Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan şəhid ailələrinə, qazilərə hərtərəfli diqqət və qayğı göstərən nümunəvi ölkədir

Azərbaycan şəhid ailələrinə, qazilərə hərtərəfli diqqət və qayğı göstərən nümunəvi ölkədir

28.08.2021 [12:47]

Prezident İlham Əliyev: Bu günə qədər dövlət siyasəti olaraq şəhid ailələri, müharibə əlilləri üçün çox böyük işlər görülmüşdür

Azərbaycanın müzəffər Silahlı Qüvvələri ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində şanlı tarix yazaraq düşməni ağır məğlubiyyətə uğratdı və ölkəmizin ərazi bütövlüyü təmin edildi. Bu müharibənin əsas qəhrəmanları isə canlarını Vətən torpağı uğrunda fəda edən şəhidlərimiz və qazilərimizdir. Bu gün Azərbaycan cəmiyyətində şəhidlərimizin xatirəsi uca tutulur, hərbçilərə, müharibədə bu və ya digər dərəcədə bədən xəsarəti alan əlillərə diqqət və qayğı göstərilir. O cümlədən postmüharibə mərhələsində Azərbaycan dövləti şəhidlərin ailə üzvlərinin və qazilərin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak ediblər. Bu dəfə şəhid ailələrinə, müharibə əlillərinə və Vətən Müharibəsi Qəhrəmanlarına 300 mənzil, həmçinin müharibə əlillərinə 50 avtomobil təqdim olunub.

Azərbaycanda şəhid ailələrinə, müharibə əlillərinə göstərilən dövlət qayğısı müxtəlif istiqamətləri əhatə edir

Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün əməliyyatları uğurla həyata keçirən Azərbaycan Ordusu  3 minədək şəhid verib. Düşmənin canlı qüvvə sarıdan itkiləri isə bundan iki dəfə çox - 7-8 min civarında oldu. Xatırladaq ki, Ordumuz Vətən müharibəsində düşmənin üç onillik ərzində böyük vəsait hesabına qurduğu 5-6 müdafiə xəttini keçərək, böyük mühəndis istehkamlarını yararaq şanlı Qələbəmizi təmin etdi. Münaqişə bölgəsindəki təbii relyef də Silahlı Qüvvələrimiz üçün əlverişsiz idi - düşmən ətrafdakı bütün yüksəkliklərdə möhkəmlənmişdi. Belə şəraitdə əks-hücüm əməliyyatları aparan Silahlı Qüvvələrimizin itkiləri daha çox ola bilərdi. Ancaq xüsusi döyüş taktikasının seçilməsi və Ordumuzun arsenalında olan innovativ texnologiyalı silahların geniş tətbiqi sayəsində 44 günlük müharibədə az itkilərlə böyük qələbəni təmin etmək mümkün oldu.

Qalib Azərbaycan dövləti hərbçilərimizin Vətən müharibəsində göstərdikləri qəhrəmanlığı yüksək dəyərləndirir. Qeyd edək ki, indiyədək Ordumuzun çoxlu sayda əsgər və zabiti yüksək dövlət təltiflərinə layiq görülüb. O cümlədən  Azərbaycanda dövlət tərəfindən şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə əhatə dairəsi kifayət qədər geniş olan və müxtəlif istiqamətləri əhatə edən tədbirlər həyata keçirilir. Prezident İlham Əliyev bəhs olunan tədbirdən sonra şəhid ailələrinin üzvləri, müharibə əlilləri və Vətən müharibəsi qəhrəmanları ilə görüşdəki çıxışında ölkəmizdə həm Birinci, həm də İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələrinə və müharibə əlillərinə göstərilən qayğıdan ətraflı bəhs edib. “Bu günə qədər dövlət siyasəti olaraq şəhid ailələri, müharibə əlilləri üçün çox böyük işlər görülmüşdür”, - deyə dövlətimizin başçısı bildirib.

Ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin məşğulluğunun təmin edilməsi davamlı olaraq diqqət mərkəzində saxlanılır. Şəhid ailələrinin üzvləri və müharibə veteranlarının fəal məşğulluq tədbirləri çərçivəsində son 7 ayda 52 min nəfər işlə təmin olunub, 56 min nəfər isə ictimai işlərə cəlb edilib. Bu ilin əvvəlindən indiyədək 26 min 200 nəfər reabilitasiya vasitəsilə təmin olunub, 2600 nəfərə isə reabilitasiya xidmətləri göstərilib. Bu qəbildən olan vətəndaşların orta aylıq əməkhaqqı 2018-2020-ci illərdə 30 faiz, orta aylıq pensiyası isə 60 faiz artıb. Postmüharibə dövründə 26 min nəfərə 36 min xidmət göstərilib.

Hazırda şəhid ailələrinin üzvləri, qazilər özünüməşğulluq proqramının da fəal iştirakçılarına çevriliblər. Özünüməşğulluq proqramı ölkəmizdə əhalinin həssas qruplarının məşğulluğunun təmin olunması məqsədilə reallaşdırılır. Prezident İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamı əsasında 2017-ci ilin əvvəlindən icrasına başlanılan səmərəli özünüməşğulluq proqramına bütün respublika miqyasında insanlar böyük maraq göstərirlər. Proqramın uğurla icra edilməsinin məntiqi nəticəsi olaraq əhalinin həssas qruplarının əmək bazarına çıxış imkanları əhəmiyyətli dərəcədə artıb. Ümumilikdə, proqram çərçivəsində iştirakçılara kənd təsərrüfatı və istehsal-xidmət yönümlü 44 iqtisadi fəaliyyət sahəsi üzrə biznes paketi təqdim edilir. 2021-ci ilin əvvəlindən bəri respublika üzrə 7 min 200 nəfər şəhid ailəsi üzvü və müharibə əlili özünüməşğulluq proqramına cəlb olunub.

Əlamətdar haldır ki, şəhid ailələrinin və müharibə əlillərinin məşğulluq məsələlərinin həllində dövlət qurumları ilə yanaşı, cəmiyyət də yüksək fəallıq göstərir. Şəhid ailələrinin üzvlərinin və qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan “Məşğulluq marafonu”nun bütün respublikada böyük əks-səda doğurması bunu əyani şəkildə təsdiqləyir. Qısa müddətdə marafona qoşulan işəgötürənlərin sayı artıq  443-ə çatıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan marafonda iştirak edən həmin işəgötürənlərin 226-sı dövlət, 217-si isə özəl müəssisədir. Onlar tərəfindən marafona 2003 vakansiya təqdim edilib. Bu vakansiyalar üzrə işlə təmin olunanların sayı  543-ə çatıb ki, onlardan da 439-u qazi, 104-ü isə şəhid ailəsi üzvüdir. Hazırda vakansiyalar üzrə işlərə göndərişlərin verilməsi prosesi davam edir. Prezident İlham Əliyev bəhs olunan tədbirdəki çıxışında ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğını dövlət siyasətinin tərkib hissəsi kimi səciyyələndirib. Bu xüsusda fikirlərini ifadə edən dövlətimizin başçısı deyib: “Müharibədən sonra 9 mindən çox insana sosial ödənişlər verilibdir. Orta hesabla hər insana 2 ödəniş edilib. Yaralı və sağlamlığını itirmiş hərbçilər ən müasir protezlərlə təmin edilir. Onlar üçün belə imkan yaradılıb və son nəsil protezlər alınıb. Mənə verilən məlumata görə, 180 nəfərdən çox insanın protezə ehtiyacı var, onlardan 140 nəfəri artıq protezlərlə təmin edilib və bu protezlər onları normal həyata qaytarır. Onlar normal gəzə, qaça, hətta futbol oynaya da bilərlər. Bu da siyasətimizin tərkib hissəsidir”.

Ölkəmizdə şəhid ailələri, müharibə əlilləri dövlət tərəfindən mənzillərlə və avtomobillərlə təmin olunurlar

Müharibələr dünyanın müxtəlif ölkələrində baş verir. Ancaq heç də bütün dövlətlər müharibədə həyatını itirənlərin və yaxud əlillik qazananların  mənzillərlə təminatını öz öhdəsinə götürmür. Azərbaycan isə bütün dünya üzrə məlum kateqoriyadan olan vətəndaşları dövlət hesabına mənzillərlə və yaxud fərdi evlərlə təmin edən azsaylı ölkələrdən biridir. Azərbaycan Prezidenti İlham Əliyev 25 yanvar 2021-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam imzalayıb. Bu sənəd 2020-ci ildə Ordumuzun həyata keçirdiyi hərbi əməliyyatlar zamanı şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın ailələrinin və bu müharibə ilə əlaqədar əlilliyi müəyyən edilən şəxslərin də mənzil və ya fərdi evlərlə təminatını nəzərdə tutur. Müvafiq proqramın Bakıda, Sumqayıtda, Abşeron rayonunda cari ilin sonunadək tam icra edilməsi planlaşdırılıb. Şəhid ailələrinin və müharibə əlillərinin mənzil şəraitinin yaxşılaşdırılmasına hər il dövlət büdcəsindən böyük həcmlərdə vəsait ayrıldığını vurğulayan Prezident İlham Əliyev deyib: “Onu da bildirməliyəm ki, bu sahədə Azərbaycan dünya miqyasında nümunəvi ölkə sayıla bilər. Çünki bir daha demək istəyirəm ki, bu günə qədər 10 minə yaxın vətəndaş mənzillərlə, fərdi evlərlə təmin edilib. Biz hər il dövlət büdcəsindən kifayət qədər böyük vəsait ayırırıq ki, bu məsələlər öz həllini tapsın və növbəti müddət ərzində bu proqram tam icra olunacaq”.

Qeyd edək ki, respublikamızda Pezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq cari ildə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 3 minədək mənzil və fərdi ev təqdim olunması nəzərdə tutulub. O cümlədən Bakı, Sumqayıt, Abşeron, Lənkəran, Samux rayonlarında 2500 mənzilin, digər rayonlarda isə 500 fərdi evin tikintisi planlaşdırılır. Bütövlükdə, 2021-2025-ci illərdə şəhid ailələrinə 11 min mənzil və fərdi ev veriləcək. Bundan başqa, Prezident İlham Əliyev 25 avqust 2021-ci il tarixində “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” Sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərin, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərinin mənzillə təmin edilməsi həyata keçiriləcək. Dövlətimizin başçısı “Vətən Müharibəsi Qəhrəmanı adını alan bütün şəxslər mənzillərlə təmin ediləcək. Ölümündən sonra bu ada layiq görülmüş şəhidlərin ailələri də bu mənzillərə sahib olacaqlar”, - deyə bildirib.

Azərbaycanda müharibə əlillərinə avtomobillərin verilməsi də artıq ənənəyə çevrilib. İndiyədək ölkəmizdə 7200 müharibə əlili avtomobillə təmin olunub. Cari ildə isə ümumilikdə, 160-dan çox avtomobilin verilməsi nəzərdə tutulub.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 637 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31