Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Naxçıvan Muxtar Respublikası 87 yaşına qədəm qoydu

Naxçıvan Muxtar Respublikası 87 yaşına qədəm qoydu

10.02.2010 [10:04]

Naxçıvan tarixi taleyini - yəni onun tarixən həmişə bağlı olduğu Azərbaycanın tərkibində Muxtar Respublika kimi qalma imkanlarını 1921-ci ildə imzalanmış Moskva və Qars müqavilələri reallaşdırıb. Həmin dövrdə bölgədə söz sahibi olan Türkiyə ilə RSFSR arasında martın 16-da imzalanmış Moskva müqaviləsinin 3-cü maddəsində göstərilir ki, “Razılığa gələn hər iki tərəf bu müqavilənin I (C) əlavəsində göstərilən sərhədlərin içərisində Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsinə razıdırlar, o şərtlə ki, Azərbaycan bu protektoratlığı heç zaman üçüncü bir dövlətə güzəştə getməyəcək”.
Naxçıvanın ərazi bütövlüyünün qorunması və möhkəmləndirilməsi, onun muxtariyyət statusunun dönməz xarakterinin təsbit edilməsində oktyabrın 13-də imzalanmış Qars müqaviləsinin daha böyük əhəmiyyəti olub. Bir tərəfdən Türkiyə hökuməti, digər tərəfdən Azərbaycan, Ermənistan və Gürcüstan sovet hökumətlərinin RSFSR-in iştirakı ilə bağladıqları müqavilənin 5-ci maddəsində deyilir: “Türkiyə hökuməti, Azərbaycanın və Ermənistanın sovet hökumətləri razılığa gəlirlər ki, Naxçıvan vilayəti, bu müqavilənin III əlavəsində göstərilən sərhədlər daxilində Azərbaycanın qəyyumluğu altında muxtar ərazi təşkil edir”.
Qars müqaviləsinin bir neçə dövlət - Türkiyə, Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstan tərəfindən imzalanması onun beynəlxalq müqavilə statusunu daha da möhkəmləndirib. Digər tərəfdən, müqavilə üçün müddət məhdudiyyətinin qoyulmaması Naxçıvanın gələcək taleyi baxımından mühüm amil idi.
Beləliklə, 1921-ci ilin martında Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-da Naxçıvan Diyarı, Azərbaycan SSR Mərkəzi İnqilab Komitəsinin 1924-cü il 9 fevral tarixli dekreti ilə Azərbaycanın tərkibində Naxçıvan Muxtar Sovet Sosialist Respublikası elan edildi. Bu, Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyət idi.
Ermənilərin Azərbaycan torpaqlarına qarşı təcavüzünün 1988-ci ildə başlanan son mərhələsi coğrafi cəhətdən ana vətəndən ayrı düşmüş Naxçıvanın da vəziyyətinə mənfi təsir göstərdi. Onsuz da SSRİ-nin dağılması prosesinin doğurduğu gərgin ictimai-siyasi və sosial-iqtisadi vəziyyəti bir tərəfdən də Qərbi Azərbaycandan çoxsaylı qaçqınların axını və 1992-ci ildə hava nəqliyyatı istisna olmaqla, ölkənin əsas hissəsi ilə kommunikasiya əlaqələrinin getdikcə kəsilməsi ağırlaşdırırdı. 1990-cı ilin yanvarında Azərbaycan xalqının milli istiqlaliyyət ideallarını qan içində boğmaq istəyən, hər vəchlə erməniləri müdafiə edən imperiya qəssablarının son nəticədə öz məqsədlərinə nail ola bilməməsi SSRİ-nin tənəzzül dövrünü yaşadığını və bu dövrü uzatmaq üçün qanlı cinayətlərə və irticaya əl atdığını göstərirdi.
Yaranmış ağır şəraitdə Naxçıvan MSSR Ali Soveti Muxtar Respublikanın SSRİ tərkibindən çıxması haqqında qərar qəbul etdi. 1990-cı il yanvarın 19-da qəbul edilən “Naxçıvan MSSR-də ictimai-siyasi vəziyyət haqqında” qərar mühüm bir tarixi addım oldu. Beləliklə, Naxçıvan parlamentinin bu tarixi qərarı ilə rus-erməni planı kimi hazırlanmış irticaya gələcəkdə hüquqi don geyindirmək üçün vacib olan fövqəladə vəziyyət tətbiq edilmədi və əhali qırğından xilas ola bildi.
Bu dövrdə Naxçıvanın tarixi taleyində ən mühüm hadisə və tarixi dönüş nöqtəsi 1990-cı ilin iyulun 22-də ümummilli liderimiz Heydər Əliyevin Moskvadan Naxçıvana qayıtması idi. Sentyabrın 30-da keçirilən seçkilərdə Ulu öndər Azərbaycan və Naxçıvan parlamentlərinə deputat seçildi. Naxçıvanın muxtariyyət statusu ötən əsrin 90-cı illərində Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizə dövründə mühüm mərhələ təşkil edib. Bu status imkan verirdi ki, Ulu öndər Heydər Əliyevin 1990-1993-cü illərdəki siyasi fəaliyyəti dövründə Naxçıvan xalqımızın suveren hüquqlarının təmin edilməsi uğrunda gedən mübarizənin mərkəzinə çevrilsin. Bu dövrdə ölkəmizin müstəqilliyi ilə bağlı qanunvericilik təşəbbüsü hüququ istisnasız olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məxsus olub. Belə ki, 1990-cı il noyabrın 17-də ümummilli liderimizin rəhbərliyi ilə keçən Naxçıvan MSSR Ali Sovetinin birinci sessiyasında “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının ali dövlət hakimiyyət orqanları haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul olunub. O zamankı Azərbaycan rəhbərliyinin SSRİ-nin qorunub saxlanmasına dair göstərdiyi təşəbbüslərin əksinə olaraq, Naxçıvan MR Ali Məclisi 1991-ci il 14 mart tarixli qərarı ilə SSRİ-nin saxlanmasına dair ümumittifaq referendumunda Naxçıvan MR-in iştirakının yolverilməz olduğunu bəyan edib.
ümummilli liderimizin Naxçıvana rəhbərliyi dövrü, eləcə də Azərbaycan Respublikasının Prezidenti vəzifəsində işlədiyi illər Naxçıvanın muxtariyyət statusunun möhkəmləndirilməsində mühüm dövr oldu. Hələ 1991-ci il yanvarın 11-də Ulu öndərin təşəbbüsü ilə Naxçıvan MR Ali Məclisi Moskva və Qars müqavilələrinin iştirakçısı olan dövlətlərə bəyanat verərək həmin ölkələri Muxtar Respublikanın ərazi bütövlüyünün erməni təcavüzü nəticəsində kobud şəkildə pozulması faktlarına münasibət bildirməyə çağırdı. Bu, Naxçıvanın muxtariyyət statusunun beynəlxalq müqavilələrlə qorunması faktının aktuallaşdırılması olmaqla Muxtar Respublikanı məruz qaldığı hərbi müdaxilə təhlükəsindən diplomatik yolla qorumaq istiqamətində mühüm səylər idi.
1993-cü ilin iyunu Azərbaycanın son illərdə düşdüyü ağır fəlakətlərdən xilası yolunda mühüm mərhələ oldu. İyunun 15-də ümummilli liderimizin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildiyi gün bütövlükdə milli dövlətçiliyimizin xilası missiyasının başlanğıcı kimi tariximizə yazıldı. 1993-cü il oktyabrın 3-də dövlət başçısı seçilən böyük öndərin Prezident olduğu 1993-2003-cü illər Azərbaycanın ayrılmaz parçası olan Naxçıvanın muxtariyyət statusunun siyasi-hüquqi cəhətdən daha da möhkəmləndirilməsi mərhələsi kimi əlamətdar oldu. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunan, müəllifi ümummilli liderimiz Heydər Əliyev olan Azərbaycan Respublikası Konstitusiyasının VIII fəsli (134-141-ci maddələr) “Naxçıvan Muxtar Respublikası” adlanır. 134-cü maddənin ilk üç bəndində deyilir: “Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Naxçıvan Muxtar Respublikasının statusu bu Konstitusiya ilə müəyyən edilir. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir”.
Son 15 ildə Naxçıvan Muxtar Respublikası özünün hərtərəfli yüksəliş və intibah dövrünü yaşamaqdadır. Bu sürətli inkişaf bir tərəfdən muxtar dövlətin sosial-mədəni, sənaye-iqtisadi cəhətdən tərəqqisində öz əksini tapırsa, digər tərəfdən Muxtar Respublikada qanunun aliliyinə əsaslanan müasir demokratik, hüquqi dövlət quruculuğu prosesində təzahür edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyinin keçirilməsi haqqında” 2009-cu il 6 fevral tarixli Sərəncamında deyilir: “Milli istiqlaliyyət yolunda Naxçıvanın atdığı cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanmış, respublikada cərəyan edən ictimai-siyasi proseslərə öz müsbət və həlledici təsirini göstərib. Naxçıvan Muxtar Respublikası bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olub, ölkəmizin iqtisadi qüdrətinin artırılmasına və intellektual potensialının gücləndirilməsinə dəyərli töhfələr verir”.
Muxtar Respublikada aparılan uğurlu dövlət siyasəti, sosial-mədəni intibah, iqtisadi tərəqqi artıq ən yüksək səviyyədə bütövlükdə Azərbaycan dövlətçiliyinin inkişaf göstəriciləri kimi qəbul olunur. Muxtariyyətin 85 illik yubiley tədbirində Prezident İlham Əliyev qeyd edirdi ki, uzun illərdir blokada şəraitində yaşamasına baxmayaraq, “...Naxçıvan inkişaf edir, Naxçıvanda böyük quruculuq işləri aparılır və Naxçıvanın uğurlu inkişafı ölkəmizin gücünü göstərir... Naxçıvanın güclü olması Azərbaycanın güclü olması deməkdir. Naxçıvan strateji ərazidə yerləşir. Naxçıvanın çox böyük siyasi və strateji əhəmiyyəti vardır. Azərbaycanın müstəqilliyinin əldə edilməsində Naxçıvanın və naxçıvanlıların çox böyük əməyi olub. Mən əminəm ki, həmişə olduğu kimi naxçıvanlılar bundan sonra da Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi işində, Azərbaycanın müasir dövlət kimi inkişaf etməsi işində öz sözlərini deyəcəklər və öz dəyərli töhfələrini verəcəklər”.
AzərTAc
Paylaş:
Baxılıb: 1047 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30