Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Tamaşaçı efirdə gördüyü, üzünü tanıdığı müəllifi, həm də telekanalın siması hesab edir

Tamaşaçı efirdə gördüyü, üzünü tanıdığı müəllifi, həm də telekanalın siması hesab edir

27.11.2010 [10:03]

Telekanallar KİV-lərin diqqətli baxışları altında veriliş və proqramlarında nəzərə çarpacaq dəyişikliklər etsə də, bir-birinin ardınca yazılan  məqalələr, dəyirmi masalar, ekspertlərin araşdırmaları zəifləməyə başlayan kimi  köhnə tendensiyalar bərpa olundu
“Nəinki özəl kanallarda, hətta dövlət büdcəsindən maliyyələşən kanallarda hazırlanan verilişlərin hamısı müasir tələblərə cavab vermir”.
Bir neçə ay öncə, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev mətbuatda “Azərbaycan efir məkanı: problemlər və vəzifələr” mövzusunda geniş məqalə ilə çıxış etdi. Yuxarıdakı fikirlər də həmin yazıda yer alıb və təkcə ziyalılarımızın deyil, ümumilikdə cəmiyyətin diqqət və marağına səbəb olub. çünki artıq uzun müddətdir ki, cəmiyyətin özündə efir məkanının problemləri ilə bağlı polemikalar aparılmaqdadır: “Azərbaycan efir məkanı niyə belə acınacaqlı vəziyyətə düşüb?”, “çıxış yolu nədədir?”
Məsələnin aktuallığı onda idi ki, efir məkanının durumunu şərh edən akademik televiziya və radioların inkişafı üçün münbit qanunverici şəraitin yaradıldığını xatırladır, eyni zamanda, elmi şəkildə vəziyyətdən çıxış yolunu göstərirdi.
Akademik Ramiz Mehdiyevin həmin məqaləsi işıq üzü görəndən sonra Kütləvi İnformasiya Vasitələri məsələ ətrafında geniş müzakirələr açdılar. O cümlədən, “Yeni Azərbaycan” qəzeti olaraq bizim redaksiya da diskusiyyalara başladı. Müxtəlif televiziya ekspertləri, efir məkanının layiqli təmsilçiləri dəyirmi masalara dəvət olundu, ziyalılarımız məsələ ətrafında fikirlərini bildirən məqalələrlə oxucuların görüşünə gəldilər.
Aradan keçən müddət ərzində Azərbaycanın efir məkanını daim diqqətdə saxlayan mətbu orqan olaraq bir daha bu mövzuya qayıtmağı, akademik Ramiz Mehdiyevin tənqidi çıxışından sonra həmin məkanda hansı irəliləyişlərin baş verdiyini və bu tempi müəyyənləşdirməyi qərara aldıq.
Bu artıq aksiomadır ki, efir məkanı toplumun psixoloji və mənəvi durumuna təsir edən ən böyük vasitədir. Efir məkanında şou-proqramların günü-gündən artması və bu proqramların bayağı həyat tərzi təbliğ etməsi göz önündədir. Müxtəlif yarışmalar, şit verilişlər, heç bir kriteriya ilə müəyyənləşməyən, yalnız aparıcının və qonaqların “qabında olanların nümayişi” hesabına reallaşan bu tip verilişlərin artması təbii ki, yeniyetmələrin və gənclərin həyatında mənfiliklərdən başqa özgə tendensiya yarada bilməz. Ona görə də, orta məktəb şagirdinə ünvanlanmış “kim olmaq istərdin?” sualına alınan cavab iyirmi beş il əvvəl “Valentina Tereşkova” (o zamankı SSRİ-nin ilk kosmonavt qadını), “Qafur Məmmədov” (SSRİ və Faşist Almaniyası arasındakı müharibənin ilk qəhrəmanlarından biri) olduğu halda, indi “Aygün Kazımova”, “Namiq Qaraçuxurlu”dur. Efir məkanımızın cəmi bir neçə ay öncəki durumu haqqında bu qədər.
Bəs nə dəyişib?
Yuxarıda qeyd etmişdik ki, hörmətli akademikin çıxışından sonra bu məsələni daha çox diqqətdə saxlayan KİV-lər oldu. Məqalənin dərcindən dərhal sonra KİV-lərin reaksiyası efir məkanının işinə öz təsirini dərhal göstərdi. Bununla belə, problem hələ də aktuallığını saxlasa da, mətbuatın diqqəti başqa problemlərə yayınan kimi yenə də efir məkanımızı yekrəng, bir-birinin bənzəri olan bayağı verilişlər zəbt etməkdədir. Haqsızlıq olmasın deyə onu da qeyd edək ki, bu vaxtadək xeyli işlər görülüb, əlbəttə, bir neçə ay ərzində efir məkanımızın köklü şəkildə dəyişəcəyini gözləmək mümkünsüzdür.
Səbəb -1
İlk olaraq ona görə ki, televiziya institutları və ya institutu mövcud deyil. Oxucu düşünməsin ki, söhbət kadr hazırlığı yönümündə fəaliyyət göstərən, aparıcılar üçün təşkil olunan məktəbdən gedir. Azərbaycan televiziyası yarandığı gündən bu problemini ali məktəb tələbələri arasında keçirilən müsabiqələr yolu ilə həll edib.
Televiziya rejissorları da kifayət q
ədər peşəkarlıq nümayiş etdirirlər. Operator və rəssamlar da öz yerində. Qalır teleaparıcılar... Məsələnin ən düyün nöqtəsi isə burada yaranır. Tamaşaçı efirdə gördüyü, üzünü tanıdığı müəllifi, həm də telekanalın siması hesab edir. Burada misal çəkməyə gərək yoxdur. çünki indi bizim məkanda əvvəl aparıcını, onun verilişini dilə gətirir və məhz bu səsləndirmədən sonra telekanalın adını xatırlayırlar. Təbii ki, istisna da var.
Səbəblərin ən birincisi artıq xeyli təcrübəyə malik və özünü təsdiqləmiş bu kanalların potensiallarını ortaya qoyub cəmiyyəti öyrənən, onu öyrətmə, alışdırma yollarını arayan, hansı durumda, hansı psixoloji məqamda hansı təbliğatın lazım olduğunu araşdırıb, tələb olunan konsepsiyanı işləyib hazırlayan bir qurumun olmamasıdır.
İkinci səbəb isə akademik tərəfindən qeyd edildiyi kimi, hər bir telekanalın borclu olduğu konsepsiyanın yoxluğudur. Və artıq aradan keçən bu müddət ərzində aparılan müşahidələrdən də görünür ki, telekanallar heç bu haqda düşünmək fikrində deyillər də.
ötürücü
Efir məkanı hər bir millətin milli-mənəvi dəyərlərin ötürücüsü rolunu oynayır. “Azərbaycan televiziya və radio kanallarının monitorinqi göstərir ki, maarifləndirici, məlumatlandırıcı və əyləncə funksiyaları arasında ciddi disbalans yaranmış, peşəkarlıq, yaradıcılıq, yeniliklərin tətbiqi, milli-mənəvi dəyərlərin qorunması kimi məsələlər teleradio rəhbərlərini o qədər də maraqlandırmır”. Akademikin qənaətindən sonra efir məkanda nə dəyişib? Düzdür, ekspertlər bu dəyişikliklərin istədikləri, cəmiyyətin arzuladığı və gözlədiyi səviyyədə olmasa da, baş verdiyini qeyd edirlər. Lakin KİV-xüsusən də, yazılı mətbuat qətiyyən bu fikirdə deyil. Bizim qənaətimizlə razılaşmayanlar cəmi bircə aylığına gündəlik yazılı mətbuatı izləsələr, dediklərimizin həqiqət olduğunu görəcəklər. Hər ay heç olmasa, bir qəzet öz səhifəsinin bir və ya bir neçə hissəsini efir məkanımızın problemlərinə həsr edir.
Maarifçilik
Əslində kifayət qədər potensiala malik telekanallarımız öz fəaliyyətlərini cəmiyyətimizi formalaşdıran, hərbi-vətənpərvərlik ruhunu yüksəldən (Müharibə şəraitində yaşayan bir ölkə üçün bunun nə dərəcədə önəmli olduğunu bizcə təkrar-təkrar vurğulamağa ehtiyac yoxdur), milli-mənəvi dəyərlərimizi təbliğ edən, yaddaşlara yazan, tariximizin açılmamış səhifələrini işıqlandıran verilişlər hazırlamağa qadirdir. Bu məqamda maliyyə problemləri, kadr çatışmazlığı və texniki avadanlıq ehtiyacları sadəcə bəhanə kimi səslənəcək. çünki telekanallarımız elə indiki vəziyyətlərində- hər dəfə bəhanə kimi səslənən “texnika və kadr çatışmazlığı, maliyyə vəsaiti yoxluğunda” tamaşaçılara bu gün etiraza səbəb olan verilişlər təqdim edir və cəmiyyətin zövqünə də təsir edə bilirlər. Bu gün Azərbaycan televiziyası sübut edir ki, mənfi rəyi, şit və məzmunsuz aparıcı damğasını darmadağın da edə bilər, bunun əksini edib öz tamaşaçısının zövqünü “camaat zövqü” səviyyəsinə də sala bilər. Demək, problem yalnız telekanallarımızın istəyindədir.
İntellekt
Uşaq və yeniyetmələrdə, gənc nəsildə elmə və təhsilə maraq oyada bilən, onların intellektual səviyyəsinin yüksəldilməsinə xidmət edən verilişlərin hazırlanması zəruriliyi dəfələrlə vurğulansa da, hələ ki, kanallar bu istəyə tam nail ola bilməyiblər. Efir məkanının boşluqlarını hər telekanalda üç proqramdan birini təşkil edən bədii ekran əsərləri-dəhşət, kriminal və dedektiv filmlər, teleseriallar doldurur.
Əslində, ANS televiziyasının “Ağıl dəryası” İctimai kanalın “Xəmsə” proqramlarının tamaşaçı marağına səbəb olduğunu qeyd etməklə oxucuya yeni bir söz demiş olmarıq. Baxmayaraq ki, “Ağıl dəryası” istisna olmaqla, hələ ki, digər intellektə hesablanmış verilişlərin uğurlu təqdimatına nail ola bilmirlər. Hətta həftə ərzində mütəmadi verilən reklam kadrları da bu məsələdə yardımçı ola bilmir. Bununla belə, artıq bu sahədə telekanallar arasında rəqabətin başlayacağı düşüncəsi ilə oxuculara və özümüzə təsəlli vermək məcburiyyətindəyik.
Vətənpərvərlik
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan Televiziyası ilə nümayiş etdirilən muğam müsabiqələrinin, AzTV kanalında “Günün nəbzi”, “Azərbaycan - yurdum mənim”, “Ailə həkimi”, “Məclisi-üns”, İctimai televiziyada “çarpaz baxış”, “Gerçəyin özü”, “Ortaq məxrəc”, “İşgüzar zaman”, “Körpü”, “Din və cəmiyyət”, kimi proqramların yayımı milli-mənəvi dəyərlərimizin təbliğatı yönümündə uğurlu addımlardır. Amma telekanallarımız bir-birindən rəngarəng, tamaşaçının maraqlarını tam təmin edən yeni verilişlərin axtarışını çox həvəssiz aparır. İşğal altında olan torpaqlarımız, yurd yerlərimizlə bağlı tamaşaçını sözün hər mənasında ovsunlamaq, onun “yaddaşını tora salmaq” əvəzinə bir-birinin ardınca qırx, otuz il əvvəl ekranlaşdırılmış sənədli filmlərə geniş meydan vermək isə heç də vəziyyətdən çıxış yolu deyil. Hərbi-vətənpərvərlik mövzusunda verilişlər silsiləsini isə ordu haqqında bir-birinin təkrarı olan proqramlar təşkil edir.
Efir məkanını tamaşaçının nə zamansa efirin arxivinə gömüləcəyini səbirsizliklə gözlədiyi restoran, bar və diskoteka reklamları bəzəyir.
Şou-biznes
Bu sahədən yazmazdan öncə yazılı mətbuatda çalışan həmkarlarıma kiçik bir xatırlatma etmək istəyirəm: Akademik Ramiz Mehdiyevin “Azərbaycan efir məkanı: problemlər və vəzifələr” başlıqlı məqaləsindən sonra diqqət mərkəzinə gələn telekanallar qələmlərini onlara tuşlayan KİV-lərin diqqətli baxışları altında öz veriliş və proqramlarında nəzərəçarpacaq dəyişikliklər etdi. Amma bu yalnız o vaxta qədər çəkdi ki, “diqqətli baxışlar” - bir-birinin ardınca yazılan məqalələr, dəyirmi masalar, ekspertlərin araşdırmaları zəifləməyə başladı. Onda yenə də efirdən uzaqlaşdırılan aparıcılar öz yerlərini tutdular. Tamaşaçı yenə də itlərinə toy edən, ilan-qurbağa konsertləri düzənləyən müğənnilərin geninə-boluna təbliği ilə məşğul olan proqramlarla baş-başa qaldı.
Səbəb-2
Türkiyənin ən populyar teleproqramları şou-bizneslə bağlıdır. Hətta bu proqramlar o qədər populayarlıq qazanıb ki, artıq öz sahəsinin adamlarının taleyinə nüfuz etməyi belə bacarıb. Kameralar tuşlandığı ulduzların şəxsi həyatına girir və cəmiyyət qarşısında məsuliyyətlərini -xeyriyyəçilikdən tutmuş dövlətin vergi pullarını ödəməyə qədər borclu olduqları addımları atmağa nəzarət edirlər.
Bizdə də belə məcburiyyətlər var. Məsələn, şou-biznes aparıcıları mətbuat konfransı keçirən Aygün Kazımovanı, Faiq Ağayevi və digər bu qəbil “obyektlərini” nə az, nə çox düz iki saat qapıda gözləməyə məcbur olurlar. Bu sözgəlişi bir xatırlatma idi.
Əslində öz həmkarlarımıza- yazılı mətbuatda çalışanlara demək istədiklərimiz odur ki, kiçik bir zaman ərzində diqqətdə saxladığınız məsələnin- Azərbaycanın efir məkanının problemləri istiqamətində hansı addımların atıldığının şahidi oldunuz. Demək, bu problemlərin səbəblərinin ikincisi də KİV-lərin diqqətsizliyidir.
Şou-biznes sahəsində çalışanlara isə türk kanallarını heç də əsassız misal gətirmədik. Bütün proqramlarında türk telekanallarından bəhrələnən Azərbaycan televiziyaçıları şou-proqramları məsələsində də qonşu ölkədən öyrənə bilərlər: Azərbaycan efir məkanında hansısa müğənninin uşağının dünyaya gələcəyi günləri sayanda, türk şou-proqramları öz ulduzlarının alış-verişi ilə maraqlanan tamaşaçılarına sürpriz hazırlayırdı. Alış-veriş zamanı kameralara yaxalanan ulduzlardan biri də müğənni Yıldız Tilbə idi. Müğənni xanım 150 kitab aldığı yerdə yaxalanmışdı. Bizcə, bu cümlədən sonra heç bir şərhə yer qalmır...
KƏBUTƏR

Paylaş:
Baxılıb: 918 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30