Milli Məclisin növbəti iclası keçirilib
07.10.2020 [09:03]
İclasda “Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında” qanun layihəsi qəbul olunub
Oktyabrın 6-da Milli Məclisin növbəti iclası keçirilib. İclası açan Milli Məclisin Sədri Sahibə Qafarova bu gün hər birimizin ürəyinin qürurla dolub-daşdığını bildirib. O qeyd edib ki, Qurtuluş savaşı aparan Ordumuz yeni-yeni ərazilərimizi düşməndən təmizləyərək zəfər yürüşünü davam etdirir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dediyi kimi, “Dağlıq Qarabağ bizim torpağımızdır, Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir! Mən heç zaman imkan verməyəcəyəm ki, tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın. Bütün imkanlardan istifadə edib öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Biz buna yaxınlaşırıq”.
Bu gün döyüş meydanında xalqımızın taleyi və müqəddəratı ilə bağlı məsələnin həll olunduğunu bildirən Sədr deyib: “Mən əminəm ki, qarşıda bizi yeni böyük uğurlar gözləyir. İndiyədək Cəbrayıl şəhəri və həm bu rayonda, həm də digər ərazilərdə çoxlu sayda kənd düşməndən təmizlənib. Kəlbəcərin, Laçının, Zəngilanın, Qubadlının, Şuşanın, işğal altında olan digər torpaqlarımızın azad ediləcəyi gün uzaqda deyil. Əldə edilən hərbi qələbələr, təəssüf ki, itkisiz başa gəlmir. Azərbaycanın qəhrəman əsgər və zabitləri Vətən torpağını düşməndən xilas etmək üçün ölümün gözünə dik baxırlar. Bununla birlikdə, döyüş meydanında duruş gətirə bilməyən xain düşmən öz terrorçu mahiyyətini göstərərək, mülki obyektləri, yaşayış məntəqələrini raket atəşinə tutur. Dinc əhali arasında həlak olan və yaralananlar var”.
Milli Məclisin Sədri bütün şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyib.
Sonra Sahibə Qafarova diqqətə çatdırıb ki, bu gün Azərbaycan xalqı dövlətimizin başçısının və Ali Baş Komandanın ətrafında sıx birləşib, hərb tariximizi yeni hünər və qələbələrlə zənginləşdirən müzəffər Ordusunun yanındadır. Əminəm ki, bu birlik, bu dəstək, bu qüvvət sayəsində tezliklə Qarabağın hər yerində şanlı Azərbaycan bayrağı dalğalanacaq. Milli Məclisin Sədri bir məlumatı da nəzərə çatdırıb ki, parlamentin deputatları, Aparatın və İşlər İdarəsinin əməkdaşları dövlətimizin başçısının və Birinci vitse-prezidentimizin başladıqları aksiyaya qoşularaq, Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüblər.
İclasın gündəliyi təsdiq edildikdən sonra deputatlar cari məsələlər barədə fikirlərini bildiriblər.
Millət vəkili Cavanşir Feyziyev çıxış edərək Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin bərpa olunması istiqamətində mübarizə aparıldığını söyləyib. O bildirib ki, bu məsələdə bəzi ölkələrin və beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəzli mövqeyi qəbulolunmazdır.
Millət vəkili Soltan Məmmədov çıxışında bildirib ki, Ermənistanın sentyabrın 27-də əl atdığı növbəti hərbi təxribata cavab olaraq Azərbaycan Ordusunun keçirdiyi uğurlu əks-hücum əməliyyatları torpaqlarımızın bir hissəsinin işğaldan azad olunması ilə nəticələnib. Onun sözlərinə görə, Azərbaycan xalqının hər bir nümayəndəsi bu əməliyyatların işğal altındakı bütün torpaqlar azad olunana qədər davam edəcəyinə inanır: “Ali Baş Komandanın rəhbərliyi altında ölkəmiz və xalqımız özünün ən taleyüklü problemini həll edir. Hesab edirəm ki, bizim vətəndaşlarımızın, xaricdə yaşayan soydaşlarımızın, bir sözlə, bütün millətimizin nümayiş etdirdiyi həmrəylik qələbəmizi yaxınlaşdıran ən mühüm amildir”.
Millət vəkili qeyd edib ki, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 30-a yaxın mülki şəxs həlak olub, 120-dən çox vətəndaşımız yaralanıb: “60-a yaxın mülki obyekt və 300-dən çox yaşayış evi yarasız hala düşüb. Lakin beynəlxalq təşkilatlar baş verənlərə heç bir reaksiya vermir. Baxmayaraq ki, Ermənistan ordusunun mülki insanları və obyektləri atəşə tutması 1949-cu il Cenevrə konvensiyasının tələblərinin kobud surətdə pozulmasıdır. Baxmayaraq ki, Cenevrə konvensiyaları və onlara əlavə edilmiş üç protokol Beynəlxalq Humanitar Hüququn əsas sənədləri sayılır. Baxmayaraq ki, BMT-nin Baş Məclisinin 14 dekabr 1974-cü ildə qəbul edilmiş “Qadın və uşaqların fövqəladə hallarda, silahlı münaqişələr dövründə müdafiəsi haqqında bəyannamə”si də bu cür addımları birmənalı olaraq qınayır. Həmin sənəddə bildirilir ki, mülki əhaliyə, xüsusilə, onun ən müdafiəsiz hissəsi olan qadınlara və uşaqlara, saysız-hesabsız əzab-əziyyət gətirən hücum edilməsi və onun bombardman olunması qadağandır və belə hərəkətlər pislənməlidir. Lakin biz bu gün nə görürük? Görürük ki, Ermənistanın dövlət səviyyəsində terror həyata keçirməsinə baxmayaraq dünya birliyi susur. Bu bir daha göstərir ki, beynəlxalq münasibətlər sistemində, eyni zamanda, beynəlxalq hüququn tətbiqində çox ciddi problemlər var. Dünyada ədaləti, sülhü, təhlükəsizliyi təmin etmək üçün imzalanmış sənədlərin praktiki gücü yoxdur. Bu sənədlərə əməl olunmasına məsul olan təşkilatlar isə laqeyd bir sükut nümayiş etdirirlər. Ona görə də, bu gün Azərbaycan ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar tamamilə legitimdir. Çünki Azərbaycan xalqını qorumaq, xalqımızın təhlükəsizliyini, ölkəmizin ərazi bütövlüyünü təmin etmək məqsədi daşıyır. BMT Nizamnaməsinin 51-ci maddəsi hər hansı dövlət beynəlxalq öhdəliklərini yerinə yetirmədiyi və başqa dövlətin ərazisini işğal etmək üçün hərbi qüvvədən istifadə etdiyi hallarda təcavüz qurbanına özünü fərdi və ya kollektiv şəkildə müdafiə etmək hüququ verir. Biz özümüzü müdafiə edirik, hər bir ləyaqətli, özünə hörmət edən dövlət kimi buna haqqımız çatır. Əminəm ki, qısa vaxtda ordumuzun işğalçıya qarşı həyata keçridiyi sülhə məcburetmə əməliyyatları qələbə ilə başa çatacaq!”.
“Çox mühüm tarixi günlər yaşayırıq. Hər şeydən öncə, bu sevinci, bu qələbəni xalqımıza yaşadan Ali Baş Komandanımıza və Azərbaycanın müzəffər ordusuna təşəkkür edirik. Azərbaycan Prezidenti Azərbaycan xalqına müraciətində bildirdi ki, bu gün Azərbaycan yeni tarix yazır. Əslində, bu tarix Azərbaycanın millət olaraq yenidən doğuluşu tarixidir. Bu, təkcə bizim torpaqlarımızın işğaldan azad olunması hadisəsi deyil. Bu, ruhumuzun millət olaraq əsarətdən qurtuluşu , tarixi yaddaşımızın bərpası tarixidir. Bu sevincli günlərdə ordumuza dualar edir, yeni zəfərlər arzulayırıq”. Bu fikirləri isə Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxışı zamanı deyib.
Hikmət Babaoğlu bildirib ki, bu proseslərdə önə çıxan çox mühüm bir məqam var: “Azərbaycan Ordusunun cəbhədə hərəkətini təmin etmək üçün bu vaxta qədər böyük diplomatik-siyasi işlər görülüb. Qlobal ictimai rəy Azərbaycanın lehinə dəyişib. Bu gün bəzi istisnalar olmaqla heç kim Azərbaycanın haqlı mövqeyini qınaya bilmir. Təəssüf ki, bu proseslərdə problemin həllinə töhfə verməli olan ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti, xüsusən Fransanın fəaliyyəti təəccüb və təəssüf doğurur. Fransa prezidentinin “biz icazə vermərik ki, Qarabağ yenidən fəth olunsun, biz sona qədər müqavimət göstərəcəyik” bəyanatından sonra özünə hörmət edən dövlət kimi Fransa həmsədrlikdən istefa verməlidir. Əgər o, müstəqil bir dövlət başçısı kimi bu fikirləri səsləndirirsə, buyursun. Ancaq tərəfsizliyini itirdiyi halda ATƏT-in Minsk qrupunun həmsədri olan bir ölkənin başçısı kimi bu bəyanatı verməməli idi”.
Millət vəkili vurğulayıb ki, bu bəyanatdan sonra Fransa Azərbaycan əleyhinə lobbiçilik etməyə başlayıb və digər həmsədrləri radikal qərarlar qəbul etdirməyə, bütövlükdə, üzvü olduğu beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə qərarların verilməsinə çalışır: “Bu, yolverilməzdir. Əgər Fransanın prezidenti bunu bir neçə yüz min erməninin səsini almağa görə edirdisə, doğru etmirdi. Çünki fransız xalqı beynəlxalq hüququ, ali dəyərləri mənimsəmiş xalqdır. Əslində, Makron bu qərəzli mövqeyi ilə məhz fransız xalqının səsini itirmiş oldu. Düşünürəm ki, bundan sonra bizi diplomatik müstəvidə daha çətin və gərgin danışıqlar prosesi gözləyir. Biz buna hazırlaşmalıyıq və ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri Türkiyə olmalıdır”.
Milli Məclisin deputatı Məlahət İbrahımqızı isə çıxışında bildirib ki, Fransanın ATƏT-in Minsk qrupundan çıxarılması ilə bağlı müvafiq addımlar atılmalıdır.
İclasda, həmçinin deputatlar Naqif Həmzəyev, Rəşad Mahmudov, Emin Hacıyev, Əli Məsimli, Müşfiq Cəfərov, Səttar Möhbalıyev, Cavid Osmanov, Azər Badamov, Bəhruz Məhərrəmov, Zahid Oruc və Erkin Qədirli çıxış edərək Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatlar, ölkəmizin haqq savaşı, şanlı Ordumuzun zəfər yürüşü, ATƏT-in Minsk qrupunun fəaliyyəti, Fransanın Ermənistan-Azərbaycan münaqişəsindəki mövqeyi ilə bağlı fikirlərini ifadə ediblər.
Milli Məclis Sədrinin müavini Adil Əliyev isə bildirib ki, erməni lobbisi Amerika Birləşmiş Ştatları Konqresinin Nümayəndələr Palatasında Azərbaycan əleyhinə 1165 saylı qətnamə layihəsinin müzakirəyə çıxarılmasına hazırlaşır. Bu işə Konqresin erməni qrupunun iki həmsədri rəhbərlik edir. Həmin şəxslərin hər ikisi demokratdır, onlar uydurma “erməni soyqırımı” üzrə aktın sponsoru olublar. Onlardan biri Cek Spear 1165 saylı qətnamə ilə bağlı Nümayəndələr Palatasının 46 üzvündən dəstək alıb. Ümumiyyətlə isə Konqresin erməni qrupunun 116 üzvü var.
Adil Əliyev deyib ki, hazırda ABŞ-da yaşayan Azərbaycanlı icmasının üzvləri ABŞ Nümayəndələr Palatası tərəfindən 1165 saylı qətnamənin qəbulunun dayandırılması üçün imzatoplama kampaniyasına başlayıblar. Lakin bu, iş lazımi səviyyədə deyil. O, ABŞ-da 40 mindən çox azərbaycanlının yaşadığını nəzərə alaraq onları bu məsələdə daha fəal olmağa çağırıb. Sədr müavini Milli Məclisin deputatlarını da bu məsələyə kömək göstərməyə səsləyib.
Daha sonra gündəlikdəki məsələlər müzakirə olunub. Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, Tərtər rayonunun Madagiz kəndi erməni işğalından azad edilən kimi Prezident İlham Əliyev onun tarixi adını geri qaytararaq həmin kəndi Suqovuşan adlandırıb. Bu gün Milli Məclis həmin məsələni qanuniləşdirəcək. Qanun layihəsi bir oxunuşda qəbul olunmalıdır.
“Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında” qanun layihəsi barədə məlumat verən Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, məsələ komitənin iclasında müzakirə olunub. Komitə üzvləri məsələni yekdilliklə Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə ediblər.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra Milli Məclisin Sədri Sahibə Qafarova qeyd edib ki, gündəliyin növbəti 14 məsələsi parlamentin oktyabrın 2-də keçirilən iclasında ikinci oxunuşda müzakirədən keçmiş qanun layihələridir. Bu gün həmin qanun layihələri üçüncü oxunuşda müzakirəyə təqdim edilib. Bildiyiniz kimi, üçüncü oxunuşda qanun layihəsinin mətninə dəyişiklik edilmir.
Əvvəlcə Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda müzakirəyə təqdim edib. Qanun layihəsinə əsasən, Azərbaycan Dəmir Yollarının 140 illiyi ilə əlaqədar olaraq təsis edilən yubiley medalı ilə vəzifələrini nümunəvi icra edən, fəaliyyətində yüksək nəticələr göstərən, dəmir yolu nəqliyyatı sahəsində çalışan işçilər, dəmir yolu nəqliyyatı sahəsinin inkişafında və təkmilləşdirilməsində xüsusi xidmətləri olan şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif olunacaqlar.
Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.
Sonra “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə də üçüncü oxunuşda baxılıb. Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu medalla həqiqi hərbi xidmət keçən və xidməti vəzifələrini nümunəvi yerinə yetirən zabit və gizirlər, müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçular, ehtiyatda olan və istefaya buraxılmış hərbçilər, həmin orqanda səmərəli fəaliyyət göstərən mülki işçilər, habelə bu sahədə xüsusi xidmətləri olan digər şəxslər təltif ediləcəklər. Sənəd üçüncü oxunuşda təsdiqlənib.
Daha sonra gündlikdə olan digər qanun layihələri də müzakirəyə çıxarılaraq qəbul olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17

