Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Dövlət Departamenti ölkəmizdə terrorçuluğa qarşı görülən işləri yüksək qiymətləndirib

Dövlət Departamenti ölkəmizdə terrorçuluğa qarşı görülən işləri yüksək qiymətləndirib

10.08.2010 [09:54]

Və ya Azərbaycanın beynəlxalq terrorçuluqla mübarizəsini təqdir edən ABŞ ölkəmizin məruz qaldığı erməni işğalı və terroruna qarşı da barışmaz olmalıdır
Bu günlərdə ABŞ Dövlət Departamenti terrorçuluqla bağlı növbəti illik hesabatını açıqlayıb. Sənəddə Azərbaycanda terrorçuluğa qarşı görülən işlər yüksək qiymətləndirilib. Hesabatda Azərbaycanın maliyyə, insan və maddi vəsaitləri Cənubi Qafqaz ərazisindən keçirmək istəyən terror qruplaşmalarına qarşı mübarizəsi də öz əksini tapıb. Hesabatla bağlı geniş məlumat verən “Trend”in xəbərinə görə, ABŞ Dövlət Departamentinin hazırladığı “2009-cu il ərzində terrorçuluğa dair ölkələr üzrə hesabat”ın Azərbaycandakı vəziyyəti təsvir edən hissəsində deyilir: “Azərbaycan Qafqaz vasitəsilə çirkli pul vəsaitləri və canlı qüvvə keçirmək istəyən terrorçu təşkilatlara qarşı fəal çıxış edir. ölkə terrorçularla əlbir olanların zərərsizləşdirilməsi və onların fəaliyyətinin əngəllənməsi sahəsində müəyyən uğurlar qazanıb. 2009-cu ilin sonlarında Azərbaycan terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlərin görülməsində daha ciddi maraq nümayiş etdirib və bu sahədə istintaq idarəsi yaradıb. İdarə özünün ortamüddətli strateji planının hazırlanması, “çirkli pulların yuyulması ilə mübarizə”, “terrorizm əleyhinə maliyyələşmə” qanunlarının həyata keçirilməsi və eləcə də, maliyyə-təhqiqat bölməsinin (MTB) yaradılması istiqamətində səylərini gücləndirib. Mərkəzi Bank yanında yaradılan maliyyə-təhqiqat bölməsi oktyabrda BMT-nin, FATF (Financial Action Task Force), digər beynəlxalq təşkilat və konvensiyaların standartlarına cavab vermək üzrə fəaliyyət planı hazırlayıb və öz-özlüyündə Avropa Şurasının müvafiq strukturu olan “MONEYVAL”a öz planını təqdim edib”.
Hesabatda vurğulanır ki, Azərbaycanın maliyyə-təhqiqat bölməsi özünün ortamüddətli strateji planının hazırlanması, “çirkli pullar”ın yuyulması ilə mübarizə və bu sahədə informasiya sisteminin yaradılmasında texniki kömək almaq məqsədilə ABŞ-a müraciət edib. “Azərbaycan yerli banklarda şübhəli bilinən terrorçu qrupların və ayrı-ayrı şəxslərin siyahısını yaymaqla, terrorizmlə bağlı bütün mümkün axınları müəyyənləşdirməkdə davam edir” - deyə, hesabatda vurğulanır.
Sözügedən sənəddə, həmçinin, qeyd olunur ki, “Azərbaycan məlumat mübadiləsi, hüquq-mühafizə orqanları arasında əməkdaşlıqda iştirak edir, Əfqanıstandakı beynəlxalq təhlükəsizliyə xidmət edən qüvvələrin əməliyyatlarına dəstək verir, təyyarələrin Bakı hava limanına enməsinə və yanacaq götürməsinə şərait yaradır”.
Hesabata görə, Azərbaycan Əfqanıstana 90 əsgər göndərib, tibb və sosial xidmətlər sahəsində təhlükəsizliyə yardım üzrə beynəlxalq qüvvələrlə əməkdaşlıq edir.
Dövlət Departamentinin hazırladığı hesabatda 2007-ci ildə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin “Mehdi ordusu” adlı qanunsuz təşkilatın 15 üzvünü həbs etməsi, Əfqanıstan və Pakistandakı qanunsuz silahlı dəstələrin tərkibində iştirak etmiş bu şəxslərə həbs cəzalarının verilməsi, Bakıda “Hizbullah”la əlaqəsi olan 2 Livan vətəndaşının məhkum edilməsi, “Meşə qardaşları”nın məhkəməsi və 26 nəfərin müxtəlif cəzalara məhkum olunması faktları da xatırladılır.
Yeri gəlmişkən, Birləşmiş Ştatlar qanunvericiliyi tələb edir ki, Dövlət katibliyi hər il Konqresə qanunvericilikdə göstərilən meyarlara uyğun ölkələrin terrorizmlə apardıqları mübarizə ilə bağlı hesabat təqdim etsin. Onu da qeyd edək ki, bu illik məruzə “ölkələrin terrorizmlə apardıqları mübarizə” (Country reports on terrorism) adını alıb və 2004-cü ildən etibarən əvvəlki “Qlobal terrorizmin formaları” hesabatını əvəzləyib.
Beləliklə, ABŞ Dövlət Departamentinin son hesabatı Azərbaycanla, ölkəmizin beynəlxalq terrorçuluğa qarşı mübarizəsi ilə bağlı reallığı bir daha ortaya qoyub. Daha doğrusu, 2001-ci ilin 11 sentyabr olaylarından sonra beynəlxalq terrorçuluğa qarşı mübarizədə ön sıralarda dayanan Azərbaycanın bu məsələdə sona qədər mübarizəni davam etdirmək əzmində olduğu növbəti dəfə təsdiqləndi. Yəni, Azərbaycanın Qafqaz vasitəsilə çirkli pul vəsaitləri və canlı qüvvə keçirmək istəyən terrorçu təşkilatlara qarşı fəal çıxış etdiyi, ölkəmizin terrorçularla əlbir olanların zərərsizləşdirilməsi və onların fəaliyyətinin əngəllənməsi sahəsində müəyyən uğurlar qazandığı Dövlət Departamenti səviyyəsində bütün dünyaya bəyan edildi. Sözügedən hesabatda “2009-cu ilin sonlarında Azərbaycan terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlərin görülməsində daha ciddi maraq nümayiş etdirib və bu sahədə istintaq idarəsi yaradıb” fikirlərinin öz əksini tapması isə ölkəmizin bu istiqamətdəki fəaliyyətini daha da artırdığına və günün tələbləri səviyyəsində qurulduğuna işarədir.
Bir sözlə, görünən odur ki, Azərbaycan istər ölkə daxilində, istərsə də xaricdə beynəlxalq terrorçuluğa qarşı əzmkar mübarizə aparmaqda israrlıdır. Heç şübhəsiz, bu, eyni zamanda, beynəlxalq terrorçuluğa qarşı mübarizəni başlıca fəaliyyət prinsiplərindən biri kimi qəbul edən Birləşmiş Ştatların fəaliyyətinə bir dəstək kimi də dəyərləndirilə bilər. Daha dəqiq desək, 2001-ci ilin 11 sentyabr olaylarından dərhal sonra başda Birləşmiş Ştatlar olmaqla beynəlxalq terrorçuluğa qarşı mübarizə aparan koalisiyanın yanında olduğunu bəyan edən Azərbaycan ötən müddət ərzində bunu atdığı addımlarla əyani şəkildə sübut edib. ölkəmiz Qərblə, həmçinin, Birləşmiş Ştatlarla əməkdaşlığı çərçivəsində bütün digər məsələlər kimi, bu işdə də öz sözünə əməl edir.
ümid edirik ki, ABŞ da heç olmazsa bundan sonra atılacaq addımlarda (təbii ki, ilk növbədə bir nömrəli problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesində-N.A) Azərbaycanın haqlı mövqeyini nəzərə alacaq. ümid edirik ki, ABŞ ölkəmizin 20 faizdən artıq ərazisini işğal edən, işğal altındakı torpaqları terrorçuluq və narkotik vasitələrin istehsalı yuvasına çevirən işğalçı Ermənistana, həmçinin, hələlik Dağlıq Qarabağı nəzarət altında saxlayan separatçılara qarşı da lazımi mövqe sərgiləyəcək, onlara qarşı barışmaz olacaq. Axı, dinindən, dilindən, irqindən asılı olmayaraq terrorçu elə terrorçudur. Axı, Əfqanıstanda olduğu kimi, işğal altındakı Azərbaycan torpaqlarından da narkotik vasitələrin tranzitinin təşkili üçün istifadə edilməsi insanlığa qarşı cinayətdir. Elə isə bütün cinayətlərə və cinayətkarlara qarşı mübarizə və cəza üsulu eyni olmalıdır.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 911 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30