Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Vətən uğrunda gedən savaşda düşmənə qarşı vahid mövqedən çıxış etmək hər kəsin borcudur

Vətən uğrunda gedən savaşda düşmənə qarşı vahid mövqedən çıxış etmək hər kəsin borcudur

01.10.2020 [09:23]

Vətən müharibəsinə etinasız qalan radikalların Ali Baş Komandanın bu sahədə həyata keçirdiyi qətiyyətli siyasətə dəstək ifadə etməmələri isə onların əsl simalarını növbəti dəfə üzə çıxardı
Bu günlərdə Azərbaycan Ordusunun cəbhədə düşmənlə mübarizə apardığı bir zamanda ölkə daxilində siyasi həmrəyliyin daha da gücləndirilməsi zəruri şərtə çevrilib. Bu mənada, Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiyanın Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanatı olduqca mühüm əhəmiyyət daşıyır. Xatırladaq ki, sözügedən sənəddə Azərbaycanda fəaliyyət göstərən və bu bəyanatı imzalayan siyasi partiyaların Ali Baş Komandan, Prezident İlham Əliyevin vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəklədiyi və Onun yanında olduğu bildirilir. Lakin təəssüfləndirici haldır ki, AXCP və Müsavat Partiyası 50 siyasi partiya tərəfindən imzalanan bu bəyanata qoşulmamaqla növbəti dəfə milli həmrəylik nümayiş etdirə bilmədi. Beləliklə, Vətən müharibəsinə etinasız qalan radikalların Ali Baş Komandanın bu sahədə həyata keçirdiyi siyasəti dəstəkləməmələri onların səmimi olmadıqlarını və əsl simalarını göstərir. Bu eyni zamanda siyasi dialoq çağırışlarına cavab verməyən AXCP və “Müsavat”ın “beşinci kolon”u təmsil etməsinin növbəti əyani təzahürüdür.
Fuad Əliyev: Ümummilli məsələlərdə mövqeyimiz dəyişməzdir
Məsələ ilə bağlı fikirlərini bölüşən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib ki, 50 siyasi partiya tərəfindən imzalanmış birgə bəyanat vacib bir sənəddir. Partiya sədri vurğulayıb ki, bu gün Vətən uğrunda gedən savaşda düşmənə qarşı birlikdə olmaq hər bir siyasi partiyanın və vətəndaşın borcudur. Ali Baş Komandan İlham Əliyevin qəti iradə nümayiş etdirdiyini və ordumuz tərəfindən torpaqlarımızın işğaldan azad edilməsi uğrunda əks-həmlə əməliyyatlarına start verildiyini bildirən F.Əliyev məhz belə bir məqamda siyasi təşkilatların həmrəylik nümayiş etdirməsinin Azərbaycan əsgərinə əlavə ruh verdiyini deyib: “Bu milli həmrəyliyin möhkəmlənməsində ölkəmizdə yeni yaranmış siyasi konfiqurasiyanın böyük əhəmiyyəti var. Bütün dünya gördü ki, ümummilli məsələlərdə mövqeyimiz dəyişməzdir”.
AXCP ilə Müsavat Partiyasının siyasi dialoqdan yayınması, siyasi partiyaların birgə bəyanatına imza atmaması məsələsinə də toxunan ALDP sədri deyib ki, bu partiyaların tutduqları yol nə cəmiyyətə, nə xalqa xeyir gətirmir. “50 siyasi partiya iqtidarla ümummilli məsələlərdə vahid mövqedən, xalqın, dövlətin maraqlarından çıxış edib. Bu iki partiya isə son addımları ilə nə xalqı, nə də ölkəni fikirləşdiklərini, şəxsi maraqlarına üstünlük verdiklərini bir daha nümayiş etdirirlər. Əslində, AXCP ilə “Müsavat”ın illər boyu hansı xarici fondlardan maliyyələşdiyi bəlli idi. Onlar illərdir, bu fondlardan maliyyə alır və bu gün də həmin fondların sahiblərinin istəklərini həyata keçirirlər. Cəmiyyət də bunu görür, amma bu təşkilatlar öz yollarından çəkilmirlər”,- deyə F.Əliyev əlavə edib.
Qabil Hüseynli: Belə çətin bir vəziyyətdə sual yaranır, sən kiminləsən?
Politoloq Qabil Hüseynli də 50 siyasi partiyanın birgə bəyanat imzalamasını Azərbaycanın siyasi həyatında böyük nailiyyət adlandırıb. Onun sözlərinə görə, yeni siyasi konfiqurasiya Azərbaycanda siyasi plüralizmin mövcud olmasından xəbər verir. Bu gün ümummilli məsələlərdə siyasi partiyalar dövlətin, Prezidentin yanında olmalı və ölkəmiz üçün həyati əhəmiyyət daşıyan məsələlərdə kənarda dayanmamalıdırlar: “50 siyasi partiya ölkədə milli həmrəyliyin carçısı kimi əsl vətənpərvərlik göstərdilər və bu çətin günlərdə Prezidentin siyasi xəttini dəstəklədiklərini, ordumuzun yanında olduqlarını bildirdilər. Bu partiyaların xüsusilə beynəlxalq təşkilatlara müraciət edərək Azərbaycanın haqq işinə dəstək vermələrini tələb etməsi sözün həqiqi mənasında çox diqqətəlayiq bir haldır. Ermənistanda müxalifət partiyaları noyabrın 17-də öz hakimiyyətlərinə qarşı mitinq təşkil etmək qərarı verib. Azərbaycanda isə demək olar ki, bütün partiyalar birgə bəyanat qəbul edərək həm beynəlxalq aləmə, həm də Azərbaycan cəmiyyətinə müraciət edərək Prezidentin siyasi xəttini müdafiə etdiklərini bəyan edirlər. Fərq ortadadır. Bu, sözün həqiqi mənasında Azərbaycan cəmiyyətində dərin siyasi həmrəyliyin mövcud olduğunu göstərir”.
AXCP ilə “Müsavat”ın bu həmrəylikdən kənarda qaldığını dilə gətirən Q.Hüseynli “Bu gün Vətən müharibəsi gedir, torpaqlarımız işğaldan azad olunur və bu, tarixi bir hadisədir. Məncə, bu məsələdə özünün siyasi mövqeyini ortaya qoymayan siyasi partiya ciddi tənqid ediləcək, cəmiyyət tərəfindən qınanılacaq. Belə çətin bir vəziyyətdə sual yaranır, sən kiminləsən? Bu ağır dövrdə kiminlə olduğunu aç və ortaya qoy”, - deyə əlavə edib. Q.Hüseynli onu da bildirib ki, bu gün hər kəs Vətən üçün əlindən gələni etməlidir.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 294 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31