Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyev hər zaman xalqın yanındadır

Prezident İlham Əliyev hər zaman xalqın yanındadır

05.03.2020 [09:24]

Koronavirus infeksiyasına yoluxmaq təhlükəsi olmasına baxmayaraq, dövlətimizin başçısı bölgələrə səfərlərini təxirə salmadı, rayonlarda müxtəlif obyektlərin açılışında iştirak etdi, ictimaiyyət nümayəndələri ilə görüşdü
Dünya iqtisadiyyatına uğurla inteqrasiya edən və yüksək beynəlxalq nüfuza malik olan Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir, həyata keçirilən uğurlu strateji kurs ölkəmizin qüdrətinin daha da artmasına xidmət edir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan ötən müddət ərzində möhtəşəm nailiyyətlər qazanıb, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Azərbaycanın inkişafının, əldə etdiyi nailiyyətlərin əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik siyasət dayanır. Ümumiyyətlə, milli inkişaf modelinin uğurla tətbiq olunması və hədəflənən nəticələrin əldə edilməsi, siyasi, hüquqi və sosial-iqtisadi islahatların davamlı olaraq həyata keçirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun artması və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir. Bütövlükdə, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasət nəticəsində Azərbaycan güclü, dinamik inkişaf edən dövlətə çevrilib.
Digər tərəfdən, Azərbaycanda dövlət siyasətinin çox mühüm tərkib hissəsini sosial siyasət təşkil edir. Ölkəmizdə səmərəli sosial siyasət həyata keçirilir, vətəndaşlar yüksək dövlət qayğısı ilə əhatə olunublar. Bu istiqamətdə mütəmadi olaraq Fərman və sərəncamlar imzalanır, müvafiq qərarlar qəbul olunur. Dövlətimizin başçısının vurğuladığı kimi: “Sosial sahə bizim üçün prioritet sahədir. Bu sahəyə çox böyük diqqət göstərilir və bu istiqamətdə aparılan islahatlar artıq özünü göstərir”.
Azərbaycan vətəndaşları yüksək dövlət qayğısı ilə əhatə olunublar
Ümumiyyətlə, Azərbaycan dövləti hər zaman öz vətəndaşlarının yanındadır. Bunu təsdiqləyən çoxsaylı nümunələr mövcuddur. Ölkəmizdə məcburi köçkünlər üçün yüzdən çox şəhərcik salınıb, yüz minlərlə köçkünə yeni evlər, yeni mənzillər təqdim edilib. Şəhid ailələrinə, müharibə veteranlarına güzəştlərin, müavinətlərin, mənzillər və minik avtomobillərinin verilməsi də xüsusi qeyd edilməlidir. Eyni zamanda, əhalinin aztəminatlı hissəsi dövlətin sosial siyasətində həmişə diqqət mərkəzində olub və bu istiqamətdə davamlı addımlar atılır. 2006-cı il yanvarın 1-dən etibarən aztəminatlı ailələrə ünvanlı yardımlar verilməyə başlanıb, hazırda da bu proses davam etdirilir. Bu kontekstdə daha bir məqama toxunmaq məqsədəmüvafiq olar. Məlum olduğu kimi, ötən il fevralın 5-də və 6-da baş vermiş zəlzələlər Şamaxı, İsmayıllı və Ağsu rayonlarında bir sıra fəsadlar törədib. Belə ki, baş verən zəlzələlər nəticəsində çox sayda fərdi ev qəzalı vəziyyətə düşüb, bir sıra sosial təyinatlı tikililərə və infrastruktur obyektlərinə ziyan dəyib. Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən hər üç rayonda təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün intensiv şəkildə tikinti və təmir-bərpa işləri həyata keçirilib və proses davam edir. Ümumiyyətlə, Azərbaycanın dövlət başçısı təbii fəlakət zonasında görülən işləri ciddi nəzarətdə saxlayır.
Prezident İlham Əliyevin regionlara səfərləri respublikamızda uğurla reallaşdırılan dövlət siyasətinin bilavasitə cəmiyyətdən gələn sosial sifarişlər əsasında formalaşdığını və onun əsas qayəsinin vətəndaşların arzu və istəklərinin həyata keçirilməsi, üzləşdikləri çətinliklərin operativ qaydada aradan qaldırılması olduğunu bir daha nümayiş etdirir. Bütövlükdə, Prezident İlham Əliyevin regionlara səfərləri çərçivəsində yerli ictimaiyyətin nümayəndələri ilə çoxsaylı görüşlərə, söhbətlərə qatılması, sakinlərin özlərinin problemlərini dilə gətirmələri, dövlət başçısının vətəndaşları narahat edən bütün məsələlərə böyük həssaslıqla yanaşması təqdirəlayiq nümunə kimi diqqəti cəlb edir. Bu, cənab İlham Əliyevin hər bir azərbaycanlının Prezidenti olduğunu bir daha sübut edir.
Koronavirus təhlükəsi ilə əlaqədar heç bir dövlət başçısı səfərlər etmədiyi halda, Prezident İlham Əliyev bölgələrə səfərini təxirə salmadı
Ümumiyyətlə, Prezident İlham Əliyev ən çətin, təhlükəli anlarda xalqın yanında, insanların arasında olub. Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanda zəlzələ və daşqın olanda, cəbhə bölgəsində hərbi əməliyyatlar gedəndə dövlət başçısı hər hansı təhlükədən çəkinməyərək bilavasitə yerlərə səfər edib, vəziyyətlə şəxsən tanış olub, insanlarla görüşüb, bütün məsələlərin həlli ilə bağlı göstəriş və tövsiyələrini verib. Hətta hazırda koronavirus infeksiyasına yoluxmaq təhlükəsi olmasına baxmayaraq, Prezident İlham Əliyev bölgələrə səfərlərini təxirə salmadı, Goranboy, Şəmkir, Qazax, Ağstafa və Tovuz rayonlarında oldu, müxtəlif obyektlərin açılışında iştirak etdi, ictimaiyyət nümayəndələri ilə görüşdü.
Bir məqamı xüsusilə diqqətə çatdırmaq lazımdır ki, koronavirus təhlükəsi ilə əlaqədar bir sıra ölkələrdə toplantılar, forumlar, sərgilər, humanitar tədbirlər və digər kütləvi yığıncaqlar təxirə salınıb, dövlət və hökumət başçılarının səfər proqramları ləğv olunub. Hətta infeksiyanın yayılması beynəlxalq toplantıların da təqvimində dəyişikliklər etməyə səbəb olub. Xüsusilə, koronavirusun yayıldığı ölkələrin heç birində dövlət başçısı regionlara səfər etmir, insanlarla görüşmür, xalqla kommunikasiya məhdudlaşdırılır. Azərbaycan Prezidentinin bölgələrə səfəri isə bir daha göstərdi ki, ölkənin regionlarında vəziyyət, insanların problemlərinin həlli dövlət başçısı üçün hər zaman prioritet təşkil edən məsələdir. Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycan Prezidentinin siyasi iradəsi əsasında həyata keçirilən sosialyönümlü iqtisadi siyasət vətəndaşların rifahının daha da yüksəlməsini, ölkənin tərəqqisini təmin etməklə yanaşı, regionların sosial-iqtisadi inkişafını da sürətləndirib. Dövlətimizin başçısının bəhs olunan səfərləri zamanı müşahidə edilən reallıqlar və ifadə olunan fikirlər də bunu təsdiqləyir. Rayonlarda infrastrukturun təkmilləşdirilməsi, əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter daşıyır. Ümumiyyətlə, bütün sahələrdə müşahidə olunan dinamik tərəqqi Azərbaycanın bölgələrini də əhatə edir, regionların sosial-iqtisadi inkişafı davamlı xarakter alıb. Respublikamızda regionların sosial-iqtisadi inkişafına dair əvvəlki iki Dövlət Proqramı kimi, 2014-2018-ci illəri əhatə edən sayca üçüncü proqramın da icrası yüksək səviyyədə təmin olunub və Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı növbəti Fərmanla “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənib. Hazırda müvafiq Dövlət Proqramı çərçivəsində müəyyən olunmuş işlər uğurla davam etdirilir. Bütün bunlar isə, şübhəsiz ki, insanların rifah halının daha da yaxşılaşmasının, eləcə də regionların sosial-iqtisadi inkişafının Prezident İlham Əliyevin daim diqqətində olduğunu göstərir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 753 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

YAP xəbərləri

Analitik

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31