Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Haqq və elm adamı

Haqq və elm adamı

13.11.2010 [09:50]

Abel müəllimin seçkilərdə qələbə qazanması həm də ədalətin təntənəsidir
Fəlsəfədə qəbul olunmuş prinsiplərdən birinə görə tarixdə təsadüfi heç nə olmur. Bu prinsipi qəbul etsək, ən yaxın tariximizin bir günü-noyabrın 7-i ilə bağlı iki məqamı məhz zəruri üst-üstə düşmə kimi dəyərləndirmək lazımdır.
Bir neçə gün öncə müstəqil Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirildi və elə həmin gün dövlət və millət olaraq başqa bir tarixi hadisə yaşadıq. Tək düşmənə deyil, bütün dünyaya Azərbaycan xalqının qəhrəmanlığını, torpaqlarını kimsəyə güzəştə getməməsini və azadlığı uğrunda savaş əzmini sübut edərək Şəhidlik zirvəsinə yüksələn Milli Qəhrəmanımız Mübariz İbrahimov və baş leytenant Fərid Əhmədov torpağa tapşırıldı. Təsadüf və ya zərurət olmasından asılı olmayaraq, özündə çox böyük hikmətləri yaşadan faktdır. üzərində dayandığımız bu fakt Dədə Qorqud nəsihətilə tamamilə uyğundur: “Torpağı qorumasan onu əkib becərməyə dəyməz, əkib becərməsən qorumağa dəyməz”.
Noyabrın 7-də Azərbaycan xalqı şəhid qəhrəmanının timsalında dövlətini və istiqlalını qorumaq əzmini, parlament seçkiləri ilə isə qoruduğu dövləti inkişaf etdirmək istedadını nümayiş etdirdi. Analoqu olmayan və yüzillərlə təkrarına rast gəlinməyən bir hadisədir...
Torpaq və dövlət uğrunda savaşmaq, onu qorumaq hər bir xalq üçün şərəf məsələsidir. “Arxalı köpək qurd basar” həqiqəti ilə torpaqlarımızın bir hissəsini işğal edən düşmənlə atəşkəs rejiminin özü də bir sınaqdır. Bu sınaq dönəmində Milli Qəhrəmanımız Mübariz İbrahimovun döyüş şücaəti bir millət olaraq dünyada bütöv torpaqlarımıza sahib olmaq hüququmuzu təsdiq edən sənəd idi. Eyni zamanda, müstəqil Azərbaycanın parlamentinə seçkilərdə bu dövlətin qurucusu olan ümummilli lider Heydər Əliyev siyasi kursuna və bu kursun layiqli davamçısı Prezident İlham Əliyev cənablarına sadiq qalmaqla Azərbaycan vətəndaşları daha bir sınaqdan şərəflə çıxmış oldular. Bir sözlə, 7 noyabr 2010-cu il tarixi ulu Dədə Qorqudun məlum nəsihətinin gerçəklikdə yaşanması idi. Biz isə bu hadisənin başqa bir maraqlı məqamından danışacağıq.
Alimin mürəkkəbi, şəhidin qanı
Bu, müqəddəs İslam Peyğəmbəri(c)nin sözüdür: “Alimin mürəkkəbi şəhidin qanından üstündür”. Bu misalı da təsadüfi yada salmadıq. Yenə də təsadüflə zərurətin arasındakı tapılması çətin olan bir məqam var. Qəhrəman şəhidimiz torpağa tapşırılan məkanda, inzibati baxımdan paytaxtın Yasamal rayonunda bir alim seçimi var idi. Yuxarıda da qeyd etdiyimiz kimi, parlament seçkilərini yaşayan respublikada 16 saylı Yasamal ikinci seçki dairəsindən bir alim öz xalqı qarşısında etimad və inam sınağına çıxmışdı. Şəhidini üstün tutan millətin alimə verəcəyi dəyəri düşünməyə və dartışmağa dəyməz. Necə ki, diqqətə aldığımız situasiyada-konkret zaman və məkan çərçivəsində şəhidini başı üzərinə qaldıran xalq aliminə də yüksək inam və etimad göstərdi. Söhbət Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun 16 saylı Yasamal ikinci seçki dairəsindən yüksək səs faizi ilə seçkidə qalib gəlməsindən gedir. Bu, sözün həqiqi mənasında insanların toplu halında bir xalq kimi öz aliminə, ziyalısına verdiyi qiymət, gələcəyinə kamillik baxışı sayıla bilər.
Sarsılmaz xalq inamı
Azərbaycanda demokratik prinsiplər əsasında keçirilən parlament seçkilərində çoxsaylı namizədlər millət vəkilliyi uğrunda mübarizə aparırdı. Tam əminliklə demək olar ki, Abel müəllim rəsmi titul, mandat olmadan belə xalqına xidmət edən, onun haqqının müdafiəçisinə çevrilən şəxs kimi millət vəkili adını haqq edən şəxsiyyətlərdəndir. Artıq arxada qalan seçkinin nəticələri də bunu bir daha təsdiqləmiş oldu. Onu da qeyd etmək lazımdır ki, Abel Məhərrəmov artıq 5 ildir ki, bu dairəni deputat kimi təmsil edir. A.Məhərrəmovun bu 5 illik fəaliyyəti haqda fikir yürütmək üçün seçki təbliğatı dönəmində keçirilən görüşlərdə seçicilərin onun haqqında söylədiyi fikirləri nəzərdən keçirmək, Abel müəllim haqqında deyilən səmimi və xoş sözləri dinləmək kifayət idi. Elə bu mənzərə, yəni, Abel müəllimin öz seçiciləri ilə görüşlərdə yaratdığı qarşılıqlı inam və sevgi aurası bir namizəd kimi onun qələbəsi ilə bağlı tam qəti bir hökm vermiş olurdu. Millət vəkilliyi dönəmində, ötən 5 il müddətində, dairəni əhatə edən ərazidə müntəzəm olaraq vətəndaşlarla görüşlər keçirən, mövcud problemləri öyrənən və bu problemlərin həllində şəxsən iştirak edən Abel müəllimin yüksək bir faizlə seçkidə qalib gəlməsi məhz xalq sevgisinin və sarsılmaz inamın təntənəsi idi. Abel müəllimi yaxından tanıyan hər kəs bilir ki, o ünsiyyətdə olduğu adamları elmi, zəkası, səmimiyyəti ilə məftun edən üstünlüyə malikdir. Universitetin tələbəsi məqamından indiki zirvəyə-rektorluğa yüksəldiyi dönəmdə belə Allah ondan bu böyük istedadı heç zaman əsirgəməmiş, yəqin, bundan sonra da heç zaman əsirgəməyəcəkdir. Ancaq həmin təvazökar səmimiliyin və ünsiyyətcilliyin arxasında işgüzarlıq və qətiyyət dayanmasaydı, Abel müəllim həyatda bu qədər böyük mövqe və nüfuz qazana bilməzdi.
Abel Məhərrəmov hansı vəzifədə çalışıbsa, orada isti bir mühit yaradıb, ən əsası, aşağıları yuxarı çəkib, yuxarılarda aşağılar barədə obyektiv təsəvvür formalaşdırıb. Və daxilindən gələn zəngin kübarlığı ilə hər cür saxta, süni “kübarlıq”dan həmişə yüksəkdə dayanıb.
Hər kəs alim də ola bilər, cəmiyyətdə xeyirxah insan kimi də tanınar. Amma Abel Məhərrəmov kimi bəşəri dəyərlərini milli-mənəvi keyfiyyətlərlə sintez edib öz şəxsiyyətində formalaşdırmaq az adama nəsib olan xoşbəxtlikdir. Onu yaxından tanıyanların hamısı üçün Abel müəllim amalına, əqidəsinə, məsləyinə sadiq bir şəxsiyyət, elm fədaisidir. Akademik kimi elmin çətin yollarında bu gün də inamla addımlayan, yaradıcı, təşəbbüskar rektor kimi nüfuz qazanan Abel Məhərrəmov təmsil olunduğu YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvü kimi, ümummilli lider Heydər Əliyev ideyalarının ardıcılı kimi özünü təsdiqləyib, Azərbaycanın yeni obrazda dünyaya tanıdılması istiqamətində yorulmadan çalışır. Dünyanın ən tanınmış universitetlərinin fəxri üzvü seçilən, beynəlxalq mükafatlara layiq görülən Abel Məhərrəmov elmə böyük töhfə verən məhsuldar alim kimi böyük nüfuz qazanıb.
Azərbaycanı uğurlu inkişaf yolu ilə dünyaya tanıdan Ulu öndər Heydər Əliyev ideyalarına sonsuz rəğbət bəsləyən, Onun inkişaf konsepsiyasını gündəlik həyatında fəaliyyət proqramı kimi həyata keçirən Abel Məhərrəmov kimi işinə məsuliyyətlə yanaşan insanlara el məhəbbəti qazandıran onların xalq üçün çalışmalarıdır. Belələri öz şəxsiyyəti ilə həqiqətən millət vəkili adına layiqdirlər.
Ziyalılıq məqamı
Mövlanə Cəlaləddin Rumi deyir ki, hər kəsin elmi öz bildiklərini başqalarına nə dərəcədə anlada, həyatda nə dərəcədə istifadə edə və faydalana bilərsə, o qədərdir. Kitab-dəftər içində itib-batan, başını qaldırıb həyatın reallığına nəzər yetirməyən və ətrafında cərəyan edən hadisələrin mahiyyətinə varmağa çalışmayan, ancaq biliyinin “miqyası” ilə öyünən alimlərə dədə-babalarımız “alimi-biəməl” deyiblər. Həmin alimi-biəməllər min il bundan əvvəl də vardılar, bu gün də az deyillər. Elə bu seçkilərdə də opponentlik qaydalarını pozan, siyasi rəqiblik prinsiplərindən kənara çıxan namizədlər az deyildi. Abel müəllimin şəxsiyyəti və bu şəxsiyyətə inkarolunmaz xalq məhəbbəti qarşısında aciz qalanlar hər vasitəyə əl atmaqdan çəkinmirdilər. Amma bu şəxslər bir məqamı unudurdular. Bu, Abel müəllimin durduğu yüksək ziyalılıq məqamıdır.
Abel müəllim hansı vəzifədə çalışmağından və hansı situasiyada olmağından asılı olmayaraq, heç vaxt opponentlərini əməkdaşlığa çağırmaqdan, onlarla məsləhətləşib optimal yol tapmaqdan çəkinməyib. Elə ki, opponentlərinin məntiqsiz, məzmunsuz iddiaları ilə qarşılaşıb, onda da mənasız intriqalara vaxt ayırmadan, sadəcə “özü bilər, Allahı bilər” deyib. Seçki təbliğatı dönəmində İctimai Televiziyada keçirilən teledebatlarda rəqiblərindən müqayisəolunmaz dərəcədə yüksəkdə duran və şəxsiyyətinin əzəməti ilə öz ideoloji-siyasi mövqelərini bu debatda tam qalib durumda saxlayan Abel müəllimin üstünlüyü tam şəkildə görünürdü.
Haqq, ədalət müdafiəçisi
Abel Məhərrəmov bir çox beynəlxalq təşkilatların üzvüdür, bir sıra xarici ölkə universitetlərinin fəxri doktorudur, Nyu-York Elmlər Akademiyasının üzvüdür, İngiltərənin Kembric Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən “XX yüzilliyin ən görkəmli alimlərindən biri” hesab edilib və yenə həmin mərkəz tərəfindən “Dünyanın Aparıcı Təhsil Xadimi” adına layiq görülüb. Qara Dəniz Hövzəsi ölkələri Universitetləri Assosiasiyasının vitse-prezidenti və prezidenti seçilib. Əməkdar elm xadimidir, “Şöhrət” ordeni ilə təltif olunub. “İlin islahatçı rektoru”, “İlin rektoru” kimi fəxri adlara layiq görülüb. Sadaladığımız və qeyd etmədiyimiz onlarca ad və təltifləri yada salmaqda məqsədimiz odur ki, seçicilər öz namizədlərinin hansı gücə, səlahiyyətə, bacarığa, beynəlxalq miqyasda söz sahibi olduğuna bələd idilər. Bakı Dövlət Universitetinin çoxminli kollektivi bir rektor kimi Abel müəllimin insana, elmə, təhsilə, tələbəyə, universitet əməkdaşlarına doğma münasibətinin şahididir. Şərqin ilk demokratik respublikası ilə yaşıd olan və bu respublikanın yadigarı kimi yaddaşımıza həkk olunan BDU elm və təhsil sahəsində, kollektivdaxili münasibətlərdə, tələbə dünyasında haqq və ədalətin qorunduğu məkana çevrilib. çünki burda hər kəsin özünə dayaq saydığı Abel müəllim kimi haqq və ədalət müdafiəçisi var...
Yasamal rayonu 16 saylı ikinci seçki dairəsinin sakinləri də indi artıq haqqının tapdanmayacağına, hər zaman yanlarında olacaq müdafiəçiyə malik olduqlarına əmin ola bilərlər. çünki bu sakinlərin haqq və ədalət carçısı kimi tanınan bir deputatı var.
Anzulə ƏMİROVA

Paylaş:
Baxılıb: 1040 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30