Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənistanın işğalçı mövqeyi regionun təhlükəsizlik balansına başlıca təhdiddir

Ermənistanın işğalçı mövqeyi regionun təhlükəsizlik balansına başlıca təhdiddir

14.10.2010 [09:30]

Akademik Ramiz Mehdiyev: Rəsmi İrəvan öz təcavüzkar siyasətində inadkarlığı dayandırmalı və dərk etməlidir ki, münaqişənin tezliklə nizamlanması və regionda stabilliyin bərqərar olması Ermənistanın özünün də maraqlarına cavab verir
Cənubi Qafqaz müasir dünya siyasətində geosiyasi və geoiqtisadi parametrlər baxımından ən önəmli regionlardan biri hesab edilir. Təsadüfi deyil ki, dünyanın geostrateji təhlükəsizlik sistemini formalaşdıran güc mərkəzləri bu bölgəni əhəmiyyətli geosiyasi məkan kimi özlərinin uzunmüddətli strateji planlarına və konsepsiyalarına daxil ediblər. Məhz bunun göstəricisidir ki, nəhəng aktorlar özlərinin nəzəri strateji konsepsiyalarında belə bir müddəanı xüsusi olaraq önə çəkirlər ki, Cənubi Qafqazda stabil təhlükəsizlik sisteminin təmin  edilməsi nəticə  etibarilə regionətrafı bölgələrdə, yəni, Xəzər-Qara-Baltik-Aralıq dənizlərini əhatə edən hövzələrdə də dağıdıcı faktorların neytrallaşdırılmasına real zəmin yaradacaq. Məhz buna görə hesab olunur ki, daha stabil təhlükəsizlik arxitekturasının formalaşdırılması üçün atılmalı olan ilk addım bölgədəki destruktiv  faktorların aradan qaldırılmasıdır. Bu cür dağıdıcı faktorların əsasını isə separatizm və  ərazi iddiaları nəticəsində yaranmış regional münaqişələr təşkil edir...
Dağlıq Qarabağ münaqişəsi regionun təhlükəsizlik balansını pozan əsas amil kimi...
Şübhəsiz, bu  gün Cənubi Qafqaz bölgəsinin təhlükəsizlik balansını pozan əsas amil Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Münaqişə bölgənin ümumi inkişafına mane olmaqla yanaşı, yeni əməkdaşlıq  platformalarının da reallaşdırılmasını əngəlləyir. Amma bütün bunlara baxmayaraq, dünyanı idarə edən güclər özlərinin transmilli maraqlarını  əsas tutaraq əksər hallarda ikili standartlardan çıxış etməklə münaqişənin həlli prosesini ləngitmiş olurlar. Hər halda, nəhəng aktorlar daha praqmatik mövqe seçməklə problemin həlli məsələsində daha rasional addımlar ata bilərlər. Bununla əlaqədar, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev təhlükəsizlik məsələlərinə məsul yüksək vəzifəli şəxslərin oktyabrın 5-6-da Soçidə keçirilmiş I Beynəlxalq Görüşündə “Beynəlxalq münaqişələrə çevrilə biləcək beynəlxalq təhlükəsizliyə təhdid və çağırışların dəyərləndirilməsi” mövzusunda çıxışı zamanı xüsusi olaraq vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda nizamlanması beynəlxalq birliyin gündəmində mühüm yerlərdən birini tutmalıdır: “Azərbaycan rəhbərliyi dəfələrlə ən yüksək səviyyədə bəyan edib ki, Dağlıq Qarabağ ətrafındakı işğal altında olan rayonların azad olunması məsələsini erməni əhalinin təhlükəsizliyinin təminatı və nəqliyyat kommunikasiyalarının açılması, Dağlıq Qarabağa müvəqqəti statusu verilməsi ilə əlaqələndirməyə, yekun statusun nizamlanmanın ikinci mərhələsində müzakirə etməyə hazırdır. Azərbaycan erməni əhalisinin təhlükəsiz yaşayışı üçün şərait yaratmağa qadirdir. 200 mindən artıq azərbaycanlını yurd-yuvasından qovan Ermənistandan fərqli olaraq bu gün Azərbaycanın Dağlıq Qarabağ bölgəsi istisna olmaqla, digər bölgələrində 20 mindən artıq erməni yaşayır, erməni dilində televiziya verilişləri yayımlanır, erməni dilində informasiya agentliyi fəaliyyət göstərir. Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş gözləyir. ATƏT, Avropa İttifaqı, Avropa Şurası və İslam Konfransı Təşkilatı kimi beynəlxalq strukturlar hesab edir ki, işğal olunmuş torpaqlar dərhal boşaldılmalı, məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalı, azərbaycanlı və erməni icması sülh və əmin-amanlıq şəraitində bir yerdə yaşamalıdır”.
Bundan başqa, bir sıra beynəlxalq təşkilatlar münaqişənin həllində aktiv mövqe nümayiş etdirsələr də, Ermənistanın “hansısa” amillərə görə qeyri-konstruktiv mövqe sərgiləməsi bütövlükdə problemin həlli prosesini “baltalayır”. Bu da nəticə etibarilə regional təhlükəsizliyin və bölgəyə yönəlik qlobal əməkdaşlığın əngəllənməsi mənasına gəlir. Akademik Ramiz Mehdiyevin də qeyd etdiyi kimi, erməni tərəfi uydurma iddialar irəli sürmək yolu ilə problemin həllini uzatmaq taktikasından imtina edib, konstruktiv yanaşma nümayiş etdirərsə, münaqişənin nizamlanmasına dair danışıqlar prosesindən nəzərəçarpacaq dəyişikliklər gözləmək olar: “Rəsmi İrəvan öz təcavüzkar siyasətində inadkarlığı dayandırmalı və dərk etməlidir ki, münaqişənin tezliklə nizamlanması və regionda stabilliyin bərqərar olması Ermənistanın özünün də maraqlarına cavab verir”.
Status-kvo bu cür davam etməyəcək
Ermənistanın qeyri-konstruktiv mövqeyinə baxmayaraq, Azərbaycan hələlik münaqişənin sülh yolu ilə həllinə çalışır. Güclü diplomatik səylərə  məhəl qoymayan Ermənistan isə hələ də mövcud status-kvonun qorunub saxlanılması üçün taktiki manevrlər edir. Amma qeyd etmək lazımdır ki, münaqişənin “dondurulmuş” vəziyyətdə saxlanılmasına yönəlik cəhdlər strateji baxımdan ciddi fəsadlara səbəb ola bilər. Birincisi, bu vəziyyət işğal olunmuş Azərbaycan torpaqlarında  mütəşəkkil cinayətkarlığın daha intensiv xarakter almasına, narkobaronların bu bölgəni başlıca bazara  çevirməsinə,  çirkli pulların mütəmadi surətdə bu  məkanda yuyulmasına, bölgənin qanunsuz miqrasiya məkanına çevrilməsinə və digər illeqal proseslərin baş verməsinə səbəb olur ki, bu  da perspektiv üçün olduqca ciddi fəsadlar vəd edir. İkincisi, Azərbaycan mövcud status-kvonun uzun müddət davam etməsi ilə heç cür barışmayacaq. Diplomatik vasitələrin səmərə vermədiyi son məqamda beynəlxalq hüquq normalarında təsbit edildiyi kimi, Azərbaycan öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək üçün hərbi metoda əl atacaq. Bu, Azərbaycanın beynəlxalq hüquq normaları ilə təsbit edilmiş ali siyasi hüququdur. Məhz buna görə də, həm beynəlxalq təşkilatlar, həm də dünya siyasətinin başlıca güc mərkəzləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi yönündə daha ciddi təşəbbüslər ortaya qoymalıdırlar. Bu,  həmin qüvvələrin özləri üçün də ciddi strateji dividendlər vəd edir...
NURLAN QƏLƏNDƏRLİ
Paylaş:
Baxılıb: 894 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30