Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan və Türkiyə regionda uğurlu layihələrin miqyasını genişləndirir

Azərbaycan və Türkiyə regionda uğurlu layihələrin miqyasını genişləndirir

31.07.2010 [03:55]

Yüksək Səviyyəli Strateji Şuranın yaradılması tərəflər arasında siyasi-iqtisadi əlaqələrin dinamikasının ən yüksək səviyyəyə çatmasına impuls verəcək
Azərbaycan və Türkiyə yaxın perspektivdə iqtisadi təmasları dərinləşdirərək yeni inkişaf erasının tempinə uyğun regional layihələr həyata keçirmək niyyətindədir. Hər iki ölkə siyasi münasibətləri yeni mərhələdə daha da inkişaf etdirmək, iqtisadiyyatın müxtəlif sahələrində əlaqələri genişləndirmək və ticarət dövriyyəsini artırmaq üçün bəzi məsələlərdə razılığa gəlib. ölkəmizdə səfərdə olan Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət naziri Zəfər çağlayanın bəyan etdiyi kimi, hər iki ölkənin dinamik inkişafı qarşıdakı dövr üçün yeni tələbləri ortaya çıxarır.
Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin genişləndirilməsi imkanları həddindən artıq böyükdür. Qardaş ölkələr regionda gedən proseslərə müsbət dinamika verən, sülhün möhkəmlənməsinə, əməkdaşlığın dərinləşməsinə və sabitliyin tam bərqərar olmasına xidmət göstərən Türkiyə və Azərbaycan davamlı şəkildə yeni layihələrə start verməklə bölgədə əməkdaşlıq formatını zənginləşdirməkdədir. ümumiyyətlə, bütün məsələləri birgə səy, birgə iradə və qardaşlıq əsasında həll etməyə nail olan hər iki ölkə regionda əməkdaşlıq və təhlükəsizlik dəhlizinin möhkəmlənməsi üçün yeni təməllər yaratmaqda davam edir.
Türkiyənin nəhəng biznes qurumları XXI əsrin ikinci onilliyində respublikamızın sürətli inkişafını nəzərə alaraq cəlbedici investisiya mühitindən əlverişli şəkildə faydalanmaq istəyirlər. Dövlət naziri ilə bərabər, ölkəmizə səfər edən iş adamlarının tərkibinin geniş olması və iqtisadiyyatın ən aparıcı sahələrini təmsil etmələri Türkiyə şirkətlərinin Azərbaycanda çoxşəbəkəli biznes fəaliyyətini inkişaf etdirmək niyyətlərini şərtləndirmiş olur.  ölkəmizin qeyri-neft sektorunda yeni inkişaf meyillərinin yaranması və bu bölməyə xarici sərmayələrin axınının geniş vüsət alması Azərbaycanda çalışmaq istəyən investorlar arasında rəqabəti də dərinləşdirmiş olur. Məhz bu cəhətdən 20 ilə yaxın bir müddətdə respublikamızın iqtisadiyyatında aparıcı mövqeyə malik olan Türkiyə sərmayəçiləri regional investisiya rəqabətində yenə də üstünlüyü qorumaq niyyətindədir.
Qardaş ölkənin iş adamları genişspektirli biznes fəaliyyətinin şəbəkəsini möhkəmləndirmək və sistemli iqtisadi layihələri həyata keçirmək üçün güclü potensiala malik olmaları ilə fərqlənirlər. Tranzit imkanlarının genişliyi, birgə iqtisadi planların tez bir zamanda öz həllini tapması, ticarət əməliyyatlarının intensivliyi və sıx inteqrasiya meyilləri türk biznesmenlərinin ölkəmizlə daha yaxın təmaslar qurmasına əsaslar yaradıb. Bunun nəticəsidir ki, ölkəmizdə sayına və əhatəliliyinə görə, liderlik edən şirkətlər məhz qardaş ölkəyə məxsusdur. Bu və digər amillər isə türk iş adamlarının Azərbaycan iqtisadiyyatında digər investorlarla müqayisədə xüsusi paya malik olmalarını şərtləndirir. Xatırladaq ki, hazırda ölkələr arasında ticarət dövriyyəsi 2,2 mlrd. dollardır. Amma geniş imkanlar və zəngin potensial bu rəqəmin ən azı 5 milyard dollara çatmasına zəmin yaradır. Hər iki ölkənin əsas hədəfləri də məhz bundan ibarətdir.
Türkiyə şirkətləri yeni onillikdə iqtisadiyyatdakı struktur dəyişikliklərini və perspektivli sahələri nəzərə alaraq yeni layihələrə  sərmayə yatırmağı düşünür. Məsələn, Azərbaycanda turizm sənayesi keyfiyyətcə yeni mərhələyə qədəm qoyur və turizmin ən cəlbedici sahələrindən biri olan qış turizminin inkişafı türk biznesmenləri üçün mühüm əhəmiyyət kəsb edir. Şimal bölgələrində qış turizmi ilə bağlı geniş şəbəkəli infrastrukturun yaradılmasına böyük həcmdə sərmayə yatırmağa hazır olan qardaş ölkənin biznesmenləri Azərbaycanda yeni bir “Davos cənnəti”nin qurulmasını istəyirlər. Zəfər çağlayanın səfəri zamanı müzakirə olunan məsələlər sırasında bu layihəyə xüsusi önəm verilib. Eləcə də, Xəzər dənizindən turizm imkanları üçün istifadə edilməsinə dair türklərin böyük layihələri mövcuddur. Dənizdə ada-şəhərciyin salınması, tamamilə yeni və modern dizayna malik infrastrukturun yaradılması, dənizdə əfsanəvi kurort-sanatoriya mərkəzlərinin tikintisi və digər böyük valyutatutumlu layihələr əsas diqqət mərkəzində dayanır.
Azərbaycan bu gün Türkiyənin dünya dövlətlərinə yatırdığı sərmayələrin həcminə görə ikinci yerdə dayanır. Türk biznesmenləri ölkəmizin neft-qaz sektorunda böyük həcmli sərmayələr qoymaqla yanaşı, qeyri-neft sektorunun aparıcı sahələrinə investisiya yatırmaqla bu bölmənin inkişafına təkan vermiş olublar. Türkiyə səhmdarları ölkəmizdə regionların inkişafı ilə bağlı həyata keçirilən layihələrin reallaşmasına da öz töhfəsini verirlər. Bu gün rayonlarda yaradılan yeni müəssisələrin böyük bir qismi türk iş adamlarına məxsusdur. Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) dəstəyi ilə həyata keçirilən “Sinerji konsepsiyası”na əsasən, rayonlarda kənd təsərrüfatı, yeyinti sənayesi müəssisələrinin yaradılması, emal və tədarük məntəqələrinin istifaədəyə verilməsi, turizm, infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində mühüm tədbirlər görülüb, bu istiqamətdə işlər son illərdə daha da intensivləşib.
Yeri gəlmişkən, indiyədək qarşılıqlı sərmayə qoyuluşlarında daha çox Türkiyə üstünlüyə malik idisə, indi bu sahədə Azərbaycan liderliyi ələ almağa başlayıb. Hazırda Azərbaycan qardaş ölkəyə böyük həcmdə investisiya yatıran ölkə kimi diqqəti cəlb edir. Azərbaycan Ceyhan limanında inşa olunan neft emalı və yanacaq komplekslərinə 100 milyon dollarla sərmayə yatırıb. Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyənin kimya kompleksinin böyük bir hissəsinə sahib olan potensial sərmayədara çevrilib. “Petkim” neft-kimya kompleksinin ərazisində neft emalı zavodunun tikintisinə yönəldiləcək investisiyaların həcmi 2 milyard dollardan artıq olacaq. ümumiyyətlə, yaxın illərdə hər iki ölkə arasında qarşılıqlı investisiyaların ümumi həcmi 15 milyard dolları ötəcək.  Qeyd edək ki, hazırda tərəflər arasında investisiyaların ümumi həcmi 10 milyard dollar təşkil edir.
Naxçıvanı həmişə əsas diqqət mərkəzində saxlayan Türkiyə hökuməti Muxtar Respublikanın inkişaf layihələrini də başlıca prioritetlərdən sayır. Naxçıvanla birgə enerji layihələrini reallaşması, yol-nəqliyyat infrastrukturlarının yaradılması, turizm və kənd təsərrüfatının inkişaf etdirilməsi, kommunikasiya dəhlizləri şəbəkəsinin genişləndirilməsi qarşıdakı illərin əsas fəaliyyət istiqamətlərini təşkil edir. Türkiyə Naxçıvan istiqamətində birbaşa hava reyslərinin uçuşunu həftədə 3 dəfədən 4-ə çatdırmağı da qərara alıb. Naxçıvana daha böyük sərmayələri cəlb etmək üçün bu ilin sonlarında Muxtar Respublikada biznes forumunun keçirilməsi planlaşdırılır.
Türkiyə-Azərbaycan münasibətlərinin inkişaf tempi və strateji tərəfdaşlıq əlaqələrinin dinamikası ən yüksək səviyyəyə çatıb. İyun ayının əvvəllərində iki ölkə arasında təbii qazın satışı və daşınmasına dair Bəyannamə, eləcə də, Azərbaycandan Türkiyəyə və Türkiyədən Avropaya təbii qaz satışı və daşınmasına dair sazişin imzalanması uzunmüddətli əməkdaşlıq proqramlarının daha geniş xarakter almasına baza yaratmış olur. Tərəflər artıq siyasi və iqtisadi təmaslara daha da impuls vermək üçün Yüksək Səviyyəli Strateji Şurasının yaradılmasını qərara alıb. Türkiyə və Azərbaycanın gücü onların birliyindədir və inkişaf edən bu türk dövlətlərinin dünyada böyük nüfuz sahibi olmalarının başlıca səbəbi zəngin iqtisadi resurslara malik olmaları və bu resursların diversifikasiyasında bütün tərəfdaşları ilə səmimi, milli maraqlara əsaslanan siyasət yürütmələri, enerji ehtiyatlarının tranzitində heç bir ölkəyə qarşı təzyiq elementi kimi istifadə etməmələridir.
ELBRUS CƏFƏRLİ

Paylaş:
Baxılıb: 1033 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30