Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / "Erməni saxtakarlığı və vandalizmi: Azərbaycan jurnalistləri bu barədə nə düşünür"

"Erməni saxtakarlığı və vandalizmi: Azərbaycan jurnalistləri bu barədə nə düşünür"

21.04.2010 [09:00]

Bakı Dövlət Universitetində bu mövzuda “dəyirmi masa” keçirilib
Dünən Bakı Dövlət Universitetində (BDU) “Erməni saxtakarlığı və vandalizmi: Azərbaycan jurnalistləri bu barədə nə düşünür” mövzusunda “dəyirmi masa” keçirilib. BDU-nun mətbuat və informasiya şöbəsinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirdə universitetin struktur rəhbərləri ilə yanaşı, Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, media nümayəndələri də iştirak ediblər. Tədbiri giriş sözü ilə  BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov açaraq, “dəyirmi masa”nın son dərəcə aktual məsələyə həsr olunduğunu diqqətə çatdırıb. Bildirib ki, artıq 200 ilə yaxındır dünyanın aparıcı dövlətlərinin əlində alətə çevrilmiş erməni millətçiləri türklərə və azərbaycanlılara qarşı siyasi, hərbi, ideoloji təcavüzə bir an belə fasilə vermirlər. ötən əsrin əvvəllərindən başlayaraq daha da fəallaşan erməni-daşnak qüvvələri əslində tarixdə heç vaxt baş verməmiş qondarma “erməni soyqırımı” uydurmasını ortaya ataraq hər il aprelin 24-ü ərəfəsində və həmin gün vay-şivən qoparır, dünyanın nüfuzlu dövlətlərini və beynəlxalq təşkilatları Türkiyəyə və Azərbaycana qarşı qaldırmağa cəhd göstərirlər. Hiyləgər düşmənin ilboyu fasiləsiz iş aparmaqla hələlik öz alçaq niyyətinə nail olduğunu bildirən rektor, bu gün dünyanı bürüyən erməni yalanlarına və uydurmalarına qarşı vahid milli konsepsiyanın hazırlanmasının, erməni saxtakarlığı və vandalizminin əsl mahiyyətini dünya ictimaiyyətinə daha operativ, daha dəqiq çatdırılmasının vacibliyini vurğulayıb, “dəyirmi masa”nın bu məqsədə xidmət etdiyini söyləyib.
A.Məhərrəmov yüksək ixtisaslı mütəxəssislərin - politoloqların, tarixçilərin, beynəlxalq səviyyəli hüquqşünasların, jurnalistlərin toplaşdıqları Bakı Dövlət Universitetinin elmi potensialından istifadə etməklə, BDU-da Azərbaycan həqiqətlərinin, Dağlıq Qarabağ münaqişəsinin, ermənilərin qondarma “soyqırımı” iddialarının əksinə olaraq 1915-ci ildə regionda baş vermiş hadisələrin əsl mahiyyətinin dünya müstəvisinə çıxarılması üçün vahid strateji araşdırmalar mərkəzinin yaradılması ideyasını irəli sürüb. Rektor belə bir mərkəzin yaradılmasına zəmanəmizin salnaməsini yaradan jurnalistlərin də dəstək verəcəklərinə əminliyini ifadə edib.
Tədbirdə ermənilərin  azərbaycanlılara və türklərə qarşı zaman-zaman həyata keçirdikləri amansız soyqırımı siyasəti və vandalizm əməllərindən bəhs edən sənədli film nümayiş etdirilib.
BDU-nun professoru Anar İsgəndərovun “1915-ci il həqiqətləri və saxtakarlıq” mövzusunda məruzəsi böyük maraqla qarşılanıb. Birinci Dünya müharibəsi ərəfəsində Ərzurumda ermənilərin qurultay keçirdiyini, həmin toplantıda Türkiyəyə qarşı gələcək xəyanətlərin əsasının qoyulduğunu xatırladan məruzəçi, bu gün ermənilərin ciddi-cəhdlə “soyqırımı” kimi təqdim etməyə çalışdıqları 1915-ci il  24 aprel  hadisələri haqqında tarixi faktları həmin dövrün  Qərb tarixçilərinə istinadən tədbir iştirakçılarının diqqətinə çatdırıb. O zaman İngiltərədə nəşr olunan “Times” qəzeti məlumat verib ki, 1914-cü ilədək Osmanlı dövlətinin ərazisində yaşayan ermənilərin sayı heç 1 milyon 300 min nəfərə çatmırdı. Belə olan halda bir il sonra guya 1 milyon 500 min erməninin öldürülməsi “faktı” haradan qaynaqlanır?!
Tədbirdə bu gün ermənilərin guya onların “soyqırımı”na fərman verilməsi kimi yozduqları Osmanlı dövlətinin daxili işlər naziri Tələt Paşanın 1915-ci il 24 aprel tarixli sərəncamının da əsl mahiyyəti Qərb mənbələrinə istinadən açıqlanıb. Bildirilib ki, ilk nüsxəsi ABŞ və Fransa səfirliklərinə göndərilmiş həmin sənəddə göstərilir ki, müharibə gedən ərazilərdə ermənilərin təhlükəsizliyini təmin etmək üçün onlar həmin ərazilərdən çıxarılsınlar. Bax, bu gün ermənilər əslində onların xilasına yönəlmiş həmin humanist addımı üzdəniraq “soyqırımı” kimi təqdim edirlər. Uydurma “soyqırımı qurbanları”nın sayı ilə bağlı erməni mənbələrinin biri-biri ilə ziddiyyət təşkil edən məlumatları da toplumun saxtakarlığının və yalanının hüdudsuzluğunu göstərir.
Məruzəçi deyib ki, erməni mənbələri ilk dövrlərdə guya 1915-ci il aprelin 24-də 300 min erməninin qətlə yetirildiyini iddia edirdi. Sonra bu rəqəm 500 min, son nəticədə isə 1,5 milyon nəfər kimi göstərilib. Əslində, 1915-ci ildə baş verən hadisələrin əsl mahiyyətinin o zamanlar da, indi də Qərb dövlətlərinin siyasi dairələrinə yaxşı məlum olduğunu deyən  tarixçi alim, bu gün dünyanın söz sahiblərinin ermənilərdən Türkiyəyə qarşı təzyiq vasitəsi olaraq istifadə etdiklərinə görə xain qonşularımızın uydurmalarına “inandıqlarını” bildirib. Bununla belə, tarixi həqiqətin türklərin və azərbaycanlıların tərəfində olduğunu söyləyən A.İsgəndərov gec-tez haqq-ədalətin qalib gələcəyinə əminliyini söyləyib.
“Dəyirmi masa”da Milli Məclisin deputatları Aydın Mirzəzadə, Sabir Rüstəmxanlı, Jalə Əliyeva, Fazil Mustafayev, Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və başqaları qondarma “erməni soyqırımı”nın növbəti “ildönümü” ərəfəsində belə bir tədbirin keçirilməsini və burada tarixi faktların ortaya qoyulmasını yüksək qiymətləndiriblər. Qeyd edilib ki,  tarix boyu azərbaycanlılara və türklərə qarşı  misli görünməmiş soyqırımı cinayətləri və terror aktları  törətmiş ermənilərin əsl simalarını dünya ictimaiyyətinə çatdırmaq üçün Azərbaycanın və Türkiyənin bütün siyasi, elmi, ictimai potensialını hərəkətə gətirməyin vaxtı çatıb.
çıxış edənlər, həmçinin ali təhsilimizin bayraqdarı olan BDU-nun erməni saxtakarlığına qarşı vahid milli ideoloji müqavimət mərkəzinin yaradılması ideyasını bəyəndiklərini, belə tədbirlərin  vaxtaşırı keçirilməsinin vacibliyini vurğulayıblar.

Paylaş:
Baxılıb: 1070 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30