Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qanunsuz tikililər qəzaların aradan qaldırılmasına və yenidənqurma işlərinə mane olur

Qanunsuz tikililər qəzaların aradan qaldırılmasına və yenidənqurma işlərinə mane olur

12.02.2010 [09:35]

Yüksəkgərginlikli elektrik xətlərinin altında və yaxınlığında tikilmiş evlər və digər obyektlər 1960-70-ci illərdə quraşdırılmış ötürücülərin vaxtlı-vaxtında dəyişdirilməsində ciddi problemə çevriliblər
Artıq bir neçə gündür ki, ölkə mediasının gündəmindən düşməyən 9 fevralda elektrik xətlərində baş vermiş qəza barədə müxtəlif fikirlər, şərhlər yazılmaqdadır. Birtərəfli şəkildə yazılan məqalələrdə obyektiv araşdırmalar aparılmadığından, düzgün nəticə əldə olunmur və ictimaiyyətimizdə məsələnin tam mahiyyəti barədə təsəvvür yaranmır. Bu baxımdan da, “Yeni Azərbaycan” qəzeti olaraq, daha doğru, təhlil edilmiş və yerində araşdırılmış məlumatları cəmiyyətimizin diqqətinə çatdırmaq məqsədilə mövzunu davam etdirmək qərarına gəldik.
ölkə əhalisinin enerjiyə olan tələbatını tam ödəyən infrastruktur var
Hər kəsə bəllidir ki, Azərbaycan neft-qaz ölkəsi olmaqla bərabər, həm də elektrik enerjisi ixrac etməyə hazırlaşan bir dövlətdir. Dövlət başçısı İlham Əliyevin göstərişinə əsasən, ölkənin şəhər və rayonlarının bütün məntəqələri qazlaşdırıldığı kimi, elektrik enerjisilə təminatı da gücləndirilir. Bu baxımdan Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında yanacaq-energetika kompleksinin inkişafı (2005-2015) üzrə Dövlət Proqramı”na əsasən, son 4 il ərzində istifadəyə verilmiş 10-a yaxın elektrik stansiyaları demək olar ki, ölkə əhalisinin böyük əksəriyyətini elektrik enerjisilə təmin edir. Dövlət başçısının imzaladığı digər “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın icrası nəticəsində isə ölkənin enerjiyə olan tələbatını tamamilə ödəmək mümkün olacaq...
Bütövlükdə Azərbaycanın elektrik enerjisi ilə bağlı real və potensial gücünə şübhə edənlərə bildirmək istərdik ki, Azərbaycanın perspektiv energetika bazası bir sıra dövlətlərin elektrik enerjisilə təmin olunmasına imkan yaradır. Hökumətin enerji təsərrüfatına yatırdığı investisiyalar da artıq öz səmərəsini verməkdədir. Elektrik enerjisi istehsalı üçün yeni stansiyaların istifadəyə verilməsi və ötən əsrin 70-ci illərində tikilən güc mərkəzlərinin işə salınması etibarlı enerji təminatı yaradır.
Xatırladaq ki, ölkəmizin işığa olan tələbatı 6400 meqavatt təşkil edir. Sumqayıtda və Şirvan müasir buxar-qaz tipli elektrik stansiyalarının, “Şimal” İstilik Elektrik Stansiyasında 2-ci enerji blokunun tikilib istifadəyə verilməsi, Azərbaycan İstilik Elektrik Stansiyasında enerji bloklarının və Mingəçevir SES-in əsaslı şəkildə yenidən qurulması, Naxçıvanda “Babək” stansiyasının enerji turbinlərinin qaz rejimində işləməyə keçirilməsinin başa çatdırılması və digər yeni elektrik verilişi xətlərinin və yarımstansiyaların enerji potensialını gücləndirəcək. Respublikamız, həmçinin, Rusiya və İranla da vahid enerji şəbəkəsinin yaradılması istiqamətində intensiv danışıqlar aparır. Rusiya ilə Yaşma-Dərbənd xəttinin çəkilməsi razılaşdırılmaq üzrədir. İranla Azərbaycan Araz çayının üzərində Ordubad yaxınlığında yeni elektrik stansiyası tikməyi də planlaşdırır. Məsələ burasındadır ki, bu stansiya Muxtar Respublikanın enerji təminatının etibarlı həllində əhəmiyyətli rol oynayacaq. Quba rayonunda inşa ediləcək stansiya isə şimal regionu üçün daha əhəmiyyətli hesab olunur. Belə ki, Qusarda dağ xizəkçiliyinin və geniş turizm kompleksinin salınması əlavə enerji tələb edəcək, hökumət həmin məqamı nəzərə alaraq gücü 105 mvt olan stansiyanın tikintisinə qərar verib. Ən əsası isə budur ki, 2009-2013-cü illər ərzində enerji güclərinin ən azı 3 min meqavatt artırılması nəzərdə tutulur. Həmin müddətdə Azərbaycan il ərzində 50 milyard kv.saat elektrik enerjisi istehsal edəcək ki, bu da indiki rəqəmdən iki dəfə çoxdur. Yəni, ölkənin indiki tələbatından iki dəfə çox işıq istehsal olunacaq ki, bu da regionda rekord həcmdə enerji deməkdir. Həmin göstərici Gürcüstan və Ermənistanın birlikdə əldə etdiyi elektrik enerjisi hasilatından 5 dəfə artıqdır. Demək, ölkəmizin bir neçə ildən sonra 10000 mv.t-yə yaxın işıq istehsal etməsi ixrac üçün əlverişli stimul yaradır.
Beləliklə də, aydın olur ki, ölkə əhalisinin elektrik enerjisinə olan tələbatını ödəmək üçün Azərbaycanda müasir infrastruktur var.
O zaman sual olunur ki, qəzalar zamanı nə üçün uzun müddət elektrik enerjisinin verilməsi dayandırılır? Qısa vaxt ərzində təchizatı normallaşdırmaq niyə mümkün olmur?
Qanunsuz tikililər qəzaların aradan qaldırılmasına və yenidənqurma işlərinə mane olur...
Azərbaycanın müvafiq qanunvericiliyinə görə, yüksəkgərginlikli elektrik xətləri, strateji qaz və su kəmərləri, eyni zamanda, dəmir və şose yolları üçün 25-30 metrlik dairəvi mühafizə zolağı müəyyən edilib. Yəni, yaşayış evləri və digər obyektlər bu mühafizə zolağından kənarda inşa edilməlidir. Bu, bir tərəfdən insanların həyatının təhlükəsizliyini, digər tərəfdən sağlamlığını qorumaq baxımından zəruridir. Həmçinin, yüksəkgərginlikli elektrik xətlərinin yerləşdiyi ərazidə yaranan elektromaqnit sahəsi insanların sağlamlığı üçün ciddi təhlükə mənbəyidir.
Əlbəttə ki, əgər mühafizə zolağında qəza baş verərsə, onun nəticələri tez bir zamanda aradan qaldırılmazsa, bu, insanlar üçün böyük fəsadlara gətirib çıxaracaq təhlükələr yarada bilər. Məlumdur ki, son illərdə Bakı şəhərində strateji əhəmiyyətli qaz, su, kanalizasiya xətlərində baş vermiş qəzalar nəticəsində onların üzərində qeyri-qanuni inşa olunmuş bəzi evlər dağılmış, insanlara mənəvi-fiziki və təbii olaraq, maddi ziyan dəymişdi...
Eyni mənzərə, məhz fevral ayının 9-da da baş verdi. Bakı şəhərini elektrik enerjisilə təmin edən xətlərdən birinin açılması nəticəsində şəhərin böyük hissəsində enerjinin verilməsi dayandırıldı. İşini müasir tələblərə uyğun quran aidiyyətı orqanlar üçün bu qəzanı aradan qaldırmaq cəmi bir neçə dəqiqə vaxt tələb edirdi. Amma yüksəkgərginlikli xətlərin altında və ətrafında yaşayış evlərinin tikilməsi bu problemin vaxtında aradan qaldırılmasına mane oldu.
Demək ki, məsələnin əsl mahiyyəti müvafiq orqanların işini düzgün qurmamasında deyil, qanunsuz tikililərin qəzaların aradan qaldırılmasına və yenidənqurma işinin aparılmasına maneçilik törətməsidir.
Yüksəkgərginlikli xətlərin altında və ətrafında saysız tikintilər var...
Apardığımız araşdırmalar nəticəsində bəlli oldu ki, Bakı şəhərinin Suraxanı, Nizami, Sabunçu, Zabrat, Maştağa, Qaraçuxur, Əzizbəyov, Ramanı, Bül-bülə, Əmircan, Xətai, Böyük şor gölü ətrafı, Saray, Şüvəlan, Ceyranbatan, Yasamal, Hökməli, Binəqədi, Nərimanov, Qaradağ və digər rayonlarda, qəsəbələrdə yüksəkgərginlikli xətlərin altında və ətrafında saysız tikintilər var. Hətta bəzi yaşayış evləri var ki, onların ətrafında qaz, elektrik xətləri ilə yanaşı, işlək vəziyyətdə olan neft çıxaran qurğular da mövcuddur. Bütün bunlar qeyd etdiyimiz kimi, həm insanlarımızın səhhətinə böyük təhlükələr yaradır, həm də baş verə biləcək qəzaların fəsadlarının tez bir zamanda aradan qaldırılmasına maneçilik törədir. Şəkillərdən də göründüyü kimi, yüksəkgərginlikli elektrik xətlərinin, qaz kəmərlərinin yerləşdiyi ərazilərdə ağır texkinaların işləməsi üçün heç bir şərait yoxdur. Bu baxımdan da, növbəti dəfə baş verə biləcək analoji qəzaların da aradan qaldırılması daha çox vaxt apara bilər, fəsadların miqyası böyüyə bilər...
ötən günlərin təcrübəsi göstərdi ki, elektrik enerjisi xətlərinin altında, həmçinin, neft və qaz kəmərlərinin üzərində qeyri-qanuni tikilmiş obyektlər vaxtlı-vaxtında təmir işlərinin aparılmasına, profilaktik tədbirlərin görülməsinə maneə törədirlər. Xüsusilə, qəza baş verən zaman həmin ərazilərdə operativ təmir işlərinin aparılması ciddi problemə çevrilir. Eyni zamanda, bu evlər və obyektlər 1960-70-ci illərdə quraşdırılmış ötürücülərin vaxtlı-vaxtında dəyişdirilməsində ciddi maneə yaradırlar. Qəzanı aradan qaldırmaq istəyən aidiyyətı qurumların ağır texnikası, əməkdaşları elektrik dirəklərinə yaxınlaşmaqda, müvafiq təmir işləri görməkdə çətinlik çəkirlər. Hətta qəza zamanı operativ tədbirlərin də görülməsi çətinləşir.
Müvafiq tədbirlərin görülməsi vaxtı çatıb...
Dünya təcrübəsi göstərir ki, enerjidaşıyıcılarının altında, üzərində və ya yaxınlığında müxtəlif obyektlərin, xüsusilə evlərin tikilməsinə, insanların yaşayışına qətiyyən icazə verilmir. Həmin xətlər dövlət orqanları tərəfindən qorunur. Təmir işlərinin aparılması və ya qəzanın nəticələrinin aradan qaldırılmasına maneçilik müvafiq məsuliyyət törədən hal hesab olunur.
Artıq Azərbaycanda da bu sahədə müvafiq tədbirlərin görülməsi zamanı çatıb. ölkənin, əhalinin enerji təhlükəsizliyinin təmin olunması üçün enerjidaşıyıcılarının mühafizəsi təşkil olunmalı, onların toxunulmazlığına, həmçinin, təmir işlərinin aparılması və qəzaların aradan qaldırılmasına maneə yaradan problemlər həll edilməlidir.
Yüksək gərginlikli elektrik xətlərinin altında və yaxın ətrafında, neft və qaz kəmərlərinin üzərində və yaxınlığında yaşayan insanların təhlükəsizliyinin təmin edilməsi, onların sağlamlığının qorunması üçün əməli tədbirlər görülməlidir. Enerjidaşıyıcılarının ətrafında qeyri-qanuni ev tikmiş və məskunlaşmış insanlar müvafiq yerlərə köçürülməlidir. Həmçinin, həmin ərazilərdə icra orqanlarının müvafiq icazəsi əsasında məskunlaşmış insanların məsələsinə baxılmalı və zəruri tədbirlər görülməlidir.
Ramil VƏLİBƏYOV,
fotolar müəllifindir
Paylaş:
Baxılıb: 1056 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30