Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Kürdə suyun səviyyəsinin qalxması rayonlarda sel və daşqınlarla müşayiət olunub

Kürdə suyun səviyyəsinin qalxması rayonlarda sel və daşqınlarla müşayiət olunub

13.05.2010 [10:43]

ölkə rəhbərliyinin məsələyə operativ müdaxiləsi problemin qısa müddətdə aradan qaldırılmasına yol açıb
Xəbər verildiyi kimi, aprel ayının sonundan başlayaraq, bir neçə gün davam edən güclü leysan yağışları nəticəsində Kür çayında suyun səviyyəsi artıb. Nəticədə, çayqırağı rayonlar daşqın və sel fəlakətləri ilə üzləşiblər. Təbii fəlakət nəticəsində Sabirabad, Kürdəmir, Zərdab, Salyan, Neftçala, Hacıqabul, Saatlı rayonlarına, o cümlədən, Şirvan şəhərinə ciddi ziyan dəyib, bəzi kəndlər su altında qalıb. Baş verən təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində ölkə rəhbərliyi operativ olaraq tədbirlər həyata keçirib. Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Kür çayında suyun səviyyəsinin qalxması ilə bağlı baş verən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məsələlərinə dair müşavirə keçirilib və dövlət başçısı görülən tədbirlərlə yerində tanış olmaq üçün fəlakət zonasına baş çəkib. Bütün müvafiq strukturların bu məsələyə cəlb edildiyini söyləyən ölkə başçısı təbii fəlakətin nəticələri aradan qaldırılandan sonra əhaliyə dəymiş bütün ziyanın hesablanacağını və insanlara kömək göstəriləcəyini deyib.
Sabirabad rayonunda 6000-ə yaxın ev boşaldılıb
Təbii fəlakətin ən çox ziyan vurduğu rayonlardan biri Sabirabad rayonudur. Yeni Azərbaycan Partiyası (YAP) Sabirabad rayon təşkilatının sədri Nadir Quliyevin verdiyi məlumata görə, daşqınlar rayonun Ulacalı, Mürsəlli, Şıxlar, Bulduq, Qaragünə, Zalqarağac, Moranlı, Əliləmbəyli, Sarxanbəyli, Azadəkənd və digər kəndlərinə, ümumilikdə 12 kəndə ciddi ziyan vurub. Hətta bəzi kəndlər tamamilə suyun altında qalıb. Aidiyyəti qurumlar fasiləsiz fəaliyyət göstərərək baş verə biləcək təhlükənin aradan qaldırılmasına çalışırlar. Görülən tədbirlər nəticəsində 6000-ə yaxın ev boşaldılıb və sakinlər digər təhlükəsiz ərazilərə köçürülüb. Onların qida, içməli su, tibbi xidmət təchizatı və elektriklə təminatı, digər məsələlər artıq həll olunub. Sakinlər bildiriblər ki, tələbatları olan hər şeylə - qida, çay və digər gündəlik tələbat malları ilə tamamilə təmin olunublar. Onlar dövlətimizin başçısına göstərilən qayğı və diqqətə görə minnətdarlıqlarını bildiriblər. Həmçinin, çadır şəhərciyində 24 saat ərzində təhlükəsizliyi tam təmin etmək üçün Səhiyyə Nazirliyinin tibbi heyəti və Fövqəladə Hallar Nazirliyinin bir helikopteri növbə çəkir. Xəstə, tibbi yardıma ehtiyacı olan insanlar xüsusi nəzarətə götürülüb.
Eyni zamanda, daşqınların fəsadlarının aradan qaldırılması üçün də fasiləsiz fəaliyyət göstərilir. Hadisə yerinə ağır texnika və yük maşınları cəlb olunub. Kürdə suyun səviyyəsinin qalxması nəticəsində uçan 83 metrlik 2 bəndin bərpası istiqamətində işlər davam etdirilir. Artıq Sabirabadla Şirvan şəhəri arasında yerləşən Bayramlı qəsəbəsindəki bənd bərpa olunub.
Daxili İşlər Nazirliyinin bölgəyə səfərbər edilmiş şəxsi heyəti isə əhalisi köçürülmüş kəndlərdə əmlakın və çadır şəhərciklərində vətəndaşların təhlükəsizliyini təmin edir.
Saatlı rayonunda vəziyyət tam nəzarət altındadır
Saatlı rayonunda da su basan ərazilərə ağır texnika və işçi qüvvəsi cəlb olunub. Rayonda daşqınların fəsadlarının aradan qaldırılması məqsədilə yaradılmış fövqəladə komissiyanın sədri İlham Quliyevin verdiyi məlumata görə, təbii fəlakət nəticəsində Saatlı rayonunun 10-a yaxın kəndinə ciddi ziyan dəyib. Rayonun Nərimanov, Novruzlu, Musalı, Dəlilər, Qıraqlı, Mustafabəyli, Əlsoltanlı və digər kəndlərində yerləşən 3345 həyətyanı sahəni su basıb. 6 ev uçub, 78 ev qəza vəziyyətindədir. 10825 hektar əkin və otlaq sahəsi su altında qalıb. O, əlavə edib ki, hazırda təbii fəlakətin fəsadlarının arandan qaldırılması istiqamətində lazımi tədbirlər həyata keiçrilməkdədir.
Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev də daşqınların vurduğu ziyanın aradan qaldırılması üçün rayon rəhbərliyinin və bütün aidiyyatı orqanların əməkdaşlarının var gücü ilə çalışdığını, bütün qüvvələrin məhz bu işə səfərbər olduğunu vurğulayıb. Onun sözlərinə görə, hazırda Arazboyu sahil məntəqələrində vəziyyət tədricən düzəlir. Son günlər suyun səviyyəsi 10 santimetrə qədər aşağı enib ki, bu da su basan ərazilərdə qabaqlayıcı tədbirlər görülməsi üçün əlverişli imkanlar yaradıb. Hazırda vəziyyət tam nəzarətə götürülüb.
Kürdəmirdə daşqın sularının həyətlərdən çəkilərək başqa əraziyə axıdılması üçün tədbirlər görülür
Təbii fəlakətdən ziyan çəkən rayonlardan olan Kürdəmirdə yağan leysan yağışları nəticəsində Kür çayı məcrasından çıxaraq sahil mühafizə bəndlərini dağıdıb. Nəticədə, rayonun Mollakənd, Türkədi, Könüllü, Xəlsə və Şüşün kəndlərinin əhalisi təhlükə qarşısında qalıb. Bu barədə, qəzetimizə məlumat verən Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri Ağəli Kərimli son bir həftə ərzində Kür çayının sahilindəki Mollakənd, Türkədi, Könüllü, Xəlsə və Şüşün, o cümlədən, Axtaçı, çərtəyəz kəndlərinə böyük ziyan dəydiyini deyib.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Vasif Məmmədov son bir həftə ərzində yağan yağış nəticəsində, baş verən təbii fəlakətin olduqca ağır nəticələr verdiyini deyib. Onun sözlərinə görə, Kür çayının əsas mühafizə bəndlərini uçurması nəticəsində ən böyük zərər məhz Mollakənd kəndinə dəyib. Təbii fəlakət baş verən gecə hadisə yerində olan rayon rəhbərliyi və Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsinin heyəti daha ağır nəticələrin baş verməməsi üçün çalışıblar. Hadisə yerinə ağır texnika cəlb olunub və yardımçı bəndin dağılmasının qarşısı alınıb. Bundan başqa, komissiya sədri artıq rayonun daşqından zərər görən kəndlərində Fövqəladə Hallar Nazirliyinin su nasoslarının işlədiyini diqqətə çatdırıb: “ümumi rayon üzrə 700 evi su basıb. Onlardan 150-si qəzalı vəziyyətə düşüb, 50 ev isə tamamilə uçub. 30-a yaxın ailə öz evlərindən köçürülüb. ümumilikdə, rayon üzrə 16 kənddə təbii fəlakət hadisəsi baş verib. Kür çayı ilə 67 km uzunluğunda sərhəd zolağında daşqın olub. Su basmış evlər nəzarətə götürülüb və suyun çəkilərək başqa əraziyə axıdılması üçün tədbirlər davam etdirilir. çayın kənarlarında bəndbərkitmə işləri həyata keçirilir. Girdman çayı üzrə də 24 km uzunluğunda bəndlərin bərkidilməsinə start verilib”.
Neftçalada da təbii fəlakətin fəsadları aradan qaldırılır
Kürdə suyun səviyyəsinin artması Neftçala rayonunda da bir sıra problemlər yaradıb. Rayonun Kürboyu ərazilərində aprel ayının sonlarından başlayaraq suyun səviyyəsinin təhlükəli həddə yaxınlaşması ilə əlaqədar olaraq vəziyyətin nəzarət altında saxlanılması üçün operativ tədbirlər görülüb. Bu barədə qəzetimizə məlumat verən rayon fövqəladə hallar komissiyasının sədri, rayon icra hakimiyyəti başçısının birinci müavini Dilavər Əliyev rəhbərlik etdiyi komissiyanın gücləndirilmiş iş rejiminə keçdiyini bildirib. Onun sözlərinə görə, ümumi uzunluğu 123 km olan Neftçala rayonunun 21 kəndini əhatə edən 35900 nəfər əhalinin yaşadığı Kürboyu ərazilərin sağ və sol sahillərində mövcud bəndlərin təhlükəli vəziyyətdə olan 62,5 km hissəsində rayonun idarə, müəssisə və təşkilatlarının, eləcə də, yerli əhalinin gücü ilə genişmiqyaslı işlərə başlanılıb, bəndvurma, bəndüstələmə, torpağın kisələrə doldurulması və bərkidilməsi işləri aparılıb: “Genişmiqyaslı mübarizə tədbirləri nəticəsində ərazilərin daşqına məruz qalma qorxusu aradan qaldırılıb. Mayın 6-da isə Kür çayında suyun səviyyəsi kritik həddə yüksəlib. ötən ilki analoji rəqəmlə builki nisbət 2 metr 59 sm-ə çatıb. Dövlət Neft Şirkətindən 8 təşkilata məxsus 130 texnika və 1240 nəfər canlı qüvvənin əraziyə göndərilməsi və işlərə operativ müdaxilə böhranlı vəziyyəti aradan qaldırmağa kömək edib. Hazırda vəziyyət normaldır. Kürboyu ərazilərdə bəndbərkitmə işləri davam etdirilir. Rayonun idarə, müəssisə və təşkilatlarının əraziyə cəlb etdiyi 70-ə yaxın texnikanın və Dövlət Neft Şirkətinə məxsus 130 texnikanın səyi nəticəsində, 5 gün müddətində artıq 13 km bəndvurma işləri aparılıb. Ərazilərdə 60 min torpaqla doldurulmuş kisə tədarük edilərək bəndbərkitmə işlərində istifadə olunub”.
D.Əliyev mayın 10-dan Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin Xəzər dəniz yolları Xidmətinə məxsus “Narva” torpaqsovuran gəmi və “Abşeron-5” yedək gəmisinin Xəzər dənizindən Kürün qoluna tərəf liltəmizləmə işləri apardığını deyib. Kürboyu ərazilərdə 300-ə yaxın evin həyətinə qrunt suları daxil olub. Bunun nəticəsində isə 4 ev uçub, 30 ev qəzalı vəziyyətə düşüb. 5 ailə yaşadığı evdən köçürülüb.
Şirvan şəhərində bəndbərkitmə işlərinə 1200 nəfər cəlb olunub
Şirvan şəhəri ərazisində isə Kürün qoruyucu bəndi yarması şəhərin Bayramlı qəsəbəsinin daşqına məruz qalması ilə nəticələnib. Kürün sağ sahilində yerləşən Bayramlı qəsəbəsi Sabirabad rayonu ilə həmsərhəddir. Artıq problemin aradan qaldırılması istiqamətində tədbirlər görülüb. Şirvan şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, fövqəladə hallar komissiyasının sədri Samid Abıyevin verdiyi məlumata görə, bəndbərkitmə işlərinə 12 buldozer, 120 ədəd digər texnika cəlb olunub. Həyətlərdə suyun çəkilməsi üçün 95 su nasosundan və 6 su çəkən maşından istifadə olunub: “Problemin aradan qaldırılması üçün operativ tədbirlər görüldü. Fövqəladə Hallar Nazirliyi tərəfindən 3 ədəd su çəkən maşın,10 ədəd su nasosu ayrıldı və bu işlərə 50 nəfər canlı qüvvə cəlb olundu. “Azərenerji” ASC tərəfindən 100-dən çox özü boşaldan yük maşını, 8 buldozer, 16 traktor və 300 nəfər canlı qüvvə bəndbərkitmə işlərinə kömək edib. “Melorasiya və Su Təsərrüfatı” ASC tərəfindən ayrılan 5 ədəd texnika da bərkitmə işlərində öz köməyini göstərib. Şəhərin Bayramlı, Hacıqəhrəmanlı, Kür körpü, İ.Qayıbov, çılpaqlı yaşayış massivlərində bəndbərkitmə işlərinə 1200 nəfər cəlb olunub, bəndlərə 50000 kisə torpaq vurulub”.
Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının sədri Əbülhəsən İbrahimov Sabirabad rayonunun 9 kəndindən sel və daşqınlar səbəbilə 1500-dən yuxarı insanın Şirvan şəhərinə gətirildiyini və çadırlarda yerləşdirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, qurulan 200-dən yuxarı çadırda yerləşdirilən insanlar isti yemək, yorğan-döşək, su ilə təchiz ediliblər. Bundan başqa, “Aztelekom” ASC çadırlarda yerləşdirilən insanların əlaqə yaratması üçün orada telefon şəbəkəsi yaradıb.
Salyanda problemin aradan qaldırılması üçün 3000 nəfər insan fasiləsiz fəaliyyət göstərir
Yağan leysan yağışlar nəticəsində, Kürün səviyyəsinin qalxması Salyan rayonunda da bir sıra problemlər yaradıb. Kürdə suyun səviyyəsinin artması selin qarşısını almaq üçün hazırlanan bəndləri sıradan çıxarıb. Dövlət qurumları və yerli sakinlər bunun qarşısını almağa müvəffəq olublar. Rayon fövqəladə hallar komissiyasından verilən məlumata görə, artıq Salyan rayonunda bəndatma işləri davam etdirilir. Bunlara baxmayaraq, rayon ərazisində vəziyyət çətin olaraq qalır. Kəndlərin küçələrini, həyətlərini lil basıb. Qrunt suları bəzi yerlərdə 50-80 santimetrədək qalxıb. Verilən məlumatda bildirilir ki, daşqın və sel nəticəsində Salyan şəhəri və 19 kənd ziyan görüb. Problemin aradan qaldırılması üçün 3000 nəfər insan və 150-dən çox texnika səfərbər olunub: “Hazırda, bəndbərkitmə işləri aparılır. Suyun indiki səviyyəsindən 2 metr yuxarı bənd hazırlanır. Daşqın və sel nəticəsində Salyan rayonunda 3000-ə yaxın ev ziyan görüb. Bununla yanaşı, 59 ev uçub, 228 ev qəzalı vəziyyətə düşüb. Qrunt sularının artması nəticəsində 79 evin sakinləri köçürülüb. ümumilikdə daşqında 5 məktəb, 3 uşaq bağçası və bir xəstəxana ziyan çəkib. 550 ha əkin və örüş sahəsi yararsız hala düşüb”.
Pərviz SADAYOÄžLU
Aqşin ŞAHİNOÄžLU
Paylaş:
Baxılıb: 1217 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30