Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün təmin olunması ilə bağlı qətiyyətli siyasətinin dəstəklənməsi milli həmrəyliyin bariz nümunəsidir

Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün təmin olunması ilə bağlı qətiyyətli siyasətinin dəstəklənməsi milli həmrəyliyin bariz nümunəsidir

30.09.2020 [08:50]

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların imzaladığı Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanata qoşulmayan AXCP və “Müsavat” isə növbəti dəfə milli maraqlara zidd mövqe sərgilədilər
Məlum olduğu kimi, sentyabrın 27-də Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat yayıb. Bəyanatda deyilir ki, sentyabrın 27-də saat 06.00 radələrində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı əməliyyatlara başlaması, mülki əhalinin yaşadığı kəndləri və infrastrukturları hədəf kimi seçərək ağır silahlarla bombalaması beynəlxalq hüquqa ziddir və qarşısı qətiyyətlə alınmalıdır. Birgə sənəddə deyilir ki, Azərbaycanda fəaliyyət göstərən və bu bəyanatı imzalayan siyasi partiyalar Ali Baş Komandan, Prezident İlham Əliyevin vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəkləyir və Onun yanında olduğunu bildirir.
Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar birmənalı şəkildə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yanındadır
Vurğulanmalıdır ki, siyasi partiyaların birgə bəyanatı siyasi həmrəyliyin nümunəsi olmaqla yanaşı, Azərbaycanda mövcud olan siyasi birliyin təcəssümünə çevrildi. Bu fakt bir daha onu göstərir ki, Ermənistanın işğalçı siyasətinə etiraz və xalqın haqq tələbi ölkə siyasətçilərini birləşdirir. Qeyd edilməlidir ki, siyasi partiya rəhbərlərinin birgə bəyanatında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur” fikrini sitat gətirməsi bir daha Azərbaycanın ədalətli mövqe tutmasından xəbər verir. Bununla yanaşı, illərdir ki, Ermənistanın apardığı təcavüzkar siyasətə qarşı susqunluq nümayiş etdirən, buna göz yuman beynəlxalq təşkilatların fəaliyyətsizliyini qınayan partiya rəhbərləri bəyan ediblər ki, Azərbaycan xalqı və ölkənin siyasi partiyaları yekdilliklə Prezidentin yanındadır. Beləliklə, bir daha vurğulanmalıdır ki, ölkənin 50 siyasi partiyasının Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair bəyanatı milli və siyasi həmrəyliyin parlaq göstəricisidir. Bu bəyanat, eyni zamanda, ölkədə siyasi dialoqun real nəticəsidir.
Təəssüfləndirici haldır ki, hər zaman öz şəxsi maraqlarını ölkənin, xalqın mənafeyindən üstün tutan bəzi radikal qruplaşmalar bu birgə bəyanata imza atmamaqla bir daha əsl simalarını ortaya qoymuş oldular. Qeyd edək ki, milli həmrəylik nümayiş etdirə bilməyən Müsavat Partiyası və AXCP Vətənimizin bu ağır günündə torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi üçün şanlı ordumuzun uğurlu əks-hücum əməliyyatlarına digər siyasi partiyalarla birlikdə dəstək vermədilər. Ali Baş Komandanın bu sahədə həyata keçirdiyi siyasəti dəstəkləməmələri onların səmimi olmadıqlarını göstərir.
Milli həmrəylik həm də ölkəmizdə aparılan siyasi dialoq prosesinin real nəticəsidir
Məsələ ilə bağlı fikirlərini bölüşən Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə bildirib ki, bu gün xalqımız yalnız qələbə uğrunda mübarizə ortaya qoyur. Bu ilin iyulunda dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş verən hadisələr zamanı da 40-dan artıq siyasi partiyanın vahid mövqedən çıxış edərək birgə bəyanat imzaladığını xatırladan partiya sədri vurğulayıb ki, rəhbərlik etdiyi partiya sentyabrın 27-dən başlayaraq ölkəmizə qarşı hərbi təxribatlar törədən Ermənistanın işğalçı fəaliyyətinə qarşı Azərbaycan ordusunun əks-həmlə əməliyyatlarının keçirilməsi haqqında mövqeyini ifadə edib. Onun sözlərinə görə, daha sonra 50 partiyanın birgə bəyanat imzalamasını təqdirəlayiq hal kimi qiymətləndiriblər: “Bu, siyasi mənsubiyyətindən və fərqli düşüncələrindən asılı olmayaraq bəyanatı imzalayan siyasi təşkilatların Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün qorunması, torpaqlarımızın düşmən işğalından azad olunması istiqamətində birlik nümayiş etdirməsi ilə bağlı bir mesaj oldu. Biz sona qədər də bu mövqeyi dəstəkləyəcəyik. Fikrimcə, ölkədə fəaliyyət göstərən siyasi təşkilatlar dövlətin yanında olacaqlar və sona qədər torpaqlarımızın işğaldan azad olunması istiqamətində fəaliyyətdə, ordumuza, eləcə də Ali Baş Komandana gərəkən dəstəyi verəcəklər”.
A.Əlizadə onu da bildirib ki, bu milli həmrəylik həm də ölkəmizdə siyasi dialoq prosesinin konkret nəticəsidir. Onun sözlərinə görə, son dövrlərdə Azərbaycanda yeni siyasi konfiqurasiya formalaşmaqdadır və ölkəmizdə qeydiyyatdan keçmiş siyasi partiya rəhbərləri ilə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin görüşləri keçirilib. Bu görüşlərin iqtidar-müxalifət münasibətlərinin inkişafında mühüm irəliləyişlərə yol açdığını deyən A.Əlizadə prosesin yeni bir mühitin formalaşmasından xəbər verdiyini və müsbət bir tendensiya olduğunu dilə gətirib.
AXCP və “Müsavat” milli mübarizədə Azərbaycan xalqı və dövləti ilə birlikdə olmağı bacarmadı, öz cılız ambisiyalarına yenildi
Müsavat Partiyası və AXCP-nin siyasi partiyaların birgə bəyanatını imzalamaması məsələsinə də toxunan AMİP sədri bildirib ki, bunu çox mənfi dəyərləndirir. “Qeyd edim ki, iyul hadisələri zamanı da eyni hal baş vermişdi və bu iki partiya birgə bəyanata imza atmamışdı. Təəssüflər olsun ki, bu dəfə də onlar birgə bəyanatın altına imza atmadılar. Bu, heç bir məntiqə sığmayan haldır. Belə bir məqamda, Vətənin dar günündə birgə mövqe nümayiş etdirməmək Azərbaycan ictimaiyyəti tərəfindən çox ciddi surətdə qınanılmalıdır. Hesab edirəm ki, bu, heç də sıradan bir hal deyil və məsələlər səngiyəndən sonra dövlət orqanları bunun köklərini mütləq şəkildə araşdırmalıdırlar. Mən açıq deyirəm ki, bir sıra siyasi təşkilatların tədbirlərində, hətta Avropanın aparıcı siyasi qurumlarının toplantılarında iştirak etdiyimiz zaman bizə bəzən üstüörtülü formada Dağlıq Qarabağ məsələsində hakimiyyətdən fərqli mövqe sərgiləməyimizlə bağlı suallar ünvanlanırdı. Bizdən o fərqi gözləyirdilər və hər zaman bildirmişik ki, bizim fərqli mövqeyimiz yoxdur. Biz müxalifətdə olsaq belə, Dağlıq Qarabağ məsələsində Azərbaycan hakimiyyəti ilə eyni mövqedən çıxış edirik. Amma “Müsavat” və AXCP-nin milli həmrəylikdən kənarda durmaları bir sıra suallar yaradır. Bu partiyaların xarici uzantıları, əlaqələri dəqiqləşdirilməlidir, bu məsələlərdə xəyanət qolunun olub-olmaması araşdırılmalıdır. Bunun bir qolu xarici təşkilatlardan qrant almağa gedib çıxırmı? Bunun bir qolunun Azərbaycanda iqtisadi və siyasi maraqları olan güclərin qoltuğuna gedib çıxması araşdırılmalıdır və dəqiqləşdirilməlidir. Ümumiyyətlə, belə bir məqamda mövqe nümayiş etdirməyən, Azərbaycan dövlətinin, xalqının, ordusunun yanında olmayan siyasilər, hesab edirəm ki, çox ciddi araşdırılmalıdır və onların mövqeyinin kökündə nə dayandığı bilinməlidir. Ortada xəyanət faktoru olacağı təqdirdə, bu məsələlərin qarşısı alınmalıdır. Çünki bizim Azərbaycan dövləti olaraq qarşıda görəcəyimiz çox işlər var”, - deyə Arzuxan Əlizadə əlavə edib.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini, siyasi ekspert Elçin Mirzəbəyli də Azərbaycan Ordusunun Ermənistanın təxribatına cavab olaraq əks-hücuma keçməsini və işğal altında olan torpaqlarımızın azad edilməsi istiqamətində ciddi irəliləyişlərə nail olmasını, düşmənə ağır zərbə vurmasını son 30 ilin ən böyük tarixi hadisələrindən biri adlandırıb. E.Mirzəbəyli bildirib ki, siyasi baxışlarından, ideoloji prinsiplərindən asılı olmayaraq, ölkənin, demək olar ki, bütün siyasi spektrinin - 50 partiyanın bir araya gələrək Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəklədiklərini və Onun yanında olduqlarını bəyan etmələri də bir o qədər tarixi əhəmiyyət kəsb edən hadisədir, milli birliyimizin, həmrəyliyimizin bariz nümunəsidir: “Dövlətimiz və xalqımız üçün həyati əhəmiyyət kəsb edən mürəkkəb bir şəraitdə siyasi partiyalar tərəfindən ölkəmizin bütün vətəndaşlarının, dünya azərbaycanlılarının milli birliyə, vəhdətə səslənilməsi siyasi yetkinliyin göstəricisi kimi mühüm əhəmiyyətə malikdir. Amma təəssüf ki, belə bir şəraitdə də iki siyasi partiya - “Müsavat” və AXCP Böyük Qələbə uğrunda mücadilədə Azərbaycan xalqı və dövləti ilə birlikdə olmağı bacarmadılar, öz cılız hisslərinə, məhdud dünyagörüşlərinə yenildilər”.
E.Mirzəbəyli sentyabrın 27-də AXCP və “Müsavat”ın digər partiyalarla birgə həmrəylik nümayiş etdirməməsinin heç də təsadüfi olmadığını bildirib. Onun sözlərinə görə, bu iki partiya növbəti dəfə öz antimilli mövqeyini ortaya qoydu. “Bu, ilk deyil. AXCP və “Müsavat” bir neçə ay öncə, daha doğrusu ermənilərin bu ilin iyulunda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatlar törətdiyi zaman 43 siyasi partiyanın imzaladığı “Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son təxribatları ilə əlaqədar siyasi partiyaların milli həmrəyliyə dair” bəyanatı imzalamamışdı. Növbəti dəfə bu addımı təkrarlayan bu iki partiya birliyə, həmrəyliyə kölgə salmaq niyyəti güdür. Bu isə onların əsl niyyətlərini bir daha ictimaiyyətə göstərdi”, - deyə E.Mirzəbəyli əlavə edib.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 281 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31