Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar strategiyası ilə Azərbaycan daha möhtəşəm uğurların ünvanına çevriləcək

Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar strategiyası ilə Azərbaycan daha möhtəşəm uğurların ünvanına çevriləcək

21.12.2016 [09:53]

Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə www.yap.org.az saytına müsahibə verib:
- Əhməd müəllim, məlum olduğu kimi, meliorasiya və su təsərrüfatı ölkə iqtisadiyyatının aparıcı sahələrindən biri olaraq, xüsusilə kənd təsərrüfatının inkişafında, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm rol oynayır. Ölkəmizdə bu sahədə görülən işlər, əldə edilən nailiyyətlər barədə nə deyə bilərsiniz?
- Azərbaycan nümunəvi inkişaf modelinə malik olan bir ölkə kimi fərqlənməkdədir. Son illərin davamlı inkişafı sayəsində Azərbaycan regionun lider dövləti səviyyəsinə yüksəlib. Bunun nəticəsidir ki, bölgədə Azərbaycanın təşəbbüsü və fəal iştirakı olmadan hər hansı beynəlxalq layihəni reallaşdırmaq mümkün deyil. Ölkəmiz, eyni zamanda, müntəzəm olaraq qlobal miqyasda yeni-yeni əməkdaşlıq platformaları ilə çıxış edir ki, bunun da sayəsində respublikamızın beynəlxalq nüfuzu və təsir imkanları əhəmiyyətli dərəcədə artıb. Bu gün müstəqil Azərbaycanın nüfuzlu regional və qlobal faktora çevrilməsinin isə obyektiv əsasları var.
Azərbaycan təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və son 13 ildə Prezident İlham Əliyevin uğurla davam etdirdiyi məqsədyönlü siyasət sayəsində ölkənin iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atıb. İqtisadi müstəqillik Azərbaycanın çox mühüm perspektivlərə malik ölkə kimi dinamik inkişafını təmin edir. Təbii ki, hər bir ölkənin iqtisadi inkişafını şərtləndirən amillər sırasında ümumi daxili məhsul (ÜDM) istehsalının artması mühüm faktor qismində çıxış edir. Bu mənada kifayət qədər ciddi qlobal risklərlə müşayiət olunan indiki zamanda ölkəmizdə iqtisadiyyatın davamlı olaraq genişlənməsi və ÜDM istehsalında artıma nail olunması böyük nikbinlik doğurur. Son 13 ildə dünya miqyasında ÜDM istehsalında ən yaxşı göstərici məhz Azərbaycanda qeydə alınıb. Belə ki, 2004-cü ildən bu günə qədər ümumi daxili məhsulumuz 3,4 dəfə artıb. Baxmayaraq ki, son illər ərzində qlobal miqyasda yaşanan maliyyə və iqtisadi kataklizmlər bütün dünya ölkələrində həm iqtisadi sahədə, həm maliyyə sektorunda və bunun məntiqi nəticəsi olaraq həyatın bütün sahələrində bir sıra ciddi problemlər qarşıya çıxarmışdır. Azərbaycan 2008-ci ildən başlanan qlobal maliyyə və iqtisadi böhranın ağır fəsadlarından özünü qoruya bilmişdir. Bu gün isə Azərbaycan üzləşə biləcəyi fəsadlardan sığortalanmaq üçün inqilabi sayıla biləcək coxşaxəli islahatlara start vermişdir.
Əvvəlcədən onu qeyd edim ki, təmsil etdiyim meliorasiya və su təsərrüfatı sistemi də ölkə iqtisadiyyatının ayrılmaz bir parçası olaraq, həm qazanılmış nailiyyətlərdə öz payı olan sahə, eyni zamanda, başlanmış genişmiqyaslı islahatların ünvanına çevrilmişdir.
Ölkəmizdə meliorasiya və irriqasiyanın inkişafı, bu sahədə aparılan islahatlar, böyük quruculuq işləri, geniş meliorasiya potensialının yaradılması və perspektiv proqramların qəbul edilməsi dünya siyasətinin tanınmış lideri, müdrik və uzaqgörən siyasətçi, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin yorulmaz fəaliyyətinin, zəhmət və siyasətinin bəhrəsi olmuşdur. Respublikada kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasının meliorasiya və su təsərrüfatı sahəsini inkişaf etdirmədən mümkün olmadığını böyük uzaqgörənliklə qeyd etmiş və “Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik” sözlərini tarixə yazmış müdrik şəxsiyyət, Ulu öndərimiz Heydər Əliyev bu sahəni daim diqqət mərkəzində saxlamış, onun inkişafına xüsusi əhəmiyyət vermişdir.
- Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar və onun uğurlarından bəhs edərkən meliorasiya və su təsərrüfatı sistemini nəzərə almamaq olmaz. Bu sahə ölkə iqtisadiyyatının, xüsusilə kənd təsərrüfatının inkişafında, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatının həllində mühüm rol oynayır...
- Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi inkişaf strategiyasının inamla həyata keçirilməsi və yeni çalarlarla zənginləşdirilməsi respublikamızın müasir inkişaf səviyyəsini müəyyən etmişdir. Ötən illər ərzində iqtisadiyyatın şaxələndirilməsi, makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının təmin edilməsi, dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın modernləşdirilməsinə dəstək verən siyasətin dərinləşməsi qeyri-neft sektorunun inkişafı ilə yadda qalmışdır. Azərbaycan davamlı inkişafa nail olan islahatçı dövlət kimi öz reytinqini bir qədər də möhkəmləndirmiş və bütün bunlar tanınmış beynəlxalq qurumların hesabatlarında öz dolğun ifadəsini tapmışdır. Belə ki, aparılan islahatlar beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilmişdir.
Ötən 13 il ölkə həyatı üçün strateji əhəmiyyət daşıyan inkişaf proqramlarının hazırlanması və işlək mexanizmlər əsasında həyata keçirilməsi, ən müxtəlif sahələrdə intibah prosesinin geniş vüsət alması ilə səciyyəvidir. Respublikanın investisiya və sosialyönümlü mahiyyət daşıyan milli inkişaf modeli tərəqqi prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə regionların balanslı və davamlı inkişafının sürətləndirilməsi, əhalinin sosial-rifah halının daha da yaxşılaşdırılması, faydalı məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması üçün milli sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məsələləri özündə ehtiva etmişdir. Yeni neft strategiyasının uğurla davam etdirilməsi, Azərbaycanın xarici sərmayələr üçün cəlbediciliyinin qorunması, milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, respublikada güclü insan kapitalının formalaşdırılması məqsədinə yönəldilməsi iqtisadi siyasətin əsas prioritetləri kimi diqqət çəkmişdir. Bunun nəticəsidir ki, ötən 13 il ərzində müstəqil Azərbaycan iqtisadi cəhətdən möhkəmlənmiş, qüdrətlənmiş, sosial-iqtisadi yüksəliş ilk növbədə insanların gündəlik həyatında özünü daha qabarıq büruzə vermişdir. Regionların sosial-iqtisadi inkişafına xidmət edən Dövlət proqramları bölgələrə sərmayə qoyuluşlarının həcmini əhəmiyyətli dərəcədə artırmışdır.
- Əhməd müəllim, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin ilin yekunlarına həsr edilmiş hər bir iclasında etdiyi proqram xarakterli çıxışı digər sahələr kimi, meliorasiya və su təsərrüfatı sahəsində də görülən işlərin fonunda perspektivlərin müəyyənləşdirilməsində, eləcə də yeni şəraitə uyğun strategiyanın müəyyənləşməsi və islahatların həyata keçirilməsində əsas rol oynayır. Bu sahədə görülmüş işlərə bir nəzər salmağınızı istərdik...
- Prezident İlham Əliyevin bu sahəyə diqqəti və yaxından köməkliyi sayəsində bir çox layihələr başa çatdırılmış, bəzi layihələr uğurla davam etdirilir, bir çoxlarının isə həyata keçirilməsinə başlanılmışdır. Möhtərəm Prezidentimiz meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatındakı, regionların sosial-iqtisadi inkişafındakı və ölkənin ərzaq problemlərinin həllindəki rolunu nəzərə alaraq, sahənin inkişafını daim diqqət mərkəzində saxlayır, meliorasiya və su təsərrüfatı obyektlərində tikinti işləri ilə şəxsən tanış olur, obyektlərin təməlqoyma və istifadəyə verilməsi mərasimlərində iştirak edir.
Dövlətimizin başçısının bu sahəyə diqqət və qayğısının nəticəsi olaraq son illərdə sahəyə əsaslı kapital qoyuluşu dəfələrlə artmışdır. Bunun nəticəsində 2003-2015-ci illərdə mövcud meliorasiya və irriqasiya obyektlərinin istismarı xeyli yaxşılaşmış, sahənin maddi-texniki bazası gücləndirilmiş, 2000-dən artıq maşın və mexanizmlər alınmış, 3475 km suvarma kanallarının, 2022 km kollektor-drenaj şəbəkələrinin bərpası, yenidənqurulması və tikintisi işləri həyata keçirilmiş, 284,8 min hektar sahədə suvarılan torpaqların su təminatı və 217,9 min hektar sahədə meliorativ vəziyyəti yaxşılaşdırılmış, 42,7 min hektar yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş, 1194 ədəd subartezian quyusu qazılmış, sel və daşqınlara qarşı Kür, Araz və dağ çaylarında 1000 km-dən artıq sahilbərkitmə, bəndlərin möhkəmləndirilməsi, hündürləndirilməsi işləri həyata keçirilmişdir.
Bu illərdə meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə işlərinin davam etdirilməsi sahəsində müvafiq tədbirlər həyata keçirilmişdir. Hər il 11-12 min km suvarma kanallarında, 3-3,5 min km kollektor-drenaj şəbəkələrində 50- 55 mln. kbm həcmində lildən təmizləmə işləri aparılır. Bu istiqamətdə 2000-2015-ci illərdə suvarma kanallarında və kollektor-drenaj şəbəkələrində 723,5 mln. kbm təmizləmə, çay məcralarında 197,7 mln. kbm tənzimləmə işləri yerinə yetirilmişdir.
Eyni zamanda, mühüm dövlət əhəmiyyətli su təsərrüfatı obyektlərində, Yuxarı Xanbulançay su anbarının qülləli suburaxıcı qurğusunda, Ağstafaçay sağ və sol sahil magistral kanallarında, Mil-Muğan və Samurçay hidroqovşaqlarının aşağı byefində, Türyançay hidroqovşağında, Yuxarı Qarabağ kanalının İncəçay çayı ilə kəsişməsindəki sutullayıcı qurğusunda, Yuxarı Şirvan kanalının Türyançay və Girdimançay dükerlərində, Şəmkir Maşın kanalının I və II pillə nasos stansiyalarında, Göygöl rayonunda Gəncəçay baş suqəbuledici qurğusunda, Zərdab, Kürdəmir, Ağsu, İmişli, İsmayıllı, Yevlax, Şamaxı və Xızı rayonlarının ərazisindəki nov kanallarda, ayrı-ayrı rayonların qış otlaq sahələrində yerləşən boru kəmərlərində, dağ çaylarında mövcud olan kilometrlərlə daş-beton mühafizə bəndlərində, suvarma kanallarında və bir sıra digər obyektlərdə əsaslı təmir, bərpa və yenidənqurma işləri həyata keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasının Babək, Şahbuz və Culfa rayonlarında yeni torpaqların suvarılması və mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması məqsədilə ümumi sututumu 100 mln. kubmetr olan Vayxır su anbarının gücü 4,7 MVt olan SES-lə tikintisi 2005-ci ildə başa çatdırılmışdır.
Respublikanın 500 min hektar suvarılan sahələrindən duzlu qrunt sularının Xəzər dənizinə axıdılmasını təmin edən Baş Mil-Muğan kollektorunun tikintisi 2006-cı ildə başa çatdırılaraq Mil- Qarabağ kollektoru ilə birləşdirilmişdir. Bunun nəticəsində Baş Şirvan kollektorunun yüklənməsi xeyli azalmışdır ki, bu da öz növbəsində Şirvan bölgəsində suvarılan torpaqların meliorativ vəziyyətinə və Baş Şirvan kollektorunun iş rejiminə müsbət təsir göstərmişdir.
Ulu öndər Heydər Əliyevin müəllifi olduğu “Samur-Abşeron suvarma sisteminin yenidənqurulması layihəsi”ndə nəzərdə tutulan işlər Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. “Samur-Abşeron suvarma sisteminin yenidənqurulması layihəsi” tərkibində 67,2 km uzunluğunda Xanarx kanalının tikintisi İslam İnkişaf Bankının maliyyələşdirməsi ilə 2006-cı ildə başa çatdırılmışdır. Xanarx kanalının istifadəyə verilməsi ilə respublikanın şimal zonasında yerləşən Qusar, Xaçmaz və Şabran rayonlarında 62,6 min hektar ərazidə sahələrin suvarma suyu ilə təminatı yaxşılaşdırılmışdır. Eyni zamanda, Dünya Bankının krediti ilə Samur çayı üzərində yerləşən Baş Suqəbuledici qurğunun bərpası, Samur çayı yaxınlığında Baş su durulducunun tikintisi, Samur-Abşeron kanalının ilk 50 km-lik hissəsinin və bu hissədə yerləşən uzunluğu 185,7 km olan təsərrüfatlararası kanalların yenidənqurulması işləri 2007-ci ildə başa çatdırılmışdır.
- Əhməd müəllim, Prezident İlham Əliyev su təsərrüfatına aid nəhəng layihələrdən birinin açılış mərasımındə belə bir ifadə işlətmişdir: “Vaxt gələcək su resursları uğrunda mübarizə daha da kəskinləşəcəkdir. Biz artıq bu mübarizənin təzahürlərini görməkdəyik. Belə olan halda su təhlükəsizliyi Azərbaycanda tam şəkildə təmin edilməlidir”. Bəs bu gün Azərbaycanda su təhlükəsizliyi nə dərəcədə təmin edilib? Bu sahədə hansı işlər görülüb?
- Möhtərəm Prezidentimiz İlham Əliyev respublikamızın iqtisadiyyatında, ölkənin su təhlükəsizliyinin təmin olunmasında Taxtakörpü və Şəmkirçay su anbarlarının tikintisinin, bu istiqamətdə həyata keçirilən digər layihələrin əhəmiyyətini xüsusi olaraq qeyd etmişdir.
Taxtakörpü su anbarının tikintisi ilə əlaqədar 30 min hektara yaxın yeni suvarılan torpaqların kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsinin sürətləndirilməsi barədə möhtərəm Prezidentimizin verdiyi tapşırıqların icrası olaraq 2015-ci ildə Xızı rayonunda ümumi 7111 hektar (5400 ha yeni suvarılan), Siyəzən rayonunda isə 3204 hektar (2539 ha yeni suvarılan) sahədə meliorativ tədbirlər başa çatdırılmışdır. Bu da yeni istifadəyə veriləcək 7939 hektar sahədə iri kənd təsərrüfatı müəssisələrinin yaradılmasına imkan yaratmışdır. Eyni zamanda, şimal zonasının 6 çayından Samur-Abşeron kanalına əlavə 320 mln.kbm su verilməsi üçün tikinti işləri davam etdirilərək Caqacuqçay, Qudyalçay və Qusarçay çaylarında bu işlər tamamlanmışdır. Növbəti illərdə isə daha 3 çayda bu işlər davam etdiriləcəkdir.
Ölkəmizin su təhlükəsizliyi sahəsində strateji əhəmiyyətə malik olan Taxtakörpü su anbarının 2013-cü ildə istifadəyə verilməsi nəticəsində son illərdə yay mövsümündə Samur sərhəd çayında su ehtiyatlarının kəskin azalmasına baxmayaraq, anbarda toplanan su hesabına Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının əhalisinin, sənayesinin və kənd təsərrüfatının su təminatında yarana biləcək çətinliklərin qarşısının alınması mümkün olmuşdur.
Azərbaycanın gələcək inkişafı üçün əvəzolunmaz nəhəng infrastruktur layihəsi olan və 15 noyabr 2014-cü il tarixində ölkə başçısının iştirakı ilə açılış mərasimi keçirilmiş Şəmkirçay su anbarının Su Elektrik Stansiyası ilə birgə istifadəyə verilməsi ilə Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarının 54 min hektar torpaq sahələrinin su təminatının yaxşılaşdırılması, 17 min hektar yeni suvarılan sahələrin istifadəyə verilməsi, eləcə də Gəncə və Şəmkir şəhərlərinin, Samux rayonunun əlavə içməli su ilə təmin edilməsi və ildə 56 milyon kVt elektrik enerjisinin istehsal edilməsi mümkün olacaqdır.
2015-ci ildə isə Şəmkirçay su anbarı zonasında əkin sahələrini suvarma suyu ilə təmin edəcək 60,5 km uzunluğunda magistral kanalların tikinti işləri başa çatdırılaraq istifadəyə verilmişdir. Bu kanallardan Şəmkir və Göygöl rayonlarının əkin sahələrinə suvarma suyunun verilməsi üçün paylayıcı kanalların, Goranboy rayonunun 26 min hektara (ondan 8,3 min hektar yeni suvarılan torpaqlar) yaxın torpaq sahələrini suvarma suyu ilə təmin etmək məqsədi ilə uzunluğu 27,9 km olan Şəmkir maşın kanalının 2-ci növbəsinin tikintisi işlərinə başlanılmışdır.
2016-cı ildə və ölkə başçısının açılış mərasimində iştirak etdiyi Tovuz və Şəmkir rayonlarının 20000 hektara yaxın əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına və yeni suvarılacaq torpaqların istifadəyə verilməsinə imkan yaradan və ümumi sututumu 20 milyon kbm olan Tovuzçay su anbarı istifadəyə verilmişdir.
Eyni zamanda, möhtərəm Prezidentimizin pambıqçılığın, taxılçılığın, tütünçülüyün inkişaf etdirilməsi ilə əlaqədar verdiyi tapşırıqların icrası olaraq, bu sahənin inkişafında çox mühüm rol oynayan layihələr üzrə tikinti işləri davam etdirilir və yeni layihələrin icrasına başlanılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2015-ci il tarixli 1628 nömrəli və 01 iyun 2016-cı il tarixli 2189 nömrəli sərəncamları ilə respublikanın 40 şəhər və rayonunun 148 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 300 ədəd subartezian quyusunun yerləri seçilərək layihə sənədlərinin hazırlanması işləri aparılmış və qazma işlərinə başlanılmışdır. Hal-hazırda 152 ədəd subartezian quyusunda qazma işləri tamamlanmışdır.
Ölkəmizin su təhlükəsizliyinin təmin edilməsi barədə ölkə başçısının verdiyi tapşırıqların icrası olaraq ümumi sututumu 115 milyon kbm olan Əlicançay su anbarının tikintisinin layihə sənədlərinin hazırlanmasına başlanılmışdır. Bu su anbarının tikintisi ilə Şəki rayonunun 16100 hektar (onun 10500 hektarı yeni suvarılan torpaqlar) torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsinə, Oğuz-Qəbələ-Bakı su kəmərinə əlavə su verilməsinə imkan yaranacaqdır. Eyni zamanda, ölkənin Şəki-Zaqatala zonasında layihə sənədləri hazır olan Yengicə su anbarının tikintisi ilə 10000 hektar (onun 6662 hektarı yeni suvarılan torpaqlar) sahədə torpaqların suvarma suyu ilə təmin edilməsi mümkün olacaqdır.
2016-cı ildə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə 65000 ha sahənin su təminatı yaxşılaşdırılacaq, 16000 ha yeni suvarılacaq sahələr suvarma suyu ilə təmin ediləcəkdir.
- Əhməd müəllim, 2016-cı ildə rəhbərlik etdiyiniz qurumun fəaliyyəti - görülən işlər və real nəticələr, eləcə də qarşıda duran vəzifələr haqqında nə deyə bilərsiniz?
- Həyata keçirilmiş ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində mövcud meliorasiya və irriqasiya obyektlərinin istismarı, suvarılan torpaqların su təminatı və meliorativ vəziyyəti xeyli yaxşılaşdırılmış, sahənin maddi-texniki bazası gücləndirilmiş, yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş və bunun hesabına son illər respublikada kənd təsərrüfatı məhsullarının istehsalı mütəmadi şəkildə artmaqdadır.
Qarşıya qoyulmuş vəzifələrin icrası məqsədi ilə Cəmiyyət tərəfindən meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə sahəsində 2016-cı ildə konkret tədbirlər həyata keçirilmişdir. Magistral kanallar üzrə su bölgüsü limitləri, respublikanın çayları üzrə suvarma dövründə rayonlararası su bölgüsü cədvəlləri hazırlanaraq təsdiq edilmiş, bütün istismar təşkilatlarında gecə-cündüz növbətçilik yaradılmış, vegetasiya suvarmasının mütəşəkkil həyata keçirilməsi, sudan səmərəli və qənaətlə istifadənin təmin edilməsi və su limitlərinə nəzarətin gücləndirilməsi məqsədi ilə Cəmiyyətin mütəxəssisləri ayrı-ayrı obyektlərə təhkim edilmiş, çayların gursululuq dövründə su anbarlarının doldurulması və yarana biləcək sel və daşqın sularının maneəsiz axıdılması üçün bütün təxirəsalınmaz tədbirlər görülmüşdür. Aparılan təmir və bərpa işləri kənd təsərrüfatı bitkilərinin vegetasiya suvarmasının mütəşəkkil aparılmasını təmin etmişdir.
Görülmüş tədbirlər nəticəsində suvarılan torpaq sahələri əsasən suvarma suyu ilə tam təmin edilmişdir. Respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1385,9 min hektar sahədə orta hesabla 3,3 dəfə suvarılmışdır. Bütün suvarma mənbələrindən 8,6 mlrd. kbm su götürülmüş və su istifadəçilərinə 6,1 mlrd. kbm su verilmişdir.
Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda ölkə başçısı tərəfindən kənd təsərrüfatının inkişafının, ərzaq təhlükəsizliyinin təmin edilməsinin, meliorasiya və suvarma işlərinə daha böyük diqqət göstərilməsinin vacib olduğu bildirilmiş, yeni əkin sahələrinin dövriyyəyə verilməsi ilə suvarılan torpaqların daha böyük dərəcədə artırılması, xüsusilə pambıqçılığın, tütünçülüyün, üzümçülüyün, baramaçılığın inkişaf etdirilməsi sahəsində bizim qarşımızda mühüm vəzifələr qoyulmuşdur.
Səhmdar Cəmiyyəti meliorasiya və irriqasiya sistemlərinin istismarının lazımi səviyyədə təşkili, suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması, inkişafı, sel və daşqın sularının zərərli təsirinə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi sahəsində fəaliyyətini uğurla davam etdirir.
Ölkə rəhbərliyi tərəfindən respublikanın su təsərrüfatına göstərilən diqqət və qayğıya cavab olaraq, Səhmdar Cəmiyyətin kollektivi qarşıya qoyulmuş vəzifələri tam məsuliyyəti ilə dərk edərək, onların vaxtında və layiqincə yerinə yetirilməsi üçün bundan sonra da bütün bacarıq və imkanlarından istifadə edərək daha səylə çalışacaqdır.

Paylaş:
Baxılıb: 534 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Dünya

Dünya

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30