Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ulu öndərimiz Heydər Əliyevin xatirəsinə ümumxalq məhəbbəti

Ulu öndərimiz Heydər Əliyevin xatirəsinə ümumxalq məhəbbəti

14.12.2010 [11:43]

ötən yeddi il ərzində xalqımız bütün mənalı həyatını Azərbaycanın tərəqqisinə həsr etmiş böyük oğlunu bir an belə unutmayıb
Xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından yeddi il keçir. Heydər Əliyev itkisi Vətənini sevən hər bir azərbaycanlı üçün son dərəcə böyük, əvəzsiz itkidir. Bu tarixi şəxsiyyətin fəaliyyətinin hər səhifəsi Azərbaycanın son əlli illik tarixinin inkişaf mərhələləri ilə üst-üstə düşür. Müasir tariximizi Heydər Əliyevsiz təsəvvür etmək mümkün deyildir. İşıqlı əməlləri, ölməz xatirəsi həmişə bizimlə olan, günəş kimi Azərbaycanı əbədi nura qərq edən Ulu öndərimiz Heydər Əliyevin adı, şöhrəti ilə daim öyünməyə haqqımız var və öyünürük...
ötən yeddi il ərzində xalqımız bütün mənalı həyatını Azərbaycanın tərəqqisinə həsr etmiş böyük oğlunu bir an belə unutmayıb. Onun uyuduğu Fəxri Xiyabandan ziyarətçi ayağı heç vaxt kəsilməyib. Hər il dekabrın 12-də isə burada daha qələbəlik olur. Bu ilin ilıq dekabr günündə də qədirbilən insanlar səhər tezdən Fəxri Xiyabana axışırdılar. Axışırdılar ki, müasir tariximizin 35 illik çox mühüm bir dövründə silinməz iz qoymuş bu böyük insanın, unudulmaz şəxsiyyətin xatirəsinə ehtiramlarını bildirsinlər.
Ziyarətçilər arasında bütün nəsillərin nümayəndələri var idi. çünki yeniyetməni də, cavanı da, ahılı da buraya bir istək, bir sevgi, bir məhəbbət gətirib. Heydər Əliyev istəyi, sevgisi və məhəbbəti. özü də onlar təkcə paytaxtı təmsil etmirdilər. Burada Azərbaycanın bütün guşələrindən ziyarətçilər görmək olardı.
Şölə Əzizova İmişlidəndir. O, “AzərTAc”a müsahibəsində deyib ki, qanlı-qadalı illərdə, anarxiya, xaos dövründə xalqın təkidi ilə hakimiyyətə qayıdan Ulu öndər respublikada sabitlik yaradıb ölkəmizi inkişaf yoluna çıxardı. Yeritdiyi siyasət, apardığı islahatlar Azərbaycanın dirçəlməsinə təkan verdi, ölkəmiz gücləndi. Bölgələrimiz inkişaf etməyə başladı. Gündən-günə inkişaf edən İmişli də digər bölgələrimizdən geri qalmır. Bu iqtisadi inkişaf, məhz, Heydər Əliyevin həyata keçirdiyi siyasət sayəsində mümkün olub. İmişli camaatı Ulu öndərin xidmətlərini unutmayacaqdır...
“Azərenerji” ASC-nin əməkdaşı Fəzli Əliyev deyir ki, xalqımızın rifahı, hər birimizin güzəranı üçün gördüyü işlərə görə milli liderimizə minnətdarıq. Onun yenidən siyasi hakimiyyətə qayıdışı müstəqil Azərbaycanı iqtisadi böhrandan, ictimai-siyasi həyatda yaranmış dərin tənəzzüldən qurtardı. Ulu öndər Azərbaycanı parçalanmaqdan xilas etdi, onu sürətli inkişaf yoluna çıxardı: “Bu inkişafı mənim işlədiyim energetika sahəsinin timsalında aydın görmək olar. Azərbaycanda energetika kompleksinin sürətli inkişafı ümummilli liderimizin adı ilə bağlıdır. Bu siyasəti indi Prezidentimiz İlham Əliyev böyük müvəffəqiyyətlə davam etdirir...”
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat sektorunun müdiri, Əməkdar incəsənət xadimi, şair çingiz Əlioğlu bu fikri davam etdirərək deyir: “Bu gün hamılıqla müasir Azərbaycan dövlətinin və dövlətçiliyinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edirik. Elə bir insanın ki, bizə yaşamağın, Vətəni sevməyin və onun istiqlalı üçün fəda olmağın yolunu göstərmişdir. Heydər Əliyev bütün ömrü boyu xalqımız üçün örnək olmuşdur. Təbii ki, bu böyük şəxsiyyətin istər qoyub getdiyi son dərəcə nəhəng bir irs, istərsə də onun xalqımız, dövlətimiz, Vətənimiz üçün gördüyü işlər heç zaman yaddaşlardan silinməyəcəkdir. Ədəbiyyatımızın, musiqi və teatr mədəniyyətimizin inkişafı Ulu öndərin adı ilə bağlıdır. Onun Azərbaycanda bədii fikrin daşıyıcılarına, mədəni həyatımızın qurucularına göstərdiyi diqqət və qayğı heç vaxt unudulmayacaqdır”.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun böyük elmi işçisi Hakim İsakov da söhbətə qoşularaq şairin sözlərini belə tamamlayır: “ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə xalqımız və ölkəmiz üçün misilsiz işlər görmüşdür. Hər bir ölkənin dövlətçilik tarixində xalqlar böyük iz qoymuş şəxsiyyətləri ilə fəxr etmişlər - almanlar Konrad Adenauer, amerikalılar Corc Vaşinqton, türklər Mustafa Kamal Atatürklə. Xalqımızın da öz dövlətçilik tarixində fəxr etməyə, öyünməyə Heydər Əliyev kimi böyük şəxsiyyəti olmuşdur”.
...Ulu öndərin Azərbaycan mədəniyyətinin, xüsusilə teatr sənətinin inkişafı üçün gördüyü işləri teatr ictimaiyyətinin nümayəndələri minnətdarlıqla xatırlayırlar. Xalq artisti, kinorejissor Tofiq İsmayılov deyib ki, Ulu öndər Heydər Əliyev mədəniyyətimizin, incəsənətimizin dərin bilicisi idi: “O, bizim hər birimizin adını, nə işlər gördüyümüzü əzbər bilirdi. O, bilirdi ki, hansı filmi çəkirik, kim hansı rolu oynayır. Mütləq gəlib həmin filmə baxardı. Səhnəyə çıxar, bizə ürək-dirək verər, uğurlar arzulayardı. Təbii ki, biz incəsənət adamları bunu heç vaxt unutmayacaq, həmişə Ulu öndərimizi sənətimizin başında hiss edəcəyik. Bu gün ümummilli liderimiz aramızda olmasa da, Onun siyasi ideyaları Azərbaycanın inkişafında əsas mayakdır”.
Əməkdar artist, Prezident mükafatçısı, Şuşa Dövlət Musiqili Dram Teatrının baş rejissoru Loğman Kərimov deyir ki, öz incəsənəti, milli-mənəvi dəyərləri ilə dünyada tanınan Azərbaycanda mədəniyyətin bütün sahələri Heydər Əliyevin diqqət mərkəzində olub: “Müstəqilliyin ilk illərində yaranmış özbaşınalığın fəsadları teatr sahəsindən də yan keçməmişdi. Ulu öndərin hakimiyyətə qayıdışı ilə yüksəlişə doğru inamla irəliləyən ölkəmiz bu gün daha da güclənməkdədir. Teatr işçiləri də bu inkişafdan bəhrələnir və Heydər Əliyevin ölkəmiz üçün gördüyü işləri yüksək qiymətləndirirlər”.
Əməkdar artist Şükufə Musayeva onun sözlərinə qüvvət verir: “İstər keçmiş sovet hakimiyyəti illərində Azərbaycana rəhbərliyi, istərsə də müstəqil Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə Ulu öndər Heydər Əliyev sənət adamları, yazıçılar və elm xadimlərinə böyük diqqət və qayğı ilə yanaşıb, onlarla çoxsaylı görüşlər keçirib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin teatr sənətinə böyük diqqət və qayğısını xüsusi vurğulayan sənətkar bildirib ki, bu siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir”.
Fəxri Xiyabana gələn insanlar arasında gənclər böyük üstünlük təşkil edirdilər. Müxtəlif ali məktəblərin tələbələri, gənclər təşkilatları və birliklərinin üzvləri ümummilli liderə ehtiramlarını bildirmək üçün Fəxri Xiyabana gəliblər.
“İrəli” İctimai Birliyinin katibi Rauf Mərdiyev deyib ki, sarsılmaz əqidəyə, möhkəm iradəyə malik, qətiyyətli, yenilməz bir insan olan Heydər Əliyevin həyatı gənclərimiz üçün əsl nümunədir: “O, müstəqil Azərbaycan dövlətinin memarı və qurucususdur. Ulu öndər ölkəmizin inkişaf strategiyasını müəyyən etmiş, inkişafın Azərbaycan modelini yaratmışdır. Əldə etdiyimiz bütün nailiyyətlər, müxtəlif sahələrdə qazanılan uğurlar üçün Ulu öndərə borcluyuq”.
Füzuli rayonundan olan məcburi köçkün, iki şəhid bacısı, Sənaye və Energetika Nazirliyinin əməkdaşı Bilqeyis Ağayeva Ulu öndər Heydər Əliyevin vəfatının 7-ci ildönümü günündə fikirlərini belə bölüşür: “Tarix Ulu öndər kimi dahi lideri nadir hallarda yetirir. Biz Ulu öndərin əsasını qoyduğu və uzaqgörənliklə həyata keçirdiyi böyük siyasətin nəticələrini bu gün Azərbaycanın bütün sahələrində gedən sürətli inkişafda görürük. Mənim çalışdığım Sənaye və Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin fəaliyyətində də bu yüksəlişin şahidiyik. Azərbaycan qazının dünya bazarına çıxarılması, respublikanın bütün bölgələrinin qazlaşdırılması, əhalinin rifah halının yaxşılaşdırılması məhz Ulu öndərin təməlini qoyduğu müdrik, uzaqgörən, xalqın rifahına yönəlmiş siyasətin nəticəsidir. Azərbaycan xalqı öz əbədiyaşar lideri Heydər Əliyev ilə hər zaman fəxr edir və Onun xatirəsini qəlbində yaşadır. Ulu öndər xalqımızın hər təbəqədən olan nümayəndələrinə, o cümlədən fiziki cəhətdən qüsurlu insanlara böyük diqqət və qayğı ilə yanaşırdı”.
Əlil Təşkilatları İttifaqının rəhbəri Davud Rəhimli ümummilli lider Heydər Əliyevlə bir neçə dəfə görüşüb. Deyir ki, Ulu öndərin yeritdiyi məqsədyönlü siyasət sayəsində əlillərin normal yaşamaları üçün yüksək səviyyədə işlər görülüb: “Hazırda bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı əlillərin reabilitasiyası və cəmiyyətə inteqrasiyasını daim diqqət mərkəzində saxlayır. Heydər Əliyev kimi şəxsiyyətlər nadir hallarda dünyaya gəlir. Mən Heydər Əliyevin yoxluğuna inanmıram”.
AMEA-nın Ə.Hüseynov adına Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev bu barədə həyəcanla danışır: “Akademiyanın yaşayıb, fəaliyyət göstərməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Keçən əsrin 90-cı illərinin əvvəllərində akademiya bağlanma, elmimiz məhvolma təhlükəsi ilə üzləşmişdi. Ulu öndər xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra AMEA özünün yeni intibah dövrünü yaşamağa başladı. O, elmimizi məhv olmaqdan xilas etmişdir. Allah Ona qəni-qəni rəhmət eləsin”.
AMEA Tarix İnstitutu direktorunun elmi işlər üzrə müavini Cəbi Bəhramov Ulu öndərin Azərbaycan naminə gördüyü əvəzsiz işlərin Onu tarixdə və yaddaşlarda əbədiyaşar etməsini vurğulayaraq deyir ki, ümummilli lider Heydər Əliyev Azərbaycan elminin əsl himayədarı olub, elm adamlarına qayğı göstərib.
“Xocalı soyqırımı tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu deyir ki, yalnız Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdandan sonra Xocalı faciəsi özünün siyasi, hüquqi qiymətini alıb: “İnanıram ki, xalqımız Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyevin rəhbərliyi ilə daha böyük qələbələrə imza atacaqdır”.
Bu bayrağı dalğalandıracaq gənclərdən biri, Cəmşid Naxçıvanski adına hərbi liseyin kursantı Həmid İlyaszadə Heydər Əliyev haqqında babasından, valideynlərindən çox şey eşitdiyini vurğulayaraq deyir ki, görkəmli dövlət və siyasi xadim, müstəqil Azərbaycanın memarı və qurucusunun zəngin həyatı, fəaliyyəti gənclər üçün örnəkdir: “Hər bir xalqın tarixində onun borclu olduğu şəxsiyyətlər vardır. Azərbaycan xalqı isə bu günü və sabahı üçün Ulu öndərimiz Heydər Əliyevə borcludur”.
...Azərbaycanın dövlətçilik əsaslarını yaratmış ümummilli lider Heydər Əliyev dövlət idarəçiliyinin bütün mərhələlərində müəllim adının ucalığını, nüfuz və hörmətini qoruyub, bunu başqalarından da israrla tələb edib.
Asif Səfərli isə deyir: “Xalqımızın böyük oğlu Heydər Əliyev bilirdi ki, müəllimlik dünyada ən çətin, eyni zamanda, ən şərəfli və gözəl peşədir. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Ulu öndərimizin öz müəllimlərinə göstərdiyi yüksək ehtiram, alicənablıq nümunəsi gənc nəslin yararlana biləcəyi əvəzsiz örnək, xoş nümunə olmuşdur. Ulu öndər Heydər Əliyevin xatirəsi əbədidir”.
...İnsanların Fəxri xiyabana axını davam edir. Ziyarətçilər buraya həm də sonsuz qürur hissi və sarsılmaz inamla gəlirlər. Onlar fəxr edirlər ki, Azərbaycanın qazandığı uğurlar dünyanın diqqət mərkəzindədir, ümummilli liderin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin daxili və xarici siyasəti sayəsində artıq müstəqil dövlətimiz, sosial-iqtisadi sabitliyimiz və dinamik inkişaf edən iqtisadiyyatımız var. İnanırlar ki, Ulu öndərimizin quruculuq xətti bundan sonra da uğurla davam etdiriləcək, Azərbaycanımızın ərazi bütövlüyü təmin olunacaq, xalqımızın rifahı gündən-günə yaxşılaşacaq.
Fəxri Xiyabana insan axını axşamdan xeyli keçənədək davam edib...

Paylaş:
Baxılıb: 983 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30