Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Türk ulusunun zəfər dastanının yazıldığı gün

Türk ulusunun zəfər dastanının yazıldığı gün

31.08.2010 [09:23]

30 avqust qələbəsi türk millətinin sarsılmazlığının və iradəsinin nümunəsidir
Dünən Türkiyə Cümhuriyyətinin dövlətçilik tarixində mühüm yerlərdən birini tutan 30 avqust-Zəfər bayramı günü idi. Hər il olduğu kimi, bu dəfə də avqustun 30-da Türkiyədə və qardaş ölkənin səfirliklərinin yerləşdiyi dövlətlərdə Zəfər bayramı münasibətilə qəbullar təşkil edildi. Zəfər bayramına bu cür önəmin verilməsi isə heç də təsadüfi deyil. çünki Türk xalqı və Türkiyə Silahlı Qüvvələri Mustafa Kamal Atatürkün öndərliyi ilə 1922-ci il avqustun 30-da tarixi zəfərini qazanıb. Bu böyük zəfər, 30 avqust qələbəsi türk millətinin sarsılmazlığının və iradəsinin nümunəsidir. Bütün bunların nəticəsində bugünkü Türkiyə dövləti meydana gəlib. Lakin bu qələbə heç də asanlıqla qazanılmayıb. Təkcə Türkiyənin deyil, eyni zamanda, türklüyün şərəf tarixi olan 30 avqusta aparan yolda saysız-hesabsız savaşlar baş verib, türk millətinin qeyrətli oğul və qızlarının qanları axıdılıb.
Mustafa Kamal Atatürkün zəfəri
Qeyd edək ki, I Dünya Müharibəsindən məğlub çıxan Osmanlı dövlətinin işğalçı ölkələr arasında bölüşdürülməsi planlarının qarşısı məhz bu savaşlar və qəhrəmanlıqlar nəticəsində alınıb. ölkənin bütünlüyünü qorumaq üçün başlayan çoxsahəli hərbi mücadilə bir neçə mərhələdən keçib. Bu mücadilə 1919-1922 illər arasında gerçəkləşərək 11 oktyabr 1922-ci ildə imzalanan “Mudanya” müqaviləsiylə faktiki və 24 iyul 1923-cü ildə imzalanan Lozanna anlaşmasıyla rəsmən sona çatıb. ümumiyyətlə, Qurtuluş Savaşı dörd mərhələyə ayrılır. Birinci mərhələ I Dünya Müharibəsindən sonrakı dönəm kimi tarixə düşüb. Bu “Mondros” müqaviləsinin qüvvəyə mindiyi 31 oktyabr 1918-ci ildən Mustafa Kamal Atatürkün 9-cu ordu müfəttişi olaraq Anadoluya yola çıxdığı 19 may 1919-cu ilədək olan dövrü əhatə edir. İkinci mərhələ təşkilatlanma dönəmi adlanır və 1919-cu ilin may ayından Ankarada Böyük Millət Məclisinin ilk iclasının keçirildiyi 1920-ci ilin aprel ayınadək davam edib. üçüncü mərhələ hakimiyyətin formalaşması dönəmidir ki, 1920-ci ilin aprelindən London Sülh Konfransının ikinci bölməsinin başladığı 1922-ci ilin martınadək olan zaman kəsiyini əhatə edib. Nəhayət, dördüncü mərhələ tarixə sülhün yaradılması dönəmi kimi düşüb və 1922-ci ilin martından Türkiyə Cümhuriyyətinin elan edildiyi 29 oktyabr 1923-cü ilə qədər olan dövrü əhatə edib. Sadaladığımız bu hadisələr içərisində 30 avqust-Zəfər bayramının isə xüsusi yeri var. Zəfər bayramı 1922-ci ilin 26 avqustunda başlayıb 30 avqustda Dumlupınarda Mustafa Kamal Atatürkün baş komandanlığı altında qələbəylə nəticələnən “Başkomutanlıq Meydan Müharibəsi”ni (Böyük Taarruz) yad etmək üçün qeyd olunan bayramdır. İşğalçı orduların ölkə sərhədlərindən çıxması bir qədər sonra baş versə də, 30 avqust simvolik olaraq ölkə torpaqlarının geri alındığı günü təmsil edir. Zəfər bayramı ilk dəfə 30 avqust 1923-cü ildə Afyonqarahisar, Ankara və İzmirdə qeyd olunub. Rəsmi olaraq isə, Zəfər bayramı 1935-ci ilin may ayında elan edilib.
Türk ulusunun yenidən dirilişi
Türk tarixi zəfərlərlə doludur. Amma 30 avqust 1922-ci ildə qələbə ilə sonuclanan Dumlupınar savaşı türk ulusunun yenidən dirilişidir. çanaqqala savaşlarıyla türk-müsəlman kimliyini qoruyan, Şərqin Qərb üzərində qalibiyyətini təmin edən türk ordusu “Başkomutanlıq Meydan Müharibəsiylə” Anadolu torpaqlarının Türk Vətəni olduğunu düşmənə isbatlayıb. Bunun da nəticəsində Türkiyə Cümhuriyyəti qurulub. Atatürkün məşhur “Nutuk”unda (“Nitqində”) Qurtuluş Savaşına hazırlıq geniş şəkildə əks olunub. Həmin fikirlərdən məlum olur ki, baş komandan Qazi Mustafa Kamal Paşa, Qərb Cəbhəsi komandanı və İnönü savaşları qəhrəmanı İsmət Paşa, baş qərargah rəisi Fevzi çakmak Paşa böyük gizlilik altında hücum planını hazırlayıblar. Türk ordusunun 1922-ci ilin avqust ayında hücuma keçməsi üçün komandanlıq qərar verib. Mustafa Kamal, İsmət bəy, Fevzi çakmak və digər paşalar və zabitlər hücumu idarə etmək üçün Kocatəpəyə gəliblər. 26 avqust səhər 05.30-da türk topçu birlikləri Afyonun güneyindən düşmən sipərlərini vurmağa başlayıblar, ardından piyadalar hücuma keçiblər. Planlaşdırıldığı kimi “Böyük Taarruz” davam edib və düşmən geriləyib, başıpozuqluğa uğrayaraq ikiyə parçalanıb. Avqustun 30-na kimi düşmən ordusu mühasirəyə alınıb. Avqustun 30-da türk ordusu Dumlupınarda düşmənə son zərbəsini vurub və düşmən əsgərləri qaçmağa başlayıb. Mustafa Kamal Paşa qaçan düşmən əsgərlərini qovmaq üçün “Ordular, ilk hədəfiniz Akdənizdir, İrəli!” əmrini verib. Döyüşlər nəticəsində yunan baş komandanı, general Tikopıs başqa olmaqla, xeyli sayda əsir alınıb. Türk ordusu düşmən güclərini İzmirə qədər qovub, 2 sentyabr 1922-ci ildə şəhər azad olunub, yunan qüvvələri canlarını zorla qurtararaq gəmilərə minərək qaçıblar.
Güclü ordu, güclü Türkiyə deməkdir!
Beləliklə, 30 avqust 1922-ci il tarixi Türk ulusunun imperialist güclərə qarşı qadınıyla, uşağıyla, ordusuyla verdiyi bir savaşın, Zəfər dastanının yazıldığı gündür. Türk ulusunun müstəqillik düşüncəsinin ölümsüz bir abidəsi olan bu zəfər Türk ordusunun yüksək qüdrət və qəhrəmanlığının bir nümunəsidir. Bu zəfər milli birlik və bərabərliyin nə qədər böyük güc olduğunu da bir daha təsdiqləyib.
Həmin tarixi gün münasibətilə xalqa müraciət edən Mustafa Kamal Atatürkün “Böyük Türk milləti! Ordularımızın qabiliyyət və qüdrəti düşmənlərimizə dəhşət, dostlarımıza əmniyyət verəcək şəkildə özünü göstərdi. Böyük zəfər sənin əsərindir” sözləri isə, ümumilikdə Türkiyə üçün yaşam şüarına çevrilib. Və bu gün həmin şüara sadiq qalan türk milləti dahi Atatürkün yadigarı və onun qurduğu dövlətin bir nömrəli keşikçisi olan Türk ordusunun daha da güclənməsi üçün əlindən gələni edir. çünki güclü ordu, güclü Türkiyə deməkdir!!!
Bir millət iki dövlətin oxşar taleyi
30 avqust - Zəfər bayramı haqqında yazarkən, bir məqamı da qeyd etmək yerinə düşər. Bu da “bir millət iki dövlət” olan Azərbaycanla Türkiyənin varolma tarixlərindəki oxşarlıqla bağlıdır. Məsələ burasındadır ki, hər iki dövlətin müstəqilliyi ağır və qanlı savaşlardan keçib. Dahi Mustafa Kamal Atatürk Qurtuluş Savaşına öndərlik etməklə Osmanlı İmperiyasının ərazilərinin xarici işğalçılar tərəfindən ələ keçirilməsinin qarşısını aldı və Türkiyə Cümhuriyyətinin əsasını qoydu. Ulu öndər Heydər Əliyev isə 1993-cü ildə ikinci dəfə hakimiyyətə gələndən sonra xarici və daxili düşmənlərin parçalanma planlarının mərkəzində dayanan Azərbaycanı yox olmaq təhlükəsindən xilas etdi. Müasir, qüdrətli və daim inkişaf edən dövlətin əsasını qoydu.
Bir məqamı da vurğulamaq yerinə düşər ki, oxşar taleləri yaşayan, oxşar ağır sınaqlardan keçən Azərbaycanla Türkiyə tarix boyu ən çətin vaxtlarda bir-birinə arxa dayaq olublar. çanaqqalada türklərin, türk dövlətçiliyinin ölüm-qalım savaşında qardaşlarına yardıma gedərək şəhid olan azərbaycanlıların, həmçinin, 1918-ci ildə Bakını erməni-bolşevik işğalından xilas edərkən şəhid olan türklərin məzarları deyilənləri təsdiqləməklə yanaşı, bu gün iki qardaş xalqı bir-birinə daha da sıx bağlayır.
Tarixi ənənələrə sədaqət
Bu da bir həqiqətdir ki, Türkiyə Silahlı Qüvvələri hazırda təkcə qardaş ölkədə deyil, eyni zamanda, regionda və belə demək mümkünsə dünyada təhlükəsizliyin təminatında mühüm rollardan birini oynayır. Dünyanın ən güclü ordularından biri olan Türk ordusu yerindən və zamanından asılı olmayaraq üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. Türkiyə Silahlı Qüvvələri, həmçinin, tarixi ənənələrdən irəli gələn qardaşlıq bağlarına sadiqliyini, yəni, Azərbaycanla birlikdə olduğunu hər zaman nümayiş etdirir. Türkiyə Silahlı Qüvvələrinin yeni Baş qərargah rəisi, ordu generalı İşık Koşanerin Baş qərargah rəisi postunun təhvil-təslim mərasimindəki çıxışı da bunu təsdiqləyir. “Azərbaycanın ərazi bütövlüyünün bərpası bölgədə sülh və asayişin təmin olunması baxımından xüsusi önəm daşıyır”, deyən İşık Koşaner bununla da türk ordusunun, Türkiyə Silahlı Qüvvələrinin mövqeyinin dəyişməz olduğunu növbəti dəfə təsdiqləyib. Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri isə kədərimizdir” kəlamından güc alan həmin mövqe isə ümumilikdə Türkiyə dövlətinin və türk xalqının mövqeyidir. Hər halda, son günlər baş verən bəzi olaylar belə deməyə əsas verir.
Daha doğrusu, 2009-cu ildə Sürix protokolu ilə Türkiyə-Ermənistan sərhədlərinin açılmasına nail ola bilməyən ermənipərəst qüvvələrin bu dəfə də “NATO təlimləri” bəhanəsindən yararlanmaq cəhdləri puç oldu. Təlimlər çərçivəsində sərhədlərin açılacağına dair yayılan xəbərlərə ciddi şəkildə etiraz bildirən Azərbaycan və Türkiyənin ictimaiyyəti rəsmi Ankaranın bu dəfə də ermənipərəst qüvvələrin təzyiqlərinə duruş gətirməsinin vacib olduğunu bəyan etdilər. ümumi fikir bu oldu ki, iki qardaş ölkəni bir-birindən incik salmaq üçün ortaya atılan sərhəd oyununu pozmaq üçün Türkiyə öz qətiyyətli mövqeyini növbəti dəfə sərgiləməlidir. Və qardaş ölkənin xarici işlər naziri Əhməd Davudoğlunun Konya vilayətində jurnalistlərə verdiyi açıqlama bütün narahatlıqlara son qoydu. Cənab Davudoğlu birmənalı şəkildə bəyan etdi ki, Türkiyə Ermənistanla sərhədlərini, hətta müvəqqəti də olsa, açmayacaq: “Türkiyə və Ermənistanın sentyabrın 11-17-də iştirak edəcəyi NATO təlimləri humanitar məqsəd daşıyır. Bu zəlzələ kimi fəlakətlərdə meydana gələ biləcək hallarla əlaqədar olan təlimdir. Türkiyə NATO-nun üzvü olduğu üçün, təbii ki, bu təlimlərə qatılacaq. Ancaq Ermənistanla sərhədlərimizin müvəqqəti olsa belə, açılması mümkünsüzdür. Bu mövzu gündəmdə deyil”.
Bəli, bu açıqlama, daha dəqiq desək, qardaş Türkiyənin qəti və prinsipial mövqeyini dəyişməməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə kimi qiymətləndirilir. Sözügedən açıqlama, həmçinin, Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, “bir millət iki dövlət” olan Azərbaycanla Türkiyə arasında tarixi ənənələrin sarsılmaz olduğunu bir daha təsdiqləyir. Əslində, başqa cür də mümkün deyil. çünki istər Türkiyədə, istərsə də Azərbaycanda hər kəs bilir ki, bu tarixi ənənələrə xəyanət bir millət iki dövlətə xəyanət kimi qəbul ediləcək.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 1031 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30