Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan bütün azadlıqların təmin edildiyi müasir, demokratik ölkədir

Azərbaycan bütün azadlıqların təmin edildiyi müasir, demokratik ölkədir

18.07.2018 [09:26]

Prezident İlham Əliyev: Bizim siyasətimiz müstəqillik siyasətidir, inkişaf siyasətidir
Azərbaycan dünyaya spesifik xüsusiyyətlərə malik davamlı inkişaf modeli təqdim edib. Əlamətdar haldır ki, ölkəmizdə iqtisadi və siyasi islahatlar paralel şəkildə aparılır və bir-birini tamamlayır. Azad, demokratik cəmiyyət quruculuğuna nail olunması ölkəmizin müstəqillik illərində əldə etdiyi ən böyük uğurlardan biri kimi dəyərləndirilir. Bütün azadlıqların təmin olunması isə Azərbaycan cəmiyyətinin üstün cəhətidir.
Bu, bir həqiqətdir ki, Azərbaycan demokratik dəyərlər və təsisatların təşəkkül tapdığı müasir hüquqi dövlətdir. Ölkəmizdə daxili siyasət kursunun mühüm istiqamətlərindən birini demokratik təsisatların təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən demokratik inkişaf siyasəti, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunmasına yönəlmiş sistemli fəaliyyət müasir dövrün çağırışlarına, eləcə də milli maraqlarımıza cavab verir. Ölkəmizin bu istiqamətdə əldə etdiyi nailiyyətlər beynəlxalq miqyasda da təqdir olunur. Ardıcıl, məqsədyönlü və davamlı islahatların həyata keçirilməsi təqdirəlayiq hal kimi qiymətləndirilir.
Ölkəmizdə bütün azadlıqlar təmin olunub
Ölkəmizdə reallaşdırılan çoxistiqamətli islahatlar siyasi sistemin təkmilləşməsinə mühüm töhfələr verir. Mövcud reallıqlar onu deməyə əsas verir ki, Azərbaycan siyasi, hüquqi, iqtisadi və institusional islahatları davam etdirmək əzmindədir. Öz növbəsində ölkəmizin demokratik inkişafının təqdirəlayiq olduğunu vurğulayan ekspertlər bildirirlər ki, müstəqilliyinin ilk illərində bir sıra ciddi çətinliklərlə üzləşən Azərbaycan qısa müddətdə həm iqtisadi, həm də siyasi sahədə qarşıya qoyduğu əsas hədəflərə çatıb. Azad, demokratik və şəffaf cəmiyyət quruculuğuna nail olunması, siyasi-hüquqi islahatların uğurla həyata keçirilməsi kimi mühüm faktlar Azərbaycanın demokratik inkişaf yolunda əmin addımlarla irəlilədiyini göstərir.
Sivilizasiyalararası dialoqa mühüm töhfələr verən, tolerantlıq məkanı kimi tanınan Azərbaycanda digər azadlıqlar kimi vicdan azadlığı da təmin edilib. Azərbaycan elə bir ölkədir ki, burada milli-dini-irqi müxtəliflik insanlar arasında fərq yaradan, kimlərəsə üstünlük verən və yaxud kimlərinsə hüquqlarını məhdudlaşdıran amil kimi çıxış etmir. Əksinə, burada tolerantlıq, milli-dini-irqi müxtəliflik cəmiyyətin əsas və üstün dəyəri kimi təqdim olunur. Azərbaycanda xalqların, milli və dini icmaların heç bir fərq qoyulmadan bərabər yaşaması, sıx inteqrasiya etməsi üçün həm dövlət güclü siyasi iradə nümayiş etdirir, həm də cəmiyyətdə buna böyük istək var.
Azərbaycan demokratik inkişaf istiqamətində mühüm nailiyyətlər əldə edib
Ümumiyyətlə, ölkəmizin demokratik dəyərlərə, fundamental insan hüquq və azadlıqlarına sadiqliyi Konstitusiya və digər hüquqi sənədlərlə təsbit olunub. Azərbaycan dövləti daim ölkə Konstitusiyası və digər müvafiq qanunvericilik aktları ilə təsbit olunan demokratik prinsiplərə sadiqlik nümayiş etdirir. Respublikamızda bütün sahələrdə müşahidə edilən dinamik inkişafla paralel surətdə, cəmiyyətdə vətəndaş fəallığının artması da məmnunluq doğurur. Bu da, ilk növbədə, ölkəmizdə ictimai sektorun inkişafına dövlətin göstərdiyi dəstəklə bağlıdır. Respublikamızda vətəndaş fəallığının artırılması, cəmiyyətin dövlət siyasətinin həyata keçirilməsində rolunun təmin edilməsi təşviq olunur, eyni zamanda, dövlət üçüncü sektorun inkişafına mütəmadi dəstək verir, davamlı olaraq təşkilati-hüquqi və maliyyə yardımları göstərir. Demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi, Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub. Bu istiqamətdə əldə edilmiş nailiyyətlərdən biri də ölkədə hüquqi dövlət və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin təşəkkül tapmasıdır. Belə ki, hüququn aliliyi, ictimai həyatın bütün sahələrində qanunun hökmranlığı prinsiplərinin mühafizə olunması dövlətin və vətəndaşların qarşılıqlı məsuliyyətinin güclənməsini təmin etməklə yanaşı, hüquqi dövlətin təməllərini də möhkəmləndirib. Bir sözlə, 27 illik müstəqillik tarixinə malik olan Azərbaycan bu gün dünyaya açıq ölkə kimi demokratik inkişaf istiqamətində mühüm nailiyyətlər əldə edib, öz üzərinə götürdüyü öhdəlikləri tam, inamla və əzmlə yerinə yetirib.
Beynəlxalq təşkilatlar da Azərbaycanın demokratik inkişaf istiqamətində əldə etdiyi uğurları yüksək qiymətləndirir, bu nailiyyətlərin gələcək tərəqqi üçün etibarlı zəmin olduğunu diqqətə çatdırır. Təsadüfi deyil ki, cari il aprelin 11-də ölkəmizdə keçirilmiş prezident seçkilərindən sonra aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın demokratik dəyərlər və ənənələrə sadiq olduğunu birmənalı şəkildə ifadə etdilər. Belə ki, Azərbaycanda keçirilmiş prezident seçkiləri yerli qanunvericiliyə və beynəlxalq standartlara tamamilə uyğun oldu. Ölkəmizə gəlmiş beynəlxalq müşahidəçilər seçki prosesinin tam demokratik keçdiyini, hər hansı bir ciddi qanun pozuntusunun qeydə alınmadığını vurğuladılar. Həm ayrı-ayrı müşahidəçilər, həm də seçki prosesini işıqlandıran beynəlxalq media nümayəndələri Azərbaycanda seçkilərin şəffaf və ədalətli keçməsi üçün hər cür şəraitin yaradıldığını, yüksək seçici fəallığının seçkilərə böyük marağın olmasından xəbər verdiyini diqqətə çatdırdılar. Seçki məntəqələrində yaradılan şəraitin, xüsusilə veb-kameralar vasitəsilə müşahidə imkanının yaradılmasının mütərəqqi təcrübədən xəbər verdiyi bildirildi. Bütün bunlar isə seçkilərin demokratikliyi və şəffaflığı ilə yadda qaldığını, xalqın iradəsini əks etdirdiyini göstərdi. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bu məsələyə toxunaraq deyib ki, aprel ayında keçirilmiş prezident seçkiləri bir daha onu göstərdi ki, Azərbaycan xalqı bizim siyasətimizə çox böyük dəstək verir: “Seçkilərdə qazandığım inamlı qələbə onu göstərir ki, son 15 il ərzində görülmüş işlər Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirilir. Bu böyük dəstək bizə imkan verəcək ki, bundan sonra da ölkəmizi inkişaf yolu ilə inamla irəliyə aparaq”.
Seçkilərdən əvvəl keçirilmiş rəy sorğularının, seçkilər günü keçirilmiş “exit-poll”ların rəsmi nəticələrlə üst-üstə düşdüyünü diqqətə çatdıran dövlətimizin başçısı bildirib ki, bu, bir daha onu göstərir ki, seçkilərdə Azərbaycan xalqının iradəsi tam öz əksini tapmışdır: “Seçkilər şəffaf, ədalətli şəkildə keçirilmişdir və Azərbaycan bütün dünyaya bir daha göstərmişdir ki, müasir, demokratik ölkədir. O ölkədir ki, burada bütün azadlıqlar təmin edilir”.
Aprelin 11-də keçirilmiş prezident seçkilərindən sonra bir çox ölkələrin dövlət və hökumət başçılarının Prezident İlham Əliyevə təbrik məktubları göndərməsi, eləcə də dünya mətbuatında, beynəlxalq miqyasda ayrı-ayrı təşkilatların timsalında bu seçkilərin demokratikliyini və legitimliyini ifadə edən fikirlərin, bəyanatların diqqətə çatdırılması Azərbaycanın demokratik dəyərlərə sadiqliyinin bariz ifadəsidir. Prezident İlham Əliyev bu məqamlara nəzər salaraq deyib: “Seçkilərdən sonra bir çox ölkələrin dövlət və hökumət başçıları mənə təbrik məktubları göndərmişlər. Onların arasında dünyanın bütün aparıcı ölkələrinin dövlət və hökumət başçıları vardır. Bu, bir daha onu göstərir ki, beynəlxalq birlik Azərbaycana böyük hörmətlə, böyük inamla yanaşır və Azərbaycanda gedən demokratik proseslər dünya birliyi, dünyanın aparıcı dövlətləri tərəfindən yüksək qiymətləndirilir”.
Demokratik islahatlar davamlı xarakter daşıyır
Azərbaycanda demokratik inkişafın struktur elementlərindən birini ictimai institutların təkmilləşdirilməsi təşkil edir. Bu kontekstdə ayrı-ayrı ictimai təsisatlarla yanaşı, Azərbaycan milli mətbuatının da səmərəli fəaliyyətinə real əlverişli şərait yaradılıb. Ölkədə hüquqi dövlət quruculuğu kontekstində şəffaflıq və bərabərlik həm də söz, fikir azadlığı məsələlərində də təmin olunub. Ölkəmizdə söz, fikir və özünüifadə azadlığı konstitusion əsasda təsbit edilib və hər bir media təsisatı özünün hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir. Məhz bu amil Azərbaycan mətbuatının inkişafına mühüm töhfələr verməklə yanaşı, medianın fəaliyyətində əsaslı keyfiyyət dəyişikliklərinin meydana gəlməsini şərtləndirir. Ölkəmizdə KİV-in inkişafı naminə müvafiq qanun və qərarların qəbul olunması, strateji xarakterli addımların atılması mövcud hüquqi əsasları gücləndirir, media təsisatının funksionallığının artmasına səbəb olur.
Azərbaycanın demokratik inkişafını təmin edən başlıca strateji amillər sırasında institusional islahatlar xüsusi yer tutur. Həyata keçirilən institusional islahatlar Azərbaycanın tərəqqisinə və milli gücünün artmasına xidmət edir, ölkəmizin inkişafının davamlı xarakter daşımasına, dövlət müstəqilliyinin möhkəmlənməsinə, idarəetmənin təkmilləşdirilməsinə əhəmiyyətli töhfə kimi xarakterizə olunur. Bütövlükdə, demokratik inkişaf siyasətinin yeni dövrün reallıqlarına və qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirilməsi siyasi sistemin struktur elementlərinin təkmilləşməsini, hüquqi dövlət və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin bərqərar olunmasını, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsini şərtləndirib.
Azərbaycan vətəndaşları iqtidarın həyata keçirdiyi siyasətə mütləq inam və etimad bəsləyir
Azərbaycanın demokratik inkişaf istiqamətində mühüm nailiyyətlər əldə etməsinin əsasında duran mühüm amillərdən biri ölkəmizdə möhkəm əsaslara söykənən - sarsılmaz ictimai-siyasi sabitliyin mövcud olmasıdır. Sirr deyil ki, bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi xarakterizə olunur. Başqa sözlə, Azərbaycanın milli gücünü artıran əhəmiyyətli amillərdən biri də möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlikdir. Bu məsələdə yerli və xarici ekspertlərin ümumi rəyi odur ki, Azərbaycanda mövcud olan və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara tam cavab verməsidir. Azərbaycan vətəndaşları da son 15 il ərzində həyata keçirilən siyasəti dəyərləndirərkən ictimai-siyasi sabitlik amilinə xüsusi diqqət yetirirlər. Məhz bu amil də Azərbaycan vətəndaşlarının iqtidarın həyata keçirdiyi siyasətə inam və dəstəyini şərtləndirən mühüm faktorlardandır. Bütövlükdə, Azərbaycan vətəndaşları ölkəmizdə həyata keçirilən demokratik islahatları, əldə edilmiş siyasi və iqtisadi nailiyyətləri yüksək qiymətləndirir, ölkəmizdə ictimai-siyasi sabitliyin və etibarlı təhlükəsizlik mühitinin mövcud olmasının təqdirəlayiq hal olduğunu bildirir. Ölkəmizdə aprelin 11-də keçirilmiş prezident seçkilərində xalq öz mövqeyini ortaya qoyaraq bir daha iqtidarın siyasətinə alternativ görmədiyini nümayiş etdirdi. Seçkilərə kölgə salmaq istəyənlərin isə növbəti dəfə iflasa uğradıqlarını, onların sönük cəhdlərinin Azərbaycan cəmiyyəti tərəfindən qəbul edilmədiyini, onların hərəkətlərinin cəmiyyət tərəfindən rədd edildiyini diqqətə çatdıran Prezident İlham Əliyev vurğulayıb: “Bunun bariz nümunəsi odur ki, seçkilərdən sonra keçirilmiş “etiraz” mitinqinə min nəfərdən çox adam yığa bilməmişlər. Bu, onların növbəti iflasıdır, bir daha onu göstərir ki, xalq bizim siyasətimizə alternativ siyasət görmür, onu qəbul etmir və bundan sonra da xalq bizim siyasətimizi dəstəkləyəcək. Bizim siyasətimiz isə xalqın maraqlarını təmin edən siyasətdir. Bizim siyasətimiz müstəqillik siyasətidir, inkişaf siyasətidir. Məhz bizim apardığımız siyasət nəticəsində Azərbaycan son 15 il ərzində çox böyük və şərəfli yol keçmişdir, bütün göstəricilərə görə dünya miqyasında çox yüksək yerlərdədir”.
Sosial-iqtisadi inkişaf sahəsində əldə edilən nailiyyətlər də Azərbaycanın milli gücünü artırmaqla yanaşı, vətəndaşların gələcəyə nikbin baxmasına əsas yaradır. Təbii ki, bu, səbəbsiz deyil. Bəllidir ki, Azərbaycanın sürətli inkişafı və əldə edilmiş nailiyyətlər, ilk növbədə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin məntiqi nəticəsidir. Hazırda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi Azərbaycanın sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin fonunda böyük inkişaf yolu keçib. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, Azərbaycanın iqtisadi gücünün artmasını təmin edib. Həyata keçirilən iqtisadi siyasətin nəticəsi kimi, ötən illər ərzində ölkəmizin valyuta ehtiyatları artıb, müxtəlif sahələri əhatə edən layihələr uğurla reallaşdırılıb, islahatlar davam etdirilib. İqtisadiyyatın şaxələndirilməsinə nail olmaq üçün reallaşdırılan islahat xarakterli tədbirlər yeni inkişaf perspektivlərinin meydana çıxmasını şərtləndirib. Bununla yanaşı, sosialyönümlü iqtisadiyyatın inkişaf etdirilməsi, eyni zamanda, qarşıda duran bütün sosial proqramların və infrastruktur layihələrinin uğurla icra edilməsi, əhalinin rifah halının daha da yaxşılaşmasına, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə və qarşıda duran digər vəzifələrin uğurla yerinə yetirilməsinə xidmət edən məqsədyönlü tədbirlər də vətəndaşlar tərəfindən böyük məmnunluqla qarşılanır. Əminlik ifadə olunur ki, həyata keçirilən məqsədyönlü tədbirlər qarşıya qoyulan inkişaf hədəflərinə çatmağa imkan verir. Bu zamana qədər əldə edilən nailiyyətlər qarşıdakı dövrün də uğurlu olacağına stimul verir. Yeni mərhələdə iqtisadi sektorda ardıcıl islahatların davam etdirilməsi müəyyən olunmuş hədəflərə çatmağa imkan verəcək. Ölkə iqtisadiyyatının perspektivləri ilə bağlı tədqiqatlar aparan ekspertlərin qənaəti budur ki, ayrı-ayrı sahələrdə həyata keçirilən tədbirlər nəticəsində qarşıdakı dövrdə də Azərbaycanda dayanıqlı iqtisadi inkişaf təmin ediləcək.
Bir sözlə, yüksək beynəlxalq nüfuza malik olan Azərbaycan öz inkişaf yolunda əmin addımlarla irəliləyir. Davos Dünya İqtisadi Forumunun hesablamalarını Azərbaycan ictimaiyyətinin diqqətinə çatdıran Prezident İlham Əliyev qeyd edib ki, son hesablamalara görə, Azərbaycan dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 35-ci yerdədir: “Yol infrastrukturunun inkişafına görə 36-cı yerdədir. İnkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksinə görə 3-cü yerdədir. Ümumi infrastrukturun inkişafına görə dünya miqyasında 26-cı yerdədir. Xalqın iqtidara dəstəyinə görə dünya miqyasında 20-ci yerdədir. Bax, bu rəqəmlər əyani şəkildə göstərir ki, Azərbaycan hansı böyük uğurlara imza atıb. Bu, əyani şəkildə göstərir ki, bizim siyasətimiz xalq tərəfindən dəstəklənir və biz elə etməliyik ki, ölkəmizin inkişafını dayanıqlı və daimi edək”.
Beləliklə, sonda bir daha xüsusi olaraq vurğulamaq yerinə düşər ki, öz inkişafına görə regionun lider dövləti olan Azərbaycan bütün sahələri əhatə edən, o cümlədən siyasi, hüquqi, iqtsadi və institusional islahatları davam etdirmək əzmindədir. Bütün bunlar, həmçinin atılan digər addımlar isə ölkəmizin davamlı inkişafına xidmət edir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 794 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30