Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyası işini başa çatdırıb

Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyası işini başa çatdırıb

19.11.2016 [10:11]

AZƏRTAC noyabrın 18-dən 2016-2019-cu illərdə OANA-da sədrliyə başlayıb
Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə noyabrın 18-də Bakıda, “Absheron Marriott Baku” otelində Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının plenar sessiyaları keçirilib.
AZƏRTAC xəbər verir ki, sessiyalardan əvvəl OANA İcraiyyə Komitəsinin 40-cı iclası olub.
İclasda OANA-nın prezidenti, TASS informasiya agentliyinin baş direktoru Sergey Mixaylov üç gün ərzində Bakıda keçirilən tədbirlərin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə bütün iştirakçılar adından Azərbaycan Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, AZƏRTAC-ın baş direktoru Aslan Aslanova təşəkkür edib. S.Mixaylov bu iclasın TASS agentliyinin sədrliyi ilə keçirilən sonuncu iclas olduğunu xatırlayıb və OANA-nın üzvlərinin bu təşkilatın inkişafına, informasiya agentlikləri arasında əməkdaşlığın möhkəmlənməsinə verdikləri töhfəyə görə onlara minnətdarlığını bildirib.
Sergey Mixaylov bu gün dünyanın 35 ölkəsindən 44 informasiya agentliyini birləşdirən OANA-nın yaradılması tarixindən danışaraq deyib: “Bu gün OANA Asiya-Sakit Okean regionunda birbaşa və sərbəst informasiya mübadiləsi üçün ən iri media məkanıdır. Dünya informasiya axınının xeyli hissəsi - bu axının ümumi həcminin üçdə ikisi bizim təşkilatın iştirakçısı olan ölkələrin payına düşür. Ona görə də TASS bu nüfuzlu beynəlxalq təşkilatın sədri vəzifəsində artıq sabitləşmiş ənənələri qoruyub saxlamağa, OANA-nın fəaliyyətini aktuallaşdırmağa və müasir informasiya məkanının çağırışlarına birgə səylərlə cavab tapmağa çalışıb”.
S.Mixaylov çıxışının sonunda OANA-nın bundan sonra da görüşmək, təcrübə mübadiləsi aparmaq, mürəkkəb problemlərin birgə həlli yollarını tapmaq imkanına malik bir məkan kimi qalması arzusunu bildirib.
Sonra XVI Baş Assambleyanın gündəliyi təsdiqlənib, qurumun maliyyə hesabatı dinlənilib.
Daha sonra XVI Baş Assambleya plenar sessiyalarla davam edib.
OANA-nın baş katibi, Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman təşkilatın ali orqanının toplantısında 40 agentliyin 80-dən çox rəhbərinin və təmsilçisinin iştirak etdiyini bildirib.
Sonra OANA-nın XVI Baş Assambleyasının gündəliyi səsə qoyularaq təsdiq edilib.
OANA-nın prezidenti, Rusiyanın TASS agentliyinin baş direktoru Sergey Mixaylov çıxış edərək vurğulayıb ki, son illər informasiya texnologiyalarının inkişafı nəticəsində sosial şəbəkələrin sürətli tərəqqisi media məkanında yeni dövrün yaranmasına səbəb olub. Məhz bu yeni dövrdə, xüsusən də jurnalistlərin bəzi ölkələrdə zorakılıqlara məruz qalmaları halları nəzərə alınaraq, OANA-nın tərkibində etika komitəsi yaradılıb.
OANA-nın bir sıra regional və beynəlxalq qurumlarla fəal əməkdaşlıq etdiyini deyən S.Mixaylov jurnalistikanın inkişafında xidmətləri olan şəxslər üçün xüsusi mükafatın təsis edildiyini diqqətə çatdırıb.
Sonra üzv agentliklər arasında keçirilən “OANA Mükəmməllik Mükafatı” müsabiqəsinin qalibləri - Koreya Respublikasının “Yonhap” agentliyinin əməkdaşı Tae Sunq Cunq və Rusiyanın TASS agentliyinin nümayəndəsi Andrey Lebedev təltif ediliblər.
OANA-nın maliyyə hesabatı dinlənilib və səsə qoyularaq təsdiq olunub. Baş Assambleyanın iştirakçıları təşkilatın texniki və etika komitələrinin hesabatlarını da təsdiqləyiblər.
Daha sonra OANA-nın rəhbər strukturlarının tərkibi formalaşdırılıb.
2013-cü ildə Moskvada keçirilən XV Baş Assambleyada gizli səsvermə yolu ilə 2016-2019-cu illərdə OANA-nın prezidenti hüququnu qazanmış Aslan Aslanov yenidən açıq səsvermə ilə prezidentlik səlahiyyətlərinin icrasına başlayıb.
Sonra İcraiyyə Komitəsinin OANA-nın yeni prezidentindən (AZƏRTAC-ın baş direktoru), həmçinin qurumun vitse-prezidentləri seçilən Rusiyanın TASS, Çinin “Sinxua”, Koreya Respublikasının “Yonhap” və Türkiyənin “Anadolu” agentliklərinin rəhbərlərindən ibarət tərkibi formalaşdırılıb. İcraiyyə Komitəsinin üzvlüyünə, həmçinin İranın İRNA, Bəhreynin BNA, Vyetnamın VNA, Livanın NNA, Avstraliyanın AAP, Yaponiyanın Kyodo, Hindistanın PTİ, Malayziyanın “Bernama” agentliklərinin rəhbərləri seçiliblər.
OANA-nın yeni prezidenti, AZƏRTAC-ın baş direktoru Aslan Aslanov çıxış edərək göstərilən yüksək etimada və dəstəyə görə minnətdarlığını bildirib. Baş direktor noyabrın 16-17-də Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresinin beş sessiyasında dünyanın ən nüfuzlu xəbər agentliklərinin və beynəlxalq media qurumlarının rəhbərlərinin, bu sahədə tanınmış ekspertlərin iştirakı ilə müasir dövrdə medianın qarşılaşdığı problemlər, qlobal informasiya siyasətinin əsas istiqamətlərinin müəyyənləşməsi və digər mühüm məsələlərlə bağlı səmərəli müzakirələrin aparıldığını vurğulayıb.
Dünya Xəbər Agentliklərinin V Konqresində və OANA-nın XVI Baş Assambleyasında iştirak etmək üçün ölkəmizə gəldiklərinə görə qonaqlara minnətdarlığını bildirən Aslan Aslanov deyib: “2013-cü ildə OANA-nın Moskvada keçirilən Baş Assambleyasında AZƏRTAC-a göstərdiyiniz böyük dəstəyə, agentliyimizin OANA-da sədrliyə başlaması ilə əlaqədar verdiyiniz səsə və bu gün bir daha həmin səsinizi təsdiq etdiyinizə görə hər birinizə təşəkkür edirəm. Siz bu gün öz səsinizlə dünyanın 35 ölkəsinin 44 agentliyini sıralarında birləşdirən, beynəlxalq informasiya məkanının böyük hissəsini əhatə edən mötəbər təşkilatın nüfuzunun daha da artırılması, görülən işlərin daha yüksək səviyyəyə çatdırılması məsələsində AZƏRTAC-a böyük etimad göstərdiniz”.
OANA-nın inkişafında təşkilata üzv olan hər bir agentliyin mühüm rolunu xüsusi vurğulayan Aslan Aslanov qurumun saytında üzv agentliklərin hər birinin öz ölkələrinin, o cümlədən regionun ictimai-siyasi həyatını əks etdirən xəbərlərin yerləşdirilməsinin informasiya və təcrübə mübadiləsi baxımından önəmini diqqətə çatdırıb. OANA-nın inkişafında və nüfuzunun artmasında Rusiyanın TASS agentliyinin rolunu xüsusi qeyd edən təşkilatın yeni prezidenti bildirib ki, AZƏRTAC TASS-ın təcrübəsindən istifadə edərək qurumun inkişafına öz töhfələrini verəcək.
Göstərilən yüksək etimada görə üzv agentliklərin rəhbərlərinə bir daha təşəkkürünü bildirən Aslan Aslanov qeyd edib ki, AZƏRTAC OANA-ya sədrliyi dövründə üzv agentliklərin hər birinə yüksək diqqət göstərəcək, bu təşkilatın inkişafında, o cümlədən qurumun internet səhifəsinin daha da təkmilləşməsində səylərini əsirgəməyəcək. Aslan Aslanov deyib: “Sizi əmin edirəm ki, AZƏRTAC OANA-ya sədrliyi dövründə təşkilata üzv olan hər bir agentliyə yüksək diqqət göstərəcək, qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına, agentliklər arasında təcrübə mübadiləsinin genişləndirilməsinə çalışacaq. Göstərilən etimada görə hər birinizə bir daha təşəkkürümü bildirir, sizə uğurlar arzulayıram”.
Nizamnaməyə uyğun olaraq, yeni prezident Aslan Aslanovun təklifi ilə AZƏRTAC-ın Almaniya üzrə xüsusi müxbiri Vüqar Seyidov təşkilatın baş katibi vəzifəsinə seçilib.
Təşkilatın texniki komitəsinin üzvlüyünə Azərbaycandan AZƏRTAC, Rusiyadan TASS, İrandan “Mehr”, Monqolustandan “Montsame”, İndoneziyadan “Antara”, Qazaxıstandan “Kazinform”, Küveytdən KUNA agentlikləri seçiliblər.
Səsvermə nəticəsində AZƏRTAC, Vyetnamın VNA, Yaponiyanın “Kyodo”, Avstraliyanın AAP agentlikləri isə etika komitəsinin üzvləri olublar.
İclasda OANA-nın XVII Baş Assambleyasına ev sahibliyi etmək üçün Koreya Respublikasının “Yonhap” agentliyinin öz namizədliyini irəli sürdüyü bildirilib.
“Yonhap” agentliyinin prezidenti Park No-Hvanq TASS agentliyinin son üç il ərzində OANA-ya uğurla sədrlik etdiyini vurğulayıb. O, OANA-nın prezidenti vəzifəsinə seçilməsi münasibətilə AZƏRTAC-ın baş direktoru Aslan Aslanova təbriklərini çatdırıb. Park No-Hvanq AZƏRTAC-ın 2016-2019-cu illərdə bu mötəbər quruma yüksək səviyyədə sədrlik edəcəyinə əminliyini bildirərək, bu mühüm və şərəfli vəzifədə agentliyə uğurlar arzulayıb. Ölkəsinin OANA-nın XVII Baş Assambleyasına ev sahibliyi edəcəyini bildirən Park No-Hvanq deyib ki, “Yonhap” agentliyi 2019-2022-ci illərdə bu təşkilata uğurla sədrlik etmək əzmindədir.
Təklif səsə qoyularaq qəbul olunub.
Beləliklə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVII Baş Assambleyası 2019-cu ildə Koreya Respublikasının paytaxtı Seulda keçiriləcək və Yonhap agentliyi 2019-2022-ci illərdə OANA-ya sədrlik edəcək.
Baş Assambleyaya yekun vuran Mixail Qusman həm Dünya Xəbər Agentliklərinin V Konqresinin, həm də OANA-nın XVI Baş Assambleyasının yüksək səviyyədə keçirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fonduna və AZƏRTAC-a iştirakçılar adından dərin minnətdarlığını bildirib.
Prezident İlham Əliyevin V Konqresə və XVI Baş Assambleyaya yüksək önəm verdiyini vurğulayan M.Qusman deyib ki, Azərbaycan dövlətinin başçısının tədbirlərin rəsmi açılışındakı dərinməzmunlu nitqi qonaqları heyran qoydu. Cənab İlham Əliyevin Azərbaycan reallıqlarının, dünyada baş verən proseslərin, medianın cəmiyyət həyatındakı rolunun geniş təhlil olunduğu nitqini dərindən öyrənib fəaliyyətimiz üçün nəticələr çıxarmalıyıq.
Heydər Əliyev Fondunun dünyanın müxtəlif ölkələrində mühüm layihələr həyata keçirdiyini qeyd edən Mixail Qusman AZƏRTAC-a həm Dünya Xəbər Agentlikləri Konqresinə, həm də OANA-ya sədrlik fəaliyyətində uğurlar arzulayıb.
Sessiyalardan sonra OANA-nın İcraiyyə Komitəsinin 41-ci iclası olub. İclasda XVI Baş Assambleyanın uğurla keçdiyi vurğulanıb, üzv agentliklər arasında əlaqələrin daha da genişləndirilməsi məsələlərinə toxunulub, OANA-nın perspektiv inkişafı ilə bağlı yeni formalaşdırılmış İcraiyyə Komitəsinin üzvlərinin təklifləri dinlənilib. İclasın iştirakçıları bir daha əmin olduqlarını bildiriblər ki, AZƏRTAC-ın sədrliyi dövründə OANA-nın fəaliyyəti yeni təşəbbüslər və ideyalarla daha da zənginləşəcək.
İclasda, həmçinin OANA-nın İcraiyyə Komitəsinin növbəti - 42-ci iclasının 2017-ci ilin martında Bəhreyndə keçirilməsi barədə qərar qəbul edilib.
OANA-nın prezidenti Aslan Aslanov son üç ildə quruma uğurla sədrlik etdiyinə görə Rusiyanın TASS agentliyinin rəhbərliyinə bir daha təşəkkürünü bildirib. Aslan Aslanov AZƏRTAC-ın 2016-2019-cu illərdə OANA-ya sədrliyi dövründə bu qurumun fəaliyyətinin daha da genişləndirilməsi və təkmilləşdirilməsi istiqamətində digər agentliklərlə səmərəli əməkdaşlıq şəraitində çalışacağını vurğulayıb.
Sonra TASS, “Yonhap”, İRNA, BNA agentliklərinin rəhbərləri çıxış edərək AZƏRTAC-ın baş direktoru Aslan Aslanova OANA-nın prezidenti vəzifəsində uğurlar arzulayıblar.
OANA-nın yeni baş katibi Vüqar Seyidov çıxışında göstərilən etimada görə təşəkkürünü bildirib. O, AZƏRTAC-ın OANA-ya sədrliyi dövründə təşkilatın inkişafı istiqamətində səylə çalışacağını diqqətə çatdırıb.
Sonda XVI Bakı Baş Assambleyasının iştirakçıları xatirə şəkli çəkdiriblər.
Bununla da OANA-nın XVI Baş Assambleyası işini başa çatdırıb.

Paylaş:
Baxılıb: 489 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Sosial

Gündəm

İqtisadiyyat

YAP xəbərləri

Analitik

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30