Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Qordian düyünü” artıq çözüləcək

“Qordian düyünü” artıq çözüləcək

20.10.2020 [09:56]

Bu gün Azərbaycan təkcə özünün deyil, həm də bütün bölgənin, hətta qlobal əlaqələrin dərin təsirə məruz qalacağı tarixi bir dövrdən keçir. Azərbaycan türklərinin min ildən çoxdur məskən saldığı bu torpaqların taleyinə təxminən üç əsr əvvəl bağlanmağa başlayan və Birinci dünya müharibəsindən sonra getdikcə möhkəmləndirilən bir düyün var. “Soyuq müharibə”dən sonra bölgənin təbii, coğrafi, iqtisadi və geopolitik mövqeyinin strateji potensialının da təsiri ilə müasir bir Sykes-Picot anlayışı həyata keçirildi və sözügedən düyün “Gordian düyünü”nə çevrildi.
Azərbaycan bu düyünü sülh yolu ilə həll etmək üçün bütün yolları sınadı. Ancaq otuz il ərzində əhəmiyyətli bir irəliləyişin olmaması bütün bölgə üçün bir yük yaradır. Çünki bölgənin zəngin iqtisadi, maddi-texniki və mədəni əməkdaşlıq potensialının kifayət qədər səmərəli şəkildə reallaşdırıla bilməməsi bölgədəki bütün ölkələr üçün əhəmiyyətli itkilərə səbəb olmaqdadır. Şimal-cənub, şərq-qərb xəttindəki müstəsna qovşaqda - Avropa, Asiya və Afrika arasındakı əlaqələrində əhəmiyyətli bir coğrafiyada yerləşən Qafqaz həm enerji mənbələri, həm də enerji yolları və nəqliyyat marşrutlarına sahib olmaqla bütün dünyanın həm iqtisadi inkişafına, həm də iqtisadi təhlükəsizliyinə töhfə verə bilmək imkanlarına malik olduğu halda, bütün bu imkanlar boşa gedir. Bölgədə zaman-zaman alovlansa da, əsasən dondurulmuş olaraq davam etdirilən münaqişələrin həlli şübhəsiz ki, bölgədə siyasi, iqtisadi və mədəni baxımdan güclü bir sinerjinin yaranmasını və mühüm irəliləyiş əldə edilməsini də özü ilə gətirəcəkdir.
Türkiyə bütün region ölkələri ilə əməkdaşlıq çərçivəsində bu zənginlikləri və fürsətləri daha da genişləndirməyi və ədalətli bir bölgü ilə regionun rifahını artırmağı hədəfləyir. Bu anlayışla Türkiyə Azərbaycan ilə birlikdə geniş bölgədə yerləşən digər ölkələrin daxil olduğu üçlü və dördlü dialoq və əməkdaşlıq mexanizmləri ilə bu ölkələrin mənafelərinə cavab verən hədəflərini həyata keçirməyə çalışır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, TANAP və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri ilə bölgəmizin strateji dəyəri qonşumuz Gürcüstanın da daxil olması ilə daha da artır. Yaxın günlərdə İğdır-Naxçıvan qaz kəməri və Qars-Naxçıvan dəmir yolu layihələri də reallaşacaq. Bölgənin hər yerində sülh və firavanlığın təmin edilməsi üçün Türkiyə və Azərbaycan əl-ələ yola davam edəcəkdir. Mövcud problemlərin həlli ilə bölgənin cazibə mərkəzinə çevrilməsi qaçılmazdır.
Qarşıdurmalara və münaqişələrə sərf olunan vaxt və mənbələr hər kəsə qazandıran layihələrdə istifadə edilə bilər. Bunun reallaşması erməni xalqına da xeyir verəcəkdir. Çünki siyasi, hüquqi, iqtisadi və sosial baxımdan və bütün qurumları ilə iflasa uğrayan Ermənistan dövlət kimliyini itirmək üzrədir. Heç bir dövlət xarici yardımlardan və diaspor ianələrindən asılı olaraq yaşaya bilməz. Buna görə də, Ermənistan öz torpaqlarında dəyər yaratmağa çalışmalıdır. Ancaq xam xəyallar ardınca qaçan Ermənistan rəhbərləri, yalnız regional sülhün deyil, həm də Ermənistanın qarşısında ən böyük maneədir. Sülhdən qaçaraq öz xalqlarına işgəncə veriblər və verməyə davam edirlər. Erməni xalqı da bu həqiqəti bilməli və sülh tələblərini qətiyyətlə səsləndirməlidir.
Sülhün təmin edilməsi, yalnız bir yol ilə mümkün ola bilər, o da işğalçı Ermənistanın Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasıdır. Ədalətə, beynəlxalq hüquqa və tarixin həqiqətlərinə uyğun olan da budur. BMT Təhlükəsizlik Şurası və ATƏT-in qərarları da bu istiqamətdədir.
Digər tərəfdən beynəlxalq təşkilatların qərarları ilə davranışları arasında bir uyğunsuzluq var. Minsk prosesi hazırkı vəziyyəti ilə həll yollarını tapa bilməyib. Beynəlxalq təşkilatların işğala son qoyulmasında fəal rol oynaya bilməməsi, keçən bu illər ərzində Ermənistanı daha da islaholunmaz vəziyyətə gətirmişdir. Ermənistan bölgədəki qeyri-qanuni məskunlaşma siyasəti və hərbi hücumları ilə 1949-cu il Cenevrə konvensiyasını pozmaqdan, hərbi cinayətlər törətməkdən və günahsız mülki əhalini öldürməkdən çəkinməmişdir. Ermənistanın təxribatları nəticəsində atəşkəs rejimi artıq mənasını itirib. Beynəlxalq təşkilatlar haqlının və həqiqi zərər çəkənin yanında olmalıdır və bu qanunsuzluğa artıq “dayan” deməlidir, əks təqdirdə bu cinayətlərə ortaq olduqları mənasını verir. Azərbaycan xalqının gözləntisi sözdə deyil, mövcud qərarlar fonunda həqiqi həll yolunun tapılmasıdır. Sülh proseslərinin Azərbaycanın hüquqlarına nail olmasına maneə yaratmaq üçün bir vasitə olaraq istifadə edilməsinin qarşısı alınmalıdır. Ermənistan otuz ildir davam edən hüququ tanımamazlığı və təcavüzkarlığı ilə beynəlxalq təşkilatlara meydan oxuyaraq, bunları şübhə altına almaqla artıq qlobal bir problemə çevrilib.
Azərbaycan torpaqlarında işğala son verilməsinə münasibətin necə olacağı, beynəlxalq ictimaiyyətin və qurumların varoluş əsaslarının və zəminin etibarlılığını qoruyub-qorumadığını bir daha aydın şəkildə ortaya qoyan bir lakmus kağızı rolunu oynayacaq. Son zamanlarda beynəlxalq münasibətlərdə rast gəlinən böhranlarda bütün dünya və bəşəriyyət üçün sülh, minimum rifah və insanca həyat şəraiti yaratması gözlənilən beynəlxalq qurumların və zəminlərin günümüzün problemləri qarşısında bu hədəflərin reallaşdırılması mərhələsində yetərsiz qaldığı görünür. Beynəlxalq qurumlar beynəlxalq sistem üzərində hegemonluq qurmağa çalışan ölkələrlə varoluş qayəsi arasında sıxışıb qalıb. Beynəlxalq qurumların və zəminlərinin etibarlılığını aşındıran və sonunda bitirən bu vəziyyətin daha çox həllsizlik və münaqişə yaratmaması üçün bu vəziyyət təcili olaraq aradan qaldırılmalıdır. Beynəlxalq qurumlar təmsilçilikdə plüralizm və ədalət prinsipləri çərçivəsində yenidən nəzərdən keçirilərək dinamik və həqiqi qurumlara çevirməlidirlər. Cənab Prezident Rəcəb Tayyib Ərdoğanın “Dünya beşdən böyükdür” ifadəsində şüara çevrilən bu həqiqət çərçivəsində BMT Təhlükəsizlik Şurası başda olmaqla bütün beynəlxalq qurumların struktur islahatlarına ehtiyac duyduğu məlumdur.
Azərbaycan bu günə qədər haqq işindəki həll axtarışını bütün məlum problemlərə baxmayaraq, beynəlxalq sistemin qanuni qərarlarına uyğun olaraq davam etdirib. Hal-hazırda qarşılaşdığı hücumlara da eyni anlayışla, beynəlxalq hüquq normaları çərçivəsində BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünü müdafiə hüququndan istifadə edərək cavab verib. Öz doğma torpaqlarında xalqını qorumaq və ərazi bütövlüyünü təmin etmək üçün əks-əməliyyatlar aparmaq məcburiyyətində qalıb. Bu problemdə səmimi bir həll istənilirsə, işğala son qoyularaq Azərbaycanın ərazi bütövlüyünün təmin edildiyi və sərhədlərinin toxunulmazlığının təminat altına alındğı bir metoddan başqa bir həll yolu yoxdur. “Öz müqəddəratını təyinetmə” adı altında Azərbaycanın qədim torpaqları üzərində oynanacaq oyunlar həllsizliyin dərinləşməsindən başqa heç bir məqsədə xidmət etməyəcəkdir.
Bu gün Azərbaycanın etdiyi otuz ildir sadəcə ona ayaqbağı deyil, həm də qlobal problemə çevrilmiş bu “Gordian düyünü”nün həlli üçün bir səydir. Azərbaycan bu günə qədər göstərdiyi kimi, bu düyünü səssiz və sakit bir şəkildə həll edəcək səbrə sahibdir. Lakin lazım olduğu zaman düyünü kəsərək zərərsizləşdirmək əzminə və qabiliyyətinə sahib olduğunu açıq şəkildə sübut etmişdir. Azərbaycanın bu gücü hərbi gücünə və imkanlarına görə deyil, sahib olduğu haqlılığına görədir. Bütün dünya həm tarixin, həm də hüquq və ədalətin təsdiq etdiyi həqiqətin aydın olduğunu dərk etməlidir: Qarabağ Azərbaycandır!
Azərbaycan ilə bağları və qardaşlıq əlaqələri dərin tarixi təməllər üzərində qurulan Türkiyə də Azərbaycan bu haqlı mübarizəsində necə və hansı şəkildə dəstək verilməsini istəyərsə, o çərçivədə öz qardaşlarının yanında olacaq. İtiriləcək daha bir 30 il qalmayıb. Bu düyün artıq çözüləcək, bütün bölgəyə sülh və firavanlıq qapıları açılacaqdır.
Mustafa Şentop
Türkiyə Böyük Millət
Məclisinin Sədri

Paylaş:
Baxılıb: 373 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31