Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
26.12.2009 [09:52]
Milli Məclisin dünənki iclasında Avropa Parlamentinin dekabrın 17-də Azərbaycanda söz azadlığının vəziyyəti ilə bağlı qəbul etdiyi qətnaməyə etiraz edildi. İclasda çıxış edən Azərbaycan-Avropa Birliyi Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov qeyd etdi ki, sözügedən qətnamə birtərəfli hazırlanıb. Vitse-spiker dedi ki, hər bir ölkədə vətəndaşların hüquq və azadlıqlarının, o cümlədən söz azadlığının qorunması vacibdir: “Ancaq Avropa Parlamentinin Azərbaycanda söz azadlığının vəziyyəti ilə bağlı qətnaməsi o zaman ədalətli hesab olunardı ki, bu qurum heç olmasa bircə dəfə də Azərbaycanın bütün hüquqları pozulmuş, sayı 1 milyon nəfərə çatan qaçqın və məcburi köçkünlərin vəziyyəti ilə bağlı da qətnamə qəbul edərdi. Amma qurum indiyədək bu məsələni ümumiyyətlə, müzakirəyə çıxarmayıb”.
Vitse-spiker dedi ki, Azərbaycan parlamenti bu məsələni cavabsız qoymamalı, Avropa Parlamentinə Milli Məclis adından etiraz ünvanlanmalıdır.
Milli Məclisin sədri Oqtay Əsədov da təklifi dəstəklədi. O qeyd etdi ki, Avropa Parlamentində müzakirəyə çıxarılan qətnamənin ilkin variantında müsbət məqamlar da yer alıb. Amma sonradan həmin məsələlər sənəddən çıxarılıb. Avropa Parlamentinin təmsilçiləri kluarlardakı söhbətlərdə açıq şəkildə bildiriblər ki, onlara Azərbaycanı bir qədər sıxmaq tapşırığı verilib.
Dağlıq Qarabağın azərbaycanlı icmasının təmsilçisi, millət vəkili Rövşən Rzayev də qətnaməyə etirazını bildirdi. Onun sözlərinə görə, Azərbaycan əsas prioritetinin Avropaya inteqrasiya olduğunu açıq şəkildə bəyan edib. Bu ilin mayında Azərbaycan Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramına qoşulub. Amma Avropa Birliyinin özünün də Azərbaycana ehtiyacı var. Bu baxımdan qurum Azərbaycanla münasibətlərdə ədalətli olmağa çalışmalıdır. Millət vəkili dedi ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamədə Azərbaycanın 1 milyondan artıq qaçqın və məcburi köçkünlərinin problemləri ilə bağlı heç bir faktın yer almaması düşündürücüdür. “Avropa Parlamentinin birtərəfli mövqedən çıxış etməsi bizi narahat edir. Milli Məclis buna etiraz etməlidir” - deyə millət vəkili vurğuladı. O qeyd etdi ki, Milli Məclis qətnaməyə etiraz etməklə yanaşı, Avropa Parlamentinin üzvlərini dialoqa dəvət etməlidir.
Millət vəkili Fuad Muradov bu cür qətnamələrin Azərbaycanın getdikcə güclənməsi ilə bağlı olduğunu bildirdi. Onun sözlərinə görə, Azərbaycanın gücü artdıqca kənar təzyiqlər də çoxalır. Millət vəkili onu da bildirdi ki, Avropa Parlamentindəki bəzi siyasi qruplar erməni diasporunun təsiri altındadır. Bəzi avropalı parlamentarilər isə şəxsi mövqelərindən çıxış edərək Azərbaycanı zəiflətməyə cəhd edirlər. F.Muradov son illər Azərbaycana bir çox məsələlərdə Avropa Birliyinin dəstək verdiyini, amma Avropa Parlamentindən heç bir dəstək görmədiyini də sözlərinə əlavə etdi.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da həmkarları ilə razılaşdı. O qeyd etdi ki, bu məsələyə iki prizmadan yanaşmaq lazımdır. Birincisi, Milli Məclis bu haqsızlığa etirazını bildirməlidir. Etirazda Avropa Parlamentinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı haqlı mövqe nümayiş etdirməsi tələb olunmalıdır. Digər tərəfdən nəzərə almaq lazımdır ki, dünyada Azərbaycanı istəyən və istəməyən qüvvələr var. Buna görə də Azərbaycanı sevməyən dairələrlə xüsusi iş aparılmalıdır. Azərbaycan bu qüvvələrlə iş prinsiplərini təhlil etməlidir: “Biz aydınlaşdırmalıyıq ki, həmin qüvvələrlə necə işləyirik. Biz Azərbaycanın Avropa üçün əhəmiyyətini avropalılara onların öz dillərində çatdırmalıyıq. Bu, o qədər də asan deyil. Bunun üçün hələ çox işləməliyik”.
Millət vəkili Cəmil Həsənli də həmkarlarının fikirləri ilə həmrəy oldu. O qeyd etdi ki, dünyada Azərbaycana qarşı ikili standartların mövcud olduğu heç kimə sirr deyil: “Bu yerdə mən Heydər Əliyevin bir fikrini yada salmaq istəyirəm. O deyirdi ki, Azərbaycana qarşı ikili standartlar bir faktdır. Bunu nəzərə alaraq biz Azərbaycanı sevməyən qüvvələrin əlinə əsas verməməliyik”.
Avropa Parlamentinin qətnaməsi ilə bağlı müzakirələri yekunlaşdıran spiker Oqtay Əsədov qeyd etdi ki, bu haqsızlıqların hamısı Azərbaycanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda güzəştə sövq etməyə hesablanmış təzyiqdir. Amma Azərbaycan 90-cı illərdəki ölkə deyil. İndi Azərbaycan dünyada tanınan, güclü iqtisadiyyatı olan bir ölkədir. “Biz artıq öz sözümüzü deməyi bacarırıq. Bu kimi ikili standartlara qarşı etirazımızı bildirməsək, haqsızlıqlar davam edəcək” - deyə spiker vurğuladı. O, bir qədər əvvəl Azərbaycan parlamentinin ABŞ Konqresinə etiraz məktubu göndərdiyini xatırladaraq Avropa Parlamentinə də etiraz ünvanlanmasını təklif etdi.
Spikerin təklifi yekdilliklə qəbul olundu və etiraz müraciətinin hazırlanması üçün xüsusi komissiya yaradıldı. Parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun sədrlik etdiyi komissiyaya millət vəkilləri Fəzail Ağamalı, Fuad Muradov, Nizami İsgəndərov, Elman Məmmədov, İkram İsrafil, Rövşən Rzayev və Pənah Hüseyn daxil edildilər.
İclasın sonunda Milli Məclis Avropa Parlamentinə müraciəti qəbul edib.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

