Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan son 17 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth edib

Azərbaycan son 17 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth edib

05.11.2020 [08:38]

Ekspertlərin qeyd etdikləri kimi, hazırkı qələbələr ötən müddət ərzində dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin, atılan məqsədyönlü addımların nəticəsidir
Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, ölkəmizin beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənir. Ümumiyyətlə, ötən 17 ilin mənzərəsi Azərbaycanın mühüm tarixi nailiyyətlər qazanaraq möhtəşəm zirvələr fəth etdiyini göstərir. Təbii ki, bu da səbəbsiz deyil. Prezident İlham Əliyev bu müddət ərzində müasir dövlət quruculuğunu strateji prioritet kimi müəyyənləşdirib, ölkənin ümumi inkişaf strategiyası müasir dövrün tələblərinə uyğunlaşdırılaraq uğurla həyata keçirilib. Respublikamızın iqtisadi sistemi yenidən qurulub, güclü iqtisadi potensial yaradılıb. Bu gün nüfuzlu tədqiqat mərkəzləri öz hesabatlarında Azərbaycan iqtisadiyyatının funksionallığını və inkişaf dinamikasını xüsusi olaraq nəzərə çatdırır, həyata keçirilən islahatları və tərəqqi modelini müsbət qiymətləndirirlər.
Heç şübhəsiz, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kursun ən mühüm prioritetlərindən biri ordu quruculuğu prosesidir. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, Azərbaycan Ordusu bu gün dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Eyni zamanda, ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın və dövlətimizin yeni şanlı tarixi yazılır, torpaqlarımız işğaldan azad olunur, ölkəmizin ərazi bütövlüyü və tarixi ədalət bərpa olunur. Bütün bunların məntiqi nəticəsi kimi, xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti dəstəkləyir.
Yeri gəlmişkən, Milli Məclisin deputatı Şahin İsmayılov bildirib ki, Azərbaycan dövlətinin son zamanlarda siyasi, iqtisadi, sosial, hərbi və digər sahələrdə əldə etdiyi uğurlar hər bir azərbaycanlı tərəfindən fəxr hissi ilə qarşılanır. Bu böyük uğurların təməlində yüksək qətiyyət, əzm, zəhmət, vətənpərvərlik və ali insani dəyərlər tələb edən, dövlətçilik ənənələrini qoruyan lider və onun silahdaşlarının dayandığını diqqətə çatdıran millət vəkili deyib ki, xüsusilə XXI əsrin əvvəllərindən Azərbaycan inkişaf yolunda böyük addımlarla irəliləməyə başladı və inkişafa söykənən tendensiya bu gün də davam edir. “Hər kəsə məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hakimiyyətə gəldiyi vaxtdan bu günədək ölkəmiz çoxlu sayda beynəlxalq yarışlara ev sahibliyi edib, regional və beynəlxalq iqtisadi-siyasi layihələr reallaşdırıb. Hakimiyyətinin ilk illərindən dövlətimizin başçısı İlham Əliyev dövlət quruculuğunun mühüm əsasını təşkil edən iqtisadi sahəyə böyük diqqət ayıraraq həm yeraltı, həm də yerüstü sərvətlərimizin səmərəli istifadəsinə nail oldu. Bunun nəticəsidir ki, istifadə edərək ölkəmiz TAP, TANAP kimi böyük iqtisadi layihələrin icrasını həyata keçirdi”, - deyən Ş.İsmayılov vurğulayıb ki, iqtisadi inkişafdan irəli gələn gəlirlər sayəsində ölkəmizdə insan kapitalına, xüsusilə mühüm diqqət ayrıldı, gənclərimizin təhsil sahəsində daha çox uğurlar əldə etmələri üçün müvafiq Dövlət proqramları həyata keçirilib. Prezident İlham Əliyevin gənclərə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsi olaraq, bu gün bir sıra xüsusi əhəmiyyət kəsb edən dövlət qurumlarına istedadlı, bacarıqlı, vətənpərvər gənclər rəhbərlik edir: “Bütün bunlarla yanaşı, Prezident İlham Əliyevin hərbi sahəyə də yüksək səviyyədə diqqət ayırdığını qeyd etmək lazımdır. Bildirmək istərdim ki, hərbçilərimizin həm sosial rifahı, həm də xidmət şəraitləri daim dövlət tərəfindən qayğı ilə əhatə edilib. Beləliklə, hərbi quruculuq sahəsində görülən işlər və əldə edilən uğurlar öz nəticəsini verir. 30 ilə yaxın müddətdir ki, tarixi torpaqlarımızı işğal edən mənfur düşmən bu gün etdiyi bütün hərəkətlərinin döyüş meydanında layiqincə qarşılığını alır. Prezidentin rəşadətli ordumuza hakimiyyətə gəldiyi gündən bəri göstərdiyi diqqət, qayğı və dəstəyin nəticəsidir ki, Azərbaycan Ordusu artıq ölkəmizin öz ərazi bütövlüyünü tam təmin etmək üzrədir”.
Millət vəkili onu da vurğulayıb ki, Azərbaycan xalqı öz Prezidenti ətrafında hər zaman olduğu kimi sıx birləşib və heç bir hərəkət nə ordumuzun, nə xalqımızın, nə də dövlətimizin əzmini qıra bilməz. O əlavə edib ki, Türkmənçay və Gülüstan müqavilələrindən bu yana tarixi torpaqlarını bir-birinin ardınca itirməyə vadar edilmiş Azərbaycan xalqının vətənpərvər, qürurlu, güclü vətəndaşlardan ibarət olduğunu Müzəffər Ali Baş Komandan bir daha bütün dünyaya sübut edərək, tarixi ədaləti bərpa edir və öz adını cəsur sərkərdə olaraq tarixə yazdırır.
Milli Məclisin deputatı Müşfiq Cəfərov da son 17 ildə ölkəmizdə bütün sahələrdə yüksək inkişafın nəzərə çarpdığını, o cümlədən ordu quruculuğu istiqamətində mühüm addımların atıldığını bildirib. Onun sözlərinə görə, bu gün beynəlxalq ekspertlər də bildirirlər ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır: “Biz bunu bilirdik, ancaq bu gün bütün dünya da bunu görür. Belə ki, sentyabrın 27-dən bu günə kimi cəbhədə baş verən hadisələr Azərbaycan Ordusunun gücünü bir daha göstərdi. Ordumuz əks-hücum əməliyyatları keçirərək işğal altında olan beş rayonumuzun böyük bir hissəsini işğalçılardan azad etdi. Həmin ərazilərdə indi Azərbaycan bayrağı dalğalanır. Bu, bizim gücümüzü göstərir”.
Millət vəkili qeyd edib ki, artıq nəinki beynəlxalq ekspertlər, hətta işğalçı dövlətin analitikləri də obyektiv mövqedən çıxış edərək Azərbaycanın ötən dövrdə ordu quruculuğunda mühüm uğurlara imza atdığını etiraf edirlər. Ordumuz düşmən ordusunun məğlubedilməzliyi haqqında ermənilərin illərdən bəri yaratdığı mifi darmadağın etdi, Azərbaycanın da yetərincə hərbi gücə malik olduğunu təsdiqlədi. “Azərbaycanda peşəkar, yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik bir ordunun formalaşmasında Ümummilli Liderimiz Heydər Əliyevin misilsiz xidmətləri danılmazdır. Hərbi hissələrimizdə son bir neçə ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı islahatlar, görülən tədbirlər öz bəhrəsini verdi, ordumuz tarix yazdı. Bu gün Azərbaycan Ordusunun adı güclü ordular sırasında çəkilir. Buna zəmin yaradan başlıca səbəblərdən biri də ölkəmizin iqtisadi qüdrətinin artmasıdır. İqtisadiyyatı güclü olan dövlətin ordusu da güclüdür. Bugünkü haqq savaşımızdakı uğurumuz Azərbaycanda xalq-ordu birliyinin də sarsılmaz olduğunu təsdiqlədi. Hazırda səngərdə ədaləti bərpa edən Azərbaycan əsgəri dövlətin, xalqın etimadını layiqincə doğruldur”, - deyən millət vəkili əlavə edib ki, Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə nəinki torpaqlarımızı geri qaytarır, həmçinin xalqımızın sarsılan, zədələnən qürurunu bərpa edir, Azərbaycan xalqına yaraşan imici dünyaya göstərir. Beynəlxalq aləm güclü xalq, güclü dövlət görür. Bütün bunlar illərin uzaqgörən siyasətinin nəticəsidir. Azərbaycanda xalq - iqtidar birliyi isə ən yüksək zirvədədir.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 467 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31