yol açdı. Dövlət başçısı İlham Əliyev hər zaman çıxışlarında 1993-cü ildəki Azərbaycanla bugünkü Azərbaycanı müqayisə edərək bu reallığı bəyan edir ki, müstəqil müasir Azərbaycan Ulu öndər Heydər Əliyevin şah əsəridir: “O vaxt Azərbaycanda xaos hökm sürürdü. Bu gün Azərbaycanda sabitlikdir. O vaxt Azərbaycanda hərc-mərclik var idi. Bu gün Azərbaycanda sülhdür, əmin-amanlıqdır. O vaxt Azərbaycanın iqtisadiyyatı tənəzzülə uğrayırdı. Bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir. O vaxt Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Bu gün Azərbaycanda milli birlik, milli həmrəylik mövcuddur. O vaxt Azərbaycanda total böhran hökm sürürdü. Bu gün dünyanın aparıcı dairələri etiraf edir ki, Azərbaycan ən qüdrətli ölkəyə çevrilməkdədir. Bütün bunları edən, bütün bunları yaradan xalqın dəstəyinə arxalanan xalqımızın lideri Heydər Əliyev olmuşdur. Onun zəhmətidir, Onun əməyidir və xalqla birlikdə bu gün biz Azərbaycanı daha da inamla, daha da sürətlə inkişaf etdiririk”.
Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 1993-2003-cü illər ölkəmizin dirçəlişi, tərəqqisi dövrü kimi xarakterizə olunur. Xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi böhrandan xilas olan Azərbaycan bütün çətin anları geridə qoyaraq, inkişaf yoluna çıxdı. İqtisadi sahədə yaşanan tənəzzül aradan qaldırıldı, siyasi proseslər müsbət məcrada inkişaf etməyə başladı. Ölkəmizdə siyasi plüralizm, demokratiya, söz və fikir azadlığı bərqərar oldu, çoxpartiyalı sistem yaradıldı. Bu sistemin yaradılmasında Yeni Azərbaycan Partiyasının rolu inkaredilməzdir. Bu fikir dövlət başçısı İlham Əliyevin çıxışlarında da hər zaman önə çəkilir ki, Yeni Azərbaycan Partiyası öz mövqeyini başqa partiyaları zəiflətməklə yox, öz fəaliyyəti ilə təmin etmişdir. YAP bu gün Azərbaycan cəmiyyətinin bütün təbəqələrini birləşdirən partiyadır. Ölkəmizin uğurlarında partiyanın rolu böyükdür.
25 illik müstəqillik tarixinə malik olan Azərbaycan bu gün Ulu öndər Heydər Əliyevin yaratdığı möhkəm təmələ, bazaya əsaslanaraq, inkişaf, tərəqqi yolunda inamla irəliləyir. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayan Azərbaycan beynəlxalq aləmdə təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınır, nüfuz qazanır. “Əsrin müqaviləsi”nin əsas tərkib hissəsi olan BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi növbəti layihələr üçün yol açdı. Bu gün böyük fəxr hissi ilə çoxtərəfli əməkdaşlığın başlanğıcı, XXI əsrin müqaviləsi kimi dəyərləndirilən “Cənub” Qaz Dəhlizinin əhəmiyyətindən, perspektivlərindən bəhs edirik. Azərbaycanın sabitlik diyarı kimi nüfuz qazanması ölkəyə investisiya axınının sürətlənməsinə təkan verir. Bu gün Azərbaycanın inkişaf modelinin digər ölkələrə nümunə göstərilməsi, təbii ki, Ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin və hazırda bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.
Azərbaycanın siyasi, iqtisadi sahədə uğurları beynəlxalq münasibətlər sistemində yeri və rolunun da artmasını şərtləndirir. Bu gün Azərbaycan bütün sahələrdə beynəlxalq tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul olunur. Azərbaycan siyasi, iqtisadi, humanitar mərkəz kimi diqqət çəkir. İdman ölkəsi kimi də mövqeləri möhkəmlənir. Şərqlə Qərbin qovşağında yerləşən ölkə olaraq müxtəlif mədəniyyətləri, dinləri birləşdirir, multikultural cəmiyyətlərin formalaşdırılmasına davamlı töhfələr verir. 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi də Azərbaycanın bu uğurlarına söykənir.
25 illik müstəqillik tarixinə malik olan Azərbaycanın keçdiyi inkişaf yolunun qısa təhlili bu uğurlara töhfələri ilə diqqət çəkən Yeni Azərbaycan Partiyasının inkişaf tarixinə baxışımızdan irəli gəlir. Dövlətə, xalqa xidməti fəaliyyətinin önündə saxlayan Yeni Azərbaycan Partiyasının uğurları davamlıdır, yeni-yeni hədəflərə çatmaq üçün ciddi səylər göstərir. Demokratik cəmiyyətin mövcudluğunu təsdiqləyən əsas göstəricilərdən biri məhz ölkədə seçkilərin azad, şəffaf və dünya standartlarına uyğun keçirilməsidir. 1995-ci ildə Milli Konstitusiyamızın qəbulundan ötən dövr ərzində ölkəmizdə keçirilən prezident, parlament və bələdiyyə seçkilərinə, ümumxalq səsverməsinə diqqət yetirsək, Yeni Azərbaycan Partiyasının böyük qələbələr qazanması xalqın ona inamının, dəstəyinin göstəricisidir. Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası son 13 ildə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, təkmilləşir, yeniləşir. Hazırda sıralarında 700 minə yaxın üzvü birləşdirən partiyanın hər bir üzvü ölkəmizin uğurlarına töhfə verməyə çalışır. Yeni Azərbaycan Partiyasının nümayəndələri bütün orqanlarda fəal iştirak edir, öz fəaliyyətləri ilə ölkəmizi gücləndirir, siyasi sistemin inkişafında fəal rol oynayırlar. Dövlət başçısı İlham Əliyev bildirir: “Biz iqtidar partiyasıyıq. Ona görə iqtidar partiyasıyıq ki, bizim siyasətimiz xalq siyasətidir. Deyə bilərəm ki, biz ümumxalq partiyasıyıq. Çünki Azərbaycanın qarşısında duran bütün məsələlərdə biz fəal iştirak edirik. Biz öz əməyimizlə bu siyasəti aparırıq”.
Bu reallıq da inkaredilməzdir ki, siyasət, ilk növbədə, praktik işlərdir. Görülən işlər, sözlə əməl birliyi Yeni Azərbaycan Partiyasının nüfuzunu artırır, Azərbaycanın siyasi səhnəsində yeganə ciddi siyasi qüvvəyə çevirir. Heç bir siyasi qüvvə Yeni Azərbaycan Partiyası ilə rəqabət aparmaq imkanında deyil.
Partiyanın sıralarında gənclərin daha çoxluq təşkil etməsi onların öz potensial imkanlarından istifadə etmək üçün lazım olan şəraitin yaradılmasından irəli gəlir. Gənc siyasətçilərin yetişdirilməsinə xidmət edən layihələrin icrası təqdir olunur. Dövlət siyasətində gənclərə diqqət və qayğı partiyanın fəaliyyətində də özünü qabarıq şəkildə büruzə verir. Məlum olduğu kimi, son parlament və bələdiyyə seçkilərində gənclərin təmsilçilik faizlərinin artırılması qarşıya mühüm vəzifə kimi qoyularaq, bu istəyə lazımi səviyyədə nail olunmuşdur. Partiyanın hər bir üzvü kimi, gənclər də müstəqil Azərbaycanın daha da qüdrətlənməsinə, çiçəklənməsinə səy göstərir.
Partiyanın gələcək planları da aydındır. Ölkəmizin daha da qürətli, zəngin dövlətə çevrilməsi, insanların rifah halının daha da yaxşılaşması partiyanın əsas hədəflərindəndir. Təbii ki, bu hədəflər Azərbaycanın bugünkü uğurlarına əsaslanır. Daim yeniləşməyə, müasirləşməyə üstünlük verən Azərbaycan dövləti Konstitusiyamızda təkmilləşməni vacib bilir, ümumxalq səsverməsi yolu ilə bu əlavə və dəyişikliklər həyata keçirilir. Cari ildə ölkəmiz üçün çox mühüm siyasi kampaniya - referendum keçirildi. Bu kampaniyada da Yeni Azərbaycan Partiyası xüsusi fəallığı ilə seçildi. Təbliğat-təşviqat mərhələsi çərçivəsində vətəndaşlara bu düzəlişlərlə bağlı dolğun məlumatların verilməsi səsvermə günü xüsusi fəallıqla, əlavə və dəyişikliklərə dəstəklə müşayiət olundu. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, referendum bir daha xalqın həyata keçirilən siyasətə dəstəyini, inamını təsdiqlədi.
Təbii ki, əvvəldə də qeyd etdiyimiz kimi, bir yazı çərçivəsində ölkənin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolunu əhatə etmək qeyri-mümkündür. Ümumiləşdirmə aparsaq, Ulu öndər Heydər Əliyevin böyük inamla söylədiyi “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri bu günümüzün reallığıdır. Bu gün sıralarında 700 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyası 24 illik tarixi yoluna böyük qürur hissi ilə baxır. Bunu partiyanın şəhər və rayon təşkilatlarında böyük əhval-ruhiyyə ilə keçirilən tədbirlər, partiya üzvlərinin yüksək fəallığı, perspektivlər barədə düşüncələrin bölüşülməsi də təsdiqləyir. Azərbaycanın hər bir uğurunda imzası olan Yeni Azərbaycan Partiyası gələcəyə böyük inamla irəliləyir.
Manaf Manafov
YAP Pirallahı rayon
təşkilatının sədri

Paylaş:
Baxılıb: 485 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30