Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclis ABŞ Konqresinə müraciət ünvanladı

Milli Məclis ABŞ Konqresinə müraciət ünvanladı

09.03.2010 [09:52]

Millət vəkilləri Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin uydurma “erməni soyqırımı” haqqında qəbul etdiyi qətnaməni kəskin etirazla qarşılayıblar
Milli Məclisin dünən keçirilən iclasında millət vəkilləri ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin uydurma “erməni soyqırımı” haqqında qəbul etdiyi qətnaməyə kəskin etiraz bildiriblər. öncə çıxış edən ümid Partiyasının sədri İqbal Ağazadə deyib ki, qəbul edilən sənəd regionda sülhün və sabitliyin əldə olunmasına maneə törədəcək. Onun sözlərinə görə, belə saxta sənədlər qəbul olunduğu halda, dünyada Xocalı soyqırımına adekvat münasibət yoxdur.
Millət vəkili Vahid Əhmədov isə beynəlxalq aləmdə baş verən proseslərin Dağlıq Qarabağ probleminin həllinə mənfi təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, münaqişənin həlli ilə bağlı vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədri olan bir dövlət qondarma “erməni soyqırımını” tanıyırsa, onun ədalətli vasitəçiliyinə inam azalır. ABŞ həm də Ermənistanla sərhədlərin açılması üçün Türkiyəyə təzyiqləri artırır. Digər tərəfdən, Rusiya ilə Gürcüstan arasında münasibətlər çox gərgin olsa da, Gürcüstan ərazisi vasitəsilə Rusiyadan Ermənistana quru yolu ilə daşımalar bərpa olunub.
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov da Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin qərarını pisləyib. O bildirib ki, parlament baş verənlərlə bağlı etiraz bəyanatı qəbul etməlidir. Y.Mahmudovun fikrincə, ABŞ bu cür qərarlar qəbul etməklə digər ölkələrin daxili işlərinə müdaxilə edir: “Söhbət soyqırımdan gedirsə, bunu indiki amerikalılar yaşadıqları torpaqların əsl sahibləri olan hindulara qarşı törədiblər. Bu gün ABŞ İraqda və Əfqanıstanda da soyqırımı törətməklə məşğuldur”.
 Y.Mahmudovun sözlərinə görə, əsl soyqırımı ermənilər azərbaycanlılara qarşı törədiblər. Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yaratdığı xüsusi təhqiqat komissiyası 1918-ci ildə ermənilərin törətdiyi qırğınları araşdıraraq bu faktları sübuta yetirib.
Millət vəkili Qənirə Paşayeva Konqresin Xarici Əlaqələr Komitəsində qəbul olunan qərara parlament adından etiraz bəyanatının verilməsini dəstəkləyib. Onun fikrincə, Konqresdə qəbul olunan bu sənəd özünü türk sayan dünyadakı bütün insanlar üçün təhqirdir. Millət vəkilinin sözlərinə görə, amerikalı konqresmenlər tarixdə olmayan bir hadisəni həqiqət kimi qələmə veriblər. Baş verməsi ilə bağlı bütün sənədlər, şəkillər, videogörüntülər mövcud olan Xocalı soyqırımı isə yada düşmür. “Belə bir mövqe nümayiş etdirən dövlət ATƏT-in Minsk qrupunun həmsədri ola bilməz” - deyə, millət vəkili vurğulayıb. Onun sözlərinə görə, Amerika bu cür təzyiq rıçaqlarını işə salmaqla Türkiyənin Ermənistanla sərhədləri açmasına nail olmaq istəyir. Amma buna yol verilməməlidir. Azərbaycanla yanaşı, Orta Asiyanın digər türkdilli dövlətləri də Türkiyəyə dəstək nümayiş etdirməlidirlər. Bütün dünyada yaşayan türklər ABŞ Konqresinin qərarına qarşı çıxmalıdır.
BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev isə Türkiyənin atdığı addımın davamı olaraq Azərbaycanın ABŞ-dakı səfirinin də geri çağırılmasını təklif edib. Millət vəkilinin sözlərinə görə, parlament bununla bağlı Xarici İşlər Nazirliyi qarşısında məsələ qaldırmalıdır. çünki ABŞ uzun müddətdir Azərbaycana öz səfirini təyin etmir. Q.Həsənquliyev deyib ki, beynəlxalq praktikada bu, heç də yaxşı hal kimi qəbul olunmur. “Bu, ABŞ-ın Azərbaycana qarşı dostyana olmayan münasibətinin göstəricisidir” - deyən millət vəkilinin fikrincə, ABŞ-ın Azərbaycana qarşı bu mövqedən çıxış etməsinin bir səbəbi var. Bu da Azərbaycanın Türkiyə-Ermənistan sərhədlərinin açılmasına açıq şəkildə etiraz etməsidir. Q.Həsənquliyev onu da bildirib ki, ABŞ atası müsəlman olan Barak Obamanın prezidentliyi dövründə İslam dünyasına qarşı ən bağışlanılmaz addımlar atmaqdadır. Konqresdəki müzakirələrlə Amerika dünyadakı iki müsəlman dövlətini itirmək üzrədir.
Millət vəkili Elman Məmmədov da Konqresdəki müzakirələri ABŞ-ın Türkiyəyə qarşı növbəti zərbəsi kimi qiymətləndirib. Onun fikrincə, zərbə Türkiyəyə vurulsa da, itirən ABŞ-ın özü olacaq. çünki qərar Konqresdə də qəbul olunarsa, ABŞ nəinki Türkiyəni, bütövlükdə Şərq dünyasını itirmək məcburiyyətində qalacaq. Millət vəkilinin sözlərinə görə, bütün bunları nəzərə alan Azərbaycan BMT, ATƏT kimi beynəlxalq təşkilatlara xəbərdarlıq xarakterli bəyanat ünvanlamalıdır. Bəyanatda göstərilməlidir ki, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar Azərbaycan torpaqlarını işğal edən təcavüzkar Ermənistana təzyiq göstərməlidirlər. Əgər bu, olmayacaqsa, regionda müharibənin başlamasının məsuliyyətini həmin beynəlxalq təşkilatlar daşımalıdırlar.
AVP-nin sədr müavini Zahid Oruc da təklif edib ki, Azərbaycan ABŞ-dakı səfirini məsləhətləşmələr üçün geri çağırmalıdır. çünki baş verənlərin təkcə erməni lobbisinin təsiri ilə reallaşdığını iddia etmək düzgün deyil. ABŞ bu məsələni gündəmə gətirməklə Türkiyə ilə Ermənistan məsələsində bazarlıq açmaq istəyir.
Milli Məclis sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov da ABŞ Konqresində qəbul olunmuş bu sənədi pisləyib. O, qeyd edib ki, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qəbul edilmiş qətnamə ABŞ-Türkiyə münasibətlərinin ruhuna uyğun gəlmir. Dolayısı ilə bu qərar ABŞ-ın strateji tərəfdaşı olan Azərbaycanla da münasibətlərinin ruhuna uyğun deyil. Z.Əsgərovun sözlərinə görə, bu qərar bir daha sübut etdi ki, dünyada hüququn gücü yox, gücün hüququ hökm sürür. Ona görə də, qəbul olunmuş bu sənədi qeyri-adi qarşılamaq lazım deyil.
“Azərbaycan Prezidenti çıxışlarında doğru olaraq vurğulayır ki, Azərbaycan xalqı özünə güvənməlidir” - deyən birinci vitse-spiker bildirib ki, dünyada ikili standartlar davam etməkdədir.
Z.Əsgərov ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinın sədrinin “Türkiyə öz keçmişi haqda hesabat verməlidir” fikrinə cavab olaraq “Bəs Amerikanın aborigen əhalisi olan hinduların qırılmasına, İraqda, Əfqanıstanda mülki əhalinin öldürülməsinə, Xocalı soyqırımına görə kim hesabat verməlidir” - deyə sual edib. Onun sözlərinə görə, Türkiyə Ermənistanla sərhədləri açmamaqda düzgün hərəkət edir. “Sərhədlər ona görə bağlanıb ki, Ermənistan işğalçılıq siyasətinə son qoysun. Türkiyənin bu mövqeyi tamamilə ədalətlidir” - deyə Z.Əsgərov qeyd edib. Birinci vitse-spikerin fikrincə, dünya BMT tərəfindən yox, özünü supergüc hesab edən bir neçə ölkə tərəfindən idarə olunur.
 Milli Məclisin sədri Oqtay Əsədov məsələyə münasibət bildirərkən xatırladıb ki, Barak Obama seçki ərəfəsində ermənilərə uydurma soyqırımı tanıyacağını vəd etmişdi. İndi bu səbəbdən də məsələ gündəmə çıxarılır. “ABŞ tərəfindən Türkiyəyə qarşı təzyiqin əsas məqsədi Ermənistanla sərhədlərin açılması ilə bağlıdır. Buna görə də, Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi uydurma “erməni soyqırımı” haqqında qətnamə qəbul edib. Mən inanmaq istəmirəm ki, ABŞ Konqresini yönləndirən erməni lobbisidir” - deyə parlamentin sədri qeyd edib.
Spiker ümid edib ki, ABŞ bu qətnamənin Konqresdə qəbuluna imkan verməyəcək. “Azərbaycan və Türkiyə parlamentinin üzvləri ABŞ Konqresi ilə əlaqələri güclü qurmalıdır, məsələni qarşı tərəfə düzgün izah etməliyik. Azərbaycan Türkiyənin əleyhinə qəbul edilən istənilən qərarı öz milli mövqeyinə zidd hesab edir. Mən inanmıram ki, ABŞ lobbi hesabına öz strateji tərəfdaşlarını itirə bilər” - deyən O.Əsədov hesab edir ki, ABŞ Konqresi Xarici Əlaqələr Komitəsinin qərarına baxmayaraq, prezident Obama müdriklik nümayiş etdirərək “erməni soyqırımı” ilə bağlı qərarın qəbul olunmasına imkan verməyəcək.
Milli Məclis sədrinin müavini Bahar Muradova çıxışında bildirib ki, yaranmış vəziyyətdə Azərbaycan da müəyyən addımlar atmalı, parlament adından ABŞ Konqresinə etiraz göndərilməlidir: “Türkiyə ictimaiyyəti bizdən dəstək gözləyir”.
Təklif qəbul olunaraq etiraz müraciətinin hazırlanması üçün komissiya yaradılıb. İş gününün ikinci yarısında Milli Məclis adından ABŞ Konqresinə etiraz müraciəti qəbul olunub.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1099 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30